10 
İyn
2014
14:25
121
22
8712
Virtual karabakh

Əli İsmayılov: Boksla zarafat etmək olmaz – MÜSAHİBƏ + FOTOSESSİYA

10 İyn, 2014
14:25
8712

Əli İsmayılov: Boksla zarafat etmək olmaz – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onlar məndən çox arxada qalıblar, gəlib çata da bilməzlər”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı boks üzrə iki qat dünya çempionu Əli İsmayılovdur.

- Əli İsmayılov deyəndə ağıla ilk nə gəlməlidi? 

- Yüz faiz boks. İnsanların ağlında, yaddaşında belə qalmışam. Və bir də məşhur Məhəmməd Əli gəlir çox adamın ağlına. Mən onunla Amerikada 1999-cu ildə görüşümdə dedim ki, dahi insan, sizin adınızı oğluma qoymuşam. Mənə belə bir söz dedi: 20-ci əsrin Məhəmməd Əlisi mən olmuşam, 21-ci əsrin də oğlun olacaq.

- Oğlunuz necə? Yaxşı döyüşçü ola bilər? Yoxsa atasına görə nəsə edəcək?

- Yox, uşaqlıqdan görürdüm ki, nəsə var, nəsə edə biləcək. İndidən döyüşməyə həvəsi, istəyi var və öyrədirik ki, məsuliyyətli olsun və vaxt sərf etsin.

- Boks və Əli İsmayılov?!

- Bu iki sözü ayırmaq olmaz: boks və Əli. Və yaxud Əli və boks. Düzünü desəm bu, mənim seçimim yox, valideynlərimin seçimi olub. Yaxşı ki, belə də olub, məni boksa yazdırıblar, çünki başqa idmanda özümü görmürəm.

- Peşəkar klub yaratmaq üçün ilk olaraq hardan, necə başlamalısan?

- İlk olaraq özün yaxşı boksçu olmalısan, sonra yaxşı komandan olmalıdı. Yaxşı şəraitin olmalıdı. İnsan özü  bacarmalıdır ki, nəyisə öyrədə bilsin. Daha sonra isə yaxşı komandayla düzgün işləmək və s. lazımdır.

- Komanda deyəndə təxmini neçə nəfər nəzərdə tutursunuz?

- 25-30 nəfər. 

- Hal-hazırda komandanızda 30 nəfər varmı?

- Var və çox ciddi şəkildə, düzgün rejimlə döyüşlərə hazırlaşırıq. İdman məsuliyyətsizliyi sevmir, boks heç sevmir. Boksla zarafat etmək olmaz, onunla ciddi olmaq lazımdır. (gülür)

- İdmanı zədəsiz təsəvvür etmək mümkünsüzdür. Boksda daha çoxdu, ən əsas da başa olan zərbələr. Hansı problemlər olur və ya diqqətli olmalısan, yoxsa?

- Mütləq şəkildə idmanda zədələr olur, boksda isə bu daha kəskindi. Başa zərbə, üzə, daha sonra hansısa nahiyənin dartılması, cırılması və s. Bunlardan sığortalanmamısan və hər an bunlardan biri baş verə bilər. Təbii ki, ehtiyatlı olmalısan və müdafiən güclü olmalıdır.

- Peşəkar boksda yüksək pullar var. O pulları qazanmaq üçün ilk nə etməlisən?

- Əlbəttə var. Boks döyüşü sevir və sərt idman növüdür. Hər vurduğun zərbəyə fikir verməlisən. Hər zərbən sənin sözündü. Boksda reytinqli döyüşlər olur və bu da çox adamın marağında olan döyüş stilidir.

- Boksda elə zədələr var ki, milyon pulla ölçülmür. Məsələn, nokauta düşən idmançılar var ki, boks həyatlarına son qoyur. Maqomed Abdusalamov kubalı rəqibi ilə döyüşdə karyerasında ilk dəfə nokauta uduzdu ki, bu da sonda komaya düşməsinə səbəb oldu.

- Əlbəttə boks təhlükəli idman növüdür, gərək ehtiyatlı olasan, amma düzdü, nə qədər də ehtiyatlı olsan da o, bir anda baş verir. Moqamed də yaxşı idmançıdı, amma görürsən ki, nəticəsi necə ağırdı. Özü də o, belə bir halı gözləməzdi bəlkə də. Amma yenə də deyirəm, o göz qırpımında baş verir. Hal-hazırda o karyerasını davam etdirə bilmir, şikəst qaldı.

Məsələn, belə bir şey olmuşdu: Rusiyada döyüşdə kəmər uğrunda qaşlarım cırılmışdı.

Demək olar ki, qələbəyə az qalmışdı, qaşım cırıldı. Hər iki qaşım partladı, qan dayanmırdı, hakim döyüşü saxladı və belə döyüşmək olmaz dedi. Bura qayıdanda gözümə eynək taxmışdım, hava limanında dedilər ki, mütləq eynəyi çıxartmalısız. Dedim xanım, eynəksiz qorxarsınız. Eynəyi çıxartdım, həmin orda çalışan xanım üzümü görüb şoka düşdü, dedi siz niyə bu  gündəsiz. Evdəkilər bir müddət mənə birtəhər baxırdılar. (gülür)

- Başa o qədər zərbə dəyir. Yəqin ki, fəsadları çoxdu?

- Təbii ki, idmanı zədəsiz düşünmək mümkün deyil. Başa, üzə zərbələr dəyir. Bir də görürsən üz cırıldı, qaş partladı, başa zərbədən huşunu itirdin. Buna görə diqqətli olmalısan, düzgün döyüşməyi bilməlisən, amma o demək deyil ki, sən tamam zədədən qoruna bilirsən yox, döyüş varsa zədə də olmalıdır.

- Sizə mane olanlar olub?

- O qədər olub ki.

- Kimlərdi?

- Xain, paxıl adamlar. Kiminsə uğurunu götürə bilməyənlər.

- Mane ola bildilər?

-Yox, qətiyyən. Onlar məndən çox arxada qalıblar, gəlib çata da bilməzlər.

- Efirdə olan hansı insandan acığınız gəlir?

- Şou tipli verilişlərin 99 faizini bəyənmirəm. Nə qədər kiminsə evini, paltarını çəkmək olar. Normal çəkiliş ola bilər evində, ailəsində, amma qabartmasınlar. Baxanda adamı iyrəndirməsinlər. Hər şeyi şouya çevirməsinlər. Şounun da həddi var.

- Hansı verilişi aparardınız?

- Veriliş deyəndə ki, bu yaxınlarda ATV-də yayımlanan ulduzların döyüşü adlı verilişi gördüm, təəccübləndim ki, nə əcəb məni çağırmayıblar. Döyüşmək mənim sahəmdi, amma aidiyyatı olmayan adamlar gördüm orda. Artıq boks, döyüşmək deyəndə 90 faiz insanın ağlında mən oluram, amma təəssüf ki, bu verilişə dəvət olunmamışdım.

Veriliş aparası olsaydım, bu, boksa aid bir şey olardı.

- Yoldaşınızla heç dava etmisiz? Amma səmimi?

- O qədər... (gülür). İkimiz də idmanla məşğul olan adamlarıq, həmişə də elə idman söhbətləri üstündə sözləşirik. İki qoçun başı məsələsi. 

Amma həyatım boyu bir xanıma əl qaldırmamışam, nəinki həyat yoldaşıma. Kişilik o deyil. Sözlə, sakit, səbirli şəkildə nəyisə başa salmaq lazımdır. 

- Nərd oynamağı bacarırsınız?

- Əla bacarıram, nəinki nərdi, şahmat, domino, basketbolu, voleybolu, üzgüçülüyü də bacarıram. İnsan universal olmalıdır.

- Kişi ev işləri görə bilər? Məsələn, paltar yuya bilər? Siz heç etmisiz bunu?

- Baxır hansı situasiyada. Xanımına nədəsə yardım etməlisən, amma durub xanım evdə otursun, kişini buyursun, bu artıq başqa söhbətdir.

- Hansı yeməyi bişirə bilirsiz?

- Qayğanaq bişirə bilirəm.

- Kliçko yaxşı idmançıdı, yaxşı insandı, yoxsa yaxşı siyasətçidi?

- Onun qardaşı ilə yaxşı münasibətim var. Amma hər ikisi çox savadlı insandılar, elmlər namizədi adını alıblar. Mənim düşüncəmdə gərək böyük siyasətə baş qoşmazdı, bir ölkəni idarə etmək asan iş deyil. Amma idman naziri idmanla bağlı məsələn, millət vəkili ola bilərdi. Düzdü, onlar hər ikisi millət vəkilidir, amma böyük siyasət onluq deyil. Ümumiyyətlə, sırf idmanla məşğul olan adam, məncə idmanla da davam etməlidir.

- Sizi necə bəs, siyasətçi kimi görə bilərik?

- Ola bilər, amma sırf idmanla bağlı. İdmandan ayrıla bilmərəm. Məsələn, idmanla bağlı hansısa vəzifə, iş olsa bunu daha yaxşı bacararam, yoxsa başqa sahə üzrə siyasətdə ola bilmərəm.

- Bizim idmanla məşğul olub, indi siyasətçi kimi fəaliyyət göstərən siyasətçilərimiz var. Məsələn, Ülvi Quliyev, Adil Əliyev, Füzuli Musayev. Sizi də millət vəkili kimi görə bilərik?

- Olar, niyə olmur ki, amma idman üzrə.

- İdmançı ailəsi olmaq şərəflidi, bir o qədər də çətindi. Nə kimi çətinlikləriniz olur?

- Bəli, idmançı ailəsiyik. Yoldaşım gimnastika ilə məşğul olub, mən isə boksla. İndi oğlumla mən, qızımla yoldaşım məşğul olur. Çətinlik hər ailədə olur, amma çalışırıq idmançı ailəsi kimi örnək olaq.

- Ford Boyard necə layihə idi? Məsələn, nə xoşunuza gəlmədi? Ab-hava necə idi?

- Maraqlı layihə idi, ab-hava başqa idi, çünki bilmirsən necə yerdi, necə insanlar var orda və ilk dəfədi iştirak edirsən deyə daha çox maraqlı gəlirdi. İştirak edən idmançılar tanıdıqlarım idi. Şahini, Zabit Səmədovu, Rafiqi tanıyırdım. O biri iştirakçıları da orda tanıdım.

- Biz burda olanda artıq getməyə hazırlaşırdıq. Təşkilatçılar bizə dedilər ki, hər kəs öz sahəsində nəsə edib və yetəri qədər tanınır, amma zəhmət olmasa başınızdakı tacları burda təhvil verib gedin ora. Artıq hamı bilirdi ki, tamam başqa yerə gedirik və ab-hava da başqa olacaq. Orda isə tez dururduq, çəkilişlər səhər tezdəndən başlayırdı, amma maraqlı idi.

Nərmin Kazımova
Foto: Asif Əliyev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri