10 
İyn
2019
15:03
47
281
8773
Virtual karabakh

Gülüstan Əliyeva: Qardaşımın şəhid olacağını ərim mənə yuxuda demişdi

10 İyn, 2019
15:03
8773

Gülüstan Əliyeva: Qardaşımın şəhid olacağını ərim mənə yuxuda demişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın müxbirinin suallarını Əməkdar artist, Prezident mükafatçısı Gülüstan Əliyeva cavablandırır:

- Gülüstan xanım, siz Qarabağ acısını yaşayan sənətçilərimizdənsiniz, Vətən uğrunda həm həyat yoldaşınızı, həm qardaşınızı şəhid vermisiniz. Bu günlərdə daha iki hərbçimiz Vətən uğrunda şəhid oldular.

Bir sənətçi, bir ziyalı və bir şəhid ailəsi olaraq, Qarabağ münaqişəsi ilə bağlı nə düşünürsünüz, sülh, yoxsa hərb?

- Təbii ki, hamımız, bütün analar, qadınlar istəyir ki, dünyada, o cümlədən, Azərbaycanımızda sülh olsun. Amma danışıqlar yüksək sivilizasiyalı, yüksək mədəniyyətli bir ölkənin insanına məxsusdur. Bizim qonşularımız o səviyyədə inkişaf etməyiblər ki, Qarabağ məsələsini onlarla danışıqlar yolu ilə həll edək.

Biz müharibə yolu ilə də olsa, sülh yolu ilə də olsa, torpaqlarımızı qaytarmalıyıq və bu, bizim bir vətəndaş olaraq borcumuzdur. Ali Baş Komandanımız bu yöndə çox böyük işlər görür, gərgin danışıqlar aparılır, amma bütün bunlara rəğmən, yenə də atəşkəs pozulur, yenə də vaxtaşırı şəhidlərimiz olur.

Artıq son bir həftədə - on gün ərzində iki şəhid vermişik və bir neçə gün əvvəl verdiyimiz şəhidimiz də sıravi əsgər deyildi. Hər bir yüksək səviyyəli zabiti yetişdirmək üçün illər lazımdır. Ancaq gördüyünüz kimi, Ermənistan yenə də öz düşmən, çirkin mövqeyini göstərməkdə davam edir.

Snayperlə hər hansı bir vətəndaşın, hərbçinin vurulması beynəlxalq sazişlə qadağan olunmasına baxmayaraq, Ermənistan çirkin niyyətini həyata keçirdi, Azərbaycan üçün çox dəyərli olan bir zabitimizi itirdik. Amma eybi yoxdur, biz vətənin müdafiəsi üçün oğullar böyüdürük.

Oğulları böyüdürük ki, sinəsini düşmənə sipər etsin. Bunu bacaran oğullarımız, igidlərimiz var və bunlar hər an artmaqdadırlar. Azərbaycan elə bu oğulların çiynindədir. Bu baxımdan, inanırıq ki, istər danışıqlar yolu ilə, istər hərb yolu ilə torpaqlarımızı qaytaracağıq və biz bir nəfər kimi hamımız - qadın, kişi fərqi yoxdur - Ali Baş Komandanımızın arxasındayıq.

İnanırıq ki, Azərbaycan övladları - kişili, qadınlı hamı öz ata-baba yurdlarının, öz qədim torpaqlarının bütövlüyünü, müstəqilliyini müdafiə etmək üçün son damla qanına qədər vuruşacaq.

- Sizcə, Qarabağ hadisələri, son 31 ildə yaşananlar ədəbiyyatımızda, incəsənətimizdə, sənət dünyamızda əksini tapırmı?

- Əlbəttə! Son illər Qarabağla bağlı gözəl sənət əsərlərimiz yaranıb və yaranmaqdadır. Deməzdim ki, sənət əsərlərimiz yoxdur. Bu, hər bir sənət adamının ruhunda, öz gündəlik iş həyatında, sənətində özünü göstərməyə bilməz. Çünki biz bu ölkənin vətəndaşıyıq.

Ölkənin sevincinə sevinən insanlarıq, qəminə kədərlənənik. Biz sənət adamı olduğumuza görə, bu, bizim yaradıcılığımızda daha intensiv özünü göstərir.

Bu il “Nəsimi İli” elan olunmasına baxmayaraq, gənc bəstəkarlarımız daxil olmaqla, yenə də vətənpərvərlik nəğmələri, vətənpərvərlik mahnıları var. “Nəsimi” baleti bizim Operada səhnəyə qoyuldu. Əslində, Nəsiminin həyatı bir növ azadlıq uğrunda mübarizə deməkdir. Bəstəkar Nəsiminin həyatını baletdə əks etdirməklə, sanki həm də Azərbaycan uğrunda mübarizəni əks etdirir.

Yəni, nə qədər ki qəhrəmanlarımız var, nə qədər ki igidlərimiz var, Azərbaycan uğrunda ölməyi bacaran insanlarımız var, istər ədəbiyyatda, istər incəsənətdə böyük əsərlər yaranacaq. Bilirsiniz, hadisələrin içində olanda biz o hadisənin böyüklüyünü və ağırlığını hiss etmirik.

O hadisələrdən zaman bizi ayırdıqca, necə böyük hadisələr yaşadığımızı, necə böyük mübarizələr yaşadığımızı hiss edirik və düşünürəm ki, o zaman daha böyük əsərlər yaranır və yaranacaq.

- Qarabağın, həyat yoldaşınızın və qardaşınızın qanı töküldüyü Cəbrayılın işğaldan azad edildiyini eşitdiyiniz anda ürəyinizdən nələri etmək, hansı addımları atmaq keçər?

- Bəli, mən Qrabağ savaşında həyat yoldaşımı və qardaşımı itirmişəm. Yadınızdadırsa, 2016-cı ildə Aprel şəhidlərimizi verdik, vətən uğrunda bir çox oğullarımızı itirdik.

Həmin vaxt Heydər Əliyev adına Respublika Sarayına solo konsert təyin etmişdim. Aprel hadisələrinə, şəhidlərimizə görə mən konsertimi təxirə saldım və bir neçə ay sonraya keçirdim. Bu, mənə nə qədər ağrılı olsa da, bir o qədər də sevinirdim. Niyə sevinirdim? Mənim qardaşım, ailəmizin yeganə oğlu həmin o Lələtəpədə şəhid olmuşdu 94-cü ildə.

Uğurlu Aprel döyüşləri zamanı o torpaqları geri qaytardıq və mən hamıdan daha çox sevinirdim. Və elə hiss edirdim ki, qardaşım yenidən bizimlədir, yenidən dünyaya gəlib (ağlayır). Çünki onların qanı tökülən o torpaqlar alınmışdı.

Onların qanı tökülən torpaqlarda bayrağımız dalğalanırdı. Düzdür, həmin günlərdə Azərbaycan üçün çox dəyərli olan insanlarımızı itirdik o torpaqlarımızda, amma bütün bu şəhidlərimizin üzərində bayrağımızı yüksəltdik və qardaşımın qanı töküldüyü o torpaqlar artıq Azərbaycana qaytarıldı.

Bir gün gedib oranı - o torpaqları, Lələtəpəni, Cocuq Mərcanlını ziyarət etdim və elə bil ki, hardasa ruhum rahatlıq tapdı ki, qardaşımın qanı tökülən torpaq düşməndə qalmadı, Azərbaycana qaytarıldı.

İnanıram ki, bizim igidlərimiz təkrarən canlarından keçəcək və şəhidlərimizin bir damla qanı tökülən yerləri Azərbaycana, insanlarımıza qaytaracaqlar. Mən buna inanıram. İnanıram ki, o gün olacaq.

Deyim ki, o vaxtdan qardaşımın məzarına tez-tez baş çəkməyə gedirik, həm kövrəlirik, həm də rahatlanırıq. Amma həyat yoldaşımın məzarına, onun şəhid olduğu torpaqlara 1992-1993-cü ildən sonra gedə bilməmişik. İnanıram ki, biz ora da gedəcəyik.

Onu da xatırladım ki, həyat yoldaşım Zahid Əhmədov Cəbrayıl rayonunda Cinayət-Axtarış Şöbəsinin bir neçə işçisi ilə bərabər minaya düşmüşdü. Zahid sürücüsü ilə birlikdə şəhid oldu. Cəbrayıl rayonundan bir az uzaqda, “Ziyarət dağı” deyilən yer var. Həyat yoldaşımı orada dəfn elədik.

Bir dəfə yuxuda onu gördüm. Onda hələ qardaşım əsgərlikdə idi. Mənə uzun bir siyahı göstərdi ki, bura Azadın da adını yazmalıyam. Yuxuda ağladım ki, onun adını yazma. Səhər yuxudan duranda bildim ki, qardaşım döyüşdə yaralanıb. Onu Bakıya xəstəxanaya çatdırdıq. Lakin həyatını xilas etmək mümkün olmadı (ağlayır).

Amma inanıram ki, şəhidlərimizi, oradakı bizim qədim ocağımızı - “Hacı Qaraman” ocağını bir daha görəcəyik və oradakı ulularımızı, müqəddəslərimizi ziyarət edə biləcəyik. Orada qanı tökülən, orada yatan, uyuyan şəhidlərimiz, o cümlədən, mənim həyat yoldaşım həmin o müqəddəslər qədər müqəddəsdir. Çünki hər biri şəhid müqəddəslik zirvəsinə yüksəlib və bu gün də o ümidlə yaşayıram ki, biz ora - “Ziyarət dağı”na, “Hacı Qaraman” ocağına gedəcəyik.

Həyat yoldaşımın məzarını ziyarət edə, qucaqlaya biləcəyik. Allah vətəni sevən insanları əksik eləməsin Vətənimizdən. Allah vətənpərvər oğullarımızı, qızlarımızı çox eləsin və biz də onların arxasındayıq. Hərəmiz öz sahəmizdə, hərəmiz öz işimizdə vətən üçün çalışaq, vətən üçün vuruşaq.

İnanıram ki, o zaman biz torpaqlarımızı qaytaracağıq və buna əminəm ki, bizim Ordumuz bu həsrətimizi, bu arzumuzu gözümüzdə qoymayacaq.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri