15 
Avq
2019
11:52
84
26
2493
Virtual karabakh

Ekspert: Xəzərdən keçən marşrutlar Azərbaycanın infrastrukturundan istifadə edir - MÜSAHİBƏ

15 Avq, 2019
11:52
2493

Ekspert: Xəzərdən keçən marşrutlar Azərbaycanın infrastrukturundan istifadə edir - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin elmi əməkdaşı Stanislav Pritçinin Oxu.Az-a müsahibəsi:

- Bazar ertəsi Türkmənistanda Birinci Xəzər İqtisadi Forumu keçirildi. Tədbirin nəticələrini necə xarakterizə edərdiniz? Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından keçən bir il ərzində hansı işlər görülüb?

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından ötən bir il ərzində kifayət qədər böyük işlər görülüb. İndiki mərhələdə əsas vəzifə 2018-ci ilin avqustunda Aktauda əldə olunmuş razılaşmaların legitimləşdirilməsindən və ratifikasiya edilməsindən ibarət olub.

Hazırda bu prosesin olduqca uğurlu getdiyini deyə bilərik. Xəzəryanı ölkələrin üçü – Azərbaycan, Qazaxıstan və Türkmənistan artıq Konvensiyanı ratifikasiya edib. Rusiyada praktiki ratifikasiyaya başlayırlar: Baş nazir Dmitri Medvedevin bildirdiyi kimi, müvafiq sənədlər razılaşdırılması üçün təqdim ediləcək və Dövlət Duması payızda Konvensiyanı ratifikasiya edəcək.

İranda bir qədər başqa vəziyyət formalaşır. Bu ölkənin parlamenti Xəzər dənizinin hüquqi statusu haqqında sazişin əldə olunmasına əvvəlcə kifayət qədər tənqidi yanaşıb. Bununla əlaqədar İran hökuməti Konvensiyanın təsdiqi üzrə parlamentin zəmanətli razılığını almaq üçün daha uğurlu məqam gözləyir.

Türkmənistanda keçirilmiş forum tərəflərin Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması prosesini yekunlaşdırmasının və gələcək danışıqlar, əməkdaşlıq üçün səmərəli meydança olan bu formatın gözləntiləri doğrultmasının birbaşa nəticəsidir. Yekunda yeni ideya və layihələri müzakirə etmək üçün görüşlərin davam etdirilməsi qərara alınıb.

- İranın hazırda üzləşdiyi problemlər Xəzərdə əməkdaşlığa hansı dəyişiklikləri edir? Bununla əlaqədar Xəzər dənizinin Fars körfəzi ilə birləşdirilməsi ideyasının həyata keçirilməsi nə qədər realdır?

- Prinsipcə, heç kəs bu ideyadan imtina etmir. Axı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi mövcuddur. Layihə İranın nəqliyyat infrastrukturunu Azərbaycan və Rusiyanın infrastrukturu ilə birləşdirməyə hesablanıb. Multimodal dəhlizin yaradılması üçün çatışmayan hissəni tikib başa çatdırmaq qalır.

ABŞ-ın İranın nüvə sazişindən çıxması ümumilikdə regionun investisiya cəlbediciliyini ciddi şəkildə pisləşdirib. Həsən Ruhani 2018-ci ilin martında Bakıda olarkən Azərbaycanın İqtisadiyyat Nazirliyi və İranın Neft Nazirliyi Xəzər dənizində müvafiq blokların birgə işlənməsi üzrə anlaşma memorandumu imzalayıblar.

Yəni Bakı və Tehran arasındakı danışıqlar prosesində çox ciddi tərəqqi və dinamika müşahidə edilib. Prinsipcə, tərəflər həmin vaxt sərhədyanı yataqları mənimsəməyə başlamağa çox yaxın olublar.

Bu, o deməkdir ki, Xəzər dənizinin cənub ərazisinin delimitasiyası üzrə əsas hissələr gündəlikdən çıxarılıb. Lakin ABŞ-ın sazişdən çıxması və İrana qarşı əlavə sanksiyaların tətbiqi xarici investorları ciddi şəkildə qorxudub və ona gətirib çıxarıb ki, Azərbaycan və İran danışıqların davam etdirilməsindən imtina ediblər, bu layihələri uzun müddətə təxirə salıblar.

Lakin bu, yalnız aysberqin görünən tərəfidir. Aydındır ki, Qərb şirkətləri İranla bağlı planları dayandırıblar, bu da ümumilikdə investisiya mühitinə mənfi təsir göstərir. Yəni Tehranla müzakirə olunan istənilən layihə iştirakçı şirkətlər üçün ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən risklərin olması baxımından nəzərdən keçirilir.

- Xəzəryanı beşliyə daxil olmayan dövlətlər üçün Xəzər dənizində müasir nəqliyyat-tranzit infrastrukturunun gələcək inkişafı nə dərəcədə faydalı ola bilər?

- Çin uzun müddətdir Xəzəryanı dövlətlərin infrastrukturundan istifadə edir. Pekin Qazaxıstanda və Mərkəzi Asiyada nəqliyyat layihələri həyata keçirib. Çin mallarının daşınması üçün Azərbaycanın Xəzərin qərb sahilində fəal inkişaf etdirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu infrastrukturundan aktiv istifadə olunur.

Bundan başqa, “Şimal-Cənub” təkcə region ölkələri arasında ticarətin inkişafına deyil, həm də Hindistanın, Fars körfəzi və Hind okeanı ölkələrinin ona qoşulmasına hesablanıb. Bu layihə həmin ölkələrdən Avropaya mal axınını özünə tez bir zamanda qoşa bilər. Nəzərə almaq lazımdır ki, tədarük müddətinin tez olması layihənin üstünlüyüdür.

- Qeyd etdiyiniz proseslərdə Azərbaycana hansı rol ayrılıb?

- İlk növbədə, qeyd etmək lazımdır ki, Bakı özünün olduqca cəlbedici coğrafi mövqeyindən çox ağıllı istifadə edir. Xəzərdən keçən istənilən marşrut – “Şimal-Cənub”, “Şərq-Qərb”, varisi “Bir kəmər-bir yol” olan keçmiş “TRASECA” bu və ya digər dərəcədə Azərbaycanın infrastrukturundan keçir.

Üstəlik, Bakı həmsərhəd ölkələrə ağıllı şəkildə sərmayə qoyur. Belə ki, Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin sahəsi Azərbaycanın maliyyə iştirakı ilə tikilib.

Yəni biz görürük ki, Bakı öz ərazisindən keçən nəqliyyat axınlarını təmin etmək məqsədilə qonşu ölkələrdə də infrastrukturların tikintisini maliyyələşdirir. Azərbaycan özünün coğrafi və geosiyasi mövqeyindən maksimum istifadə edir.

- ABŞ-ın dəstək verdiyi Xəzərin dibi ilə qaz kəmərinin salınması məsələsinin gündəlikdən tam çıxarıldığını ehtimal etmək olarmı?

- Bu məsələni dəstəkləyənlər çox olub, lakin bu boru kəməri real texniki layihə müstəvisində hazırlanmayıb. Demək istəyirəm ki, Xəzərin hüquqi statusu haqqında Konvensiya istənilən belə layihənin beş Xəzəryanı ölkə tərəfindən şəffaf prosedurunun razılaşdırılmasına imkan verir. Bu layihənin bloka alınmasının ciddi mexanizmləri yoxdur.

Digər məsələ indiki iqtisadiyyatın vəziyyətidir. Aydındır ki, Trans-Xəzər qaz kəməri, ilk növbədə, Avropanın təbii qaz ehtiyacının təmin edilməsinə yönəlib. Hazırda görürük ki, Avropa bazarı uğrunda ciddi mübarizə gedir. Hətta “Qazprom” sıxılmış təbii qazla ciddi mübarizə aparmaq məcburiyyətində qalıb.

Son vaxtlar sıxılmış qazın qiyməti ciddi şəkildə azalıb və boru kəmərləri ilə nəql edilən qaz üçün ciddi rəqibə çevrilib. Əgər qaz qəbul edən terminalın varsa, sıxılmış təbii qaz tədarükçüləri ilə sərfəli müqavilə bağlaya bilərsən. Boru kəmərləri ilə qaz tədarük edənlərlə isə belə asan olmur. Belə şəraitdə Trans-Xəzər qaz kəmərinə vəsait yatırmaq elə də perspektivli sərmayə sayılmır.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri