16 
İyl
2018
14:22
168
31
12338
Virtual karabakh

Nuriyyə Hüseynova: Axı belə zəif səsə bu pullar haradan xərclənir?

16 İyl, 2018
14:22
12338

Nuriyyə Hüseynova: Axı belə zəif səsə bu pullar haradan xərclənir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını  tanınmış sənətçi, Əməkdar artist Nuriyyə Hüseynova cavablandırır: 

- Azərbaycan mədəniyyətinin bugünkü durumu necədir, mövcud vəziyyət bir sənət adamı kimi sizi qane edirmi və yaxud etmirsə, nəyə görə? Daha çox mənfi tərəfləri ilə xarakterizə olanan şou-biznesin ciddi, sanballı sənəti üstələməsi fikri ilə razılaşırsınızmı?

- Bunu həmişə deyirəm, dünyada gedən proseslər tək musiqi aləminə yox, bütün sahələrə öz təsirini göstərir.

Eyni zamanda, bu musiqini yaşadan da canlı insandır. Yəni, hərə öz işinin, öz sənətinin başına keçməzdən və sənətə gəlməzdən öncə düşünür ki, bu sənətə nə üçün gəlirəm? Pul-para qazanmaq üçünmü, yoxsa, Azərbaycan, ya da, digər-fərq etməz mənsub olduğu millətin musiqi mədəniyyətini, mənəvi dünyasını, öz milli mentalitentinə məxsus xüsusiyyətlərini sona qədər gələcək nəslə ötürmək məqsədiləmi gəlirəm?

Çox təəssüflər olsun ki, maddiyyat deyil, mənəviyyat düşüncəsi ilə sənətə, mədəniyyət sahəsinə gələn insanlar indi çox azdır. 

Çox üzr istəyirəm, üzdə olan bir çox insan asan yolla sənətə gəlib.

Asan yolla şöhrət qazanan insanları isə efirdə, qəzetdə, orda-burda çox yayımlayıb, çox reklam edib göstərəndə də yenilərə elə gəlir ki, bu, daha gözəldir və elə buna da yiyələnmək lazımdır. Nəhayət, sənətə yeni gələn də bunun dalınca qaçır, pul qazanmaq üçün, şöhrət qazanmaq üçün.

Çox nadir hallarda o mənəviyyata və milli, ciddi sənətə xidmət edən adamlar olur. Təbii ki, mən illərimi mənəviyyata və milli musiqinin inkişafına yönəltmişəm. Bunun mənə aidiyyəti yoxdur və bir müəllim kimi, bir insan kimi, bir Azərbaycan xalqının vətəndaşı kimi tələbələrimi də, ətrafımda olanları da hər zaman ona-mənəviyyata doğru yönəltməyə səy göstərirəm. Bunu etmək mənim borcumdur. Çünki heç vaxt sənətimdə pul dalınca qaçmadım. Yəni, düşünmədim ki, mən bu əsəri oxuyacağam, bu əsər tarixdə qalacaq, yaşayacaq, amma burda pul yoxdur.

Bu düşüncə ilə yaşamadım, hər zaman düşündüm ki, yox, qoy yaşasın, qoy qalsın, səviyyəmə, çəkimə uyğun olsun. 

Təbii ki, belə hallarla da qarşılaşmışam ki, kimsə bir əsərini, bir musiqisini mənə oxumaq, ifa etmək üçün təqdim edib, mən də qulaq asmışam, amma görmüşəm ki, onun sözü də çox primitivdir, musiqisi də çox zəifdir.

Mən onu həyatım boyu heç vaxt - ordan mənə milyonlar da versələr - oxumaram. Bu, mənim xasiyyətimdir, təbiətimdir. Amma belə insanlar çox azdır.

Şou aləmində olan musiqilər hamısı ordan-burdan götürülmə, oğurluq  şeylərdir.

Bu gün biz internet əsrində yaşayırıq. Bu gün bir musiqi çıxdısa, bir saatdan sonra dünyanın o biri ucunda da o musiqini eşidirlər.

Üzr istəyirəm, əvvəlindən, axırından, ordan-burdan bir az əlavələr edib, hərə bir yeni musiqi yaradır, bir az ritmi müasir dövrün gənclərinə uyğun, belə deyək ki, yüksək tempdə edir, üzə çıxarır. Sonra da adını qoyur ki, mən musiqi bəstələdim, musiqi yazdım və hətta, birdən baxırsan ki, bu musiqi ilə külli miqdarda pul da qazana bilirlər...

- Bunları görərkən, eşidərkən nələr keçirirsiniz?

- Bunları görəndə həmişə deyirəm ki, ya mən çox öndəyəm, ya da çox arxadayam. Hər zaman mən bunu düşünürəm. 

Amma sonda görürəm ki, yox, çox öndəyəm. Eyni zamanda, düşünürəm ki, axı, bu zəif musiqiyə, axı, bu zəif səsə bu pullar haradan xərclənilir? Ya camaatın zövqü aşağı səviyyədədir, bilmirəm, ya da hamı onun arxasınca qaçmağa meyllidir, onu da deyə bilmirəm. Beləcə çaşıb qalmışam ki, nə deməkdir bu?

- İnsanların musiqi duyumunu yüksəltmək, eyni zamanda, musiqimizə yad, zərərli elementlərin təsirini azaltmaq üçün ciddi sənətlə məşğul olan sənətçilər bu missiyanı  üzərlərinə götürməməlidirlərmi?

-Dünya, bütün bəşəriyyət ziyalıların, aydınların, təfəkkürlü, istedadlı insanların çiyninin üzərində bu günümüzə qədər yürüyüb gəlib.

Milləti də, ölkəni də, dünyanı da idarə edən, önə aparan ziyalılardır. Yüksək ixtisaslı, necə deyərlər, sənətini gözəl bilən insanlardır. Bunlarsız biz kimik? Heç kimik!

Yəni, bu gün də incəsənət və mədəniyyət sahəsində sözünü və sənətini gözəl bilən yetərincə gözəl ifaçılar da var, müəllimlər də var. Necə deyərlər, sənət qabiliyyəti olan insanlar var. Bu sənət qabiliyyəti olduğu qədər də insanların vicdanı olmalıdır. Vicdan olmadan insan heç vaxt deyə bilməz ki, mən ölkəmə, vətənimə, millətimə xidmət edirəm. Vicdansız insan hər şeyini-ölkəsini də sata bilər, onu demək istəyirəm ki, hər bir insanın öncə vicdanı olmalıdır.

Bu gün əgər mən Azərbaycan musiqisinin yaşaması üçün əlimdən gələni edə bilirəmsə, mən bunu bacarıramsa, niyə mən ona xələl gəlməsinə, yad notların, nəfəslərin, sözlərin gəlməsinə şərait yaratmalıyam? Bu ölkənin bir insanı da mənəm. İncəsənətin də bir qolu mənəm. 

Hər kəs bu sualı “mənəm, mənəm” deyib, özü- özünə versə və  vicdanını qabağına qoyub düşünsə, daha yaxşı olar. İndi bunu mən deyirəmsə, ola bilsin biri deyəcək ki, bu xanımın deyəsən başı xarab olub.

Yəni, imkansızlıqdan toya da gedirik. İmkansızlıqdan sadə musiqilər də yazırıq, imkansızlıqdan onu da edirik, bunu da edirik. Hər sonun başını yenə maddiyyata bağlıyacaqlar. Yox, o da deyil. Dünya yaranandan ən böyük musiqiçilərin, ən böyük elm adamlarının çox vaxt öz musiqilərini, öz yazdıqlarını üzə çıxarmağa imkanları olmayıb. Kimsə onlara dəstək durub, kömək olub. Yəni, bunları biz eşitmişik, oxumuşuq, bu gün də görə-görə gəlirik. Amma gəlin istedadı olan gözəl sənətçilərə kömək olaq, yiyə duraq, onların üzə çıxmasına şərait yaradaq.

- Tələbələriniz arasında şou-biznesin ağuşuna atılaraq, daha asan yolla sənətə gəlməyə, şan-şöhrət əldə etməyə üstünlük verənlər çox olub?

-Fəxr və qürur hissi ilə deyə bilirəm ki, şagirdlərim, tələbələrim daha çox ciddi sənətə meyllənirlər.

Məsələn, mənim elə tələbələrim var ki, bizim dəyərli xanımımız, birinci vitse-prezidentimiz Mehriban Əliyevanın bir neçə layihələri -muğam müsabiqələri olub ki, o müsabiqələrdə, proyektlərdə yer alıblar, iştirak ediblər.

Yəni, onlar dünyanın bütün böyük səhnələrində çıxış, Azərbaycan musiqisini təbliğ edə bilərlər və bilirlər. Amma bütün hallarda mən bu gün istər İncəsənət və Mədəniyyət Universitetində, istər Bülbül adına orta ixtisas musiqi məktəbində tələbələrimi, şagirdlərimi ən çox vicdanlı olmağa  çağırıram.

Özünü dərk etməyən adam nə həyatı dərk edə bilər, nə Allahını tanıyar, nə də ətrafında olan insanlara qarşı sayğı, dəyər duyar. Öncəliklə bütün sahələrdə mükəmməl, kamil insan olmaq üçün insanın öncə vicdanı olmalıdır.

- Şou-biznes müğənnilərinin efir, səhnə mədəniyyətini, davranışlarını necə qiymətləndirirsiz və onların özlərini bir və ya iki nömrəli ifaçı olmaları haqda iddialarına necə yanaşırsınız?

 -Məncə, elə sənət göstərmək lazımdır ki, illərlə yaşasın, yaddaşlarda qalsın.

Qaldı ki şou-biznes adı ilə sənətə atılanların şəxsi həyatları məni heç maraqlandırmır, heç bir önəm kəsb etmir. Hər kəs necə deyərlər, özüdür. Şou-biznes nə deməkdir? Biznes fəaliyyəti. Burada sənətdən söhbət getmir.

Əslində inkişaf etmiş dövlətlərdə şou-biznes adamları daha çox sənət və səhnə performansları ilə gündəmə gəlirlər.

Ancaq bir şeyi qəti unutmaq lazım deyil ki, bizim dəyərlərimiz var - illərlə qorunub saxlanan dəyərlərimiz. Onlara və millətimizə son dərəcə hörmətlə yanaşmaq hamının borcudur. Kimsə kiməsə oxşasaydı, Allah ondan ikisini yaradardı. Özü olan bir insan isə hər zaman özünə hörmət etməlidir.

K. HƏMZƏOĞLU

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri