İyl
2019
16:55
77
43
3536
Virtual karabakh

Brüssel bürokratiyası, Britaniyanın Qarabağ üzrə rolu, Yerevanın narahatlığı - Səfirlə müsahibə

3 İyl, 2019
16:55
3536

Brüssel bürokratiyası, Britaniyanın Qarabağ üzrə rolu, Yerevanın narahatlığı - Səfirlə müsahibə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadənin Oxu.Az-a müsahibəsi:

- Hazırda Azərbaycan-Britaniya münasibətləri hansı səviyyədədir? Ölkələrimiz arasında hansı sahələr üzrə ikitərəfli əməkdaşlıq haqqında sənədlərin imzalanmasına hazırlıq gedir?

- Azərbaycan və Böyük Britaniya arasında münasibətlər özünün yüksələn inkişafında həmişə tərəfdaşlıq xarakteri daşıyıb. Bu, bir çox məqamlardan görünür. Mən məqamlar deyəndə, birbaşa xarici investisiyaların həcminə görə Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına sərmayə qoyan investorlar arasında hələ də birinci yerdə olmasından bəhs etmirəm. Hazırda investisiyaların ümumi məbləğini dollarla hesablayanda 28 milyardı keçdiyindən də danışmıram. Azərbaycanda işləyən və iqtisadiyyatımıza sərmayə qoyan Britaniyanın 440 şirkətini də nəzərdə tutmuram.

Xeyr, bu, başqa məqamlardır. Bu, daha çox iki ölkənin xarici siyasi kursunun əsaslandığı tam ümumi maraqlar və ideallardır. Bu, beynəlxalq təşkilatların forumlarında qarşılıqlı fəaliyyətin və koordinasiyanın ən yüksək səviyyədə olmasında, təhlükəsizlik məsələləri, siyasi, ticari-iqtisadi məsələlər üzrə əlaqələndirilmiş xarici siyasət kontekstində, eləcə də kitərəfli münasibətlərin yüksək inkişaf dinamikasında özünü göstərir.

Bizdə Azərbaycan Prezidentinin inauqurasiyadan sonra ilk səfərini qardaş Türkiyəyə həyata keçirməsi ənənə halını alıb. Lakin tarixdə ilk dəfə olaraq, 2018-ci ildə hər şey əksinə oldu. İlham Əliyevin 2018-ci ilin aprelindəki səfəri iki hissədən ibarət idi. Prezident Türkiyəyə səfər etdikdən sonra Bakıya qayıtmadan Böyük Britaniyaya yola düşdü.

Azərbaycan və Böyük Britaniya arasında əsas sənədlər paketi, yəni ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların təşviqi haqqında saziş razılaşdırılıb. Kənd təsərrüfatı sahəsində qarşılıqlı anlaşma memorandumunun imzalanmasına artıq çoxdan hazırlıq gedir. Oxşar sənədlər turizm sahəsində də hazırlanır.

- Böyük Britaniyanın Avropa İttifaqından çıxma ehtimalı ikitərəfli münasibətlərin gələcək inkişafına necə təsir göstərə bilər?

- Məsələ burasındadır ki, ikitərəfli münasibətlərimiz həmişə kompakt şəkildə hərtərəfli olub və etiraf etmək qorxulu deyil ki, bu münasibətləri bəzi sahələrdə məhdudlaşdıran Brüssel bürokratiyası faktoru, eləcə də postsovet məkanı dövlətləri ilə münasibətləri süni şəkildə məhdudlaşdırma üzrə bəzən gerçək, bəzən də uydurulmuş ümumi Avropa İttifaqı tədbirləri mövcuddur.

Deyə bilərəm ki, bizim Böyük Britaniya ilə hərtərəfli ticarət sazişi çərçivəsində ilkin layihəmiz var. Saziş bizə Britaniya tərəfindən təqdim edilib və hazırda Azərbaycanda təhlil edilmə prosesindədir. Biz öz təkliflərimizi verəcəyik.

Paradoksal olsa da və inqilabi səslənsə də, fikrimcə, Brüsselin bürokratik çətinliklərindən qurtulsa, bu münasibətlər daha çevik, dinamik inkişaf edə və hərtərəfli ola bilər.

- Böyük Britaniya ATƏT-in Minsk qrupunun tərkibinə daxil deyil. Londonun Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində hansısa formatda iştirakı mümkündürmü?

- Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünə qarşı ehtiramını və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, ilk növbədə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi şərtləri əsasında həllinin zəruriliyini dəfələrlə qeyd edib. Lakin siz gözəl başa düşürsünüz ki, Minsk qrupunun tərkibinin genişləndirilməsi və ya həmsədrlərin tərkibinin dəyişdirilməsi bir sıra amillərdən, o cümlədən, münaqişə tərəflərindən asılıdır.

Təəssüf ki, Ermənistan tərəfi dəfələrlə açıq şəkildə bəyan edib ki, Azərbaycan və Böyük Britaniya arasında mövcud olan geniş ticari-iqtisadi və siyasi münasibətlərlə əlaqədar London onlar üçün Qarabağ münaqişəsində rəsmi vasitəçi qismində qəbuledilməzdir. Buna görə də onlar Böyük Britaniyanı kənar faktor - ATƏT-in Minsk qrupundan ayrı qəbul etməyə meyillidirlər.

Lakin düşünürəm ki, Böyük Britaniya burada da özünün tutarlı fikrini ifadə edə bilər, çünki London dünya siyasətinin mərkəzlərindən biri kimi qalmağa davam edir. Bundan başqa, Böyük Britaniya ABŞ ilə münasibətlərdə tamamilə xüsusi statusa malik yeganə dövlətdir. Bu, dəfələrlə, o cümlədən, Prezident Donald Trampın bu yaxınlarda Londona səfəri zamanı təsdiqlənib.

Buna görə Böyük Britaniya Minsk qrupundan kənarda da öz sülhməramlı rolunu oynaya bilər, hərçənd biz Londonun həm Minsk qrupu çərçivəsində, həm də ondan kənarda bütün istiqamətlərdə fəallaşmasını alqışlayardıq.

- Azərbaycan paytaxtında keçirilmiş Avropa Liqasının final matçından əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında Bakı küçələrində ehtiyatlı davranmağın və axşam, gecə gəzintilərindən qaçmağın zəruriliyi barədə xəbərdarlıq yayıldı...

- Zənnimcə, məhz Bakıda Avropa Liqasının finalından öncə “Travel Guidance”in belə “uğursuz” nəzərdən keçirilməsi təsadüfi olmayıb. Bu məsələni Bakıdakı Böyük Britaniya səfirliyi və Xarici İşlər və Birlik İşləri üzrə (Britaniya XİN məhz belə adlanır - T. Tağızadə) ofisin rəhbərliyi qarşısında qaldırmışıq. Və bizim üçün bir neçə məqam olduqca xoşdur. Birincisi, Britaniyanın Bakıdakı səfiri tərəfindən bəyanatın verilməsinə nail olduq. Kerol Krofts bəyan etdi ki, bütün dərc edilənlər ümumi xarakter daşıyır və matça heç cür təsir etmir, hərçənd bu, kifayət qədər şərti düzəlişdir.

İkincisi, düşünürəm ki, Böyük Britaniya hökumətinin matça bir neçə gün qalmış özünün “Travel Guidance”ini buraxması daha vacibdir. Məhz orada bizi narahat edən bütün məsələlər adekvat əksini tapdı.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri