Okt
2018
12:43
20
218
6727
Virtual karabakh

Bioenergetik: Azərbaycanlılar falçılara ifrat dərəcədə inanırlar

8 Okt, 2018
12:43
6727

Bioenergetik: Azərbaycanlılar falçılara ifrat dərəcədə inanırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını Türkiyədən olan tanınmış bioenergetik Mehmet Şaka Öz cavablandırır:

- Mehmet bəy, artıq bir neçə gündür Azərbaycanda, Bakıdasınız. Ümumiyyətlə, nə vaxtdan Azərbaycana gəlib-gedirsiniz, bioenergetik seanslar keçirirsiniz?

- Birinci dəfə deyil ki, Azərbaycandayam. Əvvəllər də gəlmişəm. ATV kanalında bir proqramda iştirak etmişəm. Elə bu günlərdə yenə ATV-də, “Xəzər” kanalında bir neçə proqramda iştirak etmişəm. Bu yerdə qeyd edim ki, Türkiyənin Sakarya bölgəsindənəm, 38 yaşım var, bioenerji adaptasiyası ilə məşğulam, eyni zamanda, avtomobil üzrə ekspertəm, amma bu işlə məşğul olmuram.

Şəfavermə və daha çox ruhi şəfalandırma üzrə çalışıram. İnsanların buna çox böyük ehtiyacı var. Çünki Azərbaycanda insanlar falçılara və ekstrasenslərə ifrat dərəcədə etibar edir, inanır, nəticədə aldadılırlar. Dolayısı ilə, bunları aradan qaldırmaq lazımdır. Bu yanlış anlaşılmaları aradan qaldırmaq gərəkdir. Mən nə ekstrasensəm, nə də falçı.

Ruhi şəfa verməklə insanların problemlərini çözmək istiqamətində hərəkət edirəm. Bəli, baxdıqda, bir çox insanlarda hər şeyi görə bilirəm. Lakin görə bilmək heç də ekstrasenslik deyil. Gələcəyi söyləmək başqa bir şeydir.

Özəlliyimiz odur ki, biz dəqiq görürük, “nöqtə vuruşu” edirik, yəni, insanlardakı problemləri təsbit edərək, o şəkildə müalicə edirik. İnsana, sadəcə, məlumat vermək deyil, insanda nə olduğunu söyləyib, o insanı o problemdən qurtarmaq bizim üçün əsasdır.

Məqsədimiz o insanları qurtarmaqdır. Az öncə özünüz də şahid oldunuz. Buraya gələrkən çətinlik, ruhi sarsıntılar içində, amma seansdan sonra ayağa qalxaraq sevincli gedən insanlar var. Təbii ki, insanlar bunları gördükcə məmnun qalırlar və məmnun qaldıqca, gəlməyə davam edirlər. Mən bu işlərimi təkcə Azərbaycanla məhdudlaşdırmıram.

Almaniya, Hollandiya, Rusiya, Fransa, Türkiyə və bir çox ölkələrdə bu işləri gerçəkləşdirirəm. Türkiyədə daha fərqli işlərim (tətbiqlərim), mənəvi tətbiqlərim də var. Bunlarla bərabər, bioenerjinin tanınması haqqında kitab yazıram. Həyatın enerji problemini qələmə alıram. Enerjinin nə olduğunu insanlara anladıram. Buna necə məruz qaldıqlarını deyirəm. Məruz qaldıqda, insanların nələrlə qarşılaşdıqlarını izah edirəm. Bundan necə qorunacaqlarını insanlara başa salıram.

Bunun adına “enerji poçtu” da demək olar. Bəli, insanların ruhuna çatmaq istəyirik, çatırıq hətta. Mənəvi seanslarla insanlarla daha çox irəli səviyyəyə çata bilirik. Bu tətbiqlər uzunmüddətli ola bilir, hətta 12 saat çəkir. Normal seansımız, bioenerji və bəziləri bir saat və ya 1 saat 45 dəqiqə  müddətində davam edir. Lakin bir insan əgər ruhunu tamamilə neqativ enerjidən təmizləmək istəyirsə, o zaman mənəvi tətbiqlərə qədər gedə bilərik...

- Nə vaxtdan bu işlə məşğulsunuz, bioenergetiklik qabiliyyətini özünüzdə nə vaxt hiss etdiniz?

- Bu, anadangəlmə bir qabiliyyətdir. Lakin doqquz yaşımda bunu hiss edib, tətbiq etməyə başlamışam. Türkiyədə uzun müddətdir ki, bu işlərlə məşğulam. NLP mütəxəssisiyəm, psixoloji məsləhətçiyəm, “həyat məşqçisi”yəm, bioenerji mütəxəssisi kimi qabaqcıl səviyyədə inkişaf etmiş birisiyəm. Beynəlxalq sertifikatlarım var.

Davamlı olaraq fəaliyyət göstərirəm, seminarlarım, konfranslarım olur. Bunlar ümumilikdə Türkiyədə olan seminarlarımdır. Hazırda insanları bu haqda məlumatlandırmaq üçün Almaniya və Azərbaycanda konfrans və seminarlar planlaşdırıram. 

- İndiyə qədər Azərbaycandan sizə nə qədər insan müraciət edib, şəfa tapıb?

- Azərbaycandan çox sıx şəkildə mənə müraciət edilir. Hətta mən Türkiyədə olanda da Azərbaycandan Türkiyəyə gələn bir çox insan var. Mərkəzim Türkiyədə olduğu üçün, ümumiyyətlə, insanlar mənim yanıma gəlirlər. Lakin imkan tapdıqca, adını çəkdiyim ölkələrə, o cümlədən, Azərbaycana səfərlər edirəm. Azərbaycana da bundan sonra, demək olar ki, ayda bir-iki dəfə gəlməyi planlaşdırıram.

- Bu gün nəinki Azərbaycanda və ya Türkiyədə, ümumiyyətlə, dünyada saxta, yalançı bioenergetiklər, ekstrasenslər, necə deyərlər, ara həkimləri, “loğmanlar” var ki, insanlarda böyük xəyal qırıqlıqları yaradıblar. Bu baxımdan, özünüzə qarşı belə inamsızlıq və güvənsizliklə qarşılaşmırsınız ki?

- Bəli, öncədən deyim ki, sui-istifadə edənlər, saxtakarlar çoxdur. Belə olan halda, insanlar haqlı olaraq, az qala hər kəsə şübhə ilə yanaşırlar, ilk andan kiməsə etibar etmək istəmirlər. Ancaq mənim fəaliyyətim ortadadır. Mən, “edərəm”dən çox, etdiyim işlərlə ortadayam. Yəni, Türkiyədə də bunu sübut etmişəm. Türkiyədə və burada televiziya proqramım var.

Edəcəklərim deyil, etdiklərim mənim təminatımdır. Yəni, yanıma gələn insanların hamısı nəticə görmüş insanlardır. Bu günə qədər nəticə görməyən insan tanımıram. Türkiyədə, dövlətimin üst təbəqəsindən tutmuş aşağı təbəqəsinə qədər, sənət dünyasının üst təbəqəsindən tutmuş aşağı təbəqəsinə qədər hər kəs mənə müraciət edir. Ümumiyyətlə, bu, Türkiyədə də, burada da, Almaniyada da eyni şəkildədir. Onlardan mütləq biri ilə əlaqələrim var, yəni, həmin təbəqədən olan adamlarla çalışıram.

Özümü bu sahədə sübut etmişəm. İnsanların öncədən verdikləri mühakimələrinə görə hirslənmirəm, incimirəm. Bu, təbiidir, bəzən insanlar sorğulamaq məcburiyyətində qalırlar, çünki çox böyük yalanlarla, saxtakarlıqlarla qarşılaşırlar. Bu işlərdə sui-istifadələr çox olur. Amma müəyyən bir həddə qədər bunu edə bilirlər.

Bir insan ən çoxu bir adamı, iki adamı, üç adamı, maksimum yüz adamı aldada bilər. Yüz birincini aldada bilməz. Çünki edə bilmədiyi bir şey ortaya hansısa bir şəkildə çıxacaq. Bizdə isə belə şeylər yoxdur. Sayını bilmirəm baxdıqlarımın, amma minləri keçib. Amma mənə bu günə qədər  “mənə baxdın, filan əməliyyatı etdin, amma mən bir şey əldə edə bilmədin” deyəni görmədim. Bu, mənim ən böyük istinadımdır.

- İstər Türkiyədə, istərsə də Azərbaycanda tanınmışlardan kimlər sizə müraciət edib, adlarını açıqlaya bilərsinizmi?

- İşimin ən böyük özəlliyi gizlilikdir. İnsanların adlarını açıqlamaq heç də düzgün olmaz. Azərbaycanda isə bunu açıq edirlər, gizlilik yoxdur, amma Türkiyədə hər kəs gizliliyə üstünlük verir.

Məhrəmlik deyilən bir anlayış var. Odur ki, bizə müraciət edənlərlə bağlı hər hansı bir məlumatı  paylaşmırıq. Sosial şəbəkələrdə paylaşımlarımda da asanlıqla birini görə bilməzsiniz. Seans videolarımı yox, ən çox televiziya proqramlarımı paylaşıram. Bəlli olan bir neçə məqaləmi yayımlayıram. Gizlilik lazımdır, artıq heç nə söyləmirəm.

- Azərbaycanda sizə müraciət edənlər hansı yaş kateqoriyasına aid olan insanlardır və hansı durumlarla bağlı müraciət edirlər?

- Bizim yanımıza Azərbaycandan 18 yaşdan 70 yaşa qədər hər kəs gəlir. Ümumiyyətlə, azərbaycanlılar arasında bizə müraciət edənlərin hamısı ruhi, psixoloji sıxıntıları olanlardır. Türkiyədə bunların yüzdə əllisi psixoloji, yüzdə əllisi bədən rahatsızlığına görə gəlir. Çünki mən tibbin çözə bilmədiyi rahatsızlıqları çözə, müalicəsini edə bilirəm. Almaniyada isə yüzdə yetmişi ruhi, yüzdə otuzu bədən rahatsızlığı olanlardır...

- Bəs bunların səbəbləri, kökləri nədir?

- Hazırda bununla bağlı araşdırmalar aparıram. Bunların kökü kosmik hücumlardır. Yəni, həyatın içində məruz qaldığımız enerjilər, yediyimiz yeməklərdən tutmuş geyindiyimiz geyimlərəcən, olduğumuz bölgələrəcən, iş həyatımızacan, özəl həyatımızacan hər yerdə bir enerji var. Biz enerji qəzalarına, enerji göndərmələrinə məruz qalırıq. Bunlar da davamlı olaraq bizim ruh sağlığımıza pis təsir edir.

Məqsədimiz bunların qarşısını almaq və neqativ enerjiyə qarşı qorunmaqdır. Ona görə də seminarlarımızda neqativ enerjinin qarşısını almaq, ondan qorunmaq hallarını insanlara anlatmağa çalışırıq. 

- Mehmet bəy, bəzən insanlar ekstrasenslərə, bionergetiklərə son ümid kimi üz tuturlar və bəzi hallarda lazımi nəticə əldə etmədikdə, çıxış yolunu intiharlarda görürlər.

- Belə bir atalar məsəli var ki, yarımçıq müəllim insanı dindən, yarımçıq həkim insanı candan edər. Bilmədikləri və ya bu işi pis niyyətlə etdikləri, ya da bacardıqlarını zənn etdikləri üçün insanlara zərər verirlər. Təbii ki, insanlar son ümid kimi nələrisə edirlər, nələrəsə al atırlar, amma sonda aldadılırlar, daha böyük psixoloji-ruhi sarsıntılara məruz qalırlar. Lakin mən hər yerdə bunu deyirəm, nə falçılara, nə də saxta ekstrasenslərə gedin. Çünki sizə daha çox zərər verirlər. Onların enerjiləri pisdir, mənfidir. Onlar sizə zərər verməkdən başqa bir işə yaramırlar...

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri