19 
Noy
2018
15:20
183
18
9122
Virtual karabakh

Gənc rəssam: Çəkdiklərimi sevdiyim insanlarla paylaşmaq kifayətdir

19 Noy, 2018
15:20
9122

Gənc rəssam: Çəkdiklərimi sevdiyim insanlarla paylaşmaq kifayətdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məncə, insanlar seçdikləri peşədən əlavə, sevdikləri işlə məşğul olmalıdırlar. Bu, işdən və dərsdən əlavə olaraq, özlərini ifadə edə biləcək və onlara mənəvi olaraq dostluq edə biləcək bir vasitə olmalıdır. Həmin vasitələr insana ən yaxın dostu qədər doğma olur, bəlkə, daha da çox.

Mənim də sevimli məşğuliyyətlərimdən biri rəsm çəkməkdir. Bunu “boş vaxtında nə edirsən?” sualı kimi düşünmək istəmirəm, hətta dərslərimin ən ağır olduğu vaxtda da şəkil çəkmək istəyirəmsə... Yəni, nə olur-olsun, çalışıram ki, rəsm çəkim.

Bu sözləri Oxu.Az-a müsahibəsində Ülkər Gözəlova deyib. O, özünü rəssam hesab etməsə də, çəkdikləri başqa söz deyir. 

Ülkər Gözəlova 1997-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda ADA Universitetində magistratura təhsili alır. Rəsmdən başqa, bəzi idman növləri ilə maraqlanır.

- Rəssamlığa olan həvəsinizi nə vaxt kəşf etdiniz?

- Kəşf etmək necə olur, bilmirəm, düzü, yəni, anidən qərar vermədim. Özümü bildim-biləli nələrsə çəkirəm, yaxud rəngləyirəm. Bunu ilk olaraq dostlarım və ailəm hiss edib, mənim üçün isə həmişə adi bir hiss olub.

Deyəsən, insan özündə nə yaşayırsa, bunu hamının yaşadığını fikirləşir. Vaxt keçdikcə hər insanın xüsusi hədiyyə ilə doğulduğuna inanmağa başladım. Məsələn, mən heç vaxt musiqi ifa edə bilməmişəm. Ancaq elə dostlarım var ki, onlar həmişə heç bir bacarığının olmadığını deyirlər, tanımadığım yüzlərlə belə insan var.

İnsanlar həyatın keşməkeşlərindən vaxt ayırıb ən azından özləri haqda düşünməlidirlər, çünki xırda detallar bizi həyata hazırlaşdıran, cəmiyyətdə formalaşdıran əsas detallardır, eynilə rəsmdəki kimi.

- Ən çox nələri çəkirsiniz və nəyi çəkməkdən zövq alırsınız?

- Ən çox nələri çəkməyim özüm bilmədən alınır. Bunun sayəsində ən çox nələri sevdiyimi anlayıram. Mən indi gül, yaxud ulduz çəkəcəm demirəm, amma sonda alınan nəticələrə baxanda güllərin və ya ulduzların olduğunu görürəm.

Daha çox sürreal rəsmlər çəkməyi sevirəm, nəticə xəyalımdaki kimi alınırsa, gerçək olmayan nələrisə çəkməkdən zövq alıram.

- Nədən və ya kimdən ilhamlanırsınız?

- İlhamlandığım bir insan yoxdur, lakin dünya və kainat o qədər gözəl yerdir ki, ilhamlanmamaq olmur. Kainat sonsuzdur və biz dərin düşünə bildikcə, yeni ideyalar həmişə olacaq.

- Yaradıcılıq prosesiniz necə keçir?

- Çox maraqlı proses olur, rəsm çəkdiyim vaxtı xatırlamıram desəm, yalan olmaz. Mənə yarım saata başa gəldiyini hiss etdiyim şəklin saata baxanda 4-5 saat vaxt apardığını görürəm. Kosmosda səyahətə bənzəyir.

Çəkdiyim rəsmlərin hər birinin öz xatirəsi var. Elə olur ki, aylarla rəsm çəkmirəm. Özümü məcbur edəndə nəticə istədiyim kimi olmur.

- Gələcəkdə sərgi açmaq fikriniz var?

- Rəsmə görə xüsusi təhsilim olmadığı üçün bu mövzuda iddialı deyiləm. Hələlik çəkdiklərimi sevdiyim insanlarla paylaşmaq mənim üçün kifayətdir.

- Xüsusi bacarıqlarının olmadığını düşünən insanlara nə demək istərdiniz?

- Çox istərdim ki, əlavə bacarıqlarının olmadığını düşünən insanlar sevdikləri məşğuliyyəti tapsınlar. Bu, onlara genetik olaraq da keçə bilər, məsələn, qardaşım məndən daha yaxşı rəsm çəkir. Tapa bilmirlərsə, özlərini bir neçə işdə sınasınlar, daxillərində yatan bir sevgini oyada bilərlər.

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri