14 
Fev
2019
08:01
139
31
2852
Virtual karabakh

Bəxtiyar Əliyev: Bəzən elə təsəvvür yaranır ki, dünyada yaxşı heç nə yoxdur - MÜSAHİBƏ

14 Fev, 2019
08:01
2852

Bəxtiyar Əliyev: Bəzən elə təsəvvür yaranır ki, dünyada yaxşı heç nə yoxdur - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədr müavini, deputat, professor Bəxtiyar Əliyev Oxu.Az-ın müxbirinin suallarını cavablandırıb:

- Bəxtiyar müəllim, qızların təhsildən yayınması və yayındırılması, əksər hallarda valideynləri tərəfindən erkən nikahlara vadar edilməsi, nəticədə, boşanmaların sayının artması, gənc qadın və qızların taleyin ümidinə buraxılması, cinsi, fiziki istismara qalması məsələsi gündəmi zəbt etməkdədir.

Kimisi burada ailələri, valideynləri, kimisi təhsil müəssisələrini, kimisi cəmiyyəti qınayır, hədəf seçir. Bir elm və təhsil adamı, həmçinin, millət vəkili, siyasətçi olaraq bu barədə nə fikirdəsiniz?

- Məktəbli qızların təhsildən yayındırılması təkcə təhsil sisteminin məsələsi deyil. Bu, ilk növbədə ailənin, cəmiyyətin problemidir. Onunla bağlı xüsusilə bölgələrdə, rayonlarda, kəndlərdə maarifləndirmə işləri aparılmalıdır.

Televiziyalarımıza, onların verilişlərinə, strukturuna, mövzusuna, həmçinin sosial şəbəkələrə baxsaq, görərik ki, burada çox xoşagəlməz hallar yaşanır, əsrlər boyu tarixin süzgəcindən keçib gəlmiş milli-mənəvi dəyərlərimizə böyük zərbələr vurulur. Təbii ki, azyaşlı qızlar və oğlanlar bu təsirlərə daha tez məruz qalırlar.

Çünki onlar bu yaşlarında atacaqları addımların sosial nəticələrini görmək, qiymətləndirmək imkanına malik olmurlar və bu baxımdan, düşünürəm ki, ilk növbədə informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi reallıqda öz əksini tapmalıdır. Bu informasiya təhlükəsizliyi ilk növbədə azyaşlıların və uşaqların kənar təsirlərdən qorunmasına, onların intellektual, fiziki inkişafının normal şəkildə getməsinə yönəlməlidir.

Digər tərəfdən, elə valideynlərin özləri də zərərli təsirlərdən müdafiə olunmalıdır, onlarla da maarifləndirmə işləri aparılmalıdır. Bir sözlə, mədəni səviyyə, bütövlükdə dünyagörüşü, baxışlar üzərində iş getməlidir. 

Bununla bağlı düşünürəm ki, mətbuatın və ictimaiyyətin üzərinə çox böyük vəzifə düşür. Çünki ictimai qınaq olmayanda, maarifləndirici işlər aparılmayanda, mətbuatımızda məhz yaxşı nümunələr yayımlanmayanda, əksinə, bir və ya iki neqativ hal tapılıb, ən eybəcər şəkildə tirajlananda, şübhəsiz ki, onun bir tənqid hədəfi olduğunu azyaşlı dərk etmir. Eyni zamanda, kifayət qədər hazırlıqlı olmayan valideyn də bunu anlamır.

Mollanəsrəddinçilik bizə lazımdır, amma baxır hansı formada və necə. Yəni düşünürəm ki, daha çox müsbət nümunə ola biləcək insanlar, hadisələr, davranışlar, həyat tərzi mətbuatda, sosial şəbəkələrdə, televiziyalarda geniş işıqlandırılmalıdır.  

Eyni zamanda, mənfi, neqativ hallar da çox güclü şəkildə mozalansayağı və yaxud elə Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadəsayağı tənqid olunmalıdır və hədəfə gətirilməlidir. Amma bu, elə gətirilməlidir ki, o, müsbət təsirini göstərsin, nəinki mənfi təsirini. 

Hesab edirəm ki, biz işimizi bu cür qursaq, onda neqativ halların qarşısını alarıq. Uşaq getdi məktəbə, məktəbdə müəllim hər hansı bir məsələni ona 2-3 saat ərzində anlatdı və sair, bununla kifayətlənmək olmaz.

Bəs yerdə qalan saatlar? Günün qalan ərzində o uşaq hansı hissləri yaşayır, hansı təsirlərə məruz qalır, neçə fikrin təsiri altına düşür, o təsir onda hansı psixi travmalar yaradır, yaxud onun mənəvi dünyasının inkişafında hansı nəticələrə gətirib çıxarır, bunlar mütləq diqqət yetirilməli olan məqamlardır.

Ona görə də hesab edirəm ki, bu istiqamətdə işimizi çox ciddi şəkildə yenidən təftiş edib, qurmalıyıq. 

- Bəzən deyirlər və belə iddialar mütəmadi səsləndirilir ki, təhsildən yayındırılmalara, erkən nikahlara, boşanmalara və digər arzuolunmayan neqativ hallara daha çox sosial durumla bağlı məqamlar səbəb olur.

- Bu məsələlərin sosial duruma qətiyyən aidiyyəti yoxdur. Bu, mənəviyyat məsələsidir, dəyər məsələsidir.

Qeyd etdiyim kimi, əgər biz bu istiqamətdə işimizi düzgün qurarıqsa, ictimai nəzarət gücləndirilərsə, maarifləndirmə işi aparılarsa və daha yaxşı nümunələr göstərilərsə, təbii ki, bunlar hər bir insanda motivasiya yaradar, onlar daha yaxşı olmağa meyillənər. Biz buna çalışmalıyıq, yəni bu motivasiyanı yaratmalıyıq.

Hər gün zorakılıq göstərilirsə, təbliğ edilirsə, tək-tək mənfi hallar geniş işıqlandırılırsa, onda insanlarda belə təsəvvür yaranır ki, elə həyat yalnız bundan ibarətdir, dünyada yaxşı heç nə yoxdur. Hesab edirəm ki, müsbət, pozitiv olanları daha çox təbliğ etməliyik. Çünki tərbiyənin ən birinci metodu nümunədir.

- Yeri gəlmişkən, təhsillə bağlı ən narahatedici məqamlardan biri də dərs, tədris yükü və dərslik məsələsidir. Siz bu məsələlərdə çıxış yolunu nədə görürsünüz?

- Bilirsiniz, bir var ki, dövlət standartı əsasında Təhsil Nazirliyi tərəfindən hazırlanmış dərsliklər, bir də alternativ, özfəaliyyət şəkildə hazırlanmış dərsliklər.

Şübhəsiz ki, burada - söhbət dövlət standartı əsasında hazırlanan dərslikdən gedir - bəzi müəlliflərin yanaşmaları fərqlidir və buna ciddi, bütün tərəflərdən yanaşılmalıdır. Bir də var ki, dərsliklər adı altında qeyri-leqal olaraq hansısa mətbəələr - heç onlara mətbəə də demək olmaz - müəyyən “dərsliklər” hazırlayırlar, çap edirlər və əhalini bir qədər də çaşdırırlar.

Adətən dərsliklər satılmır, pulsuz şəkildə məktəblərə göndərilir və bu, dövlət hesabına olunur. Əgər bu dərsliklər mağazalarda, hansısa küçə ticarəti ilə məşğul olan yerlərdə, ticarət mərkəzlərində satılırsa və onların satışı, ümumiyyətlə, nəzərdə tutulmayıbsa, onda bu, sual doğurmalı, valideynləri düşündürməlidir ki, görəsən, bu dərsliklər bizə lazımdırmı, buradakı informasiyalar xeyirli, yoxsa zərərlidir?

Bir sıra hallarda Dövlət İmtahan Mərkəzinin (DİM) özünün də qeyd etdiyi kimi, hətta onların hazırladığı bəzi vəsaitlər sonradan kimlərsə tərəfindən pirat yolla hazırlanır, satılır, guya həmin vəsaitlərdir, amma əslində, məzmun tamamilə başqadır. Bu vəsaitlərin kimyəvi tərkibi məsələsi də ayrı bir mövzudur.

Çünki pirat dərsliklər zəhərli maddələrdən istifadə etmək yolu ilə hazırlanır və sağlamlığa mənfi təsir göstərir. Eyni zamanda, oradakı informasiyalar beyinlərə, düşüncələrə necə təsir göstərir və orada hər şey doğrudurmu?

Əlbəttə ki, yox. Bu baxımdan, komitəmizin yaz sessiyası ilə bağlı ilk iclasında bu məsələni qaldırdıq ki, dövlət standartları əsasında Təhsil Nazirliyi tərəfindən hazırlanan dərsliklər ilk növbədə nəzərə alınmalıdır. 

Əlbəttə ki, alternativ dərsliklər də hazırlana bilər və buna o komissiyalar tərəfindən baxılmalıdır. Çünki burada şagirdlərin həm intellektual, həm də fiziki inkişaf səviyyəsi nəzərə alınmalıdır ki, orada verilən materiallar əqli inkişafı sürətləndirsin, onun inkişafına çətinlik yaratmasın.

Bu baxımdan, hesab edirəm ki, dövlət üzərinə düşən işləri görür, nazirlik də diqqət yetirir. Amma eyni zamanda, nəzarəti də gücləndirməliyik ki, bazarda hər hansı qısamüddətli, kiçik bir gəlir əldə etmək məqsədini güdənlər bütövlükdə cəmiyyətə və gənclərimizə böyük zərbələr vurmasınlar. 

- Bəs dərs, tədris yükü məsələsi necə tənzimlənməlidir?

- Dərs yükü dövlət standartları və aparılan islahatlarla bağlıdır. Yəni bu, arta və azala da bilər. Bu gün təhsil sistemində, bütün dünyada olduğu kimi, müstəqil işə daha çox üstünlük verilir. İstər öyrənənlər, istər öyrədənlər üçün.

Daha çox müstəqil işlə bu yükü yerinə yetirirlər. Məktəblərdə, o cümlədən, ali məktəblərdə beşgünlük dərs sisteminə keçilib və həmin günlərdə dərs saatının normativi müəyyən edilib. Bu, dünyada qəbul olunmuş normativlərə uyğundur və heç bir pozuntu yoxdur.

Sadəcə olaraq, bəzən orta məktəblərdə bəzi müəllimlər daha çox dərs yükünün ona ayrılmasını istəyir ki, bu zaman məvacib çox olur, amma  keyfiyyət aşağı düşür. Keyfiyyəti pozmamaq şərtilə, dərs yükünün rasional şəkildə bölüşdürülməsinə baxmaq olar.

Əgər bu, keyfiyyətin aşağı düşməsinə gətirib çıxarırsa, müəllim dərsə kifayət qədər hazırlaşa bilmirsə, keyfiyyətsiz dərs aparırsa, onda dərs yükünü həddən artıq bölmək qətiyyən düzgün deyil.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri