15 
Dek
2018
15:15
127
86
14267
Virtual karabakh

Umayra Tağıyeva yeni işindən danışdı - MÜSAHİBƏ

15 Dek, 2018
15:15
14267

Umayra Tağıyeva yeni işindən danışdı - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Hidrometeorologiya Departamentinə direktor vəzifəsinə yeni təyinat alan Umayra Tağıyeva Oxu.Az-ın suallarını cavablandırıb:

- Uzun illərdir ki, “Milli Hidrometeorologiya Departamentinin direktorunun sizin olmağınız daha münasib olar” deyə fikirlər səsləndirilirdi. Siz bu təyinatı gözləyirdinizmi?

- Səmimi danışsam, yox. Heç vaxt belə bir gözləntim olmayıb. Mən bir şey deyə bilərəm ki, həmişə öz sevimli sahəmlə məşğul olmuşam. Bir müddət öz sahəmdən deyil, iş yerimdən uzaqlaşdım. Azərbaycan Milli Elmlər Akademiyasında işləməyə başladım.

Orada bu sahənin elmi əsaslarını öyrəndim, müəyyən araşdırmalar apararaq elmi məqalələr hazırlayıb, xaricdə dərc etdirdim. Yəni öz sahəmdən ayrılmadan başqa bir istiqamətdə işimi davam etdirdim. İndi isə bu vəzifə mənə tapşırıldı. Çalışacağam ki, bütün biliklərimi bu sahəyə yönəldim. Ümid edirəm ki, işimizin yaxşı mənada bəhrəsini görəcəyik.

İnsanlar bizim təqdim etdiyimiz hidrometeoroloji xidmətdən razı qalsınlar və verilən proqnozlar özünü doğrultsun. Təhlükəli hadisələr insanlar üçün gözlənilməz olmasın. Çünki bu sahə insanların təhlükəsizliyi ilə bağlı olan və məsuliyyətli sahədir.

Xüsusilə dənizdə çalışan insanların təhlükəsizliyi sırf hava şəraitindən asılı olur. Çalışacağıq ki, bizim üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək.

- Hidrometeoroloji xidmətlərin rolunu artırmaq üçün hansı səbəblər var? Planlarınız nədir?  

- Hidrometeorologiya sahəsinin inkişafına dünyada və Azərbaycanda diqqət yetirilir. İqlim dəyişmələri problemi, onun təzahürləri, anomal hadisələrin təkrarlanması, sayı, intensivliyi hər il artır. Xüsusilə də son onilliklərdə hidrometeorologiya xidmətlərinin rolu məhz bu səbəbdən artırılmaqdadır.

Bu sahənin inkişafına daha çox diqqət yetirilməlidir. Azərbaycanda bu sahədə son onilliklərdə kifayət qədər işlər aparılıb. Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə şəbəkəsi avtomatlaşdırılıb. 68 sayda avtomat tipli meteoroloji stansiyalar fəaliyyət göstərir.

Lakin proqnozların keyfiyyətini əhaliyə daha dəqiq çatdırmaq üçün inkişaf etmiş ölkələrdə mövcud müşahidə sistemləri, rəqəmli modellərin tətbiqi vacib şərtlərdən biridir. Buna görə də 2019-cu ildə bu sahədə yeni bir mərhələnin başlanması gözlənilir. Bizim planlarımız böyükdür. İlk növbədə dopler radar müşahidə sistemi istifadə olunmalıdır. Əksər ölkələrdə bu sistemdən istifadə olunur.

- Ölkədə hava ilə bağlı gözlənilən məlumat ümumi deyilir. Bu sistemin tətbiqindən sonra konkret hansı istiqamətdə daşqın, yağıntı olması məlum olacaqmı?

- Bu sistem proqnozların dəqiqliyinin artırılmasına imkan yaradan bir sistemdir. İndi istənilən bir ərazi üzrə xəbərdarlıq veriləndə deyilir ki, respublikanın dağ çaylarında daşqın gözlənilir.

Məsələn, dopler radar müşahidə sistemi vasitəsilə artıq daşqın hadisəsinin konkret hansı çay üzərindən keçməsi ehtimalı daha çox bilinəcək. Sistemin Azərbaycanda tətbiqi gələn il reallaşacaq. Bu, çox böyük maliyyə resursları tələb edən bir sistemlərdir. 

- Daha dəqiq proqnozlar vermək üçün, ümumiyyətlə, bu işdə təkmilləşdirmələr üçün hazırda hansı işlər görülür?

- Biz istəyirik ki, bizim proqnozlarımız əhalinin bu sahəyə olan marağını, tələbatlarını ödəsin və daha cəlbedici olsun. Bunun üçün gələn ildən meteo.az saytının təqdimatı olacaq. Sayta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytından keçid ediləcək.

Çalışacağıq ki, bu saytda hava şəraiti ilə bağlı maraqlı məlumatları əhaliyə təqdim edək. Beş günlük hava haqqında məlumatı oradan əldə etmək mümkün olacaq. Eyni zamanda, ilin fəslindən asılı olaraq, müəyyən məlumatlar təqdim olunacaq. Yay fəslində çimərlik barədə, küləyin istiqaməti, dalğanın hündürlüyü haqda məlumatlar veriləcək.

Qış fəslində çox aktual bir məsələ olan respublikanın avtomobil yollarındakı vəziyyətlə bağlı proqnozların verilməsi nəzərdə tutulub. Əhali görmək istədiyi məlumatlar barədə bizə müraciət etsələr, biz istəkləri nəzərə almağa çalışacağıq. 

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri