29 
May
2019
14:01
331
32
3597
Virtual karabakh

“Çelsi”nin sabiq futbolçusu: Heç vaxt Azərbaycan barədə neqativ şeylər eşitməmişəm

29 May, 2019
14:01
3597

“Çelsi”nin sabiq futbolçusu: Heç vaxt Azərbaycan barədə neqativ şeylər eşitməmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının finalı ilə bağlı Bakıya çoxlu sayda tanınmış şəxslər gəlib. Bunlardan biri də Avstraliya millisinin və İngiltərənin “Çelsi” klubunun futbolçusu olmuş Mark Şvartserdir.

Oxu.Az 46 yaşlı sabiq qapıçı ilə söhbətləşib:

– UEFA Avropa Liqasının finalı bu gün Bakıda keçiriləcək. Bu barədə fikirlərinizi, səfər təəssüratlarınızı soruşmaq istərdim.

– Düşünürəm ki, möhtəşəm bir final gecəsi keçiriləcək. İnsanların bura gəlməsi bir az çətin oldu. Məsələn, biz Londondan bura gəlmək üçün iki uçuş gerçəkləşdirmişik. Hazırda uçuş qiymətləri də bahadır. Bu da təbii haldır. Çünki Bakıda Avropa Liqasının finalı keçiriləcək. Amma Bakı möhtəşəmdir. Stadion çox yaxşıdır. Hətta mükəmməldir, deyərdim. Şəhəriniz, pivəniz möhtəşəmdir. Mən buradan həzz aldım.

– Bu, Bakıya ilk gəlişinizdir?

– Bəli, ilk dəfə Azərbaycana gəlirəm. Bura gəlişimdən çox məmnunam. Burada heç vaxt olmadığımdan, çoxlu maraqlı, yaxşı şeylərlə qarşılaşmışam. Bakıya gəlişim məni xoşbəxt edib.

– Bakını gəzmək imkanınız olub?

– Yox hələ. Biz Bakıya çatanda axşam saat 22:00 idi. Gec olduğundan şəhəri gəzə bilmədik. Amma qaldığımız hoteldən yaxşı restoran yeri soruşduq. Orada kabab yedik, çox bəyəndik. Həmçinin, pivənizin də dadı çox xoşuma gəldi. Adını dəqiq xatırlamıram, amma kollektivimiz çox bəyəndi.

– Siz “Çelsi”nin qapıçısı olmusunuz. Yəqin ki, bu komandanın da Avroliqa çempionu olmasını istəyirsiniz...

– Əlbəttə. Çünki iki il bu klubun şərəfini qorumuşam. Amma “Arsenal”da da çoxlu dostlarım var. Məşqçilər heyəti ilə dostluğum mövcuddur. Həmçinin, “Çelsi”də oynadığım vaxt qapıçımız olmuş Petr Çexlə dostluğum var. Düzdür, mən “Çelsi”nin qalib gəlməsini istəyirəm, amma “Arsenal” da qalib gəlsə, pis olmayacağam (gülür).

– Final matçı barədə proqnozunuz necədir?

– Bunu demək çətindir. Amma onu deyə bilərəm ki, oyun iki nəfərdən asılı olacaq. “Çelsi”də Eden Azar, “Arsenal”da Məsut Özilin oyunu alınsa, o zaman qalib müəyyənləşəcək. Çünki bu iki futbolçu komandalarının lideridir. Hansı yaxşı oynasa, o komanda da qalib olacaq. Özil yaxşı oynasa, “Arsenal”da Aleksandr Lakazet və Pyer-Emerik Obameyanq cütlüyünün də tandemi alınacaq.

– Keçək sizin işinizə. Bakıda nə edirsiniz?

– Avstraliyanın “Optus Sport” telekanalında mütəxəssis kimi çalışıram. Sabah oyunda mütəxəssis kimi şərhçilik edəcəyəm. Avstraliyada İngiltərə Premyer Liqasının və ümumilikdə Avropa futbolunun çoxlu fanatları var. Telekanalımız bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının matçlarını göstərib.

– Yəqin ki, Britaniya mətbuatının final öncəsi Azərbaycanın, Bakının təhlükəli olmasına dair yazıları ilə tanış olmusunuz. Sizin bu barədə fikirləriniz necədir?

– Mən burda heç bir təhlükəni indiyədək görməmişəm. Heç bu barədə eşitməmişəm də. Hamı deyir ki, bura gözəl yerdir. Azərbaycan xalqı da möhtəşəmdir. Dediyim kimi, heç vaxt Azərbaycan barədə neqativ şeylər eşitməmişəm. Yalnız pozitiv şeylər eşitmişəm.

– Necə düşünürsünüz, bu təşkilatçılıqdan sonra Azərbaycan gələcəkdə UEFA Çempionlar Liqasının finalına da ev sahibliyi edə bilər?

– Niyə də yox?! Məncə, bu, mümkündür. Əgər final günü hər şey yaxşı olsa, gələcəkdə Çempionlar Liqasının finalı da Bakıya salına bilər. Həmçinin, bura üçün birbaşa reyslərin sayı çoxaldılsa, finalı qəbul etmək şanslarınız çoxalar.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri