22 
Yan
2019
15:37
114
18
6975
Virtual karabakh

“Spartak”ın azərbaycanlı futbolçusu: Həbibin sözlərinə xeyli güldüm

22 Yan, 2019
15:37
6975

“Spartak”ın azərbaycanlı futbolçusu: Həbibin sözlərinə xeyli güldüm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın futbol çempionatında qış fasiləsinin transferlərindən biri Azərbaycan əsilli Ayaz Quliyevin “Rostov” klubundan Moskvanın “Spartak” klubuna keçidi olub. Həmyerlimiz 2018-ci ilin əvvəlindən icarə əsasında “Rostov” klubunda çıxış edib. Keçirdiyi oyunlarda özünü yaxşı göstərərək, qısa müddətdə komandanın liderlərindən birinə çevrilib. 

Ötən ilin avqust və sentyabr ayında azərbaycanlı futbolçu azarkeşlərin səs çoxluğuna görə komandanın ən yaxşısı olub. Ancaq ilin ilk günlərində Moskva “Spartak”ı sabiq futbolçusunu öz sıralarına qaytarıb. Həmyerlimizlə uzunmüddətli müqavilə bağlanıb.

Hazırda Ayaz Quliyev komandası ilə birlikdə Qətərdə mövsümlərarası təlim məşq toplanışında iştirak edir.

Oxu.Az xəbər verir ki, Media.Az-a verdiyi eksklüziv müsahibəsində Ayaz Quliyev öz sevimli komandasına qayıdışı, qarşısına qoyduğu məqsədlər və Həbib Nurməhəmmədovla münasibətləri barədə danışıb.

Moskvanın “Spartak” klubuna qayıtmaqla bağlı təklif nə vaxt daxil oldu?

– Cari mövsümün birinci dövrəsinin ortalarında təklif aldım. Konkret danışıqlar isə Rusiya çempionatının birinci dövrəsinin başa çatmasından sonra başladı. Böyük sevinc hissi ilə “Spartak”a qayıtdım. Məni burada əla qarşıladılar. İki il əvvəl klubdan ayrılsam da, faktiki olaraq oradakıların hamısını tanıyıram. Ona görə də burada mənə hər şey tanışdır, yeni simalar, demək olar ki, görmədim.

– “Spartak”ın start heyətində yer almaq və möhkəmlənmək, sizcə, nə dərəcədə çətin olacaq?

– İstənilən komandada yeri qazanmaq lazımdır. “Rostov”a keçəndə də start heyətinə dərhal düşmədim. İntensiv şəkildə məşq etdim, öz üzərimdə işlədim, tədricən əsas heyətdə öz yerimi tutdum. Sonradan mənə fürsət düşdü. Bu fürsətdən istifadə edib, əsas heyətdə yerimi möhkəmləndirdim. Eyni sözləri “Spartak” haqda da demək olar. Hər şey müstəsna olaraq məndən asılıdır. Əsas məsələ diqqəti öz oyununa yönəltməkdir. Bütün canını oyuna qoymalısan. Bundan sonrasını gələcək göstərəcək.

İndi biz Qətərə gəlmişik, qış təlim məşq toplanışının ikinci hissəsini keçiririk. Burada keçiriləcək turnirdə “Spartakla” yanaşı “Rostov”, “Lokomotiv” və “Zenit” də iştirak edir. Təlim-məşq toplanışının sonuna kimi bu komandalardan hər biri ilə oynayacağıq.

“Spartak”ı tərk edən Ayaz Quliyev və “Spartak”a qayıdan Ayaz Quliyev – bunlar fərqli adamlardır?

– Məncə, fərq ondadır ki, indi mən daha böyük təcrübə toplamışam, necə deyərlər, püxtələşmişəm. Ən azından Rusiyanın Premyer liqasında iki il çıxış etmişəm, iki klubun - “Anji” və “Rostov”un heyətində oynamışam. Komandadan ayrıldığım dönəmlə müqayisədə, indi özünəinam hissim artıb. Mən əvvəl necə idim, indi necəyəm, buna gərək başqaları qiymət versin.

– “Spartak”a qoşulmazdan əvvəl Məkkədə həcc ziyarətini yerinə yetirmisiniz.

– Məkkəni ziyarət etməyi çoxdan arzulayırdım, ancaq heç cür alınmırdı. Nəhayət, ora baş çəkə bildim. Buna çox sevinirəm və ümid edirəm ki, bundan sonra da Məkkəyə səfər etmək fürsətləri düşəcək. Bu, mənim üçün böyük önəm daşıyır.

– Bu yaxınlara qədər “Spartak” klubunda Aleksandr Səmədov çıxış edirdi, klubun gənclər heyətində daha bir həmyerliniz Turqay Möhbəliyev çıxış edir. Sizcə, azərbaycanlı futbolçular “Spartak”ı niyə bu qədər sevir?

– Sözün düzü, azərbaycanlı futbolçuların “Spartak”a olan sevdasının nədən qaynaqlandığını deyə bilmərəm. Əslində, bu komandanı bir çox millətlərin nümayəndələri sevir və ona azarkeşlik edirlər. Klub hara gedirsə-getsin, hansı bölgədə oynayırsa-oynasın, onun hər zaman çoxlu azarkeşləri olur.

“Spartak”ın nəhəng fanat ordusu var, təkcə Moskvada yox, hər yerdə. Moskva klubunun gənclər heyətində top qovanda da bunun şahidi olmuşam. Hara gedirdiksə, bizi azarkeşlər qarşılayırdı. Boşuna demirlər axı – “Spartak” xalqın komandasıdır.

– Bu sualı sizə verməyə bilməzdim, Sizi UFC döyüşçüsü Həbib Nurməhəmmədovla müqayisə edirlər. Bu yaxınlarda o “Instagram” səhifəsində bu sözləri yazıb: “Ayaz, bax ha, məni pis vəziyyətdə qoyma. Səni Həbib adlandırırlar, ona görə stadionda tor arxasındakı insanların üzərinə atılma”. Həbibin bu zarafatyana ismarıcını necə qiymətləndirirsiniz?

– Həbibin sözlərinə gəlincə... Mən də xeyli güldüm. Onun sosial şəbəkədə belə bir müraciət yerləşdirməsi çox xoş oldu. Sizi əmin edirəm ki, belə iş tutmayacam (gülür).

– Azərbaycan futbolunu izləyirsiniz? Gənclər üzrə yığmaya serbiyalı məşqçi Milan Obradoviçin təyin olunduğundan xəbəriniz var?

– Azərbaycan futbolunu izləyirəm, ancaq elə də müntəzəm şəkildə yox. Yəni Azərbaycan çempionatının oyunlarına baxmıram. Hərdən olur turnir cədvəlinə nəzər salıram, kimin hansı yerdə olduğunu öyrənirəm. Serb mütəxəssisin təyinatı ilə bağlı çətin ki nələrisə deyə bilim. Yalnız onu bilirəm ki, hazırda Azərbaycanın əsas millisinin baş məşqçisi postu boş qalıb. Başqa şey deyə bilmərəm, sözün düzü, bu barədə düşünməmişəm də.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri