Mar
2019
14:44
101
62
3448
Virtual karabakh

“SOCAR Polymer” qeyri-neft sektorunun ixrac gəlirlərini 18 faiz artıracaq - PROQNOZ

6 Mar, 2019
14:44
3448

“SOCAR Polymer” qeyri-neft sektorunun ixrac gəlirlərini 18 faiz artıracaq - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müsahibi “SOCAR Polymer” kompleksinin baş direktoru Fərid Cəfərovdur.

- Hazırda “SOCAR Polymer” şirkətinin istehsal etdiyi məhsullar hansılardır və bu məhsulların yerli tələbatı ödəməsi, ixrac potensialı haqqında nə deyə bilərsiniz?

- “SOCAR Polymer” kompleksinin zavodlarında polimerlərin istehsalı sahəsində mövcud olan ən müasir istehsal texnologiyası tətbiq olunub. Ümumi olaraq, zavod polipropilenin (PP) 22, yüksəksıxlıqlı polietilenin (YSPE) isə 12 çeşidini istehsal etməyə qadirdir.

Hər hansı dövr ərzində istehsal olunacaq məhsul çeşidlərinin seçimi bazarda mövcud olan tələbata və digər vacib meyarlara əsasən ediləcək. Belə ki, ilkin mərhələdə 10 çeşiddə PP və dörd çeşiddə YSPE istehsalı planlaşdırılıb.

Kompleks təqribən bir aydır fəaliyyətdədir və artıq bəzi məhsullarımızı satmışıq, amma bu, yerli ehtiyacların hamısını qarşılamır. Birincisi, biz hazırda yerli istehsalçılarla əlaqələr qurmaqla və onlara nə lazım olduğunu araşdırmaqla məşğuluq. İkincisi, biz hələ də zavodun tam şəkildə istismara verilməsi prosesinin yekunlaşdırılması mərhələsindəyik.

Biz əvvəlcə bütün istismar sınaqlarını başa çatdırmalıyıq. Daha sonra yerli alıcıların istədikləri konkret məhsulların istehsal etməyə başlaya və onların bütün sifarişlərini yerinə yetirə bilərik. Məhsullarımızın çox yüksək ixrac potensialı vardır, çünki onların keyfiyyəti yüksəkdir, həm də istehsal etdiyimiz məhsulların çoxu yüksək tələbata malik və yaxşı satılan polipropilen növlərindən ibarətdir. 

Zavodlarımızda istehsal ediləcək məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, həmçinin ölkənin ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək.

Layihənin tam işə düşməsi nəticəsində 100 milyon ABŞ dolları həcmində Azərbaycana idxal olunan polipropilen və yüksəksıxlıqlı polietilen ölkə daxilində istehsal olunacaq və təqribən 250 milyon ABŞ dolları dəyərində olan məhsullar isə ixraca yönələcək. “SOCAR Polymer” kompleksinin tam işə düşməsi nəticəsində ölkənin qeyri-neft sektorunun ixrac gəlirlərinin 18% artması proqnozlaşdırılır.

- Zavodların işləməsi üçün neftdən başqa hansı xammal məhsullarına ehtiyac var? Bu tələbat necə ödənilir? 

- “SOCAR Polymer” zavodlarının işləməsi üçün lazım olan əsas xammallar etilen və propilendir. Etilen və propileni əldə etmək üçün yüngül/ağır naftanı və ya etan/propan qaz qarışığını piroliz sobalarında emal etmək lazımdır.

Kompleks propilen və etileni SOCAR-ın “Azərikimya” İstehsalat Birliyindən əldə edir. “Azərikimya” isə öz xammalını Heydər Əliyev adına Neft Emalı Zavodundan əldə edir. Neft Emalı Zavodu isə SOCAR-ın hasil etdiyi xam nefti ilk emaldan keçirir. Beləliklə, “SOCAR Polymer” Azərbaycanda SOCAR-ın dəyər zəncirini tamamlayan son həlqəsidir.

- Polipropilen zavodunun Azərbaycan üçün iqtisadi cəhətdən gəlirliliyi necə ölçülür? Bu məhsullara dünyada tələbat hansı səviyyədədir? 

- Aparılan bazar araşdırmalarına görə neft-kimya məhsullarına olan tələbatın artım tempi neftə olan tələbatın artım tempini təqribən üç dəfə üstələyir. Təkcə polipropilen zavodunun istismar müddətində 4,5 milyard ABŞ dollarından çox gəlir əldə olunması proqnozlaşdırılır.

Polipropilen məhsullarına olan qlobal tələbat 2018-ci ildə 74 milyon ton təşkil edib və növbəti beş il ərzində tələbatın ildə təqribən 5% artması proqnozlaşdırılır. 

- “SOCAR Polymer”ə daxil olan zavodlarda nə qədər işçi çalışır və kimya sənayesində çalışan bu insanların təhlükəsizlik məsələləri necə həll olunub?  

- Bütün  işçilər əməyin mühafizəsi normalarında müəyyən edilmiş müddətlərdə xüsusi geyim, ayaqqabı və tələb olunan digər fərdi mühafizə vasitələri ilə pulsuz təmin edilirlər.

Tələb olunan müddətlərdə və həcmdə işçilərin əməyin mühafizəsi norma və qaydaları üzrə təlimatlandırılması aparılır.

Sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) üzrə vahid idarəetmə sisteminin yaradılması sahəsində işlər aparılır. Belə ki, bu məqsədlə, səriştəli və təcrübəli mütəxəssislər işə cəlb edilmiş və elə bir mühit yaradılıb ki, təhlükəsizlik texnikası məsələləri hazırda şirkətimizin ən ümdə prioritetlərindən birinə çevrilib.

İstehsalat fəaliyyətinə başladığı qısa müddət ərzində əməyin mühafizəsi sahəsində 40-dan çox adda müxtəlif prosedur, 30-dan adda inspeksiya vərəqələri, eləcə də İşə İcazə və İşin Riskinin Qiymətləndirilməsi sənədləri hazırlanıb. İstehsalat və təhlükəsizlik mədəniyyətinin artırılması məqsədilə zavodda təşkilati tədbirlər görülür, işçilər arasında təbliğat işləri aparılır. 

Tibbi profilaktik işlərin aparılması və işçilərə ilk tibbi yardımın göstərilməsi üçün zavodda 24 saat ərzində fəaliyyət göstərən tibb məntəqəsi təşkil edilib. Tibb məntəqəsi ilk tibbi yardım maşını ilə təchiz edilib və həkim növbətçiliyi təşkil olunub. Bütün işçilər işə “SOCAR Polymer” MMC-yə məxsus avtobuslarla aparılıb-gətirilir.

Əməyin mühafizəsi üzrə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər işlər də aparılır.

- Vaxtilə sənaye şəhəri kimi tanınan Sumqayıt yenidən bu müəssisələrin məkanına çevrilir. Ətraf mühitin qorunması ilə bağlı hansı tədbirləri görürsünüz?

- Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edənə qədər Sumqayıt şəhəri ölkəmizdə, eləcə də, dünyada atmosferi ən çox çirkləndirən müəssisələri ilə məşhur olub. Aparılan yenidənqurma tədbirlərinun nəticəsi olaraq, artıq Sumqayıtda ətraf mühit üçün təhlükə yaradan müəssisələrin fəaliyyəti dayandırılıb və yeni müəssisələr istismara verilib.

Bu gün Sumqayıt şəhəri ölkəmizin ekoloji cəhətdən ən təmiz şəhərlərindən birinə çevrilib. “SOCAR Polymer” MMC olaraq biz də ilk gündən istehsalat fəaliyyətimizi məhz insan sağlamlığının və ətraf mühitin qorunması meyarları əsasında təşkil etmişik. Belə ki, istehsalat prosesində əmələ gələn müxtəlif növ tullantıların növlərinə görə çeşidlənərək utilizasiya edilmək üçün təyinatı üzrə təhvil verilir.

İstehsal proseslərində əmələ gələn çirkab suları Sumqayıt Kimya Texnologiyalar Parkının təmizləyici qurğularına ötürülür. İstehsalat prosesində əmələ gələn, atmosferə atılan zərərli maddələrin atıla bilən hədd normaları daxilində olmasına daima nəzarət həyata keçirilir. Mövcud yaşıllıq zonalarına texniki qulluq təşkil edilmiş və hazırda yaşıllıq zonasının artırılması üzrə işlər aparılır.

Kompleksdəki ventilyasiya qurğularının vəziyyətinə mütəmadi olaraq baxışlar keçirilir və aşkar edilmiş nasazlıqlar dərhal aradan qaldırılır. Yeraltı suların monitorinqlərinin keçirilməsi üçün xüsusi quyuların qazılması planlaşdırılıb. 

Sadaladığımız işlərlə yanaşı avadanlıq və qurğularda baş verə biləcək təhlükəli maye sızmalarının qarşısını almaq üçün müvafiq nəzarət tədbirləri keçirilir.

Ətraf mühitin qorunması üzrə işçilər arasında müvafiq təlimatlandırma və təbliğat işləri aparılır və bu məqsədlə “SOCAR Polymer” MMC-də ətraf mühitin mühafizəsinə dair müasir kitabxana yaradılıb. Ölkə iqtisadiyyatının inkişafına və ekoloji tarazlığın qorunmasına daha da layiqli töhfə vermək üçün çalışmağı qarşımıza məqsəd qoymuşuq.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri