11 
İyn
2019
11:31
17
307
3470
Virtual karabakh

Qarabağın qaytarılması üçün iqtisadi sahədə hansı addımlar atılır? - MÜSAHİBƏ

11 İyn, 2019
11:31
3470

Qarabağın qaytarılması üçün iqtisadi sahədə hansı addımlar atılır? - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov cavablandırır:

- Siyavuş müəllim, ölkə prezidentinin 11 aprel seçkilərindən sonra ötən bir il ərzində həyata keçirdiyi Qarabağ siyasətini, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması yönündə yaranan mövcud yeni situasiyanı necə qiymətləndirirsiniz?

- Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həll edilməsi istiqamətində işlər davam etdirilir. Xüsusilə 2016-cı ilin məlum uğurlu Aprel döyüşlərindən sonra bu proses daha da intensivləşib.

Ümumiyyətlə, Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan bu müddət ərzində öz ordusunu kifayət qədər gücləndirib, o cümlədən, diplomatik aləmdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar xeyli iş aparılıb.

Dünya dövlətlərinin diqqəti artıq bu problemə cəlb olunub. Azərbaycanın ərazi bütövlüyü bir çox dövlətlər, o cümlədən, beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT-dən tutmuş ATƏT-ə, Avropa Parlamentindən NATO Parlament Assambleyasına, Avropa Şurasına qədər hamısı tərəfindən tanınıb, dəstəklənib.

Eyni zamanda, Qarabağın Azərbaycan ərazisi, Ermənistanın işğalçı dövlət olması İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər və digər təşkilatlar tərəfindən məhz bu cür qiymətləndirilib.

Bu gün Ermənistanın təcavüzkar, işğalçı dövlət olmasına inanmayan kimsə yoxdur. Hər kəs Ermənistanı bu cür tanıyır.

- Ancaq Ermənistanı təcavüzkarlıqdan, işğal siyasətindən çəkindirmək üçün konkret addım atan yoxdur.

- Təəssüf ki, belədir. Bu, dünyadakı ikili standartlardan, beynəlxalq hüququn təmin edilməməsindən irəli gəlir. Ancaq bununla belə, hərtərəfli şəkildə - istər diplomatik, istər hərbi, istərsə də iqtisadi sahədə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar mövqelər Azərbaycanın üstünlüyü şəraitindədir.

Hər şey açıq şəkildə göz qarşısındadır. Həmçinin, demoqrafik vəziyyət Ermənistanın ziyanına, Azərbaycanın xeyrinədir. Bu yaxınlarda Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəldi və statistika da göstərir ki, bizdə demoqrafik durumla bağlı narahatlıq doğuracaq məqam yoxdur.

Bu, böyük bir göstəricidir. Hər kəsə yaxşı məlumdur ki, Ermənistanda mövcud durum, ictimai-siyasi, sosial-iqtisadi durum, həyat şəraiti çox acınacaqlı vəziyyətdədir, iqtisadiyyat, demək olar ki, çöküb, yoxdur.

Heç bir müəssisə işləmir, insanlar çörək, iş dalınca xaricə gedir, hər il yüz minlərlə erməni ölkəni tərk edir, başqa-başqa ölkələrə miqrant kimi üz tuturlar. Elə Ermənistanın öz rəsmi statistikasına əsasən, bu ölkədə iki milyona yaxın insan qalıb.

Ermənistan təxminən Azərbaycanın 90-cı illərini xatırladır ki, kimi gəldi müxtəlif vəzifələrə təyin edirlər. Populyarlıq cəmi bir-iki ay çəkir. Populizmlə heç bir məsələni həll etmək olmaz. Çünki ortada real iş olmalıdır. Bu da yoxdur. İlkin dövrdə bir az imkanlı şəxslərin vəsaitlərini müsadirə etməklə, bir neçə ay bunu tənzimləməyə çalışdılar. Ancaq indi bu da yoxdur.

İkinci bir tərəfdən, müəssisələrin işinə tam xitam verilməsi və nəticə etibarilə heç birinin işləməməsi, o cümlədən, Ermənistan qlobal regional və beynəlxalq layihələrdən kənarda qalması öz ağır nəticələrini göstərir.

İstər dəmiryolu, istər avtomobil nəqliyyatı, istər neft və qaz kəmərləri, Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Ceyhan layihəsi və digər layihələrdən kənarda qalması Ermənistanı milyonlarla, milyardlarla geri salır ki, bu sahədə müəyyən qədər vəsait əldə edə bilərdilər.

Yəni işğal, təcavüz faktı aradan qaldırılsaydı, Ermənistan da bu layihələrdən müəyyən mənada yararlana bilərdi. Amma Azərbaycanın razılığı və iştirakı olmadan bu bölgədə hər hansı regional və transmilli layihələrin reallaşdırılması mümkün olmadığına görə, Ermənistan haqlı olaraq bu layihələrdən kənarda saxlanılıb.

Azərbaycan isə əksinə, yeni-yeni lahiyələrə müəlliflik, rəhbərlik edir və bununla Azərbaycanın həm təhlükəsizliyi daha da genişləndirilir, həm də ayrı-ayrı dövlətlərlə dostluq münasibətləri yaradılır.

- Sizcə, bunlar Qarabağ münaqişəsinin həllinə müsbət mənada öz təsirini göstərirmi, prosesi sürətləndirirmi?

- Təbii ki. Bunlar hamısı nəticə etibarilə Qarabağ münaqişəsinin həllinə yönəlmiş məsələlərdir. Bu gün Şərqlə Qərbi bişlərdirməklə, yəni Çindən başlamış ta Avropaya qədər uzanan yolu yaxınlaşdırmaqla, nəqliyyat və logistika mərkəzinə çevrilməklə Azərbaycan dünyaya öz töhfələrini verir.

Özünüz də şahidsiniz ki, bu yaxınlarda Çinin 2013-cü ildən təşəbbüsçüsü olduğu “Bir kəmər, bir yol” layihəsinin icrası istiqamətində növbəti mühüm addımlar atıldı.

Azərbaycan prezidenti bununla bağlı Çində keçirilən nüfuzlu beynəlxalq konfransda iştirak etdi və bir daha öz mövqeyini ortaya qoydu. Həmçinin, ölkəmizin bu layihənin gerçəkləşdirilməsinə verdiyi töhfələrdən bəhs olundu.

“Bir kəmər, bir yol” layihəsinin böyük bir hissəsinin Azərbaycanı əhatə etməsi, bu kəmərin Azərbaycandan keçməsi neçə-neçə ölkənin Azərbaycanın maraqlarına xidmət etməsinə səbəb olacaq.

Burada turizmin inkişafından, təhlükəsizliyin daha yüksək səviyyədə təşkil olunmasından, digər məsələlərin həllini tapmasından da danışmaq olar.

Ermənistan isə qeyd etdiyim kimi, bu məsələlərdən tamamilə geri qalır. Bütün bu proseslərin hamısı da nəticə etibarilə Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın ən azı bütövlüyünün təmin olunmasına yönəlmiş məsələlərdir. Yəni vaxt, zaman artıq Azərbaycanın xeyrinə işləyir.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri