14 
Avq
2018
14:18
48
147
10437
Virtual karabakh

Ziyad Səmədzadə: Putinin son təklifi maraqlıdır - MÜSAHİBƏ

14 Avq, 2018
14:18
10437

Ziyad Səmədzadə: Putinin son təklifi maraqlıdır - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın suallarını akademik, Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə cavablandırır:

- Ziyad müəllim, bildiyiniz kimi, dünən tarixi hadisə baş verdi, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. İllərdir ki, bu məsələdə heç cür razılığa gəlmək mümkün olmurdu, bəzi dövlətlər əsaslı-əsassız iddialar irəli sürürdü, nəhayət, razılığa gəlmək mümkün oldu və məlum Konvensiya ortaya qoyuldu. Bu hadisəni və onun gələcək perspektivlərini necə dəyərləndirirsiniz?

- Doğrudan da, bu, çox böyük tarixi siyasi və iqtisadi hadisədir. Beş nüfuzlu dövlət başçısının bu məsələdə razılığa və bir araya gəlməsi, Konvensiyanı imzalaması nəinki Xəzəryanı dövlətlərin, bütövlükdə regionun və dünyanın xeyrinə, onun təhlükəsizliyinə və əmin-amanlığına doğru atılan nəcib bir addım, töhfədir.

Çünki bu gün dünyada çox ciddi hadisələr, siyasi, iqtisadi, hərbi, diplomatik qarşıdurmalar, kataklizmlər yaşanır. Bir problem başa çatmamış, digər və daha ciddi, təhlükəli problem, proses yaşanır.

Bəzən olub-bitənləri belə ərtaflı düşünməyə, anlamağa, təhlil etməyə imkan, fürsət olmur. Odur ki, dünyanın qarışıq dönəmində beş nüfuzlu dövlətin və onların liderlərinin belə bir addım atması, dünyaya xoşməramlı mesaj verməsi çox önəmli və çox təqdirəlayiqdir.

Bildiyiniz kimi, sənədin imzalanmasından sonra dövlət başçıları bəyanatlarla çıxış etdilər və bir daha region, dünya üçün önəmli mesajlar səsləndirdilər.

Azərbaycan prezidenti cənab İlham Əliyev də bəyanatında sənədin önəminə diqqət çəkərək vurğuladı ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir.

O bəyan etdi ki, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi, bu sənədin imzalanmasına öz töhfəsini verib.

Onun qeyd etdiyinə görə, Konvensiya imzalanana qədər də qurulan ikitərəfli və çoxtərəfli münasibətlər Xəzərin təhlükəsizlik, sabitlik dənizinə çevrilməsinə nail olunmasına gətirib-çıxarıb və Xəzərdə sabitliyin, təhlükəsizliyin qarantı olub.

“Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”, - deyərək, fikirlərini tamamladı.

Həmçinin, İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının əhəmiyyətinə toxunaraq onun ölkələr arasında gələcək əməkdaşlığa daha mühüm töhfələr verəcəyini bildirdilər.

Yəni, bunlar onu deməyə imkan verir ki, bu Konvensiya beş Xəzəryanı dövlətin təhlükəsizliyinə, sabitliyinə, inkişafına, birgə əməkdaşlığına töhfə olmaqla yanaşı, dünyanın qarşılıqlı şəkildə bir-birini anlamasına, dünyanın təhlükəsizliyinə də töhfə olacaq.

Maraqlı bir məqam kimi onu da nəzərə çatdırım ki, Xəzər Konvensiyasının imzalanması avqustun 12-ə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşüb. Bunu özü də, elə bilirəm ki, xoş bir təsadüfdür və anlamlıdır.

- Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan məlum Konvensiyanın hazırlanmasının bütün mərhələlərində konstruktiv rol oynayıb və digər Xəzəryanı ölkələr kimi, bu sənədin imzalanmasına öz töhfəsini verib. Odur ki, bir iqtisadçı, Xəzərlə bağlı məsələlərdə iştirakı olmuş bir şəxs kimi, Azərbaycanın bu prosesdə rolunu necə qiymətləndirərdiniz?

Xatırladım ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr, əngəllər yekun statusla bağalı razılaşma əldə edilməsinə imkan verməyib.

Sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb.

Həmçinin, 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfə verib.

Həmin Zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub-saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb. Sammitdə Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri müəyyənləşdirilib.

Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapıb.

Ümumiyyətlə, Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

Eyni zamanda, 2018-ci ilin il martın sonunda İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu bugünkü konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olub.

Odur ki, bu Konvensiyanın imzalanmasında digər Xəzəryanı dövlətlərin, onların rəhbərlərinin yüksək rolunu qeyd etməklə bərabər, eyni zamanda, bu prosesin bu cür məntiqi sonucla yekunlaşmasında Azərbaycanın, o cümlədən, ölkə prezidenti cənab İlham Əliyevin böyük rolunu, qətiyyətini, iradəsini də vurğulamaq gərəkdir.

Bəlkə də, Azərbaycan bu prosesdə fəal və aktiv, eyni zamanda, səmimi və konstruktiv rol almasaydı, bu proses hələ bundan sonra da uzun illər davam edər, uzanar, yekun nəticə əldə olunmazdı. Məhz Azərbaycanın və ölkə prezidentinin bu prosesə töhfəsi məlum Konvensiyanın imzalanmasına gətirib-çıxardı.

Azərbaycan bununla bir daha dünyaya nümayiş etdirdi ki, o, bütün səmimi, konstruktiv əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinə, münasibətlərinə açıqdır, şəffafdır, onunla zor, təhdid dilində danışmaq işə yaramır və yaramayacaq.

Çünki artıq Azərbaycan 90-cı illərinin əvvəllərinin zəif, gücsüz Azərbaycanı deyil, Azərbaycan dünyada sözü və nüfuzu olan güclü, çəkili bir dövlətdir.

- Rusiya prezidenti Vladimir Putin öz bəyanatında bildirdi ki, yaxın gələcəkdə Xəzər İqtisadi Forumu yaranacaq...

- Bu, hələlik bir ideyadır və onun baş tutub-tutmayacağı gələcək proseslərdən asılı olacaq. Ancaq hesab edirəm ki, bu, xoşməramlı bir ideyadır və burada qorxulu, təhlükəli, Xəzəryanı dövlətlərin iqtisadi, siyasi təhlükəsizliyinə toxunacaq bir məqam yoxdur.

Bəzən hansısa bir ideya səsləndirilərkən, düşünmədən bəziləri çox səbatsız şəkildə onu başqa yerə yozmağa cəhd edirlər ki, bu da nəticə etibarilə proseslərə mənfi təsir göstərir.

Yadınıza gəlirsə, MDB ilə bağlı məsələdə əsassız hay-küylər, ajiotajlar yaradılmşıdı, guya ki, bu qurum başqa çətir, ad altında keçmiş SSRİ-nin bərpasıdır və sairə... Amma ötən 27 il bunun heç də belə olmadığını göstərdi.

Kimlərinsə hansısa niyyətləri, məqsədləri ola bilər, bu, istisna deyil, amma əsas nəticədir. Nəticə də ondan ibarətdir ki, digər MDB ölkələri kimi, Azərbaycan da ötən 27 il ərzində müstəqil dövlətçilik və müstəqil inkişaf yolundadır, dünyanın lider dövlətləri sırasında öncül mövqelərdədir.

Odur ki, hər hansı bir ideyaya, hər hansı bir məsələyə, əməkdaşlıq təklifinə tələm-tələsik, qeyri-praqmatik münasibət bildirmək olmaz. Hər şeyi zamana və axarına buraxmaq lazımdır. Vacib olan odur ki, regionumuzda, bütövlükdə dünyamızda təhlükəsizlik, sabitlik olmalıdır və hər bir dövlət bu prosesə əməli töhfə verməlidir.

Azərbaycan müstəqil dövlət kimi hər zaman dünyanın təhlükəsizliyinə və sabitliyinə töhfələrini verib və verməkdədir. Bu siyasət bundan sonra da davam etdiriləcək, heç bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməyəcək. Bu, mümkünsüzdür.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri