18 
Avq
2019
12:00
50
42
2665
Virtual karabakh

Politoloq: Xəzər təhlükəsizlik sistemi yalnız Xəzəryanı ölkələrin maraqlarına əsaslanır - MÜSAHİBƏ

18 Avq, 2019
12:00
2665

Politoloq: Xəzər təhlükəsizlik sistemi yalnız Xəzəryanı ölkələrin maraqlarına əsaslanır - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Dəniz Kuboku-2019" müsabiqəsi mahiyyət etibarilə 2010-cu ildə Bakıda Xəzəryanı dövlətlərin sammitində imzalanmış müvafiq sazişlə tənzimlənən və 2018-ci ilin avqustunda Aktauda Xəzəryanı dövlət başçılarının razılaşdırdığı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəaları ilə təsbit edilmiş Xəzər regionunun təhlükəsizlik sistemini nümayiş etdirir.

Bunu Oxu.Az-a politoloq İlqar Vəlizadə deyib.

- Yəni biz artıq Azərbaycan, Rusiya, Qazaxıstan və İranın fəal iştirak etdiyi Xəzər təhlükəsizlik sisteminin formalaşması barədə danışa bilərik.

Bakının bu format çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələri olan Rusiya və Qazaxıstanla qarşılıqlı fəaliyyəti maraq kəsb edir. Bu ondan xəbər verir ki, Xəzər təhlükəsizlik sistemi özünəməxsusdur və yalnız Xəzəryanı ölkələrin maraqlarına əsaslanır.

Türkmənistan bu sistemdə hələ ki iştirak etmir. Aşqabadın bu müsabiqəyə qoşulacağı istisna edilmir, çünki Moskva Türkmənistana Xəzəryanı ölkələrin reallaşdırdığı təhlükəsizlik tədbirlərinə qoşulmağı təkidlə təklif edir.

- Yəqin ki, Xəzəryanı ölkələrin silahlı qüvvələri təkcə hərbi-dəniz bölmələrini cəlb etməklə qarşılıqlı fəaliyyət göstərmirlər.

- Əlbəttə ki, Azərbaycan, Rusiya və Qazaxıstan hərbçilərinin iştirakı ilə əməkdaşlığın başqa formatı da var. Söhbət üç ölkənin tank bölmələrinin birgə iştirakından gedir. Bu, Xəzərin təhlükəsizliyinin təmin edilməsi üçün ayrıca formatdır. Həmçinin Azərbaycan, Qazaxıstan və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin bölmələri arasında birgə tədbirlər keçirilir. Səhv etmirəmsə, İranın müvafiq qurumu da bu formatda iştirak edir.

- Xəzərdə təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi, o cümlədən neft-qaz yataqlarının mühafizəsi məqsədilə də birgə təlimlər keçirilir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üçüncü qüvvələrin Xəzər akvatoriyasında hərbi mövcudluğunu qadağan edir. Xəzərin təhlükəsizliyinə qarşı hansısa təhdidlər varmı?

- Burada müxtəlif şərhlər var. Belə ki, Rusiya ekspertlər birliyi səviyyəsində fərziyyə irəli sürmüşdü ki, yükləri Əfqanıstana çatdırmaq üçün Aktau və Bakı limanlarının imkanlarından istifadə etməklə Xəzər dənizində NATO nəqliyyat marşrutunun inkişafı alyans qüvvələrinin Xəzər akvatoriyasında möhkəmlənməsinə şərait yarada bilər. Həmçinin təxmin edilirdi ki, Vaşinqton ABŞ qüvvələrinin məhdud kontingentinin yerləşdirilməsi məqsədilə Qazaxıstan ərazisindən istifadə etməyi istəyə bilər. Təbii ki, gerçək gündəlikdə məsələyə bu cür yanaşılmır. Buna görə də üçüncü qüvvələrin Xəzəryanı dövlətlərin  təhlükəsizliyini təmin etmək qismində mövcud olması imkanları nəzərdən keçirilmir.

Digər tərəfdən, üçüncü ölkələrin gəmiləri Xəzər dənizinə yalnız Rusiya ərazisindən Volqa-Don kanalı sistemi vasitəsilə keçə bilər. Lakin Moskva şübhəli gəmilərin Xəzərə gəlişinə heç vaxt imkan verməz.

- Türkmənistanın Xəzərdə hərbi gəmilərin müsabiqəsində iştirak etməməsinin səbəbləri nədir?

- Türkmənistan dövətinin siyasəti istənilən hərbi formatda iştirakı nəzərdə tutmur. Rəsmi Aşqabad neytral siyasət yürüdür və istənilən hərbi formatlardan uzaq durur. Türkmən gəmilərinin “Dəniz Kuboku”nda iştirak etməməsinin səbəbini çox güman burada axtarmaq lazımdır.

- Azərbaycan, Qazaxıstan və Türkmənistan Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edib. Rusiya Dövlət Dumasının sənədi payızda ratifikasiya edəcəyi gözlənilir. İran Konvensiyanı təsdiq etmək məsələsini niyə uzadır?

- İranın xarici işlər naziri Cavad Zərif cari ilin iyununda ölkə rəhbərliyinin Konvensiyanın reallaşdırılması üzrə mövqeyini İslam Məşvərət Şurasına təqdim edib. Lakin iranlı deputatlar bu sənəddən tam razı qalmayıblar. Qənaətimcə, İran parlamenti payızda bu məsələyə baxmağa davam edəcək. Bu prosesin nə qədər uğurlu olduğunu indidən demək çətindir. Konvensiyanın digər ölkələr tərəfindən təsdiq edilməsi fonunda bu sənədin qəbul edilməsi ilə bağlı süründürməçilik İranın mövqeyini daha da zəiflədir və müəyyən mənada Tehranın Xəzəryanı əməkdaşlıqda iştirakını dayandıra bilər.

Xatırladaq ki, Azərbaycanın hərbi gəmiləri "Beynəlxalq Ordu Oyunları-2019" çərçivəsində avqustun 5-15-də Bakıda keçirilmiş "Dəniz Kuboku-2019" beynəlxalq yarışının qalibi olublar. Yarışda Rusiya, Qazaxıstan və İranın hərbi gəmiləri də iştirak ediblər.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri