26 
İyl
2018
16:28
26
79
11517
Virtual karabakh

Elşad Quliyev: Üstünlüyümüz rəqiblərin bizi tanımamasıdır

26 İyl, 2018
16:28
11517

Elşad Quliyev: Üstünlüyümüz rəqiblərin bizi tanımamasıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustda mini futbol üzrə milli komandamız ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.

Oxu.Az bu məqsədlə millimizin baş məşqçisi Elşad Quliyevdən müsahibə götürüb.

– Millimiz tam yığılıbmı?

– Avropa çempionatına gedəcək komandamızın heyəti tam bəllidir. 14 oyunçu ilə iştirak edəcəyik. Sadəcə olaraq, komandanın mini futbol standartlarına və bir-birinə uyğunlaşması prosesi gedir. Səksən faiz qaydasındayıq. Qalan iyirmi faiz qarşıdakı on günə kimi qaydasına düşəcək. Heyəti yığmaq asan olmadı. Gözlədik ki, mini futbol üzrə Alfa Liqa başa çatsın və ordan da oyunçular heyətimizə qataq. Həmin liqadan və kənardan oyunçuları yığmaya cəlb etmişik. İlk il olduğu üçün bir qədər çətin oldu.

– Kənardan və Alfa Liqadan faiz etibarı ilə nə qədər oyunçu cəlb edilib?

– Yetmiş faiz Alfa Liqada çıxış etmiş oyunçulardır. Qalanları da kənardan yığılıb.

– Yəqin ki oyunçuların əksərini çempion “Peçat Dönər”in üzvləri təşkil edir...

– Yox, ordan heç bir futbolçu yoxdur. Alfa Liqanın başqa komandalarından oyunçularımız var. Biz futbolu bitirmiş sabiq peşəkar oyunçulara müraciət etdik. Hərəsinin işi olduğu üçün razılıq əldə olunmadı.

– Ad çəkə bilərsiniz? Məşhurlardan kimə müraciət etdiniz?

– Ramal Hüseynov, Azər Cabbarov, Xaqani Məmmədova müraciət etmişdim. Öz işlərinə görə gələ bilmədilər. Məsələn, Ramalın Türkiyədə problemi vardı, onu həll etməliydi. Azər “Keşlə”, Xaqani isə “Qəbələ”də məşqçi işləyir deyə alınmadı.

– Köməkçiləriniz müəyyənləşib?

– Futzalda EKOL klubunda çıxış etmiş Sərxan Məstiyev köməkçimdir. Yenə futzaldan “İtaldizayn”ın qolkiperi olmuş Ramil Həsənzadə isə qapıçılarla iş üzrə köməkçim olacaq. Onu həm də ikinci qapıçı kimi Avropa çempionatının iştirak ərizəsinə sifariş edəcəyik. O, “İtaldizayn”da peşəkar müqavilə əsasında oynamadığından, onu sifariş etmək problem yaratmayacaq.

– Komanda harda hazırlıqlarını keçir?

– Avropa standartlarına uyğun meydançamız olmadığına görə, Bayılda Neft Məktəbinin və Crescent Beach Hotelinin ərazisində məşqlərimizi edirik. Crescent Beach Hotelinin meydançasını da “Azfar Group” tikib və Avropa çempionatında oynayacağımız meydançaların standartına tam uyğun gəlir. Məhz bu ölçülərə uyğunlaşa bilmədiyi üçün Alfa Liqanın finalçılarından oyunçu yığmaya götürülməyib. Alfa Liqadan əlliyə yaxın futbolçu yoxlamışıq. Amma bu ölçüdə meydançalarda onlar çətinlik çəkdiyi üçün heyətə daxil edilməyiblər.

Gələcəkdə Alfa Liqanın oyunlarının və millinin məşqlərinin yeni standartlara uyğun salınacaq meydançalarda keçirilməsi nəzərdə tutulub (Avropa mini futbol standartlarına görə meydançalar 48:28-ə ölçüsündə olmalıdır – S.M.). Məşqlərimizi Alfa Liqadan fərqli olaraq, ketlə yox, butsla edirik. Çünki bu meydançada ketlə məşq etmək mümkün deyil, sürüşkən olur. Bu üzdən böyük futboldakı kimi butsdan istifadə edirik. Elə Avropa standartlarında da mini futbol butsla oynanılır.

– Qitə birinciliyindəki rəqiblərimizi analiz etmisinizmi?

– Onlar haqda bütün materiallarımız var. Oyunlarına baxmışıq, fərqli komandalardır. Deməzdim ki, şansımız yox dərəcəsindədir. Qrupdan çıxmaq şanslarımız 50/50-dir. Düzdür, ilk dəfə iştirak edirik. Üstəlik, yoldaşlıq oyunlarında hansısa milli ilə qarşılaşmamışıq. Amma yenə də biz zəif deyilik.

– Avropa çempionatına kimi hansısa milli ilə oyun keçirmək planınız yoxdur?

– Əslində belə bir fikrimiz vardı. İştirakçılardan Qazaxıstanla danışmışdıq. Amma onlar Barselonadakı bir turnirə getdilər. Mini futbolda as olan Rusiya ilə razılaşmaq isə çətin məsələdir. Türkiyə də bizə qrupda rəqib olduğundan, onlarla oynamağımız alınmır. Amma qarşıda I divizion komandaları və ya veteran futbolçulardan ibarət komandalarla gücümüzü sınamağı planlaşdırmışıq.

Ümumiyyətlə, qrupda bizə güclü rəqiblər düşüb. Qarşılaşacağımız ilk iki komanda – Macarıstan və Çexiya, demək olar ki, turnirin ən güclüləridir. Üstünlüyümüz ondadır ki, onlar bizi tanımır. Amma biz onların nəyə qadir olduğunu bilirik. Macarıstanla ilk oyundan hər şey asılı olacaq. Psixoloji baxımdan vacib matçdır.

Səbuhi MUSAYEV
Foto: Elnur UĞUR

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri