20 
Noy
2018
11:41
22
90
13759
Virtual karabakh

Firdovsi Umudov: O, ailəsindəki faciəyə görə DÇ-yə gedə bilmədi

20 Noy, 2018
11:41
13759

Firdovsi Umudov: O, ailəsindəki faciəyə görə DÇ-yə gedə bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin (U-23) dünya çempionatı başa çatıb. Sərbəst güləş millimiz bu yarışdan üç medalla qayıdıb.

Oxu.Az bu münasibətlə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudovdan fikirlərini öyrənib.

O, əvvəlcə ümumi fikirlərini bildirib:

– Hər bir azərbaycanlı kimi, ölkəmizin bayrağı qalxanda biz də sevinirik. Yığma komandanın baş məşqçisi olaraq mənim üçün ikiqat sevindirici haldır. Uşaqlar da sağ olsun ki, bütün potensiallarını ortaya qoydular. Bir qızıl, bir gümüş və bir bürünc medal qazandıq.

Dünya çempionumuz Şamil Zubairov verdiyimiz taktikanı sonadək dəqiq yerinə yetirdi. Əli Rəhimzadənin finaldakı yapon rəqibi Olimpiya mükafatçısı olsa da, onu qələbəyə kökləmişdik. O, minimal hesabla güclü rəqibinə uduzdu. Düzdür, burada hakimlərin də qeyri-obyektivliyi oldu.

Murad Süleymanov isə yarımfinaladək özünü çox inamlı göstərdi. Ancaq yarımfinalda son Avropa çempionu rusiyalı Artur Nayfonovla görüşdə 4:1 öndə olsa da, sonradan inamsızlığı üzündən qələbəni əldən verdi.

Ümumilikdə qazandığımız medallarla Azərbaycanın yenə idman ölkəsi olduğunu isbat edə bildik. Bu il həm gənclər, həm də U-23-lər arasında dünya çempionumuz oldu. Bütün bunlar da idmana dövlət qayğısı olduğunu bir daha göstərir.

– U-23-lərin dünya çempionatı ikinci dəfədir keçirilirdi. Ötənilki yarışda qızıl medal qazana bilməmişdik. Bu dəfə isə Şamil Zubairov bu nəticəyə nail olmaqla Azərbaycan güləşi tarixinə düşdü...

– Bu, hamısı məsuliyyət məsələsidir. Məsələn, ilk görüşdə Murad Süleymanov erməni güləşçisi ilə qarşılaşanda 9:0 öndə idi. Amma onda həddindən artıq məsuliyyət üzündən bir gərginlik vardı və rəqibə yeddi xal verdi.

Düzdür, sonradan idmançımız psixoloji yöndə tapşırımığıza əməl edərək 10:7 hesabı ilə qalib gəldi. Eləcə də, Şamil Zubairov finaldakı rusiyalı güləşçi ilə iki il əvvəl qarşılaşmışdı. Həmin videoya baxıb, rəqibi təhlil etmişdik. Onun qələbəsi məni hədsiz sevindirdi. O, U-23-lərin Avropa çempionluğundan sonra dünya çempionu da oldu.

– Yığma komandamız yeddi çəki dərəcəsində təmsil olundu. Amma 97 kq çəki dərəcəsində təmsil olunmadıq. Bunun səbəbi nə idi?

– Bəli. Nurməhəmməd Hacıyev ailəsində baş verən faciəyə görə son anda iştirak edə bilmədi. Gecə saatlarında ona zəng gəldi və evinə qayıtmalı oldu. Buna görə Rumıniyaya onsuz yola düşdük və həmin çəki dərəcəsində idmançımız olmadı.

– Yəqin, etiraf edərsiniz ki, medallarımızın sayı daha çox ola bilərdi. Daha kim medal qazana bilərdi?

– 74 kq-da mübarizə aparan İsmayıl Abdullayev də medal qazana bilərdi. Amma 1/4 finalda yerli idmançı ilə mübarizə zamanı hesab 2:2 olarkən zədələndi və görüşü yarımçıq tərk etdi. Daha sonra zədəsi onun təsəlliverici yarışa da qatılmasına imkan vermədi. Ancaq bu, qismətdir. Zədələrdən heç bir idmançı sığortalanmayıb. Buna hazır olmaq lazımdır.

– Bu idmançılar əsas millinin güləşçilərinə rəqabət yarada bilər?

– Bu güləşçilərin 20-21 yaşları var. Biz hər zaman gənclərə üstünlük verməyə çalışırıq. Hörmətli federasiya rəhbərimiz Namiq müəllim də daha çox gənclərin potensialından istifadə edilməsində maraqlıdır. Hər çəkidə artıq rəqabət yaranır.

Bildiyiniz kimi, artıq bizdə 57 və 65 kq çəki dərəcələrində yeniyetmələrin Olimpiya çempionları var. O çəki dərəcəsində bizim üçqat dünya çempionumuz Hacı Əliyev, Turan Bayramov və Əli Rəhimzadə rəqabət aparacaq. Ölkə çempionatına əsasən milliyə hansı idmançının düşməsini müəyyənləşdirəcəyik.

Düzdür, ölkə çempionu olmaq da hələ onun dünya və Avropa çempionatlarında millimizi təmsil etməsi anlamına gəlməyəcək. Biz onları beynəlxalq turnirlərdə sınayacağıq. Açığını deyim ki, millidə heç kimə güzəşt olunmayacaq, heç kimin nazı ilə oynanılmayacaq.

Kim millidə nizam-intizama əməl etsə, həmin o güləşçilər də beynəlxalq yarışlarda iştirak edərək II Avropa Oyunları və Tokio Olimpiadasında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək. Bəziləri deyir ki, dünya çempionatına filan idmançını apar, o da iştirak etsin. Biz kiminsə xahiş, istəyi ilə hərəkət etmirik. Dünya çempionatı mötəbər turnirdir, hansısa adi beynəxalq yarış deyil.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri