29 
Mar
2019
10:30
291
39
4357
Virtual karabakh

Politoloq: Qarabağı heç kim erməni ərazisi kimi tanımayacaq - MÜSAHİBƏ

29 Mar, 2019
10:30
4357

Politoloq: Qarabağı heç kim erməni ərazisi kimi tanımayacaq - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampın İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınması ilə bağlı qərarı bir çox mübahisələrə və ziddiyyətli bəyanatlara yol açıb. Dünyanın, demək olar ki, bütün ölkələri, o cümlədən, BMT Təhlükəsizlik Şurasının bütün üzvləri bu qərarı tanımadı. Bununla belə, Trampın bu qərarı müasir dünya siyasətində qeyri-adi bir presedentdir. Bu, fakt olaraq qalır. 

Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Sinitsın Oxu.Az-a verdiyi müsahibədə Trampın bu qərarı, onun qəbul olunmasına nəyin zəmin yaratdığı və səbəbləri barədə danışıb.

- Donald Tramp Qolan təpələri üzərində İsrail suverenliyinin tanınması ilə bağlı fərmanı Ağ Evdə təntənəli şəkildə imzaladı, sonradan bəxtəvər görünən Benyamin Netanyahuya sənədi imzaladığı  flomasteri təqdim etdi. Bundan əvvəl isə o, “Twitter”də məşhur ismarıcını yazdı.

Qolan təpələri ilə bağlı fərmanı barədə. Növbəti gün dövlət başçısının bu yazısının sosial şəbəkələri “partlatması” fonunda ABŞ KİV-i Trampın öz demarşı ilə hətta Yaxın Şərqdəki diplomatik heyətini və Dövlət Departamentini təəcübləndirdiyini yazdı. Amerikalı məmurların belə reaksiyasını nə ilə izah etmək olar?

- Ola bilər, KİV adəti üzrə məsələni bir qədər qabardır, ya da Trampın komandası o qədər də səriştəli deyil. Hər halda amerikalı prezidentin qərarı gözlənilən idi. Hələ yanvar ayının əvvəlində Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İsrailə səfər etmişdi.

“Vəd olunmuş torpaqda” İranı kəskin tənqid atəşinə tutdu. Onun fikrincə, İran Suriya ərazilərində, məhz həmin o Qolan təpələrindən İsrailə təhdid yaradır. Hərçənd Bolton üçün daima “nəcib qəzəb” vəziyyətində olma adi bir haldır.

Amerikalı müşavirə bu rolun ifasında Netanyahu da kömək oldu, belə ki, Vaşinqtonun öz qoşunlarını Suriyadan çıxardığı bir vaxtda ABŞ-ın İsrailin Qolan təpələri üzərində suverenliyini tanımasını xahiş etdi. Bütün İsrailin “Bibi” (Benyamin adının qısaldılmış forması – red.) adlandırdığı baş nazir mətbuat konfransında Boltona müraciət edən zaman az qala iztirab çəkirdi.

“Orada olsanız, başa düşərsiniz ki, biz niyə heç vaxt Qolan təpələrini tərk etməyəcəyik və nə üçün bütün ölkələrin İsrailin suverenliyini tanıması vacibdir”.

- Bolton Qolan təpələrində olsaydı, nəyi anlayacaqdı ki?

- Bu təpələrin əsas önəmi onların hərbi-strateji əhəmiyyətindədir. Oradan şərqdən qərbə Suriya vadilərinə asan şəkildə nəzarət etmək olur, üstəlik, cənub istiqaməti də çox gözəl görüntülənir. İndi həmin təpələrdə Rusiyanın hərbi polisinin hərbi texnikasına rast gəlmək olar.

Onlar ya BMT sülhməramlı qüvvələrinə aid hind və ya nepal patrullarını müşayiət edir, ya da bölgədə müstəqil şəkildə müşahidə aparır.

Bir şey dəqiqdir. Burada heç kim, heç bir müşahidəçi – hər hansı İran inqilab keşikçisinə və ya iranpərəst qüvvənin, deyək ki, “Hizbullah”ın döyüşçülərinə rast gələ bilməz. İsraillilərin təkidi əsasında rusiyalı hərbçilər iranyönümlü bütün qüvvələri Qolandan azı 100 kilometr uzaqlaşdırıb. Ancaq Netanyahunun fikrincə, bu məsafə də bəs etmir.

- Bəzi KİV yazır ki, Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanıması ilə bağlı fərmanı ilə guya Knesset üçün aprel seçkiləri ərəfəsində Benyamin Netanyahunun büdrəyən elektoral reytinqini qaldırmağa kömək edir. Siz belə bir versiya ilə razısınız?

- Bu, obyektivdir. “Bibi”nin seçkilərdə Beninin timsalında güclü rəqibi var. İsrail Müdafiə Qüvvələrinin keçmiş baş qərargah rəisi Benyamin Qansı çoxları “Beni” adlandırır. Xarici siyasətə gəlincə, onlar sanki bir ananın iki övladıdır. Qans da bu yaxınlarda Vaşinqtonda səfərdə olub. Netanyahunun Ağ Evdə qəbulundan sonra o, yəhudilərin ABŞ-da kifayət qədər güclü lobbisi sayılan AİPAC-da keçirilən konfransda çıxış edib, öz amalını bölüşüb: deyib ki, Qüds hər zaman İsrailin paytaxtı olacaq, İordan çayının vadisi hər zaman İsrailin əlində olacaq, İsrail heç vaxt Qolan təpələrini tərk etməyəcək. Onun fikrincə, bu məsələlərdə İsrail heç vaxt güzəştə getməyəcək.

Ancaq Beni Qansın qüsursuz reputasiyası var, “Bibi”yə gəlincə, ona qarşı artıq dördüncü cinayət işinin açılması gözlənilir, onun bahalı siqarlar və elit şampanlar şəklində hədiyyələr etməsi ilə bağlı iddialar var.

İlk baxışdan hər şey gülməli lətifəyə bənzəyir. Necə olubsa, Bibi Netanyahu iqtisadi böhranın ən qızğın çağında, dörd milyon şekelə (bir milyon dollardan bir az çox – red.) ABŞ-ın “SeaDrift” müəssisəsindən səhmlər alıb və onları xalası oğlu Natan Milikovskiyə dörd milyon dollardan baha qiymətə satıb.

Köhnə Odessada Netanyahunu bu əməlinə görə “dahi qeşeftmaxer” adlandırardılar. Ancaq o, Privoz bazarından çıxmış fırıldaqçı deyil, hər halda İsrail dövlətinin baş naziridir, bu qədər pulları yalnız bir halda qazana bilərdi: “SeaDrift” şirkətinin rəhbərliyi ona səhmləri su qiymətinə satsaydı.

Görünür, elə belə də olub. Hərbi gəmilərin və sualtı qayıqların inşası ilə bağlı dövlət kontraktlarının onlara həvalə olunmasına görə minnətdarlıq əlaməti olaraq belə ucuz qiymətə satmağa razılaşıblar.

Tramp isə öz köhnə dostu Benyamin Netanyahuya beləcə, Qolan təpələrini “hədiyyə” edib. Bu, öz nəticəsini verib, baş nazirin elektoral reytinqi əhəmiyyətli dərəcədə qalxıb. Ancaq Trampın qalmaqallı fərmanı imzalamasına təkcə İsrail seçkiləri təkan verməyib.

- Məgər başqa səbəblər də var?

- Bəli. Bu səbəblərdən biri Şeldon Adelsondur. Ahıldır və çox xəstədir. Onu dünyanın ən zəngin yəhudisi adlandırırlar. 25 milyard dollarlıq varidatı var. Adelson gerçəkləşmiş “Amerika arzusu”nun canlı nümunəsidir. Mühacir ailəsində böyüyüb (anası Ukrayna yəhudisidir, atası litvalıdır), əmək fəaliyyətinə 12 yaşında Boston küçələrdə qəzet satmaqla başlayıb.

Bu gün isə o, Las-Veqasın “kral”ıdır. Kazino sahibi və qatı sionistdir. Qoca Şeldon onun kimi biznesmenlərlə birgə Netanyahunu himayə edib, bundan başqa, Trampın seçki kampaniyasına da kifayət qədər dəstək göstərib.

İndi Tramp ikinci müddətə prezident seçilməyə çalışır, ona görə onun Adelsonun pullarına çox ehtiyacı var. Ancaq heç bu da Trampın İsrail maraqlarına bu qədər isti yanaşmasının sonuncu səbəbi deyil.

Bizim gənc, müstəqil və kifayət qədər məlumatlı amerikalı həmkarımız Natan MakKlatçi Nyu-Cersi ştatının Nyuark şəhərində hansısa neft şirkətinin, daha dəqiq desək, “Genie Energy Ltd”nin zəbt olunmuş Qolan təpələrində neft hasil etmək niyyətində olduğunu öyrənib. MakKlatçi iddia edir ki, həmin şirkətin qiymətli kağızlarını qəpik-quruşa satılan “penny stocks”, yəni “çox ucuz səhmlər” adlandırmaq olmaz.

“Genie Energy” direktorlar şurasına dünya idarəçiliyinin bonzaları (Yaponiyada və Çində budda kahini - red.), məsələn, ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni, keçmiş Mərkəzi Kəşfiyat İdarəsi başçısı Ceyms Vulsi, Londonun məşhur bankir sülaləsinin lordu Ceykob Rotşild, israilpərəst media maqnat və Trampın ən sevimli telekanalı olan “Fox News” TV-nin rəhbəri Rupert Merdok və digər “yüksək səmalarda uçan quşlar” daxildir. Onların hər biri “şahinkimilər” fəsiləsindəndir. Onlar üçün Qolan təpələrinin işğalının “leqallaşdırılması” uğurlu biznes üçün qoyulan girovdur.

- Suriya və İsrail arasında xüsusilə Qolan təpələri bölgəsində hərbi qarşıdurmanın güclənəcəyini gözləmək olar? Ümumilikdə ərəb dünyası ilə yəhudi dövləti arasında yeni toqquşmalar gözləniləndir?

- Qəzza zolağında baş verən hadisələrin Qolan təpələrinə heç bir aidiyyəti yoxdur. Fələstində ayrı bir şahmat partiyası oynanılır. Trampın Qolan təpələri ilə bağlı qərarı haqqında öncədən məlumatlandırmadığı ərəb liderləri bu həbi səssiz şəkildə udmalı olacaq. Çünki buna qədər daha acı dadı olan dərmanı atmışdılar – söhbət İsrailin Qüdsü öz paytaxtı elan etməsindən gedir. Suriya və Livan artıq başqa mövzudur.

Rusiyanın hərbi polisi əvvəllər öz vəzifəsini necə yerinə yetirirdisə, indi də eləcə yerinə yetirir. “Bravo” xətti boyunca BMT sülhməramlı qüvvələrinə qarşı potensial təxribatlara əngəl olur. “Bravo” xətti Qolan təpələrinin şərq hissəsindən keçir. BMT-nin 1974-cü il tarixli mandatına əsasən, Suriya qüvvələri həmin xətti ötüb keçə bilməz. 

İsraillilərin irəliləməsinə isə Qolan təpələrinin qərbindən keçən “Alfa” xətti əngəl olur. Bu iki xətt arasında BMT sülhməramlılarının nəzarətində olan hərbsizləşdirmə zonası yerləşir. Düşünürəm ki, opponentlərdən heç biri bu zonaya daxil olmağa cürət etməz.

İranpərəst qüvvələrə gəlincə, ruslar onları əvvəllər Qolan təpələrindən necə 100 kilometr uzaq saxlayırdılarsa, bundan sonra da “qırmızı xətt”i keçmələrinə imkan verməyəcəklər.

Qolan təpələrində Livan, Suriya və İsrailin ərazisindən keçən 22 kv.km-lik mübahisəli ərazi var. Ərəblər onu “Məzəriyə-Şəbyə” adlandırırlar, dünya mətbuatında isə həmin sahəni The Shebaa Farms, yəni Şeba ferması kimi təqdim edirlər.

Həmin ərazi də İsrail qüvvələri tərəfindən zəbt olunub. Bu ərazilərdə çox hadisələr baş verib, İsraillə “Hizbullah” arasında 2006-cı ildə yaşanan İkinci Livan Müharibəsi də həmin ərazidən başladı. Nə vaxtsa bu hekayə yenidən təkrarlanacaq. Ancaq indi yox. “Hizbullah”ın Suriyadakı nüfuzu xeyli zəifləyib, hərəkat ciddi maddi sıxıntı yaşayır.

- Sizə elə gəlmirmi ki, İsrailin suverenliyinin tanıması haqqında fərmanı ilə Donald Tramp beynəlxalq hüququ az əhəmiyyətli, icbari xarakter daşımayan sənədlər yığımı səviyyəsinə endirdi?

- Yəqin ki, yanılmırsınız. Ancaq əvvəlki illərdə də beynəlxalq hüquq daha çox deklarativ xarakter daşıyıb. Hətta “The New York Times” da bunu etiraf edir:

“1981-ci ildə İsrail faktiki olaraq Qolan təpələrini ilhaq edən zaman Reyqanın administrasiyası cavab tədbirləri gördü, ABŞ və İsrail arasında strateji əməkdaşlıqla bağlı sazişi dayandırdı. Buna baxmayaraq, həmin bölgəni öz ərazisi kimi idarə etməyə davam edirdi. İsrail qəsəbələri genişlənməklə, orada yaşayan əhalinin də sayı artırdı”.

Dünya ictimaiyyəti Trampın bu qərarı ilə razılaşmasa belə, amerikalılar BMT Təhlükəsizlik Şurasında ona qarşı qəbul olunan istənilən qətnaməyə veto qoyacaq. “Demokratik” Ermənistanda amerikalı prezidentinin demarşı aydın sezilən sevinclə qarşılandı.

Cuşa gəlmiş erməni mətbuatının məntiqi son dərəcə primitivdir: belə bir fikir yürüdürlər ki, bir halda ki, Tramp faktiki olaraq yəhudi dövləti tərəfindən işğal olunduğuna görə İsrailin Qolan təpələri üzərində suverenliyini tanıdısa, deməli, onun ardınca bütün dünya ictimaiyyəti Qarabağın işğalını qanuni saymalıdır. Axı bu da uzun müddətdir ki davam edir.

Ermənistanın Sorosun pulları hesabına buraxılan “Lragir” nəşri işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı öz “mülahizə”lərində riqqətə gəlib:

“...Ermənistanın suverenliyini tanıyanlar, təhlükəsizlik və regional sabitliyin qarantı olaraq bu torpaqlar, o cümlədən, “Arsax” üzərində Ermənistanın suverenliyini tanımaya bilməz”.

Buna artıq ağını çıxarmaq deyirlər. Birincisi, Qarabağı heç kim Ermənistan ərazisi kimi tanımağa hazırlaşmır.

İkincisi, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə bütün əsasları var. Bu əsaslar beynəlxalq hüquqla, beynəlxalq hüquq iş görə bilmədikdə isə, belə deyim, “güclünün hüququ” formulası ilə təmin olunur. Qarabağ münaqişəsində bu hüquq Azərbaycana məxsusdur.

R.Q.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri