23 
İyl
2018
16:00
43
35
6776
Virtual karabakh

Beynəlxalq şirkətin Azərbaycan üzrə rəhbəri olan xanımın uğur sirri

23 İyl, 2018
16:00
6776

Beynəlxalq şirkətin Azərbaycan üzrə rəhbəri olan xanımın uğur sirri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sevindirici haldır ki, Azərbaycanda son illər şəxsi biznesini qurub, uğur qazanan xanımların sayı günü-gündən çoxalır. Avstraliyada yerləşən “International Group for Educational Consultancy” (IGEC) şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Ülviyyə Cəlilzadə də belə xanımlar sırasındadır. Uğurlu iş xanımı olan Ülviyyə Cəlilzadə bir neçə ildə qazandığı uğur sirrini bizimlə bölüşüb. 

- Gənc olmağına baxmayaraq, artıq öz şəxsi biznesinizi quran Azərbaycan xanımlarındansınız. Maraqlıdır, biznes quran zaman hansı səbəbdən məhz təhsil sahəsini seçdiniz?

- Artıq altı ildir təhsil sahəsində çalışıram. Gənclərin gələcəyinin daha parlaq olması, onların daha uğurlu karyera qurmalarında kiçik də olsa, köməyim olmasını istədiyim üçün bu sahəni seçmişəm.

“International Group for Educational Consultancy” şirkətinin Azərbaycan nümayəndəliyi olaraq bu illər ərzində saysız gənci ABŞ, Kanada, Avstraliya və dünyanın bir çox ölkələrinə xaricdə dil öyrənməyə, bakalavr və magistr təhsili almağa göndərmişik.

Fəxrlə qeyd edə bilərəm ki, həmin gənclərin əksəriyyəti təhsillərini yekunlaşdırıb vətənə geri dönəndən sonra uğurlu karyera sahibi olublar. Bu da mənim üçün qürurverici haldır. Onu da qeyd edim ki, biz tək xaricə tələbə göndərməklə  kifayətlənmirik, eyni zamanda, xarici ölkələrdən Azərbaycana təhsil almaq üçün tələbələr gətiririk. 

- IGEC beynəlxalq şirkətdir. Necə oldu ki, belə bir beynəlxalq şirkət sizinlə işləməyə başladı? 

- Əvvəlcə mən özüm təhsil şirkəti açmışdım. Xarici universitetlərlə işləyirdim. Mənim uğurlu işimi görəndən sonra “International Group for Educational Consultancy” şirkətinin rəhbəri mənimlə əməkdaşlıq etmək üçün müraciət etdi.

Böyük məmnuniyyətlə təklifi qəbul etdim. Bir müddət əməkdaşlıq edəndən sonra uğurlu nəticələri gördülər və Avstraliyada yerləşən şirkətin Azərbaycan nümayəndəliyini açmaq qərarına gəldilər.

Həmin gündən şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri olaraq fəaliyyət göstərirəm. 1000-dən çox universitetlə əməkdaşlıq edirik. Bir çox təhsil şirkətlərinin kontakt qura bilmədiyi universitetlərlə əməkdaşlıq qurmuşuq. 

- Yəqin ki, işinizin bizim görmədiyimiz, pərdəarxası çətinlikləri, qarşılaşdığınız problemlər olur...

- Kənardan təhsil sahəsində işləmək asan görünə bilər. Amma bu, çox böyük zəhmət tələb edən işdir. Mən, sadəcə olaraq, işimi sevirəm. Bu yolda uğurla addımlamağımın da sirri məhz işimi sevməyimdir.

Hər bir biznes sahəsində olduğu kimi, biz də problemsiz ötüşmürük. İllər ərzində bəzi problemlərlə qarşılaşmışam. Amma bunların hər birinə sinə gərməyi bacarmışam. 

Bəzən isə uğurlarımızı görüb həzm edə bilməyənlər kiçik problemlərimizi sosial şəbəkələrə, bəzi media orqanlarına çıxarıb həqiqətdən uzaq məlumatlar yayırlar. Bizdən münasibət almadan birtərəfli məlumatlar yazırlar.

Biz bunu normal qarşılayırıq. Əsas bizim gördüyümüz işdir. “International Group for Educational Consultancy” şirkətinin fəaliyyəti və uğurları karyerasını qurmuş tələbələrimizdir. Düşünürəm ki, bu da bütün sualların cavabıdır. 

- Sizə müraciət edən azərbaycanlı gənclər daha çox hansı xarici ölkələrin universitetlərində təhsil almaq istəyirlər? 

- Azərbaycanlı gənclər Avstraliya, Kanada, İngiltərə, İtaliya və ABŞ-da təhsil almaq üçün daha çox müraciət edirlər. Son zamanlar isə ABŞ-da təhsil almaq üçün müraciət edənlərin sayı çoxalıb. 

- Bəs Azərbaycanda ali təhsil almaq üçün hansı ölkələrin tələbələri müraciət edirlər?

- İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, İran, İraq və Fələstindən gənclər bizim vasitəmizlə Azərbaycanda təhsil almağa gəlirlər. Onlar Azərbaycanda, əsasən, mühəndislik və tibb sahələri üzrə təhsil almağa üstünlük verirlər. 

- Bizneslə məşğul olmaq, şəxsi biznesini qurmaq istəyən xanımlara nə məsləhət görərdiniz?

- Qadın uğurlu biznes qurmaq üçün ilk növbədə iddialı olmalıdır. O, qarşılaşacağı problemlərdən qorxmamalı və təmkinlə həmin problemlərin həllinə yol tapmalıdır. Biznesdə olduqları zaman problemlər də həmişə olacaq, sadəcə, onlara səbirlə sinə gərməyi bacarmaq lazımdır.

Uğur qazanmaq istəyən qadın çox işləməli, daha çox əziyyət çəkməli, istirahət etməməlidir. İstədiyinə nail olandan sonra qadın istədiyi kimi istirahətə vaxt tapacaq. Əsas qarşıya qoyulan məqsədə çatmaqdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri