15 
Sen
2018
11:15
265
26
7372
Virtual karabakh

Musa Qasımlı: Bakısız Azərbaycanı təsəvvür etmək mümkün deyil

15 Sen, 2018
11:15
7372

Musa Qasımlı: Bakısız Azərbaycanı təsəvvür etmək mümkün deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını millət vəkili, tarixi elmləri doktoru, Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru  Musa Qasımlı cavablandırır:

- Musa müəllim, bu gün - sentyabrın 15-i Azərbaycan xalqının tarixində ən böyük hadisələrdən, Qafqaz İslam Ordusu tərəfindən paytaxt Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü tamam olur. Xalqımızın tarixində, taleyində milli qürur və milli şərəf  günlərindən, hadisələrindən biri sayılacaq Bakının azad edilməsinin 100 illik yubileyində o dövrə, həmin tarixi günlərə ekskurs etmək istərdik. Bir tarixçi alim kimi həmin tarixi anlar, tarixi hadisə barədə nələri demək istərdiniz?

- Bəli, sentyabrın 15-i Bakının yadelli qüvvələrdən, işğalçılardan azad edildiyi gündür. Bu günün böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti var. Onun əhəmiyyətini başa düşmək üçün 100 il əvvəlki dövrdə baş verən proseslərə nəzər yetirmək lazımdır. 

Bolşevik Rusiyası Birinci Dünya Müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldi. Bu zaman Cənubi Qafqazda üç hakimiyyət - müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələri silahlarını ermənilərə - daşnak quldurlarına vermişdi.

Onlar buna qədər Anadoluda dinc türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində törətdilər. Azərbaycanlıların ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm, Çar Rusiyası türk və müsəlman olduqları üçün etibar etmədiyindən azərbaycanlıları hərbi xidmətə çağırmırdı.

Onlar bununla həm hərb sənətini öyrənmirdilər, həm də əsgərliyə çağırılmadıqları üçün vergi də ödəyirdilər. Yalnız könüllərdən ibarət “Vəhşi diviziya” var idi. Təbii ki, belə bir şəraitdə də Bakıda qurulan sovet hakimiyyəti dinc türk-müsəlman əhaliyə zülm edirdi.

Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində oldu. Qırğınlar digər yerlərdə də davam etdirildi. Trans-Qafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər - ərazi və əhali mövcud idi.

Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi yox idi.

Xarici yardıma ehtiyac duyulurdu. Bu da qardaş Osmanlının yardımı oldu. Osmanlı dövləti iyunun 4-də Batumidə imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürdü. Belə bir şəraitdə Osmanlının hərb naziri Ənvər Paşa qardaşı Nuru Paşanı ordunun komandanı təyin etdi. Qafqaz hərəkatı başladı. Bakı azad edildikdən sonra problemlər çıxmaması və yerli əhalidən onun cərgələrini doldurmaq üçün ordu Qafqaz İslam Ordusu adlandırıldı.

Qeyd edim ki, türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi. Türk ordusunun yürüşünün mənəvi əsasları var idi. Osmanlı dövləti dünya türklüyünün və islamın mərkəzi idi. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat yeri olaraq baxırdılar.

Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənc Çanaqqala savaşında türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvət olaraq getmişdilər.

Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də var idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarəti ələ keçirirdi. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.

Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi uğrunda ağır döyüşlər gedirdi. Bunlardan biri Mosul, digəri isə Bakı nefti idi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onda olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi...

- Səhv etmiriksə, həmin vaxt Cənubi Qafqazda yaşayan təqribən altı milyon nəfər əhalinin üç milyon nəfərini türk və müsəlmanlar təşkil edirdi...

- Tamamilə, doğrudur. Əhali sayında  böyük üstünlük türk və müsəlmanlarda idi. Bunun əksini təsəvvür etmək də mümkün ola bilməzdi. Çünki Cənubi Qafqaz coğrafiyasının, indiki Ermənistan da daxil olmaqla, böyük hissəsini türk (müsəlman) coğrafiyası, türk torparqları təşkil edirdi.

Belə olan təqdirdə, əhalinin böyük əksəriyyətinin türk-müsəlman olması qanunauyğun və məntiqli idi. Yenidən fikrimi davam etdirərək, qeyd etmək istərdim ki, o zaman hücumların qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək, iyulun 31-də istefaya getdi.

Onun yerində qurulan “Sentrokaspi” diktaturası general Denstervil başda olmaqla, ingilis qüvvələrini Bakıya dəvət etdi. Bolşevik Rusiyası da müəyyən addımlar atdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün Osmanlının müttəfiqi Almaniya bolşevik Rusiyası ilə avqustun 27-də bir müqavilə imzalayaraq, Bakı neftindən pay alacağı üçün Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü.

Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildi. Lakin bu da Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı. Şəhər zərər görmədi. İngilislər və “Sentrokaspi” diktaturası türk hücumları qarşısında şəhəri qoyub qaçdılar. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü.

Hesab edirəm ki, Bakının azad edilməsi, əhəmiyyətinə görə, Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu. Yəni, şəhərin azad edilməsi ilə Azərbaycan və türk silah qardaşlığının sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu, bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”.

Azərbaycanlıların milli ruhu yüksəldi. Onlar çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub-saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi.

Nəhayət, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu, qardaşlıq abidəsinə çevrildi. 1918-ci ilin martında soyqırım qurbanlarının, 1990-cı il 20 yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərin dəfn olunduğu və bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm bir abidə ucaldıldı. Bu, adamların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir.

- Musa müəllim, o zaman Bakı işğaldan azad etmək mümkün olmasaydı, nələr yaşanardı?

- Bunu təsəvvürə belə gətirmək çətindir. Azərbaycanı Bakısız (eləcə də digər bölgələrsiz), təsəvvür etmək ağlasığmaz məsələdir.

Bakı olmasaydı, yaxud işğaldan azad edilməsəydi, bəlkə, indiki müstəqil Azərbaycandan danışmaq mümkün olmazdı. Qeyd etdiyim kimi, o zaman Bakının işğaldan azad edilməsi ilə sanki başla bədən birləşmiş oldu. Başsız bədəni təsəvvür etmək mümkün olmadığı kimi, Bakısız Azərbaycanı da təsəvvür etmək olmazdı və mümkün deyil.

Odur ki, Bakının azad edilməsi ilə Azərbaycan xilas edilmiş, qurtulmuş oldu və odur ki, bu tarixi, möhtəşəm anları, əlamətdar, şərəfli hadisəni bizlərə yaşatdıqlarına görə bunu yaşadanlara şükranlarımızı, minnətdarlığımızı bildirir, onların əziz xatirələri və ruhları qarşısında baş əyirik. 

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri