15 
Mar
2019
21:01
337
46
4397
Virtual karabakh

Cavan Zeynallı: Mini ətəkdə efirə çıxıb, özlərini reklam edirlər - MÜSAHİBƏ

15 Mar, 2019
21:01
4397

Cavan Zeynallı: Mini ətəkdə efirə çıxıb, özlərini reklam edirlər - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Caz sənətinin ustadı, Xalq artisti Cavan Zeynallı Oxu.Az-a müsahibə verib:

- Cavan müəllim, niyə efirdə az-az görünürsünüz?

- Bu sualı mənə həmişə verirlər. Halbuki hər gün efirdəyəm. Hamı şikayətlənir ki, sizi efirdə görmürük. Siz məni necə görə bilərsiniz axı? Mən efirdə olanda siz ya işdə olursunuz, ya da televizora baxmırsınız.

Ümumiyyətlə, heç kəs baxmır. Kanallarda elə verilişlər nümayiş olunur ki, adam heç baxmaq istəmir. 

- Bir zamanlar caz ustadı Vaqif Mustafazadə ilə çox yaxın idiniz. Hətta V.Mustafazadə dünyasını dəyişəndə ailəsinə çox yardımlarınız olub. Hazırda onun ailəsi ilə əlaqələriniz varmı?

 - Vaqif 1979-cu ildə rəhmətə getdi. Ailəsi isə 1981-ci ildən Azərbaycanı tərk edib. Üstündən çox illər keçib. Ona görə əlaqəmiz yoxdur. Amma onlar gərək mənimlə tez-tez olmasa da, hərdən əlaqə yaradaydılar. Lakin etmirlər.

Bir neçə il öncə Vaqifin həyat yoldaşı Elza mənə zəng vurdu. Sən demə, məni ona görə axtarırmış ki, bilsin burada pensiya ala biləcək, yoxsa yox. Dedim, Elza, mənim xəbərim yoxdur.

- Mərhum İlhamə Quliyeva ilə aranızda yaşanan qalmaqalın səbəbi nə idi?

- İlhamə xanım sənətdə birinci addımlarını atanda, mən artıq oxuyurdum. Konsertlərdə tez-tez rastlaşıb, salamlaşırdıq. Amma axır zamanlar mənə qarşı münasibəti dəyişmişdi. Mənim sevmədiyim məqamlar var idi.

Yəni mütəmadi olaraq mübahisə edirdi, kiminsə haqqında xoşagəlməz sözlər deyirdi. Mən isə belə məqamları uşaq vaxtından sevmirəm. İlhamə tez-tez əsəbiləşirdi. Qalmaqala meyilli idi. 

- Azərbaycanda şou-biznes hansı səviyyədədir?

- Bizdə şou var. Amma biznes yoxdur. Amerikada, Avropada isə hər ikisi var. Bizdə şou-biznesin nə olduğu bilmirlər.

Gedirlər toya, toy adamı onların cibinə 100 manat qoyur. Bu, şou-biznes deyil. Şou-biznes tam başqa sahədir.

Bəzi musiqiçilər, xüsusilə də müğənnilər özlərinə sponsor axtarırlar. Sponsor nədir? Bizdə hamı elə bilir ki, sponsor ancaq pul verməlidir. Amma bu sponsor özü də başa düşməlidir ki, niyə ondan bu pulu alırlar və ya o, bu pulu nəyə xərcləyir.

Şou bizdə faktiki olaraq alınmadı.

Xaricdə müğənnilər şou-bizneslə milyonçu olurlar. Gənc ifaçılar mini ətək geyinib, orasını-burasını açıb, efirlərə çıxıb uzun ayaqlarını nümayiş edib, özlərini reklam edirlər. Xaricdə bunları etmək olar, amma burada - Azərbaycanda etmək olmaz. Ona görə yaşlı nəslin nümayəndələri elə müğənniləri efirdə görüb tənqid edirlər və sosial şəbəkələrdə yazıb müzakirə edirlər.

- Cavan Zeynallı toya gedir?

- Bir müddət əvvəl el şənliklərinə yarım saatlıq gedirdim. İndi də məni toylara dəvət edirlər. Amma mən getmirəm. Səbəb isə Bakıda tıxacların çox olmasıdır. Bir restorandan digərinə getmək müşkül məsələdir. Sürücülər avtomobilləri pis idarə edirlər. Qəzalar çox olur.

Elə buna görə də mən toy təkliflərini rədd edirəm. Mənim həm də buna ehtiyacım yoxdur.

Toya gedən sənətçilərin çoxu yalançıdır. Toydan 500 manat alırlar, soruşanda deyir, toya 5000 manata gedirəm.

Geyindikləri bahalı xəz və kürklər, taxdıqları brilliant sırğalar, sürdükləri lüks avtomobillər isə özlərinin deyil. Amma özlərini bahalı göstərməyə çalışırlar. Bu, xəstəlikdir. Özü də bu xəstəliyin müalicəsi yoxdur. 

- Niyə milli estradamız toyxana səviyyəsinə enib?

 - Əvvəla, deyim ki, indi hamı qalmaqallara baxmağı və toy ritmlərində olan mahnıları dinləməyi sevir. Mənim gül kimi, super mahnılarım var. İnternetdə onlara 125 nəfər baxır. Mən buna sevinirəm.

Çünki milyonlarla baxış sayı toplayan musiqi və mahnıları dinləyib, baxanlar heç nə başa düşmürlər. Onlar heç bilmirlər ki, necə yaşayırlar.

O mahnıları oxuyan müğənnilər səslərini də internetdə olan proqramla düzəldirlər. Eksperiment edib, xarici tərzdə oxuyurlar, heç sözlər belə düzgün anlaşılmır. 

- Televiziyalarda Bədii Şura olmalıdır?

- Bildiyim qədərilə AzTV-də Bədii Şura yenidən fəaliyyətə başlayıb. Üzvləri arasında müğənni, Xalq artisti, həmkarım Mübariz Tağıyev də var. İllər öncə Mübariz hansı tərzdə ifa edirdisə, indi də öz tərzində oxuyur. Amma artıq 2019-cu ildir. Deməli, gərək Şurada ayrı tərzdə oxuyan ifaçılar olsun.

Mən bunu ağıllı insan kimi deyirəm. 

Rəşad Əliyev
Hüseyn Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri