11 
Mar
2019
14:05
20
347
3068
Virtual karabakh

Son 11 ayda Qarabağ məsələsində əldə olunan nailiyyətlər - Deputat açıqladı

11 Mar, 2019
14:05
3068

Son 11 ayda Qarabağ məsələsində əldə olunan nailiyyətlər - Deputat açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavablandırır:

- Səməd müəllim, Azərbaycanda keçirilən 11 aprel 2018-ci il tarixli növbədənkənar prezident seçkilərindən bizi 11 aylıq zaman məsafəsi ayırır.

Bu 11 ay ərzində ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunu, xüsusilə, 31 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan münaqişəsinin dinc və danışıqlar yolu ilə həll edilməsi istiqamətində aparılan işləri necə qiymətləndirirsiniz?

Nəticələr ümidverici, qənaətbəxşdirmi?

- Qarabağ məsələsinin həlli bir istiqamətdən, bir mövqedən təhlil oluna bilməz.

Bu, çoxşaxəli və öz-özlüyündə xüsusi yanaşma tələb edən bir faciə, bir problemdir ki, Azərbaycan onunla düz 31 il öncə, 1988-ci ildən üzləşib. Ancaq bu məsələnin həlli istiqamətində bir çox işlər görülüb, görülür və bundan sonra da görüləcək. 

Birincisi, Azərbaycan dövlətinin, onun gücünün, qüdrətinin, dünya ölkələri içərisində mövcudluğunun, təsir imkanlarının, nüfuzunun artırılması istiqamətində aparılan işlər birbaşa Qarabağ məsələsinə təsir edən amildir. Bu bir il, daha doğrusu, ötən 11 ay ərzində də bu yöndə nə qədər işlər görülüb, elə bilirəm ki, onu xırdalamağa da geniş ehtiyac yoxdur.

Elə bunu xatırlatmaq kifayətdir ki, həm TAP, həm TANAP, həm Bakı-Tbilisi-Qars, həm digər nəqliyyat-kommunikasiya, iqtisadi inkişaf layihələrinin həyata keçirilməsi bu gün hansı səviyyədədir. 

Buna ölkənin özünün daxilində aparılan islahatları, görülən işləri də əlavə etsək görərsiniz ki, Azərbaycanın ötən bir il ərzində həm iqtisadi, həm də siyasi gücü artıb. Bu, necə deyərlər, dövlətin iqtisadi və siyasi gücünün artırılması deməkdir. 

İkinsisi, il ərzində Azərbaycan, Qarabağ həqiqətlərinin, ölkəmizin başına gətirilmiş faciələrin, Ermənistan-Azərbaycan münaqişəsinin, torpaqların işğalı ilə bağlı məsələnin dünyaya çatdırılması istiqamətində bütün vasitələrdən istifadə olunub.

Bunu söyləyərkən də, məlumatların, həqiqətlərin, başımıza gətirilənlərin  birbaşa beynəlxalq forumlar, beynəlxalq təşkilatlar səviyyəsində təqdim olunması məsələsini nəzərdə tuturam.

Yəni, belə demək mümkünsə, Azərbaycan xalqının üzləşdiyi, məruz qaldığı etnik təmizləmə siyasətinın, qaçqın və məcburi köçkün məsələsinin, o cümlədən, xalq diplomatiyası tərəfindən dünya parlamentlərində, beynəlxalq ictimai təşkilatlarda işlərin təqdim olunmasından söhbət gedir. Bu istiqamətdə də hansı işlərin görüldüyü göz qarşısındadır. 

Elə bu işlərin nəticəsidir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsi həm Avropa Parlamentində, həm Avropa Şurasında, həm də başqa beynəlxalq qurumlarda birbaşa qətnamələr şəklində öz əksini tapıb. Bunun özü də son bir ildə xüsusi təkan almış proses kimi qiymətləndirilə bilər. 

Üçüncüsü, danışıqların birbaşa Dağlıq Qarabağ erməniləri ilə aparılması, prosesin formatının dəyişdirilməsi ilə bağlı Ermənistanın, onun baş naziri Nikol Paşinyanın məlum avantürsist təklifi, Azərbaycana qarşı hansısa şərtlərin irəli sürülməsi və onların nəticə etibarı ilə dəf edilməsi göz qabağındadır.

Bu, bütövlükdə onu göstərir ki, Azərbaycanın həm iqtisadi, həm siyasi, həm hərbi qüdrəti (Günnüt əməliyyatı, Lələ təpədə Azərbaycan bayrağının dalğalanması və sair - red.) bu məsələdə öz sözünü deyib. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prinsipinin dünyanın bütün beynəlxalq təşkilatları tərəfindən tanınması, qəbul edilməsi bu məsələlərdə öz müsbət rolunu oynayıb.

Elə bir neçə gün öncə Avropa İttifaqı rəsmiləri səviyyəsində danışıqların formatının dəyişdirilməsinin mümkünsüzlüyü ilə bağlı siyasi bəyanatın verilməsi özü çox mətləblərdən xəbər verir.

Yəni, biz məsələni bu 3 istiqamətdə təhlil edəndə görürük ki, 11 ay ərzində Qarabağ məsələsinin sülh və danışıqlar yolu ilə həll olunması yönündə çox işlər görülüb, xeyli nailiyyətlər var.

Demirəm ki, bu nailiyyətlər inkişaf etdirilməməlidir, əksinə, bu 3 istiqamət üzrə əldə olunmuş nailiyyətlər əsasında daha çox, daha ciddi şəkildə işləmək və bu yöndə siyasəti yüksək səviyyədə təşkil etmək lazımdır.

- Siz Avropa təşkilatlarından, o cümlədən, Avropa İttifaqından danışdınız. Bu gün heç kimə də sirr deyil ki, Avropa İttafaqı az qala nəinki Avropada, bütün dünyada ən üst quruma çevrilməkdədir.

Onu da qeyd edək ki, ötən ilin yayında ölkə başçısının Brüsellə səfərində Qarabağ məsələsinin həlli ilə bağlı çox mühüm uğur əldə olundu, qəbul edilmiş kommünikedə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsi birmənalı şəkildə öz əksini tapdı.

Bu baxımdan, Ermənistan-Azərbaycan münaqişəsinin həllində, yəni danışıqlar prosesinin hansısa mərhələsində bu quruma daha çox önəm verilə bilərmi? 

- Əvvəla, mən deməzdim ki, bu gün Avropa İttifaqı dünyanın ən aparıcı təşkilatına çevrilib.

Ancaq sözünüzdə bir həqiqət var ki, Avropa İttifaqı bu gün Azərbaycan üçün ən əhəmiyyətli təşkilatlardan biridir.

Ona görə ki, bizim bütün əlaqələrimiz, işlərimiz birbaşa və bilavasitə Avropa İttifaqı ilə bağlıdır. Bu nöqteyi-nəzərdən Avropa İttifaqı bizim üçün xüsusi əhəmiyyət kəsb edən bir təşkilat kimi qiymənləndirilməli və nəzərə alınmalıdır. 

Bu günə qədər aparılmış danışıqlar, imzalanmış müqavilələr, bununla yanaşı, nəzərdə tutulan, həyata keçiriləcək planlar ona dəlalət edir ki, bu gün Azərbaycanın düşündüyü, fikirləşdiyi, istədiyi daxili maraqlar Avropa İttifaqının özünün içərisindəki maraqlar çərçivəsində üst-üstə düşür.

Deməli, bu, yalnız bizim maraqlarımız kimi deyil, o cümlədən, Avropa İttifaqının maraqları kimi də qiymətləndirilməlidir. Bu isə nəticə etibarı ilə ona gətirib çıxarır ki, Azərbaycan yalnız öz maraqlarını Avropa İttifaqına təqdim etmir, həm də Avropa İttifaqı Azərbaycanın maraqlarını öz maraqları çərçivəsində müdafiə edir. 

Bir daha qeyd edirəm, elə bugünlərdə şahidi olduq ki, Paşinyanın danışıqların formatının dəyişdirilməsi ilə bağlı təklifinə Avropa İttifaqı öz maraqları çərçivəsində və Azərbaycanın maraqlarına üstünlük verməklə, münasibət bildirmiş oldu. 

Açıq şəkildə bildirildi ki, danışıqlar prosesinin formatının dəyişdirilməsi kifayət qədər səmərəli deyil. Ona görə ki, bu, başqa gözlənilməyən nəticələrə gətirib çıxara bilər. O nəticələr də nədən ibarətdir və nədən ibarət ola bilər, onu həm biz özümüz gözəl bilirik, həm də beynəlxalq ekspetlər, Avropa qurumları özləri.

Bir sözlə, danışıqların formatının dəyişdirilməsi həm Avropa üçün, həm Avropa İttifaqı üçün Azərbaycan kimi yüksək səviyyəli bir partnyorla problemlərin üzə çıxması ilə müşahidə oluna bilər.

Bu da nə Avropanın, nə də Avropa İttifaqının marağında olan bir məsələdir. Bunu məhz bu cür təhlil etmək lazımdır... 

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri