Mar
2019
20:31
130
367
11593
Virtual karabakh

Aysel Novruz: Azərbaycan qadını ömrünün ikinci yarısını peşmanlıqla keçirir

8 Mar, 2019
20:31
11593

Aysel Novruz: Azərbaycan qadını ömrünün ikinci yarısını peşmanlıqla keçirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 Mart - Qadınlar günüdür deyərkən, bunun kimlərə şamil olunduğu düşünülmür. Kimlər bu bayrama layiqdir və qadın sözünü layiqli şəkildə daşıyır? Qürurla daşımalı olduqları bu sözün məsuliyyətinin fərqində olan az insan var. 

İctimaiyyətin yaratmaq istədiyi qadın fiquru əsl qadınla nə dərəcədə uyğunlaşır? Azərbaycanda bu ada layiq olan və xanımlığı, zərifliyi ilə yanaşı savadı və uğurları ilə tanınan qadınlardan biri Aysel Novruzdur.

Oxu.Az ixtisasca pianoçu olan, Fransız Akademiyasının yaradıcısı Aysel Novruzla müsahibəni təqdim edir:

- Hər şey necə başladı?

- Hər şey mənlə başladı. Fransaya uşaqlıqdan arzularımda getmişdim. Böyüdüm, həyat elə gətirmədi, biz həyatı belə gətirdik ki, arzularımız gerçəyə çevrildi. Orta məktəbi bitirdikdən sonra 18 yaşımda Fransa Konservatoriyasına pianoçu kimi qəbul olub təhsilimi davam etdirdim.

- Fransada oxuyub qayıtdıqdan sonra nə kimi fərqliliklərlə rastlaşdınız? Fransa və Azərbaycan cəmiyyətində qadınların rolu arasında nə kimi fərqlər var?

- Fransa ilə Azərbaycanın müqayisəsi tipik qərb-şərq müqayisəsidir. Qərbdə insanlar yazılmış qanunlarla yaşayırlar, Şərq isə yazılmamış qanunlar üzərindədir. Təcrübəsiz birinin Qərbə gedib yaşaması mümkündür, ancaq Şərq təcrübəsi daşımayan birinin Şərqdə baş çıxarması qeyri-mümkündür. 

Azərbaycan qadını ömrünün ilk yarısını sadəlövh, ikinci yarısını peşmançılıqla keçirir. Cəmiyyətdə qadın kişiyə nisbətən sürətlə inkişaf edir, yavaş-yavaş hər şey dəyişir, cəmiyyətdə qadın xoşbəxtliyi, hüzuru kişiyə nisbətən daha çox axtarır, o, daha çox narazıdır. Bütün bunlar cəmiyyəti dəyişir, bir qadın cəmiyyəti dəyişirsə, o ölkənin aqibəti də dəyişəcək.

- Sizcə, Azərbaycanda feministliyə ehtiyac var? Ümumiyyətlə, Azərbaycanda bu söz düzgün ifadə olunur?

- Feminizm başqadır, Azərbaycandakı feminizm tam başqa. Bizdə qayınanasından icazə alıb gündə üç saat işə gedən hər qadın özünü feminist hesab edir və ya kişiləri tənqid etmək feminizm adlanır. Feminizm çox dərin mövzudur, feminist olmaq təkcə kişilərin yox, təbiətin əksinə getməkdir. Düşünürəm ki, Azərbaycandakı feminizm bir az eqoist qadınlara verilən addır. 

Kişilərlə qadınlar bərabər deyil, yaxın on il ərzində də bərabər olmayacaqlar. Azərbaycanda qadın-kişi bərabərliyinin nə olduğunu izah etmək, anlamaq, sonra onu həyata keçirməyə başlamaq lazımdır. Qorxuram ki, kişilərlə qadınlar bərabər olar, sonra kişilərlə qadınlar necə bərabər olur, onu araşdırmağa başlayarıq. Əsl qiyamət onda qopar.

- Sizcə, uğurunuzun əsas səbəbləri nələrdir?

- Məncə, uğurun səbəbi olmur. İnsanlar səhnəyə çıxıb uğuru necə əldə etdiklərini danışırlar. Onları izləyən iki min insana elə gəlir ki, o yolu keçsələr, uğur qazanacaqlar. Kimsə ürəkdən inanır ki, gecə-gündüz çalışsa, sevdiyi işlə məşğul olsa uğur qazanacaq, başqa biri düşünür ki, universiteti atıb getsə uğur qazanacaq, digər biri Harvard Universitetini bitirsə uğur qazanacağını sanır. Bunların səbəbi odur ki, biz uğur qazanmış insanları dinləməyi sevirik. 

Sizi əmin edirəm, eyni yolu keçib uğur qazanmamış daha çox insan var. Biz sadəcə onlardan soruşmuruq, onları eşitmirik. Gecə-gündüz oxuyub uğur qazanmamış insan daha çoxdur, Harvard Universitetini bitirib uğur qazanmamış insan, universiteti atıb uğur qazanmamış insan daha çoxdur. Çox az insan uğur qazanır və biz o azlığı səhnəyə çıxarıb dinləyirik, bizə elə gəlir ki, onlar kimi etsək, uğur qazanacağıq.

Uğur sadəcə qismətdir. Hansı yolu keçirsən, keç, sən o uğuru qazanmalısan, o nöqtəyə gələcəksən. Çünki sənin həyatında o nöqtəni yazıblar. Həyatında elə bir dayanacaq var və sən ölümə gedən yolda o dayanacaqdan keçəcəksən. Mənim də uğur qazanma səbəbim yoxdur, uğur adlı dayanacağım var, hazırda yəqin ki, ordayam.

- Nələrdən, kimlərdən ilhamlanırsınız?

- Ədalətdən, xeyirxahlıqdan ilhamlanıram. Birinin yaxşılıq etdiyini, təbəssüm etdiyini, başqa birinə yardım etdiyini görmək məni ümidləndirir. Özümü ən xoşbəxt hiss etdiyim vaxt başqa birinə faydalı olduğum vaxtdır. Gözlərimi yaşardan ən böyük duyğu isə xeyirxahlıqdır. 

İlhamlandığım konkret birisi isə yoxdur. Nümunə də, ideal da özümün də xəbərim olmadığı içimdəki özüməm.

- Gənclərdə nələri bəyənmirsiniz?

- Gənclərdə təhsil səviyyəsi, dünyagörüşü yoxsulluqlarını bəyənmirəm. Çox bəsit, sadə qalmışıq, mənasızlaşırıq. Bir tərəfdə həddən çox oxuyan, dünya mədəniyyətinə inteqrasiya edən təbəqə var, digər tərəfdə də ağzını açıb üç cümləni ardıcıl sərbəst şəkildə danışa bilməyən, özünü ifadə edə bilməyən, nə istədiyini anlamayan, informasiya alış-verişində geri qalan gənc təbəqə var.

Bunu görmək üçün metroya, avtobusa minmək, universitetlərin qarşısından keçmək kifayətdir. Gənclər sadəcə “İnstagram”da moda səhifələrini bəyənib zahirlərini dəyişməklə məşğuldurlar.

Yeganə narazı qaldığım təhsil və dünyagörüş səviyyələridir. Çoxlu kitab oxumaq yox, doğru kitab oxumaq lazımdır. Nə qədər oxuduğun yox, nə oxuduğun önəmlidir. Kütlə psixologiyasından çıxmaq lazımdır. Hazırda Azərbaycanda mövcud sosial problemlərin kökündə kütlə psixologiyası, mentalitet dayanır. Külək həmişə bir istiqamətə əsir. 

Fərdilik fərqlilik deməkdir. Fərqlilik azad fikirdir, azad fikir – demokratiyadır. Demokratiya inkişaf deməkdir. Sürü kimi gedəndə heç bir inkişafdan söhbət gedə bilməz. Gənc qızlarda, qadınlarda birmənalı olaraq savad, elm, təhsil, dünyagörüşü bəyənmirəm.

- Daha yaxşı cəmiyyət necə yaratmaq olar, sizcə?

- İbtidai təhsil çox önəmlidir. İnsanlara hər şeydən əvvəl xoşbəxt olmağı, sonra ağıllı olmağı öyrətmək lazımdır. İnsanlar xoşbəxt yaşamaq üçün çalışmalıdırlar. Daha çox ağıllı olmaq rəqabət yaradır, rəqabət hüzursuzluq yaradır, hüzursuzluq isə psixoloji travmadır.

“Daha ağıllı” müsabiqəsindən çıxıb necə rahat və xoşbəxt, mehriban yaşaya biləcəyimizi düşünməliyik. Fərddən öncə toplum yetişdirmək lazımdır. Düzdür, fərdin sayəsində toplum yaranır, amma diqqət fərdə yox, topluma yönəlir. 

Məktəblərin rolu böyükdür. Azərbaycanda yaxşı təhsil verən ödənişli liseylər, yaxşı təhsil verməyən ödənişsiz dövlət məktəbləri var. Bu o deməkdir ki, əhalinin əksəriyyəti doğru istiqamətlənmədən kənarda qalıb. Əhali haraya, necə gedəcəyini bilmir, bunlar da getdikcə problem yaradır. 

Metroda qatardan düşən də narazıdır ki, düşməyə imkan vermirlər, qatara minən də narazıdır ki, minməyə imkan vermirlər. Hamı şikayət edir.

Təhsil yaxşı olmalıdır deyib Amerikanın riyaziyyat kitabini gətirməyə ehtiyac yoxdur. Tədris başqadır, təhsil daha geniş məfhumdur. Ruhun, bədənin, mədəniyyətin, yanaşmanın, xarakterin təhsili inkişaf etdirilməlidir. Bütün bədən üzvlərimiz təhsil almalıdır, ancaq bu yolla xaosdan çıxa biləcəyik.

- Gələcək üçün planlarınız nələrdir?

- Heç vaxt plan qurmuram. Həyatın mənim üçün hazırladığı plan olduğuna əminəm, onu heç vaxt dəyişdirə bilmərəm, ona hazır ola bilərəm. Bu, yayda çimərliyə  getmək üçün yazdan arıqlamağa başlamağa bənzəyir. 

Həyatı belə yaşayıram: əxlaqımı, mənəviyyatımı, təhsilimi, dünyagörüşümü səviyyəsində saxlamağa çalışıram ki, həyat sabah mənə başqa imtahan, mükafat gətirəndə onu həzm edə bilim. Həyatın nə gətirəcəyini bilmirəm, onu axtarmağa da çalışmıram. Sabah oyanıb tamamilə fərqli ölkədə həyatımı davam edə bilərəm. İnandığım bir şey var: mənim olan əvvəl-axır mənə gələcək, mənim olmayanlar üçünsə enerji sərf etməyimə gərək yoxdur. Diqqət etdiyim öz sahib olduğum dəyərlərdir. Onları itirməməli, məhv etməməliyəm. Qalan heç nə üçün çalışmıram.

- Qadınlara, gənc qızlara sözünüz...

- Gənclərdə görmək istədiyim içdən gələn təbəssümdür. İçlərini və ətraflarını elə düzəltsinlər ki, o təbəssüm daim səmimi olsun.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri