17 
Dek
2018
13:39
16
71
5400
Virtual karabakh

Azərbaycanda “borc bürosu”nun siyahısı üç milyondur - MÜSAHİBƏ

17 Dek, 2018
13:39
5400

Azərbaycanda “borc bürosu”nun siyahısı üç milyondur - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 18 yaşdan yuxarı vətəndaşların 2 milyon 900 mininin “Azərbaycan Kredit Büro”sunda “maliyyə hekayəsi” var. Burada kimin nə vaxt, nə məqsədlə, nə qədər borc götürdüyü və onu necə qaytardığı barədə məlumatlar toplanıb.

2015-ci ilə qədər “ağ siyahı”da olanlar daha çox idisə, devalvasiyadan sonra “qara siyahı” daha uzundur.

“Azərbaycan Kredit Büro”su MMC-nin baş direktoru Elçin Həbibovun Oxu.Az saytına müsahibəsini təqdim edirik:

- Azərbaycan “Doing Business” reytinqində kreditə əlçatanlıq üzrə yaxşı bal topladı. Maraqlıdır, bu sahədə nə dəyişib?

- Azərbaycan kredit haqqında informasiyanın əldə edilməsi və kredit hüquqları indeksi üzrə yaxşı nəticələr əldə etdi. Bir kriteriya üzrə mümkün 12 baldan 12, digərində isə səkkiz bal topladıq. Bütün inkişaf etmiş ölkələrdə effektiv kredit bürosu işləyir və informasiya vasitəçiliyini həyata keçirir. “Azərbaycan Kredit Büro”su heç bir il deyil fəaliyyət göstərir, amma bu müddətdə çox işlər gördük. Hazırda büroda quruculuq işləri davam edir və mövcud sistemi beynəlxalq vəziyyətə çatdırmaq üçün işlər görülür.

- Reyestrdə 2.9 milyon nəfər haqqında məlumat var. Bu məlumatların neçə faizi neqativdir, neçə faizi pozitiv?

- Bu, çox çətin sualdır. Mənim əlimdə bu rəqəmlər yoxdur və məncə, kredit bürosunun bunu açıqlamaması daha düzgün olar.

- Amma 2018-ci ilin III rübünün nəticələrinə görə, problemli vəsaitlərin həcmi artıb. 

- Bəli artım var, ancaq bu həcmdədir, say etibarilə azalma var. Bilirsiniz ki, 2018-ci ildən biznesdə aktivlik hiss olunur, artıq süstlük mərhələsini keçmişik. Təbii ki, banklarda da kreditləşmə aktivləşib. Bank bazarına yeni borcalanlar daxil olub və onların sayında böyük artım var.

Problemli kreditlərin həcminə gəlincə, kreditlər üzrə borcların bir hissəsini bağladılar, eyni zamanda, böyük məbləğlərdə məhkəmə qərarları var ki, icrasını gözləyir. Ümumi portfeli müqayisə etsək, alınan kreditlərə nisbətdə problemli kreditlərin xüsusi çəkisi azalıb.

- Sorğulara verdiyiniz cavabların obyektivliyinə zamin durursunuzmu? Hal-hazırda sizə alternativ qurum yoxdur, demək, alternativ fikir də yoxdur.

- Kredit bürosu ayrı-ayrı təşkilatlardan şəxs haqqında məlumatları toplayır və emal edir. Məlumatlar avtomatlaşdırılmış şəkildə, insan müdaxiləsi olmadan həyata keçirilir. Məlumatın düzgün olması barədə məsuliyyət 99 faiz məlumatı verən tərəfin üzərinə düşür. Həmin məlumatın sahibi özü haqqında kredit hesabatı məlumatını görə bilir və hər hansı yanlışlıq görürsə, kredit bürosuna və ya məlumatı təqdim edənə müraciət edə bilər. Bütün dünyada proseslər məhz belə işləyir, sonda məsuliyyəti isə kredit verən öz üzərinə götürür.

- Vətəndaşlarımız arasında belə bir “təcrübə” də vardı ki, bir borcu bağlamaq üçün o biri bankdan kredit götürürdülər. Kredit reyestrində bu halları izləmək, görmək olurmu?

- Açığı, indi elə tendensiyalar yoxdur, düzdür, bir vaxtlar var idi, bu gün hər verilən kredit üçün bank uzun müddət düşünür. Unutmayaq ki, bir böhranı arxada qoymuşuq və hazırda gəlirlərlə xərclərin ölçülməsi imkanı var. Əgər verilən kreditlərlə, sorğu olunan şəxslər haqqında məlumatların sayını müqayisə etsək, iki dəfə fərq var. Bu, o deməkdir ki, hər sorğu olunana kredit verilmir. Kredit o zaman gəlir gətirir ki, o gedir və qayıdır.

- Kreditlərin faiz dərəcəsi və kredit riskləri yüksək olaraq qalır. Bu büronun yaradılmasının əsas məqsədlərindən biri o idi ki, kredit bazarına yaxşı mənada təsir etsin. Ötən müddətdə təsir nədən ibarət olub?

- “Kredit Büro” təkcə faizlərə yönəlmiş bir təşkilat deyil, risklərin tənzimlənməsi institutlarından biridir. Unutmayaq ki, hər bir bank risklərini özü tənzimləyir, amma düşünün ki, bank bazarında bir reqresiya oldu. İnkişaf etməkdə olan ölkələrdəki böhranlarda ən birinci informasiya çatışmazlığı nəticəsində paralel borclanma əmsalları artıb və buna görə də öz risklərini qiymətləndirə bilməyiblər.

Amma bizdə belə bir problem çıxmadı, çünki “Kredit Büro”dan əlavə, bizdə kredit reyestri də vardı. İnstitut kimi elə formalaşmışdı ki, “informasiya çatışmırdı, mənim bu şəxs haqqında kifayət qədər məlumatım yox idi”, - deyən olmadı. Bir anlıq təsəvvür edin ki, kredit reyestri olmasaydı, böhran hansı səviyyədə olardı.

Hazırda aktiv kreditləşmə başlayıb və büro bazara skorinq modelini çıxarıb. Banklar əlavə bir alət kimi bununla da öz risklərini tənzimləyə bilərlər. Təkcə bir ay ərzində sorğu olunanların 53 faizi haqqında əlavə skorinq sorğusu da həyata keçirilib. Bu, banka imkan verir ki, bank öz kredit qərarlarına üçüncü gözlə də baxsın.

- Siz sorğu olunan şəxslər haqqında əlavə məlumatlar da toplayırdınız: qaz, su, işığa borcları varmı, yoxmu?

- “Azərsu”, “Azəriqaz” və “Azərişıq” kommunal xidmət operatorları kredit bürosuna inteqrasiya olunub. Şəxs haqqında kredit hesabatı ilə bərabər, kommunal çıxarışı da əldə etmək olar. Mobil xidmət operatorları ilə inteqrasiyasını da tamamlamışıq, artıq sığorta şirkətləri də inteqrasiya olunub və qarşıda lizinq xidmətləri ilə bağlı hədəfimiz var.

Yaxın müddətdə onların inteqrasiyası ilə bağlı işlərə başlayacağıq. Bu günə qədər büroya 120 təşkilat inteqrasiya olunub və müqayisə etsək, bir il üçün yaxşı göstəricidir. 2019-cu ildə mövcud platforma təkmilləşdiriləcək və toplu sorğuların monitorinq imkanları gücləndiriləcək.

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri