İyl
2018
16:00
170
76
15789
Virtual karabakh

Sağ ikən heykəli qoyulan azərbaycanlı - FOTO/VİDEO + MÜSAHİBƏ

9 İyl, 2018
16:00
15789

Sağ ikən heykəli qoyulan azərbaycanlı - FOTO/VİDEO + MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 yaşımdan aktyorluğa aşiq idim. Teatr mənim eşqim idi. Hər yerdə film, tamaşa olanda gedirdim. Maddiyyat arxasınca qaçmırdım. Bu işin arxasınca getdim və sonda istəyimə çatdım.

Bu sözləri İran Kinomatoqrafiyasının əsas fiqurlarından biri olan, Berlin Kino Festivalında “Gümüş ayı” mükafatının sahibi  azərbaycanlı aktyor Reza Naci Oxu.Az-a müsahibəsi zamanı deyib. 

O, daha sonra müsahibəsinə belə davam edib:

– Bir az İran qanunları və adət-ənənə başqa cürdür. Ailəniz istəyinizə qarşı çıxmadı?

– Heç yadımdan çıxmaz. İsfahanda festivalda nümayişimiz var idi. Həmin festivalda 7 mükafat aldıq. İsfahanda Təbrizə qayıdanda Zəncanın sərhəddində qəza etdik. 17 nəfər komandamızın olduğu mikroavtobus başqa avtobusla toqquşdu. Mikroavtobus dərəyə düşdü. Göydə qapı açıldı. Mən isə yatmışdım. Maşın fırlananda mən dərəyə düşdüm, yarım metr aralıya isə maşın düşdü. Yeddi yerim sınmışdı.

Məni xəstəxanaya apardılar. 55 gün gün xəstəxanada yatdım. 77 kilodan 40 kiloya düşmüşdüm. O qədər arıqlamışdım ki, sümüklərim görünürdü. Evə gəldim, belim sındığına görə taxta üstündə yatırdım. İki il çəliklə, iki il də əsa ilə gəzdim. Hər kəsə mənə irad bildirirdi ki, buyur, bu da aktyor olmaq istəyinin nəticəsi...Aktyorluq arxasınca niyə gedirsən? Həmin vaxtı xanımım isə həmişə mənə dəstək olurdu. Deyirdi ki, həyat yoldaşım oğurluq etməyib ki, başına bunlar sənət yolunda gəlib.

– Dediniz ki, qəzaya düşdünüz. Bəs aktyor yoldaşlarınıza bir şey olmamışdı?

– Onlar maşının içində idi. Maşın fırlandıqca, onlar da fırlanmışdı. Lakin mən meşəyə, dərəyə düşmüşdüm.

– Əsl adınız Məhəmməd Əmirdir. Ancaq Reza Naci deyə tanınırsınız...

– Mənə şəhadətnamə almağa gedəndə atam deyib ki, adını “Reza” yazın. Şəhadətnaməni yazan isə təklif edib ki, gəl sənin oğlunun adını şahın oğlunun adı kimi iki ad edək. Orada adıma “Məhəmməd” əlavə ediblər. Atam da razılaşıb, deyib ki, nə yazırsan, yaz.

Evdə Məhəmməd demədilər, ancaq Reza deyib çağırdılar. Soyadım da Əmiri Nacidir. Nacini də oradan çıxarıb Reza Naci adlandırdılar. Sənət aləmində hamı məni Reza Naci deyə tanıyır.

– Aktyorluqdan əvvəl təmirçi işləmisiniz...

– Bəli, mexanik idim. Böyük və kiçik maşınların mexaniki işlərinə baxırdım.

– İran Hava Qüvvələrində də çalışmısınız...

– Orada 30 il çalışmışam. Həm mexanik, həm də sürücü idim. Həm də aktyor idim (gülür).

– İran filminin fiquru olsanız da, Vikipediada cəmi 9 filmdə çəkildiyiniz qeyd olunub.

– 75 filmə çəkilmişəm. İnternetə yerləşdirilməyib. “Cənnətin uşaqları” filmi ilə mükafat qazanmışam. Çox böyük insanlarla çalışmışam. Onların içərisində 7 yaxşı filmim olub ki, dünyada tanınıb və mükafat alıb.

– “Sərçələrin nəğməsi” filmi ilə Berlində “Gümüş ayı” mükafatını qazandınız. Necə hisslər idi?

– Fikirləşmirdim ki, almanlar bizə mükafat verər. Fikrim o idi ki, gedib Almaniyanı görəm. Oranı görəcəm deyə xoşhal idim. Necə ki, bura gələndə xoşbəxtəm. Çünki siz bizim qardaşlarımızsınız. Hava qüvvələrində çalışarkən ölkədən çıxışıma qadağa qoyulmuşdu. 30 il heç yerə çıxa bilmədim. Sevinirdim ki, eşikdən çölə çıxıram.

Ora gedəndən sonra gördüm ki, mənim rəqiblərim var. “Oskar” mükafatı qazanan amerikalı aktyor Daniel Dey Levis və bir neçə nüfuzlu aktyorlar var idi. Mənimlə yan-yana oturmuşdu. Onlar oturdular, mükafatı isə mən aldım.

Həmin festivaldan sonra film “Oskar”a göndərildi. Sonra siyasi söhbətlər ortaya qarışdı və həmin filmi çıxardılar. “Oskar”ı isə Danile Dey Levis qazandı.

– O filmdə ailəsini xoşbəxt etmək istəyən, ancaq nə qədər maneələrlə qarşılaşsa da, düz yoldan çəkilməyən birini canlandırırsınız. Ən çətin səhnə hansı idi?

– Orada köhnə əşyaları gətirirəm və həyətə yığıram. Həmin səhnədə köhnə əşyalar mənim üstümə aşır. O səhnənin ilk dublunda özüm oynadım. Daha sonra Məcid Məcidi imkan vermədi ki, sənə bir şey olsa, film yarımçıq qalar. Sırf həmin səhnə üçün üç kaskadyor gətirdilər.

Bir də dəvəquşu ki, əlimdən qaçır. Özümü dəvəquşu formasına salıb, dağlara çıxıram ki, bəlkə həmin dəvəquşunu tapam. Həmin səhnələr çox çətin idi. Dağlarda helikopterlə çəkiliş edirdilər. Digər helikopterlə olan çəkiliş isə şəhər yolunda motosikletlə getdiyim səhnədi. Orada helikopter aşağı enir ki, məni yaxından çəksin. Helikopterin küləyi məni motosikletlə birlikdə yıxır. Ayaqlarım çox qaralmışdı. Qapını götürüb daşıdığım səhnə də çətin idi.

– Mənəvi olaraq sizə dərin təsir edən hansı səhnə idi?

– Yerdə xəstə yatan vaxtı, işdən gələn oğlumun əlindəki qabarlar olan səhnə çox ağır idi. Orada haldan-hala düşdüm. 

– Bir də dəvəquşunu cildinə girərək onu dağlarda axtardığınız və iki min tümənə aldığınız alçanın motosiklet gedə-gedə yolda tökülməsi çox təsirli səhnələr idi...

- Orada tamahkarlığa nişanə verilir. Özgənin pulu ilə alçanı almışdım. Yarısı da yolda töküldü. Çünki oradakı min tümən haram pul idi.

– Xeyli mükafatlar almısınız. Bu mükafatların qarşılığında İranın sizə töhfəsi nə olub?

– Adıma kinoteatr açılıb – “Cinema Naci”. Həmin kinoteatrın qarşısında isə heykəlim var. “Muzey Cinema” adlanan yerdə də heykəlim var. Bundan başqa “İran Cinema Muzeyi”ndə mükafatlarımın bir yerə yığıldığı xüsusi bölmə var ki, ora da mənə aiddir.

– Teatr sizə daha yaxındır yoxsa film?

– Teatr aktyorluğun anasıdı. Filmdə kameranı tanımaq lazımdı. Film insanı ifşa edir. Teatrda nə oyun çıxarırsansa, çıxar kiçik səhvlər itir. Ancaq kamera sənin kiçik tükünü elə göstərər ki, eybəcər görüntü alınar.

– Ölkənizdə olan qadağalar sizi bir aktyor kimi sərhədləmir?

– Biz qanunla yaşayırıq. Məni Moskva istəmişdi, imkan vermədilər. Türkiyə də həmçinin. Dövlətimiz deyir ki, mütləq ssenarini görməliyəm. Əgər görməsələr, işləməyə icazə verməzlər. Avstraliyadan təklif gəlmişdi. Ona da imkan vermədilər. Ssenarini oxuyandan sonra bu qərara gəldilər. Ancaq Hindistan və Azərbaycana icazə verdilər. Deyirlər ki, filmdə heç bir xanıma əlin dəyməli deyil. Bunlara riayət etməsək filmin yayımına icazə verməzlər.

– Sənətinizlə bağlı hansı arzunuzu həyata keçirməmisiz?

– Ürəyimdə çox arzular var. Lakin qanunlar icazə vermir. Çox arzu edirdim ki, iranlı bir rejissor var. Onun filmində çəkiləm. Getdim ki, Amerikaya köçüb. Çox aktyorlarımız arzu edir ki, Hollivud sənətçiləri ilə eyni filmə çəkilsin, ancaq bu, qanunla qadağandır. Yalnız özləri yazdığı ssenari ilə başqa filmlərə çəkilməyə icazə verirlər.

– Azərbaycan filmlərindən izlədiyiniz olub?

– Köhnə filmləriniz mənim eşqimdi. Sizin xanəndələri də çox sevirəm. Manaf Ağayevi çox bəyənirəm. Biz “söymək” sevmək mənasında işlədirik, siz isə küfür mənasında. Amma mən sizin müğənniləri, ümumiyyətlə, Azərbaycanı “söyürəm”.

– Aktyor olmaq üçün təhsilin olması mütləqdir?

– Kimin ki, genində istedad var, təhsil ona çox kömək edir. Ancaq nə qədər də təhsil olsa, istedadın olması mütləqdi. Özünü yetişdirə bilməyi bacarmaq lazımdır. O qədər təhsilli insanlar var ki, iki dəqiqəlik film çəkə bilməyiblər. 

– Azərbaycanda İlham Qasımovun filmində çəkilirsiniz. Bu obrazdan danışaq...

– “Şah Yaqub” obrazını canlandırıram. Film indiki dövr və qədim dövrləri əhatə edir. Daha ətraflı məlumat verə bilmərəm.

Pərviz Hüseyn
FOTO/VİDEO: Aygün Rəşidova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri