Apr
2019
18:48
16
149
5897
Virtual karabakh

Ekspert ABŞ və NATO-nun Ermənistanla bağlı planları barədə

5 Apr, 2019
18:48
5897

Ekspert ABŞ və NATO-nun Ermənistanla bağlı planları barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında Vyana danışıqlarından sonra (hansını ki, heç bir halda Nikol Paşinyanın aktivinə yazmaq olmaz) Ermənistanın “liberal” KİV-də Yerevanın Qarabağ problemi üzrə başqa “qüvvə mərkəzləri” ilə də əməkdaşlığa başlayacağı ilə bağlı çox danışdılar. Bu mərkəzlər arasında olduqca qəribə səslənən müttəfiqlik - “Gürcüstan-NATO” müttəfiqliyi də yer alır.

Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Sinitsın Oxu.Az-a verdiyi müsahibədə Yerevan və NATO arasında olan münasibətlər və münasibətlərin hansı müstəvidə inkişaf etməsi ilə bağlı danışıb.

- NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Qarabağın nizamlanması prosesinə NATO-nun qarışmadığını dəfələrlə bəyan edib. Bunu nəzərə almaqla belə mövqeyi necə şərh edərdiniz?

- Dərhal yada Paşinyanın o məşhur bəyanatı düşür. Demişdi ki, Ermənistan NATO-ya qoşulmağa hazırlaşmır. Düşünmək olar ki, kimsə Brüsseldə və ya Vaşinqtonda Ermənistanın təşkilata üzvlüyünə xüsusi olaraq israr edib. Ancaq hər şey bu qədər bəsit deyil.

Alyansın strateji kəşfiyyat təmayüllü “Beyin mərkəzlərində” geosiyasi proseslərin təhlili və modelləşdirilməsinə həddən ziyadə böyük diqqət ayırırlar. Təəccüblü deyil ki, Nikol Paşinyanın həyata keçirdiyi dövlət çevrilişindən sonra NATO-nun Ermənistana olan marağı əhəmiyyətli dərəcədə artıb.

Oxucunu “asimmetrik blok modellərinin” yaradılması, “qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq sistemlərinin polimodallığı”, “Frenk Hoffmanın hibrid təhdidlər modeli” və başqa NATO anlayışları və terminləri ilə yormaq istəmirəm.

Bütün bu “yaxşılığın” arasında NATO-nun hərbi-siyasi aktivliyinin qeyri-institut səviyyəsinə köçürülməsi konsepsiyası da var. Gəlin, maksimum qısa şəkildə izahını verim: NATO ilə hansısa dövlətin əməkdaşlığının effektiv olması üçün həmin ölkənin tam olaraq NATO-ya inteqrasiya etməsinə ehtiyac yoxdur. 

Belə bir dövlət barədə, yəni Ermənistan haqda ötən ilin yayında Brüsseldə qapalı dəyirmi masa formatında keçirilən “Qlobal layihələndirmənin humanitar aspektləri. Hərbi-siyasi qarşıdurma 2018” adlı toplantıda geniş müzakirə olunub.  

Buyurun, bu da nümunə: Ermənistan NATO üzvü deyil, olmayacaq da. Ancaq Yerevan  Əfqanıstan və Kosovadakı hərbçilərinin sayını 2020-ci ilə kimi 130-dan 400-ə kimi artırmağa hazır olduğunu alyansa elan edib. 

Şimali Atlantika Alyansı öz növbəsində “geniş əhatəli koordinasiya tələb edən” əməliyyatların keçirilməsi zamanı Ermənistan SQ-nin xüsusi bölmələrini öz cavabdehliyində olan zonalara buraxmağa hazırlıq ifadə edib.

- Bəs onda nə üçün KİV-də məhz “Gürcüstan-NATO” müttəfiqliyi misal gətirilir?

- Yəqin ki, Müdafiə Nazirliyində hansısa məlumatı qəsdən sızdırıblar. NATO-nun planlarında Gürcüstana hər zaman xüsusi rol ayrılıb. Bir il əvvəl “NATO və regional hərbçilər alyansı” şurasında məhz Gürcüstanın vasitəçiliyi ilə  Ermənistanın avropalı tərəfdaşları – Almaniya, Belçika, Fransa və başqaları ilə qarşılıqlı əlaqələrinin müxtəlif formaları hazırlanıb.  

NATO rəsmiləri belə təmasların Cənubi Qafqazda “regional proseslərin sabitləşdirilməsinin” təminatı baxımından vacib olduğunu bildirirdi. Maraqlıdır ki, belə bir qarşılıqlı əlaqə təkcə Rusiyanı yox, “Türkiyə-Azərbaycan” alyansını dayandırmalıdır.

Biz RAND Corporation analitikləri (Pentaqon və ABŞ xüsusi xidmət orqanına işləyir) tərəfindən hazırlanmış “Potensial münaqişə zonalarının modelləşdirilməsi və müdafiə planlaşdırmasının humanitar aspektləri” adlı hesabata nəzər sala bilərik. Hesabatın müəllifləri Gürcüstan və Ermənistanın çoxtərəfli regional tərəfdaşlığı ideyasını aşılayır. Alyans da ona öz dəstəyini göstərir.

NATO-nun məşvərət, komandanlıq və idarəçilik şurasının strateji əlaqələr üzrə mütəxəssisi Dell Felps hesab edir ki, erməni-gürcü tərəfdaşlığı özlüyündə Yerevanın Cənubi Qafqazda vahid qaz nəqli sisteminə inteqrasiyasına şərait yaratmalıdır.

Felpsin fikrincə, yalnız bu halda Ermənistanın ABŞ və NATO ilə strateji tərəfdaşlığa qoşulmasına imkan verəcək yol xəritəsini formalaşdırmaq və regional təhlükəsizliyi möhkəmləndirmək  mümkün ola bilər.

- Bu, cəfəngiyyatdır. Qarabağ münaqişəsi nizamlanmamış bu, necə gerçəkləşə bilər axı?

- Deməli, onu nizamlamaq lazımdır. Əgər əvvəllər Hilari Klinton ABŞ-ın dövlət başçısı olduğu vaxtlarda, Vaşinqtonda regionda status-kvonun qorunmasına üstünlük verirdisə, indi onlar Azərbaycan-Ermənistan münaqişəsi səhifəsinin həmişəlik bağlanmasını istəyirlər.

ATƏT Minsk qrupunun keçmiş həmsədri Riçard Hoqlandın “Qarabağ nizamlanmasının altı elementi” və Trampın təhlükəsizlik məsələləri üzrə müşavirinin “Bolton planı” elə bundan qaynaqlanır.

Xatırlayırsınızsa, “Hoqlandın altı elementində” üçüncü müddəa Qarabağətrafı ərazilərin işğaldan azad edilməsi idi. O, hətta vurğulamışdı ki, Azərbaycanın suverenliyinə sayğı göstərmədən, ümumiyyətlə, münaqişənin nizamlanmasına nail olmaq olmaz”.

Ancaq Hoqlandın “birinci elementi” tərəflərin “Dağlıq Qarabağa müvəqqəti statusun” verilməsi idi. Bu isə faktiki olaraq Qarabağ separatçılarının qurduğu rejimin tanınmasına bərabərdir.

Con Bolton özünəməxsus əda ilə hər şeyi tamam qarışdırdı. Rusiyanın təcridi ilə bağlı görüşləri kontekstində gözlənilməz bir bəyanat səsləndirdi: “Ermənistana yönəlmiş izafi xarici təsirləri (Boltona görə Rusiyanın təsirlərini) azaltmaq Dağlıq Qarabağ məsələsində razılaşmanın əldə olunmasına bərabərdir”.

Bəzi analitiklər, xüsusilə fransız politoloq Olivye Morel (onunla tamamilə razıyam) iddia edir ki, amerikalılar məsələni götür-qoy etməmiş açıq şəkildə danışırlar. Onlar Qarabağı ermənilərə  vermək, işğal altında olan ətraf rayonları isə Azərbaycana qaytarmaq istəyir. Bu variantın nə Bakının, nə də Yerevanın ürəyincə olmaması onları maraqlandırmır.

- Yaxın gələcəkdə Ermənistanın NATO üzvlüyünə qəbul olunacağı ehtimalı var?

- NATO Qərb yarımkürəsində genişlənməyə hazırlaşır. Maraqlıdır ki, bu, onun ilk baş katibi olmuş Lord İsmeyin təsbit etdiyi əsas prinsiplə ziddiyyət təşkil edir:

“Amerikanı Avropada, Rusiyanı Avropadan kənarda, Almaniyanı isə Avropanın altında saxlamaq”.

Qərb yubileyi artıq “azad dünyada” NATO-nun fəaliyyət göstərdiyi 70 il ərzində bu konsepsiyanı dəstəkləyib. Ancaq bu yaxınlarda Donald Tramp Braziliyanın Şimali Atlantika Alyansına qəbulu məsələsini və ya bu Latın Amerikası ölkəsi ilə hər hansı başqa formatda rəsmi ittifaq qurmaq məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini bəyan edir.  

Kolumbiyanı tanımayan yoxdur. Bu ölkə 2018-ci ilin may ayında qlobal tərəfdaş kimi NATO-ya inteqrasiya etdiyini elan etmişdi. Belə tərəfdaşlar arasında Əfqanıstan, Avstraliya, İraq, Yaponiya, Monqolıstan, Yeni Zelandiya, Pakistan və Cənubi Koreya da yer alır. Ancaq nə Gürcüstan, nə də Ukrayna bu statusu heç vaxt ala bilməyəcək. Qaldı ki alyansa tamhüquqlu üzv olaraq qəbul olunsunlar.

Kiyev və Tbilisini bundan sonra da Şimali Atlantika Alyansına qoşulmaqla bağlı xam xəyallarla başını aldadacaqlar. Ancaq Qərbdə heç kim riskə getməyə, Rusiyaya həddindən artıq yaxınlaşmağa cürət etməyəcək.

Amerikalılar səssiz-səmirsiz şəkildə Polşada “Fort Tramp” ABŞ bazasının yaradılması planından vaz keçdi. Halbuki bu hərbi obyektə belə orijinal adı məhz rəsmi Varşava vermişdi və layihənin maliyyələşdirilməsinə iki milyard dollar ayırmağa hazır idi.

ABŞ və NATO inteqrasiya etmiş və ya hələ də MDB məkanında “qalan” bütün tərəfdaşlarından  qeyri-blok əsaslarda maksimal dərəcədə istifadə etməyə davam edəcək. Bu isə dividendlərdən çox yeni risklərə yol açacaq. Belə perspektiv Ermənistandan da yan keçmir, üstəlik, (bütün düşmənləri bir yana) özünə İranın simasında olduqca təhlükəli düşmən qazana bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri