18 
İyl
2019
13:29
55
116
4799
Virtual karabakh

Alman jurnalist Bakı ilə Minski müqayisə etdi - MÜSAHİBƏ

18 İyl, 2019
13:29
4799

Alman jurnalist Bakı ilə Minski müqayisə etdi - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Katya Şturm Almaniyanın qəzet və jurnalları üçün yazılar yazır. O, dörd il əvvəl Bakıda keçirilmiş I Avropa Oyunlarında olduğu kimi, bu yaxınlarda Belarusun paytaxtı Minskdəki analoji yarışı işıqlandıran jurnalistlər arasında olub.

Oxu.Az bu münasibətlə almaniyalı həmkarımız Katya Şturmdan müsahibə götürüb.

– Minskdəki açılış və bağlanış mərasimlərini bəyəndinizmi?

– Açığı, bağlanış mərasiminə stadiondan yox, ancaq televizordan baxmaq imkanım oldu. Çünki stolüstü tennis jurnalı üçün yazılası məqaləm vardı (gülür). Açılış mərasimi isə mənə görə bir az uzun alındı. Onlar populyar rusiyalı müğənni Anna Netrebkonu açılışa cəlb etmişdilər və onu görmək mənim üçün xoş oldu. Bir az uzun alındı, amma emosional anlar da az olmadı.

– Oyunların səviyyəsi sizi qane etdimi?

– Təşkilatçılıq olduqca mükəmməl idi. Amma idman növlərində səviyyə fərqli idi. Bəzi idman növləri Avropa çempionatı xarakteri daşıyırdısa, bəziləri Olimpiyaya lisenziya xarakterində idi. Məsələn, mənim vətənim Almaniya bura əksər idman növləri üçün ikinci heyətini göndərmişdi. Halbuki dünya çempionatlarına bundan daha güclü heyətlə gedirik.

– Bakıdakı I Avropa Oyunları 17 gün keçirilmişdi. Minskdə isə bu, cəmi 10 gün oldu. Sizcə, belə bir turnir üçün günlərin sayı az deyilmi?

– Bakıda Minskdəkindən çox idman növləri vardı. Məsələn, üzgüçülük Minskdə yox idi. Amma mən də düşünürəm ki, əgər Avropa Olimpiya Komitələri bu yarışı qitənin aparıcı turniri etmək istəyirsə, günlərin sayı daha çox olmalı idi.

– Siz həm də Bakıdakı I Avropa Oyunlarında olmusunuz. Həmin yarışdan xatirənizdə ən çox nə yadda qalıb?

– Düşünürəm ki, Bakıdakı açılış mərasimi Minsk üçün böyük təcrübə olub. Sizdəki açılış və bağlanış mərasimləri böyük şou halında keçirilmişdi. Bəlkə də, açılış mərasimində Anna Netrebko kimi məşhur oxumasa da, Bakıdakı Avropa Oyunları Olimpiadaya bir az daha yaxın idi. Həmin yarışları daha çox xarici jurnalist işıqlandırırdı.

Atletlər Kəndindən başqa, jurnalistlərin məskunlaşması üçün Media Kəndi də vardı. Mənim bu amil – medianın bir yerdə qalması, işləməsi, yemək yeməsi çox xoşuma gəlmişdi. Ona görə də deyirəm ki, Bakıdakı Avropa Oyunları az qala Olimpiada səviyyəsində keçirilirdi. Minskdə isə bu baxımdan bir az axsaqlıq vardı.

– Mən özüm də həmin yarışları işıqlandırmış bir media işçisi kimi misal çəkmək istəyirəm. Məsələn, Minskdə media üçün qida və içkilərin əksəri pullu idi. Amma Bakıda idman obyektlərindəki qida və içkiləri pulsuz rahatlıqla əldə etmək olardı...

– Bəli, razıyam. Amma II Avropa Oyunlarının son günlərində nisbətən vəziyyət düzəldi. Su, çay, kofe əvvəl pulla satılsa da, sonradan pulsuz verilməyə başlandı. Qida isə sonadək pullu oldu. Əvvəldə sadaladığım içkilər də pulla satılırdı. Belə isti yay günlərində jurnalistlər iş əsnasında bu kimi içkilərə ehtiyac duyur.

Avropa Oyunlarını keçirmək heç də asan məsələ deyil. Gördüyünüz kimi, Niderland sonradan II Avropa Oyunlarını keçirməkdən vaz keçdi. Sevindirici haldır ki, III Avropa Oyunları da olacaq və biz bu yarışları dörd il sonra Polşada izləyəcəyik. Düzdür, yəqin ki, yenə bəzi dəyişikliklər olacaq.

Amma istənilən halda Bakıdakı I Avropa Oyunları unudulmayacaq. Sizin ölkənin artıq bu baxımdan çox böyük təcrübəsi var. Düşünürəm ki, ilk dəfə üçün Azərbaycan I Avropa Oyunlarını çox yaxşı keçirmişdi.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri