Mar
2019
23:27
227
40
7143
Virtual karabakh

20 yaşlı “conversation” müəllimi: İngilis dilini qısa zamanda sıfırdan öyrəndim - MÜSAHİBƏ

8 Mar, 2019
23:27
7143

20 yaşlı “conversation” müəllimi: İngilis dilini qısa zamanda sıfırdan öyrəndim - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, sıfırdan öyrənməyə başladığı ingilis dili ilə indi həmin kursda “conversation” (danışıq) müəllimi olaraq çalışır.

İqtisad Universitetində maliyyə ixtisası üzrə təhsil alan, IV kurs tələbəsi 20 yaşlı Kənan Sabirlinin Oxu.Az-a müsahibəsini təqdim edirik:

- İngilis dilini öyrənməyə necə qərar verdiniz və necə başladınız?

- Məktəb vaxtlarından ingilis dilinə maraq göstərirdim. Universitetin ilk ilində boş vaxtlarımın çoxluğundan ingilis dilini öyrənmək üçün fürsət yarandı və kursa yazıldım.

- “Conversation” müəllimi olaraq işə necə başladınız?

- Həmin kursda ingilis dilini bir il ərzində öyrəndim. Kursun meneceri tərəfindən “part-time” iş təklifi aldım. Bu, mənim üçün gözlənilməz olmadı, çünki kursda fərqlənirdim: ingilis dilini tez bir zamanda sıfırdan öyrənə bilmişdim və bəzən “conversation” müəllimlərini əvəz edirdim.

- Dil öyrənmək üçün effektiv üsullar nələrdir? Nələrə diqqət etmək lazımdır, necə öyrənmək olar?

- Hər hansı bir dili tez öyrənmək üçün o dil ilə əhatələnməlisən. Həmin dildə danışmalı, dinləməli, oxumalı və yazmalısan. Bunun üçün müxtəlif metodlar var. Kitablar, məqalələr, bloqlar, elmi yazılarla məşğul olmaq oxumaq qabiliyyətinin inkişafı üçün zəruridir. Dinləmə və anlama üçün maraq dairənizə uyğun filmlər, videolar, televiziya proqramları, sənədli filmlər izləmək əvəzsizdir.

Danışığı isə təbii ki, daim ünsiyyətdə olaraq inkişaf etdirə bilərsiniz. Sizlə eyni vaxtda həmin dili öyrənən insanlarla, o dili bilən dost-tanışlarınızla, sosial şəbəkələr vasitəsilə tanış ola biləcəyiniz əcnəbilərlə mütəmadi ünsiyyət faydalıdır.

- İngilis dilini öyrənən zaman hansı çətinlikləriniz olub və öhdəsindən necə gəlmisiniz?

- Yeni öyrənməyə başlayanda cümlələri düzgün qura bilməmək, lazımi sözü bilməmək, qəribə aksentlə danışmaq, danışıq dərslərində yuxarı səviyyəli tələbələrin yanında danışmağa utanmaq məni demotivasiya edirdi. Məktəb bazası və yaxşı qavrama qabiliyyətim olduğu üçün qrammatika dərslərində o qədər də çətinlik çəkmirdim.

İngilis dilinə həvəsim olduğu üçün demotivasiyadan çox motivasiyaya fokuslandım. Bu dilin beynəlxalq dil olduğunu, mənə sosial, təhsil, iş həyatımda verə biləcəyi avantajları düşünərək bu dilə daha çox vaxt ayırdım.

- Universitetlə eyni vaxtda ingilis dilinizi inkişaf etdirib işləyirsiniz, bir-birinə mane olmaması üçün hansısa üsullarınız var?

- Universitetin ilk ilində səhər növbəsində oxuduğum üçün günortadan sonra çox boş vaxtım olurdu, I kurs olduğum üçün universitet dərslərinin asanlığı böyük avantaj idi. Səhərlər universitetdə, günortadan sonra kursda olurdum, axşamlar 1-2 saat istirahətdən sonra ingilis dilinə və dərslərimə vaxt ayırırdım.

- Gəncliyin əsas problemləri nələrdir, sizcə? Daha yaxşı gənclik necə yaratmaq olar?

- İngilis dilini öyrəndiyim müddətdə həmyaşıdlarımın yeni dilə və ya bacarığa yiyələnmək əvəzinə vaxtlarını internet klublarda, kafelərdə, çayxanalarda necə boşa sərf etdiklərini müşahidə edirdim. 

Bacardığım qədər dost-tanışlarıma vaxtın tez keçdiyini, öyrənmək üçün ideal yaşda olduqlarını başa salmağa çalışırdım. Bəziləri sadə bəhanələr uyduraraq – vaxtlarının və fürsətlərinin olmadığını deyərək qulaqardına vursalar da, bəziləri özlərində motivasiya taparaq nələrsə etməyə çalışırdılar.

Fikrimcə, yaxşı gənclik yaratmaq ilk öncə təhsildən başlayır. Təhsilin keyfiyyəti nə qədər yaxşı olsa gənclik də bir o qədər parlaq olacaq. Bundan əlavə, gənclərin nümunə götürdüyü şəxslərin uğurlu, təcrübəli və cəmiyyətə yararlı insanlar olması gəncliyin düzgün formalaşmasında böyük rol oynayır.

- Gələcək üçün planlarınız nələrdir?

- Universiteti bitirmək üzrəyəm və ağlımda təhsilimin növbəti pilləsi magistr təhsilidir. Xaricdə magistr təhsili almağın avantajlı olacağını düşündüyüm üçün yaxın bir il ərzində Avropa ölkələrinin birində təhsilimi davam etdirmək istəyirəm. 

Xaricdə təhsil almağın başqa üstünlükləri də var. Müvəqqəti də olsa ailədən uzaqda tək yaşamaq yetkin insanın formalaşması üçün zəruridir. Başqa ölkə təcrübəsini, mədəniyyətini öyrənmək öyrənilən yaxşı cəhətləri öz cəmiyyətimizdə tətbiq etmək imkanı yaradır.

- Gənclərə sözünüz...

- Xüsusən bakalavr pilləsinin ilk pilləsində olan gənclərə vaxtlarını düzgün qiymətləndirməyi, maraq dairəsində olduqları biliklərə və bacarıqlara vaxt itirmədən yiyələnməyi və təhsil, iş, əyləncə balansını düzgün tənzimləməyi tövsiyə edirəm.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri