30 
Noy
2018
12:29
136
73
8834
Virtual karabakh

Rəşad Sadıqov: Bu il qapımıza nə vururlarsa, qol olur - MÜSAHİBƏ

30 Noy, 2018
12:29
8834

Rəşad Sadıqov: Bu il qapımıza nə vururlarsa, qol olur - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sportinq”lə oyununda yüzüncü avrokubok oyununa çıxmış “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov müsahibə verib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

– Yüzüncü oyununuza çıxdınız. Digər tərəfdən, bu oyununuz komandanızın 1:6 hesablı ağır məğlubiyyəti ilə nəticələndi...

– Danışılacaq bir şey yoxdur. Hesab hər şeyi danışır.

– Bu rəqibə Lissabonda 0:2 hesabı ilə uduzmuşdunuz. Budəfəki oyunda nə baş verdi ki, bu nəticə qeydə alındı?

– Bu dəfə fərqli “Sportinq” oynayırdı. Bilmirəm, məşqçi dəyişikliyindən idimi, tam fərqli “Sportinq” gördük. Portuqaliya Kuboku matçlarını analiz edəndə də gördük ki, çox istəklidirlər. Amma belə oynamamışdılar. Səviyyə fərqi də meydanda açıq-aşkar görünürdü. Deyim ki, uşaqlar oyunun əvvəlində istəkli deyildilər, yox. Adamın bunu deməyə dili gəlmir. Rəqib ustalıq hesabına ani epizodlarda hər şeyi həll edirdi.

– Kosovoya 0:4 hesablı darmadağın budəfəki darmadağının qeydə alınmasına sirayət etdimi?

– Buna inanmıram. Onun bu matçla nə əlaqəsi var ki?! Komanda sıx qrafiklə oynayır. İlin sonunadək beş oyunumuz qalıb. Həmin matçları keçirib ikinci dövrəyə və ya gələn mövsümün avrokubok matçlarına hazırlaşmalıyıq. Bu dəqiqə ruhdan düşmək, sınmaq vaxtı deyil. Çox acınacaqlı bir məğlubiyyət aldıq. Bizə yaraşmayan nəticə oldu.

Heç ağlımıza da gəlməzdi. Evdə ən böyük hesablı məğlubiyyətimiz oldu. 70-ci dəqiqəyədək qapımıza vurduqları ilk dörd zərbə qolla nəticələndi. Bu il qapımıza nə vururlarsa, qol olur. Ötən il rəqiblərin qol şansları olurdu, istifadə edə bilmirdilər. Bu il isə başqa cür ssenari gedir.

Keçən il Çempionlar Liqasında “Çelsi”yə 0:6 uduzmuşduq, amma onlar bizə belə çətinlik yaşatmamışdılar. Sanki bu il Çempionlar Liqasının qrupunda oynayırıq. “Vorskla” bizdən səviyyəcə aşağı komandadır. Onlarla evdə yaxşı oynaya bilməsək də, səfərdə qalib gəldik.

Ancaq “Arsenal”la “Sportinq”in səviyyəsi bizdən yuxarıdadır. Qarşıdakı Azərbaycan çempionatı və kubok oyunlarına köklənməliyik. Qışda özümüzə gəlməyə vaxt olacaq.

– “Qarabağ”ın qapıçıları bu mövsüm kobud səhvlər edirlər. İbrahim Şehiç üçün darıxırsan?

– Kiminsə haqqına girmək istəmirəm. Çatışmayan cəhətlərimiz var. Sadəcə, bunları düzəltməyə vaxt lazımdır. Bəzi şeyləri tez düzəltmək olmur.

– Son illər ən zəif mövsümünüzü keçirirsiniz. Bu, nə ilə bağlıdır?

– Buna çox səbəb gətirmək olar. Amma belə məğlubiyyətdən sonra səbəb gətirmək vaxtı deyil. Əminəm ki, transferlərlə bunların hamısı düzələcək.

– Sizin kimi avrokuboklarda yüzüncü oyununuzu keçirə biləcək futbolçu olacaqmı?

– Hazırda yüz oyun hayında deyiləm...

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri