Avq
2018
17:55
132
22
10441
Virtual karabakh

Ekspert: Ermənistanda baş verənlər Moskvanın gözlərini açdı

1 Avq, 2018
17:55
10441

Ekspert: Ermənistanda baş verənlər Moskvanın gözlərini açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiyanın cənubunun təhlili” nəşrinin baş redaktoru, beynəlxalq münaqişələr üzrə tanınmış ekspert Yevgeni Mixaylov Oxu.Az-a müsahibə verib. 

- Yaxın günlərdə Nikol Paşinyanın Ermənistan baş naziri postuna seçilməsinin 100 günlüyü tamam olacaq. Bununla əlaqədar Ermənistanın hökumət başçısı tərəfdarlarını “Facebook” üzərindən mitinqə çağırıb.

Paşinyan xüsusilə qeyd edib ki, mitinqlərdə xalqla görüş üçün çox darıxıb. Siz Ermənistan hökumətinin ölkənin əhalisi ilə bu formatda əlaqələrini necə qiymətləndirirsiniz? Paşinyan bununla Kremlə xalqın onu dəstəklədiyini nümayiş etdirmək istəyir? 

- Paşinyanın Moskvaya xalqın onu dəstəklədiyini göstərməyə cəhd etməsi ilə bağlı fəaliyyətini dəyərləndirmək çətindir. O, Rusiyaya bunu göstərməməlidir. Hər şeydən əvvəl Kreml ondan strateji tərəfdaşlıq baxımından siyasi kursun dəyişmədiyini göstərməsini gözləyir. Ancaq hər şey əksinə gedir. 

- Ermənistanın yeni baş naziri ölkədə korrupsiya elementləri ilə mübarizə istiqamətini götürüb. Bundan başqa, 2008-ci ildə baş verən hadisələr səbəbindən sabiq prezident Robert Koçaryanı həbs edib.

Analoji vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu da gözləyə bilər. Nikol Paşinyan bu istiqamətdə - hakimiyyətdəki Qarabağ klanının aradan qaldırılması istiqamətində nə qədər gedə biləcək? Onun hakimiyyətindən daha hansı islahatlar gözləmək lazımdır?

- Görünür ki, Paşinyan bundan sonra da Qarabağ klanı ilə mübarizə aparacaq. Onun tapşırığı aydındır. Sarqsyan və onun adamlarının mövqelərini zəiflətməklə özünkünü gücləndirəcək, eyni zamanda, Qərbdən maliyyə dəstəyi ala biləcək.

ABŞ da Moskva ilə dostluq əlaqələri saxlayan sabiq prezidentin təsirinin tam aradan qaldırılmasını istəyir. Ölkəni tam ələ aldıqdan sonra Paşinyan Moskvadan nəsə güzəştlər tələb edə bilər, ancaq bu, az inandırıcıdır.  

- Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni hökumətinə qarşı kəskin tənqidlə çıxış etdi. O bildirdi ki, Ermənistandakı hadisələr respublika rəhbərlərinin təminatları ilə ziddiyyət təşkil edir.

Bu, o cümlədən, sabiq hökumət üzvlərinin təqibinə də aiddir. Bundan başqa, Moskva son aylar Yerevanın yeni xarici siyasət kursuna dəfələrlə narazılıq edib. Kreml və Ermənistan arasındakı münasibətlər nə qədər gərginləşə bilər?

- Aydındır ki, Yerevanın siyasəti Rusiya liderlərində daha çox narazılıq doğurur. Lavrovun bəyanatı da bunu təsdiq edir. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri siyasi yanaşmada olduqca təmkinlidir, ancaq onun bu açıqlaması çox şey deməkdir və Lavrov bəyanatı ilə bildirdi ki, Ermənistanda baş verənlər Moskvanın gözünü açıb, dostluqla bağlı hər hansı bəyanatlar bundan sonra ironiya ilə qarşılanacaq...

- Nikol Paşinyanı Gürcüstanda korrupsiyaya müharibə elan edən və Qərbə inteqrasiya yolu tutan yeni Mixail Saakaşvili adlandırmaq olar?

- Əlbəttə, Paşinyanı qismən Saakaşvili ilə müqayisə etmək olar. Ancaq nəzərə almaq lazımdır ki, Mişiko islahatlar mövzusunda Qərbdən daha açıq siyasi dəstək alırdı. Paşinyana isə bu dəstək yoxdur.

Qərb hələ Moskvanın mövqeyinə baxır və ehtiyatlı davranır. Sözsüz ki, korrupsiya ilə mübarizə Paşinyanın imicinə müsbət təsir göstərir, ancaq imic müddətlikdir. Əgər xalq heç nə yeməsə və Rusiya dost olmasa, çox şey dəyişəcək...

- Baş nazir Nikol Paşinyanla Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkündürmü?

- Əgər istək olsaydı, Dağlıq Qarabağ münaqişəsini Sarqsyanın dövründə də həll etmək olardı. Ancaq bu, baş vermədi. Paşinyan başqa qüvvələrin dəstəyi ilə müəyyən danışıqlar prosesinə başlayacaq, ancaq onun dalaşmağa çalışdığı Rusiyanın iştirakı olmadan nəticə əldə etmək alınmayacaq.

D.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri