23 
May
2019
18:16
317
34
4686
Virtual karabakh

Ekspert: Türkiyəni şantaj etmək olmaz

23 May, 2019
18:16
4686

Ekspert: Türkiyəni şantaj etmək olmaz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən günlərdə Qərb mətbuatında Türkiyənin Rusiyaya məxsus “S-400” zenit-raket komplekslərindən imtina etməsi üçün Vaşinqtonun Ankaraya ultimatum verdiyi ilə bağlı məlumatlar peyda olub.

Xəbəri ilk olaraq CNBC telekanalı mayın 21-də anonim mənbələrə istinadla yayıb.

Telekanalın mənbələrinin bildirdiyinə görə, yarım ay ərzində Türkiyə Rusiya ilə çoxmilyardlıq müqaviləyə xitam verib, əvəzində ABŞ-dan “Patriot” hava  hücumundan müdafiə sistemləri almalıdır. Ankara Vaşinqtonun şərtləri ilə razılaşmasa, onu “Lockheed Martin” hərbi-sənaye korporasiyasının proqramından xaric edə bilərlər. Həmin proqram çərçivəsində ABŞ Türkiyəyə 100 ədəd “F-35” qırıcı-bombardmançısını tədarük etməli idi. Bundan başqa, ultimatum tələblərini yerinə yetirməsə, Ankaraya qarşı yeni sanksiyalar tətbiq oluna bilər.  

Türkiyə XİN bu informasiyanın həqiqətə uyğun olmadığını bildirdi. Bununla belə, Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortequs sonradan Türkiyənin Moskva ilə “S-400” sövdələşməsinə son qoymayacağı təqdirdə bunun Ankara üçün “son dərəcə mənfi nəticələrə” gətirib-çıxaracağını bəyn etdi. Amerikalı rəsminin fikrincə, Rusiyadan “S-400” ZRK-nin tədarükü Ankaranın hərbi sferada ABŞ və NATO ilə əməkdaşlığına mənfi təsir göstərə bilər.

Ekspert, Türkiyənin Kahramanmaraş Universitetinin professoru Toğrul İsmayıl Oxu.Az-a verdiyi müsahibədə Türkiyə ilə ABŞ arasında münasibətlərin bundan sonra hansı şəkildə inkişaf edəcəyi və Ankaranın nə kimi addımlar atacağı ilə bağlı danışıb.

- ABŞ-ın bu qərarını necə qiymətləndirirsiniz? Bu, ikitərəfli münasibətlərdə nəyə gətirib-çıxara bilər?

- Proses uzanıb. ABŞ bu yolla Türkiyəyə  təzyiq göstərməyə çalışır, məlum olduğu kimi, bu, beynəlxalq sazişdir və ilkin ödəniş artıq yerinə yetirilib. Düşünürəm ki, Türkiyə hələlik bu layihələrdən imtina etməyə hazırlaşmır və ABŞ tərəfinin bütün bu qəraraları Türkiyənin seçiminə təsir göstərməyəcək.

Digər yandan, əgər ABŞ bu istiqamətdə hər hansı irəliləyişə nail olmaq istəyirsə, gərək hər hansı təklif irəli sürələr. Onlar uzun müddət Türkiyəyə “Patriot” sistemləri satmaqdan imtina edib. Və ən əsası, Türkiyə bu razılaşmalardan imtina etsə, təkcə bundan iqtisadi zərər görməyəcək, həmçinin, Rusiya tərəfi təzminat tələb edəcək.   

Türkiyə müstəqil dövlətdir. Lazım bildiyi istənilən qərarı qəbul etmək qətiyyətindədir. Türkiyəni şantaj etmək olmaz. Əgər Türkiyə Rusiya ilə beynəlxalq sövdələşmələrdən imtina etsə, onun imicinə böyük ziyan dəyəcək. Bəs Türkiyənin nüfuzu? Amerikalılar bunun əvəzində nə təklif edir? Heç nə, sadəcə, imtina etməyi təklif edirlər. Türkiyəyə elə bir şey təklif etmək lazımdır ki, ölkənin nüfuzuna xələl gətirməsin. Belə bir variant isə yoxdur, ABŞ tərəfinin əsi nə qədər sərt olur-olsun, Türkiyə buna gedən deyil.

- ABŞ keyfiyyətdə Rusiyanınkından heç də geri qalmayan hərbi texnika təklif edir.

- Birincisi, “Patriot” sistemləri bir milyard daha bahadır. Bundan başqa, amerikalılar öz texnologiyalarını bölüşmürlər. Halbuki Rusiya qismən öz texnologiyalarını bölüşməyə razılıq verib. İkincisi, nə üçün məhz indi öz sistemlərini təklif edirlər? Türkiyə uzun müddət onlarla danışıqlar aparıb və bu sistemləri almağa çalışıb, amma ABŞ tərəfi hər vəchlə HHM sistemlərini satmaqdan imtina edib. Almaniya və Hollandiya əvvəllər NATO müttəfiqi kimi Türkiyəni müvəqqəti olaraq “Patriot” sistemləri ilə təchiz edib, ancaq ən zəruri anda, Türkiyənin onlara ehtiyac duyduğu anda, onlar öz sistemlərini Türkiyədən çıxarıblar.

Türkiyə ilk növbədə öz HHM sistemlərinin yaradılmasında maraqlıdır. Hazırda bu istiqamətdə italiyalılar və fransızlarla birgə iş aparılır. Əgər “S-400” sistemləri NATO ölkəsi üçün qeyri-məqbul sayılırsa, onda niyə Yunanıstan və Bolqarıstanın hələ də “S-300” kompleksləri var. Ona görə də bu, sırf siyasi təzyiqdir.

 - ABŞ-ın Türkiyəyə F-35 qırıcı-bombardmançılarını satmaqdan imtinası perspektivi ilə bağlı nələri deyə bilərsiniz?

- Türkiyə bu təyyarələrin yaradılması üzrə proqramın iştirakçılarından biridir. Tərəflər arasında bağlanmış sazişə görə, ABŞ Türkiyəyə 100 təyyarə satmalıdır, ancaq indi onlar bundan imtina edə bilərlər. Ancaq bu məsələdə Türkiyənin öz yanaşmaları və rıçaqları var. Məsələn, Ankara amerikalılardan təzminat tələb edə bilər.

- ABŞ-ın Türkiyəyə qarşı iqtisadi sanksiyaları daha da sərtləşdirməsi mümkündür?

- Mümkündür, ancaq bunun uzunmüddətli olacağını düşünmürəm. ABŞ İrana qarşı əməliyyatlara hazırlaşırsa, Türkiyəyə qarşı növbəti sanksiyalar amerikalılara əl verməyəcək. Regionda Türkiyə kimi müttəfiqi itirmək – ciddi problemdir. Düzdür, Türkiyə də bundan böyük iqtisadi zərərlər görə bilər, ancaq Ankaranın regionda ABŞ-a öz təzyiq rıçaqları var.    

-   Türkiyə iqtisadiyyatı nə dərəcədə ABŞ-dan asılıdır?

- Türkiyənin Avropa ilə ticarət münasibətləri ABŞ-la ticarət münasibətlərindən daha güclüdür. Ancaq Türkiyə iqtisadiyyatının qərb iqtisadi sisteminə inteqrasiya etməsi ilə əlaqədar bütün bunlar Türkiyə iqtisadiyyatına neqativ təsir göstərəcək. Trampın “Türkiyə kürdlərə toxunsa, onun iqtisadiyyatını çökdürəcəyi” ilə bağlı təhdid dolu bəyanatı isə sırf subyektiv xarakter daşıyır.

Türkiyə kürdlərə hücum etmir, terrorçulara hücum edir, Amerika Birləşmiş Ştatları da elə bununla məşğul olur. Kürdlər Türkiyədə normal yaşayır, hətta suriyalı qaçqınlar arasında da kürdlər var və onlar özlərini çox rahat hiss edirlər. Ona görə yaxşı olar ki, ABŞ İŞİD-ə zərbələr endirsin, ərəblərə yox. Onlar hücuma keçəndə qarşı tərəfdə olanların hamısı onlar üçün terrorçu sayılır, ancaq Türkiyə hücum edəndə, nədənsə etnik mənsubiyyəti önə çəkirlər.

R.Q.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri