19 
Dek
2018
11:41
27
101
8254
Virtual karabakh

Qara Qarayev: O məğlubiyyət bizə çox nailiyyət qazandırdı - MÜSAHİBƏ

19 Dek, 2018
11:41
8254

Qara Qarayev: O məğlubiyyət bizə çox nailiyyət qazandırdı - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin Oxu.Az-a müsahibəsi:

– Necə oldu ki, məhz bu idman növünü seçdiniz və neçə yaşınızdan topla dostlaşdınız?

– Uşaqlıqdan idmana qarşı sevgim olub, başqa idman növləri ilə də məşğul olsam da, ən çox üstünlük verdiyim futbol olub. Zaman-zaman evdən idmanla məşğul olmağa icazə vermədilər. İlk məşqçim Elnur Zeynalov olub. Onun adını müəllimim kimi həmişə vurğulayıram və düşünürəm ki, borcumdur.

Onun sayəsində futbolla tanış oldum. O vaxt REOGEN uşaq məktəbi var idi. Məni öz komandasına gətirdi, orada futbolla məşğul oldum. Sonra şəhərdə “Qarabağ”ın (“Özünə güvənən bütün uşaqları yoxlanışa dəvət edirik”) afişaları yayıldı və mən də məşqçimlə danışdım, belə qərara gəldik ki, bu seçmələrə qatılım. 2006-ci ildən “Qarabağ” hekayəmiz başladı.

– “Qarabağ”da oynayanda özünüzü hansı tanınmış futbolçu kimi hiss edirsiniz? “Qarabağ”dan başqa hansı klubda oynamaq istərdiniz?

– “Qarabağ”da oyunlara çıxanda özümü tanınmış futbolçu kimi hiss etmirəm. “Qarabağ”da meydana çıxanda özümü təbliğatçı kimi hiss edirəm, əsgər kimi hiss edirəm, itirdiyimiz Qarabağ uğrunda canfəşanlıq edən gənc kimi görürəm özümü. Heç vaxt özümü bu klubda oynayıram deyə məşhur hiss etməmişəm. Sadəcə, əlimizdən gələn o olub ki, daima bu klub üçün ən yaxşısını edək və bu klubun dünyada tanınması üçün maksimum nəticə göstərək.

Ölkədən də, ölkə xaricindən də bir çox təkliflər olub. Ölkədən xaricdəki təklifləri bəzi problemlərə görə qəbul etməmişəm, ölkə daxilindəki klublarda oynamaq istəməmişəm. Hər yerdə demişəm ki, “Qarabağ” mənə qapını göstərməyincə mən oranı tərk etməyəcəyəm.

Düşünürəm ki, Allah izin versə, klubumuz da razı qalsa, performansım hər il yaxşı olsa, karyeramı burada bitirmək istəyirəm. Düzdür, hər şeyi zaman göstərir, amma bu gün və sabah “Qarabağ”dan getmək haqda düşünmürəm. Hər təklifdə Azərbaycan millisinə faydalı olmaq öncəliyimdir, yəni o çempionat, o liqa karyeramda məni hansı müsbətə doğru apara bilər deyə düşünüb gedirəm. Elə olub ki, danışdığım komandalar Azərbaycan, Azərbaycan futbolunun adına layiq olmadığı üçün tərəddüd edib getməmişəm.

– “Qarabağ” sizin üçün nə ifadə edir və Avropada Azərbaycanı, işğal olunmuş Qarabağ torpaqlarımızı təmsil edərkən futbolçu kimi yox, bir azərbaycanlı kimi hansı hisləri keçirirsiniz?

– Xatırlayırsınızsa, keçən il “Qarabağ”ın adı dünyanın ən titullu yarışmasında səsləndi. Özümü tanıyandan, dərk edəndən məndə Qarabağ üçün nə edə bilərəm düşüncəsi olub və bu, Qarabağ torpaqları qayıdanadək məndə olacaq. Harada oynamağımdan asılı olmayaraq - istər ölkədə, istərsə də xaricdə Qarabağın adı məndə ön sıralardadır.

– İlk dəfə neçə yaşınızda milliyə dəvət almısınız?

– 15 yaşımda U-15 milli komandasına dəvət aldım, ondan sonra isə ildən ilə U-17, U-19, U-21 və əsas milliyə dəvət olundum. 2013-cü ildə Berti Foqtsun rəhbərliyi altında milli karyeram başlayıb.

– “Qarabağ”da olan hansı oyun ən yaddaqalan oyununuzdur və nə ilə yadda qalıb?

– Hər futbolçunun karyerasında qeyri-adiliyi ilə seçilən oyun olub, həyatımdakı önəmli və ən çox sevdiyim məğlubiyyət “Kopenhagen” məğlubiyyəti oldu. O məğlubiyyət bizə çox nailiyyət qazandırdı, məğlub olduq və çox uğur qazandıq. Düşünürəm, karyeramın ən önəmli oyunlarından biri həmin oyun idi.

– 2018-ci il sizin üçün nə ilə yadda qaldı?

– “Qarabağ”la bağlı uğurlarımızla. Keçənilki kimi olmasa da, bu il də Avroliqanın qrup mərhələsini təmin edib oynadıq, bu il uğur qazandığımız məqam bu oldu, amma digər tərəfdən, milli komanda ilə bağlı daha yaxşı nəticə göstərə bilərdik.

Məsələn, Malta oyunlarındakı uğursuzluq, son oyundakı Kosovo ilə məğlubiyyət. Ortadan yuxarı qiymətləndirməzdim bu ili. Şəxsi həyatımda isə bir çox dostlarım ailə qurdu və bu da mənim həyatımda ən sevindirici hallardan biridir.

– Bu arada sosial şəbəkələrdə yayılan rəqs görüntülərinizi mən də izlədim. Onu deyə bilərəm ki, çox bəyəndim. Bunun üçün özəl dərslər almısınız, yoxsa qarabağlılar kimi sizin də qanınızda var?

– Bəyəndiyiniz üçün minnətdaram (gülür). Düşünürəm ki, şəxsi həyatım gündəmdə olmamalıdır. Hər zaman sadə həyat yaşamağa çalışıram. Müzakirə yalnız işimlə bağlı olmalıdır, belə olan halda faydaları var. İşim haqda olan obyektiv tənqidlər işimə daha məsuliyyətli yanaşmağıma səbəb olur.

Videoya gəldikdə isə bu video dostumun toyundan bir parçadır. Çalışmışam ki, məclisə uyğun iştirak edim. Qarabağlılar musiqi duyumlu olur, yəqin mənim də rəqs bacarığım ondan irəli gəlir (gülür). Heç bir rəqs dərsi almamışam.

– Komanda yoldaşlarınızdan kiminlə daha yaxınsınız?

– Otaq yoldaşım Arazdır, bütün təlim-məşq toplanışı müddətində bir yerdə qalırıq, daha çox onunla ünsiyyətdə oluram. Amma xüsusi olaraq kimisə fərqləndirmək istəmirəm, çünki komanda yoldaşlarımın hər biri ilə əlaqədəyəm, danışıb zarafatlaşırıq.

– Futbol karyeranızı bitirdikdən sonra nə planlaşdırırsınız?

– İndidən qərar vermək çətindir, bunu zaman göstərəcək, amma sahəm idman olduğu üçün əminəm ki, nə olursa-olsun, futbol məni daima özünə çəkəcək. Bəzən tam başqa bir sahəyə, başqa bir yönə getmək istəyirəm ki, təxminən 5-10 il dincəlim, sonra yenidən başlayaram. Amma hələlik elə bir planım yoxdur.

– Qara Qarayevin gizli istedadı və ya bacarıqları varmı?

– Xüsusi istedadım olmasa da, əlimdən hər iş gəlir və istəsəm, hər şeyi qısa müddətə öyrənə bilərəm. Sadəcə, məşqlərimizdən başqa sahəyə vaxt ayırmaq çox çətin olur.

Nəzri Əlisoy

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri