Mar
2019
10:35
28
124
3119
Virtual karabakh

Tahir Rzayev: Böyük sənətçiləri bir-birinə qarşı qaldırmaq olmaz - MÜSAHİBƏ

9 Mar, 2019
10:35
3119

Tahir Rzayev: Böyük sənətçiləri bir-birinə qarşı qaldırmaq olmaz - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını millət vəkili, şair Tahir Rzayev cavablandırır:

- Tahir müəllim, üstündən bir həftədən çox keçməsinə baxmayaraq, hələ də ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü ətrafında müzakilər davam etməkdədir. Bir yaradıcı ziyalı, bir çox əsərlərin müəllifi kimi, siz bu görüş və müzakirələr barədə nə deyərdiniz?

- Azərbaycan öz təbii sərvətləri ilə zəngin olduğu kimi, tarixi mədəniyyəti ilə də zəngindir, şöhrətlidir.

Bu zənginliyi dünyaya çatdırmaq, yeni-yeni sənət nümunələri yaratmaq, mədəniyyətimizi inkişaf etdirmək dövlətimizlə bərabər, həm də yaradıcı insanların vəzifəsidir. Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin tanınmış mədəniyyət xadimlərinin bir qrupu ilə görüşü də məhz bu məqsədə, mədəniyyətimizin inkişafına, bu sahədə olan müəyyən çatışmazlıqların aradan qaldırılmasına xidmət edir.

Görüşdə söylənilən fikirlər, səsləndirilən təkliflər, qaldırılan məsələlər və bu məsələlərin həlli üçün verilən konkret tapşırıqlar aşkarlığın, prezidentlə ziyalılar arasında qarşılıqlı səmimiyyətin, fikir mübadilələrinin əyani nümunəsidir.

Həm də mədəniyyət xadimlərinin gələcək yaradıcılıq imkanlarının yaxşılaşdırılması üçün bir stimuldur. Belə görüşlər nəinki mədəniyyət xadimləri, eləcə də, bütün respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Çünki bu tədbirlər  ziyalılara, yaradıcı insanlara məhəbbətdən, onların yaradıcılığına, şəxsiyyətinə hörmətdən, ölkə mədəniyyətinin inkişafına göstərilən qayğı və diqqətdən qaynaqlanır.

Ona görə bu yöndə müzakirələrin, fikir mübadilələrinin davam etməsi təbiidir. Bunlar olmalıdır və olacaq.

- Bir məsələ də var ki, tanınmış, əməyi, xidmətləri olmuş mədəniyyət, incəsənət xadimlərindən bəziləri bu görüşə dəvət edilməmişdi. Məsələn, Niyaməddin Musayev, Rasim Balayev, Bəsti Cəfərova, Ramiz Məlik, Ramiz Məlik-Aslanov, Şahnaz Haşımova və sair. Hətta, onlardan bəziləri yüngül formada da olsa, öz incikliklərini gizlətməmişdilər və gizlətmirlər...

- Hesab edirəm ki, bu məsələ ətrafında hansısa hay-küyə, ajiotaja ehtiyac yoxdur.

İnanmıram ki, bu görüşü hazırlayanlar, siyahını tətib edənlər burada hansısa başqa, şəxsi maraq güdsünlər. 

Bu, sadəcə, müəyyən qədər anlaşılmazlıq kimi qiymətləndirilə bilər və əslində də belədir. Həm də bu görüş ilk idi və hamını ora dəvət etmək vaxt, zaman, məkan baxımından mümkün görünmür. Özünüz də yəqin ki, dinlədiniz, dövlət başçısı bu cür görüşlərin davamlı olacağının siqnalını verdi, bu baxımdan, növbəti görüşlərə digər tanınmış sənətçilərimiz, korifeylərimiz, ziyalılarımız dəvət ala bilər.

Həmçinin şahidisiniz ki, istər görüş zamanı, istərsə də görüşdən sonra mediada yer alan məsələlər diqqətdən kənarda qalmadı. Dövlət başçısı görüşə dəvət edilməyənlərdən birinə, böyük sənətçimiz, gözəl aktyorumuz, Azərbaycan kinosunun, Azərbaycan səhnəsinin “Babək”i və “Nəsimi”si, Xalq artisti Rasim Balayevə  şəxsən zəng edərək, onun fikirlərini, təkliflərini də dinlədi. Bu özü böyüklük, müdriklik, əsl ağsaqqallıq nümunəsidir.

İnanıram ki, görüşə dəvət edilməyən digər sənətçilərimizin də fikirləri, təklifləri diqqətdən, nəzərdən kənarda qalmayacaq, növbəti dönəmlərdə nəzərə alınacaq.

Bununla belə, görüşdən dərhal sonra kinomuzun inkişafı ilə bağlı sənədin imzalanması, iki dövlət teatrına akademik statusunun verilməsi və həmin teatrın əməkdaşlarının əməkhaqlarının yaxın zamanlarda artmasının gözlənilməsi və digər məqamlar özü onu göstərir ki, Azərbaycan mədəniyyətinin, Azərbaycan mədəniyyət xadimlərinin dövlət və dövlət başçısı səviyyəsində dəstəkçisi, himayəçisi var.

Bunun özü ən böyük göstərici, ən böyük nəticədir...

- Görüşdən sonra bəzi sənətçiləri üz-üzə qoymağa cəhdlər göstərilir: məsələn korifey sənətçi Zeynəb Xanlarova ilə tanınmış aktrisa, Xalq artisti Afaq Bəşirqızını, Şəfiqə Məmmədova ilə Rasim Balayevi...

- Bunlar ziyanlı, xeyirsiz işlərdir.

Bunların sənətimizə, mədəniyyətimizə xeyri, töhfəsi yoxdur. Hər bir kəs belə məsələlərdə və məqamlarda çox diqqətli olmalı, həssas davranmalıdır.

Böyük sənətçilər, korifeylər, nəhənglər, əsl sənətkarlar heç də tez-tez yaranmır. Onlar az-az yetişir. Onları qorumaq, onların qədir-qiymətini bilmək, ucuz söz-söhbətlərdən, intriqalardan uzaq tutmaq lazımdır.

Böyük sənətçiləri qarşı-qarşıya gətirmək, bir-birinə qarşı qaldırmaq olmaz. Onların hər birinin Azərbaycan xalqının tarixində, mədəniyyətində xüsusi yeri, çəkisi var. Bunlar mütləq nəzərə alınmalı və göz önünə gətirilməlidir.

Eyni zamanda, böyük sənətçilərimiz özləri də bu kimi anlarda son dərəcədə diqqətli davranmalı, öz həmkarları ilə qarşı-qarşıya gələ biləcək addımlara imkan verməməli, bir-biriləri haqda fikir səsləndirərkən kifayət qədər korrekt olmalıdırlar.

Məhz o zaman sənətimiz, mədəniyyətimiz daha böyük xeyir, uduş əldə edə bilər.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri