23 
İyn
2014
17:04
112
18
11144
Virtual karabakh

Qara Qarayev: Futbol məhəllədən başlayır – MÜSAHİBƏ + FOTOSESSİYA

23 İyn, 2014
17:04
11144

Qara Qarayev: Futbol məhəllədən başlayır – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim yaxşı futbolçu olmağım üçün qarşıda hələ illər var”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı “Qarabağ”ın müdafiəçisi Qara Qarayevdir.

- “Qarabağ”ın sonbeşiyi sayılan Qarayev, uşaqlığın harda və necə keçib?

- Mən 1992-ci ildə Horadizdə anadan olmuşam. 1993-cü ildə məlum məsələyə görə istəmədən ayrılıb Bakıya gəldik.

Yasamalda böyümüşəm, indi də orda yaşayıram, 50 nömrəli məktəbdə oxumuşam.

Fəhlə ailəsində böyümüşəm, atam fəhlə idi. 4 qardaşıq, idman sahəsində olan təkcə mənəm. Adam gərək keçmişini danmasın. Bu gün futbolçuyamsa o demək deyil ki, keçmişimi unutmalıyam.

- Kənardan sakit görünürsən, yoxsa göstəriş edirsən?

- Kənardan sakit görsənirəm. Demək olar ki, sadəcə mənə yaxın insanlarla zarafat edirəm, amma zarafatın da həddi, məkanı, yeri var. Mənə yaxın dostlarla istirahət edirəm, zarafatlaşıram.

- Ali təhsil almaq və ya adi bir kitab oxumaq idmançı üçün çox çətindirmi?

- Əslində insan bir şeyi etmək istəyirsə, edir, bəhanə gətirmir. Düzdü, idman elə bir sahədir ki, adam bəzi şeylərdən uzaq durmalıdır və yaxud nəyisə istəsən də idmanla bir yerdə etmək olmur. İdmanla, futbolla məşğul olanlar yaxşı bilir ki, bizdə rejim necədir. Məşqlər ilə bərabər artıq heç nə edə bilmirsən.

Ali təhsilim yoxdu, amma hər halda ali təhsil lazımdı və yəqin ki, yaxın müddətdə bununla bağlı nəsə edəcəm.

- Hansısa universitet var ağlında?

- Düzünü desəm ali təhsilim olsun istəyirəm və hansı universitet olmasının fərqi yoxdu, amma yəqin ki, daha çox Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına üstünlük verəcəm.

- Futbol və sən – necə oldu? Yəqin məhəllədə çox futbol oynamısan?

- Futbol məhəllədən başlayır. Hərdən evə tez gələndə baxıram ki, uşaqlar futbol oynayır, qoşuluram onlarla oynayıram. Futbola gəlməyimə isə əslində evdə heç kəs razı deyildi. Atam deyinirdi ki, bəsdi boş-boş getdin futbola, normal bir işlə məşğul ol. Həmişə Qarabağa azarkeşlik edirdim. O vaxtı bizi həmişə gəlib avtobuslarla Qarabağın oyunlarına aparırdılar. Ağlıma gəlməzdi ki, bir gün özüm də bu komandada oynayacam. Məşqlərə gedirdim, futbola çox həvəsim vardı. İlk müəllimim Elnur Zeynalov olub. Bir dəfə “Qarabağ”ın seçim turları var idi, müəllimdən icazə alıb qatıldım. Orada türklər var idi və məni bəyəndilər, seçdilər. Seçim turlarında 365 nəfər iştirak edirdi, onlardan iki nəfər seçildi, bunlardan biri mən, biri də başqa bir oğlan idi.

- “Qarabağ” necə komandadır?

- Səbirli, mehriban ailədir. Hərə öz işi ilə məşğuldur. Kimsə kiminsə işinə qarışmır. Kollektivdə pis adam yoxdur.

- Başqa futbolçulardan fərqli olaraq sən təkcə “Qarabağ”da oynamısan? Başqa hansısa klubda oynamaq istəyərsən?

- Düzdü, mən təkcə “Qarabağ”da oynamışam. Komandamı sevirəm. Mənim yaxşı futbolçu olmağım üçün qarşıda hələ illər var. Amma istəyərdim təkcə “Qarabağ”da oynayım. Karyerama burada başlamışam və burada da son qoymaq istəyərəm. Amma legioner həyatı yaşamaq, özümü kənarda da sınamaq istəyərəm.

- Komandanın oyunçuları necə xarakterdə insanlardır və yaxud da yadda qalan hərəkətləri hansılardır?

- Rəşad Sadıxovun liderlik xüsusiyyətləri var, həmişə bildiyini öyrətməyə çalışır. Vüqar Nadirovla yaxşı münasibətimiz var, dost sayılırıq, demək olar ki,  hər gün görüşürük. İlqar Qurbanov komandanın gülüş mənbəyidir. Maksim Medvedev insan kimi yaxşı biridir. Amma yaxşı adamı aldatmağı da var. Bir də görürsən gəlib elə bir şeyi sənə elə bir tərzdə deyir ki, adam inanır. Namiq Yusifov – bu adamın elə bil dünya vecinə deyil. Fərhad Vəliyev bəlkə də komandadan heç vaxt ayrılmağını istəmədiyim dostlardan biridir. Xətri mənim üçün əzizdir.

- Hansı maraqlı hadisələrlə qarşılaşmısan?

- Böyük hadisələr başıma gəlməyib, amma iki dəfə telefonumu itirmişəm. Milli ilə oyuna getmişdik, Makedoniyadan qayıdırdıq. Heç bilmədim necə oldu, necə itdi.

- Ən sevdiyin içki? Və yaxud hansı içkilərdən imtina etmisən?

- Çay içməyi sevirəm, amma ən çox su içirik. Təbii ki, alkoqollu içkilər olmaz.

- Hər gün hansı yeməyi yeməkdən bezmərsən?

- Eyni yeməyi hər gün inanmıram ki, yeyə bilim, amma plovu sevirəm, tez-tez plov yeyirəm.

Mən futbolçuyam, meydandan kənarda sakit, səbirli, zarafatcıl biriyəm, amma meydanda onların heç biri olmur, həddindən artıq gərgin olursan. Kənardan deyilən sözlər, oyun gərginliyi və s. Səni bir azarkeş sevir, biri sevmir, biri nifrət edir, biri söyür, biri tərifləyir neyləmək olar? Amma içki, qəlyandan istifadə yaxşı hal deyil, sağlamlıq üçün zərərlidir.

Son vaxtlar adı tez-tez belə mövzularda hallanan Mahirə gəldikdə isə o, Azərbaycanda yaxşı futbolçulardan biridir. Adam əziyyət çəkir, qazanır, maşın sürür, ev alır. Əsəbiləşə bilər, söyüş də söyə bilər. Gərək insanı o həddə çatdırmayasan.  

- Deyirlər bir topun dalıyca 22 nəfər qaçır?!

- Qaçmalıyıq da (gülür). Futbolda işi saniyə həll edir.

- Futbolda olmasaydın kim olardın?

- Desəm ki, mənim yaxşı qəssablığım var, yəqin çox insan inanmaz. Futboldan əvvəl qəssablıq etmişəm. Futbolçu olmasaydım qəssab olardım. Mən keçmişimi, necə əziyyət çəkdiyimi unutmuram. Yəqin ki, qismətimdə futbolda olmaq varmış.

- Azərbaycanda hansı oyunçunu sevmirsən?

- “Neftçi”də Erik Ramos var, onu sevmirəm. Bu adam oldu-olmadı yerə yıxılır, artistlik edir.

- Kimləri görmək istəyərdin?

- Bizim 15 yaşlılarda oynayan uşaqlar var idi. O vaxt tez-tez görüşürdük, sonra hərə öz işi ilə məşğul oldu, hamı bir tərəfə getdi. İndi onlarla görüşmək istəyərdim.

- Saç düzümün maraqlıdı, amma yaraşır. Kimin ideyasıdı bu?

- Həmişə maraqlı bir şey etmək istəyirdim. Sağ olsun saç ustam Cəmil belə bir stil yaratdı. Dedi yaraşacaq, onun sayəsində saçımı çox adam bəyənir.

- Komandada nəyi bəyənmirsən?

- Məsələn, bir oyunu uduzanda tez o ab-havaya giririk, ruhdan tez düşürük. Bunu sevmirəm, amma yığışanda o ruh düşkünlüyü tez keçir və oyunlara daha məsuliyyətli hazırlaşırıq.

- Əlçatmaz arzun?

- Mənim gerçəkləşməsini istədiyim ən böyük arzum “Barcelona”nın heyətində oynamaqdı. Düzdü, futboldu, hər şey ola bilər, amma bu, hələ ki xəyal olaraq qalır (gülür).

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri