11 
İyl
2018
12:41
138
38
8310
Virtual karabakh

Səkinə İsmayılova: Dünən birinci yerdə olanlar bu gün ortada yoxdur - MÜSAHİBƏ

11 İyl, 2018
12:41
8310

Səkinə İsmayılova: Dünən birinci yerdə olanlar bu gün ortada yoxdur - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını Xalq artisti, professor, tanınmış xanəndə Səkinə İsmayılova cavablandırır:

-Səkinə xanım, Sizinlə ilk müsahibəmizdən nə az-nə çox, düz 21 il keçir. O vaxt Sizinlə müsahibəni solisti olduğunuz  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında almışdıq, indisə dərs dediyiniz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində götürürük. Necə hesab edirsiniz, həmin vaxtdan Azərbaycan mədəniyyəti və incəsənətində çox şeylərmi dəyişib və bu dəyişikliklər irəliyə-müsbətə, yoxsa, geriyə-mənfiyə doğru olub?

- Əvvəla, Azərbaycanda hər zaman muğam ifaçıları, ümumiyyətlə, muğam sahəsi  xalqın nəzər-diqqətində olub. Bu, danılmaz bir faktdır. Heç bir zaman bu janr xalqın nəzərindən yayınmayıb. Eyni zamanda, ən azından el şənliklərini, məclisləri götürsək, görərik ki, bütöv bir xanəndə nəsli, hətta, məndən öncəkilər də, deyir ki, Bakı kəndlərində yetişib. 

Harada doğulub bəhrələndiklərindən asılı olmayaraq onlar Bakı kəndlərində keçirilən el, toy şənliklərində püxtələşib yetişiblər.

Son 10-15 ili götürsək, görərik ki, artıq xalqa birləşən bir qüvvə də var. O da bizim dövlətimizdir.

Yeri gəlmişkən, 21 il bundan qabaq Hollandiyadan qayıtmışdım. Bunu təsadüfdən xatırlamıram, Hollandiyada, elə Fransada, Amerikada, Yaponiyada olanda da deyirdim, ilahi, görəsən, bizdə də nə zamansa belə festivallar, belə müsabiqələr keçiriləcək?

O vaxtdan bunun arzusundaydım və çox sevindiricidir ki, bu gün artıq bu arzum reallaşıb. Təkcə son illərdə bizim ölkəmizdə onlarla beynəlxalq müğam festivalları, müsabiqələri keçirilib.

AzTV ilə canlı yayımlanan televiziya muğam müsabiqəsi çox böyük şöhrət tapıb. İnanın ki, o müsabiqədən sonra mən hansı ölkəyə gedirəmsə, orada yaşayan  soydaşlarımız həmin müsabiqədən söz açır, onunla maraqlanır, bildirirlər ki, bu, nə gözəldir?!

Nə gözəl gənclər gəlib, nə gözəl səslər gəlib, nə gözəl sizdə muğam belə inkişaf etdirilir və sair. Doğrudan da, gənclərimizin muğama  axını başlayıb…

- Bu axın nədən başladı? 

- Ondan başladı ki, dövlət bunlara arxa, yiyə durdu və bu gün o qorxmur, yəni, çətinlik çəkmir ki, muğamın dalınca gedir.

Çünki dövlət ona dəstək verir. Həmçinin, belə gözəl festivallarda iştirak, çıxış hüququ, imkanı qazanır, 3 ay ərzində televiziya ilə bütün dünyaya reklam olunur, tanınır. Onu da deyim ki,  muğam müsabiqəmizin birincisi SMS-lə olmuşdu.

Amma sonra birinci xanımımız Mehriban Əliyeva belə bir təşəbbüslə çıxış etdi ki, SMS yığışdırılsın, qalibləri münsiflər heyətində əyləşən sənətkarlar müəyyənləşdirsin. 

Bu barədə çox danışa bilərəm ki, biz musiqimizlə, xüsusilə də, muğam sənətimizlə  istədiyimiz sərhədləri aşa, istədiyimiz yerlərə çıxara bilirik. Muğamımız bu gün istər musiqi alətlərində sintez olunur, istər ayrı-ayrı musiqiçilərlə sintez olunur. Şəxsən öz yaradıcılığımdan onu deyə bilərəm ki, Azərbaycan muğamını başqa bir xalqın raqa musiqisi, Hindistanın muğamı ilə birləşdirib, gözəl bir “Muraqam” adlı layihə ortaya çıxardıq.

Bu isə sözün yaxşı mənasında böyük bir səs-küy oldu. Doğrudan da, bununla muğamımızda yeni bir mərhələ oldu ki, bəli, bizim muğamımız belə bir qüdrətə malikdir. Muğamımız elə bir qüdrətə, elə bir səviyyəyə malikdir ki, bir Hindistan xanəndəsi gəlib müraciət edir ki, məsələn, mən Səkinə xanımla bu muğamı ifa edəcəyəm.

Bilirsiniz bu nə deməkdir?  Biz həmin layihəni Dehlidə, Kəlküttədə  reallaşdırdıq, inanın ki, hər kəs heyranlıqla baxırdı ki, bu nə musiqidir?! Özü də qeyri-təvazökarlıq olmasın, bu, hər adamın işi deyil. Bu, bizim tariximizdə ilkdir.

- Bəzən yaşlı, qocaman sənətkarlar tərəfindən muğamın sintezi etirazla qarşılanır. Məsələn, tanınmış ifaçımız, böyük xanəndəmiz Alim Qasımovla bağlı həmin sənətkarlar tərəfindən tez-tez tənqidlər səsləndirilir, eşidilir...

-Bilirsiniz, hər bir xanəndənin, hər bir ifaçının bir dünyası var. Əgər o öz dünyasında istədiyini göstərə bilməsə, mənim fikrimcə, əsl sənətkar ola bilməz. 

Ona belə rahatdır. O, öz sərbəstliyini, öz rahatlığını yaradıb. Yəni, bunun heç kimə aidiyyəti yoxdur.

Qaldı ki muğama, ona heç bir şey etmirlər. Sadəcə, həmin motivin, həmin mövzunun, həmin ritmin üzərində hərə özünün öz sənətini nümayiş etdirir, özü də heç nəyə dəymədən. Əslində biz bununla bütün dünyaya sübut edirik ki, görün, bizim muğamımız necə zəngindir.

Məsələn, ərəblər deyir ki, mənim də muğamım var, qardaş türklər deyir mənim də muğamım var, farslar da bunu deyir. Onlarda muğam olmasa, gəlib burada  bizimlə birgə festivalda iştirak etməzlər ki?!

İndi görün ki, bütün o muğamlara biz öz dəstgahlarımızı yerləşdirə bilirik və necə deyərlər, dilimiz də uzundur, bunu fəxrlə deməyə də ərkimiz çatır ki, bəli, bizim muğamımız çox zəngindir.

Qaldı ki adını çəkdiyiniz xanəndəyə, o da muğama heç bir şey etmir. O klassik yolu da çox gözəl bilir.

Alim Qasımov istəsə  “Çahargah” muğamını cəmi 15 dəqiqənin içində “Bərdaş”ından başlayıb gəlib “Mənsuriyyə”sinə qədər təqdim, ifa  edər... 

- Səhv etmiriksə, müsabiqələrdən birinin yekunları ilə bağlı tanınmış sənətkarlar arasında qarşılıqlı ittihamlar yaşanmışdı ki, kimlərsə tərəfkeşlik edir...

- Burada hansısa tərəfkeşlikolmayıb və ola da bilməz. Hər şey göz qabağındadır. Müsabiqə keçirilən zal təxminən 400 nəfər adam tutur.

Orada nəsə ola bilər, başqa bir şey? Məgər kimsə pis oxusa, bərbad ifa etsə, o zal ona əl çalar, alqışlayar?

Bundan da əlavə neçə milyon tamaşaçı oturub bizə ekranların qarşısında baxır. Özünüz fikirləşin, onların gözü qarşısında nəsə ola bilər?

Bu, mümkün deyil. Münsiflər heyətində də əsl sənətkarlar əyləşib, onlar bilirlər ki,  bir il sonra bu uşağın səsi qalacaq-qalmayacaq, batacaq-batmayacaq.

Bilirsiniz, bizim elə gözəl ifaçılarımız olub ki, yetkinlik dövrünü, səsin dəyişkən dövrünü keçdikdən sonra səsləri batıb, oxuya bilməyiblər.

- Heç olubmu ki, kiməsə aşağı və ya yuxarı bal verdiyiniz üçün sonradan peşmançılıq hissi keçirəsiniz?

- Bizi izləyənlər hər şeyi yaxşı görürlər. Orada da hərənin öz fikri var. 

Şəxsən mən çox zaman ifaçılara yüksək bal vermişəm. İndi onu kim necə qəbul edir, özü bilər, amma mən niyə belə etdiyimi də açıqlamışam, demişəm ki, nəyə görə  filankəsə belə yüksək bal vermişəm.

Ola bilər onun səsi var, amma bizdə tək səs deyil ki, danışıq var, sözün deyiliş qaydası var, qrammatikanı bilmək var. Ən azından əruza bir balaca bələd olmaq var.

Sözlərin vurğularının düz vurulması var, qəzəllərin, şeirlərin düzgün oxunması var. Ritm var, onları bir-birinə cilalamaq var. Bunlar hamısı olmasa xanəndə yetişmir, sevilən xanəndə olmur. Bir az keçir sənin adın deyilmir, çoxdan unudulubsan. Sən yadda qalmırsan. Bu keyfiyyətləri olan xanəndəyə yalnız  əsl xanəndə və yaradıcı xanəndə deyilir. Xanəndə var ki, bir muğamı oxuyub, amma yüz il də elə o cür oxuyur.

Tamaşaçı bezib, söndürür ekranı, onu dinləmir.

Amma tamaşaçı var ki, hər hansı yaşda olmasına baxmayaraq, fərqli, özünəməxsus ifa edən muğam ifaçılarını dinləyir, onları əsl xanəndə kimi qəbul edir…

- Bəzən qəzəl yerinə şeir oxuyan xanəndələr, muğam ifaçıları  da var...

- Muğamda əsasən qəzəllərdir. Sən təsnif oxuyursansa, muğam oxuyursansa, orada ancaq qəzəl olmalıdır.

Mənim aləmimdə də  xanəndəliyə başlayanda Füzuli ilə başlamalısan.

Füzuli ilə başlamalısan ki, sonrakı şairlərin qəzəllərini oxuyanda sənin üçün bir qədər asan, sadə, rahat  gəlsin. Yəni, mürəkkəbdən başlamalısan...

- Bugünkü gənc muğam ifaçıları arasında gələcəyin əsl və yaradıcı xanəndələri varmı, onlar çoxdurmu?

-Təsəvvür edin ki, biz müsabiqədə 500-400 uşağın içindən 20-ni seçirik. O 20 nəfərdən də 3-4-ü gəlib çıxır birinci yerə.

O, 3-4-5-dən də zaman göstərəcək ki, kim sənətdə qalacaq. Nə olsun birinci yeri tutub? Məsələn, bizim zamanımızda bilirsiniz, mənimlə nə qədər tələbə var idi qurtaran?

Hamı gəlib “Xalq artisti” adı alıb, professor olmadı ki? Yaxud sənətdə tanınmalıdı ki? Bu gün müsabiqədə iştirak edib,  birinci yeri tutmaq o demək deyil ki, hər zaman birinci olacaqsan?

O, elə unudular ki?! Heç ona baxmayacaqlar ki, sən haçansa birinci yerdə oturmusan. Ona görə dayanmaq olmaz. İşləməlisən. 

- Səkinə xanım, uzun illərdir ki, sənətdəsiniz, səhnədəsiniz, Azərbaycanın azman sənətkarlarındansınız. Sənətlə məşğul olmaq istəyənlərə, özünü səhnədə görmək istəyənlərə arzunuz nədir bir sənətkar kimi?

- Mən Asəf Zenallı adına Misiqi Məktəbini (Kollecini) qurtaran kimi birbaşa opera səhnəsinə gəldim.

O zaman da opera səhnəsində 3 xanım-3 nəhəng orera ifaçısı, 3 gözəl sənətkar vardı: rəhmətlik Rübabə xanım, Zenəb xanım və rəhmətlik Nəzakət xanım Məmmədova. 

Eyni zamanda, 3 əsas kişi ifaçı vardı: Arif Babayev, Canəli Əkbərov və rəhmətlik Baba Mahmudoğlu. Mən belə böyük sənətkarların əhatəsində, necə deyərlər, böyüdüm, opera ifaçısı, solisti oldum.

Opera səhnəsində də ilk dəfə Leyli obrazını oynayanda cəmi 23 yaşım vardı. Mən həmin obrazı ifa edərkən çox arıq idim. Mən opera səhnəsində rol aldığıma görə, o zaman puldan, ümumiyyətlə, çox şeylərdən imtina etdim.

Çünki Leyli obrazını ifa etdiyin, ümumən opera səhnəsi, sənət üçün gərək çox şeylərdən imtina edəsən, imtina etməyi bacarasan. Başqalarını deyə bilmərəm, amma mənim fikrim belədir ki, opera səhnəsində rol alan ifaçı daim səsini qorumalı, səsinin qeydinə qalmalıdır. Eyni zamanda, formada olmalıdır.

Opera elə bir sənətdir, elə bir səhnədir ki, orada mikrafon yoxdur, hər şey canlı ifa üzərində qurulur. Sən orkestrə də deyə bilməzsən ki, belə etmə, belə elə, mənim səsim yerində deyil, ona görə tembri aşağı sal və ya yox…Odur ki, mən o zaman çox şeylərdən imtina etməli oldum. Bu, o, demək deyildi ki, mənim nəyəsə, maddiyyata ehtiyacım yox idi, təbii ki, vardı, amma mən sənətimi, səhnəni hər şeydən üstün tutdum.

Kamil HƏMZƏOĞLU

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri