28 
Avq
2019
18:00
106
89
3010
Virtual karabakh

Ekspert: Rusiya-Türkiyə-Azərbaycan "üçbucağı" daxilindəki münasibətlər nümunəvidir - MÜSAHİBƏ

28 Avq, 2019
18:00
3010

Ekspert: Rusiya-Türkiyə-Azərbaycan "üçbucağı" daxilindəki münasibətlər nümunəvidir - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili və xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsi üzrə ekspert Qriqori Trofimçukun Oxu.Az-a müsahibəsi:

- Ötən gün Rusiya və Türkiyə prezidentlərinin keçirdiyi görüşdə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə diqqət çəkilib. Rəcəb Tayyib Ərdoğan qarşılıqlı əmtəə dövriyyəsinin 25-dən 100 milyard dollaradək artırılması planının olduğunu bildirib. Hansı sahələrdə əməkdaşlıq bu planı reallaşdıra bilər və artımı təmin etmək üçün nə qədər vaxt lazımdır?

- Rusiya da ticari-iqtisadi əməkdaşlığımızın göstəricilərini yüksəltməyə hazırdır. Bu rəqəmi 100 milyard dollarədək artırmağa hazır olan Prezident Ərdoğanın yanaşmasını təqdir edirəm. İqtisadiyyatlarımız bu sıçrayışı gerçəklikdə tam reallaşdıra bilər. Mövcud ticarət həcmi iqtisadiyyatlarımıza uyğun gəlmir. Biz daha çoxuna qadirik.

İlk növbədə, regionlararası formatda əməkdaşlığı gücləndirmək lazımdır. Bu cür format həm bütün məsrəfləri əlavə olaraq azaldacaq, həm də ticarət həcmini kəskin artıracaq. Rusiyanın regionları türk məhsulları üçün ucsuz-bucaqsız bazardır və hələ də tam mənimsənilməyib.

Digər sahələrə gəlincə, Moskva və Ankara arasında hərbi-texniki əməkdaşlığın xeyli gücləndiyini görürük. Vaşinqtonda bununla nə edəcəklərini artıq bilmirlər və sadəcə olaraq prosesin gedişini müşahidə edirlər. Prezident Ərdoğan bunu hiss edir və bütün imkanlardan istifadə edərək təzyiq göstərir. Bu, Vaşinqtona qarşı artıq demarş deyil, Türkiyənin özünü gücləndirmək, Rusiya ilə münasibətləri inkişaf etdirmək hesabına onun daxili tərəqqəsini təmin etmək imkanıdır.

Xatırladım ki, hələ 2007-ci ildə "Rus Damaları (Kənara çəkil, Bjezinski)" adlı kitabımda  (rus.-"Русские Шашки (Посторонись, Бжезинский)") Rusiyaya Türkiyəyə qarşı siyasi baxışlarına yenidən baxmağı və əməkdaşlığımızı kəskin gücləndirməyi təklif etmişdim. Və bu təklifi ilk irəli sürənlərdən biri olmuşam. Həmin vaxt bizim üçün Türkiyə istiqaməti, yumşaq desək, bir qədər ekzotik görünürdü. Türkiyəni az qala tarixi düşmən hesab edirdilər. İndi isə bizə elə gəlir ki, Rusiya-Türkiyə əlaqələrindəki yüksəliş əbədi mövcud olub. Əslində isə bu yaxınlarda başlayıb və bunun üçün hamımız ciddi işləməliydik.

Konkret vəzifələrlə bağlı məsələlər dəqiq tərtib ediləndə iki ölkə arasında əmtəə dövriyyəsinin yeni səviyyəsinə tez sıçrayış etmək olar. Prezidentlər məmurlara nə desələr, onlar da onu edəcəklər. Qərb ölkələri ilə müqayisədə bu, bizim ölkələrdə mümkündür. Qərbdə hansı məmurun nəyə cavabdehlik daşıdığı bilinmir.

- Prezidentlər iki ölkənin hərbi hava qüvvələrinin potensialı haqqında bir-biri ilə məlumatları bölüşüblər. Moskva və Ankaranın hərbi-sənaye, eləcə də Suriyada qarşılıqlı fəaliyyət sahələrində hansı əməkdaşlıq perspektivləri var?

- Rusiya və Türkiyənin hərbi-siyasi və hərbi-texniki əməkdaşlığı qabaqlayıcı templə inkişaf edir. Bu, bilərəkdən edilən və düşünülmüş inkişafdır. Beynəlxalq şərait bizə başqa yol buraxmır. Bununla belə, Türkiyənin bəzi məsələlərə, o cümlədən Suriyanın siyasi gələcəyinə dair öz baxış bucağı var. Moskva və Ankaranın bununla əlaqədar öz mövqelərini mütəmadi rejimdə tutuşdurmaları yaxşı haldır. Ankara bu mövqeləri Vaşinqtonla tutuşdursaydı, daha pis olardı. İdlibdəki vəziyyət kimi bəzi problemlər Rusiya-Türkiyə münasibətlərindəki dinamikanı ləngidir, lakin ümid edirik ki, yekunda lazımi həll yolu tapılacaq. Çünki əks halda terrorçular artıq Türkiyənin özünə qarşı çıxa bilər.

Türkiyə Donald Trampın prezidentliyi dövründə ABŞ-ın nisbi zəifləyini adekvat şəkildə qiymətləndirir, buna görə də Rusiya silahlarının alınmasını artıracaq. Ankara çox yaxşı anlayır ki, Tramp təkcə Türkiyə ilə deyil, həm də Şimali Koreya, İran, Venesuela və digər ölkələrlə heç nə edə bilmir. Bəlkə də bu, müvəqqəti fasilədir, lakin Türkiyə öz müdafiə qabiliyyətini möhkəmləndirmək üçün bundan istifadə edəcək. Buna görə də Moskva və Ankara Suriyada da hələlik birgə istiqamətdə hərəkət edir.

- Azərbaycan həm Moskva, həm də Ankara ilə sıx əməkdaşlıq edir. Rəsmi Bakı Türkiyə və Rusiya arasında qarşılıqlı əmtəə dövriyyəsinin artmasından və iqtisadi əməkdaşlığın inkişafından hansı bonusları qazana bilər?

- Rusiya-Türkiyə xətti üzrə əməkdaşlıq Azərbaycan üçün həm faydalıdır, həm də Moskva və Bakı arasında strateji münasibətlərin vacib şərtlərindən biridir. Nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanın əsas müttəfiqidir. Bir neçə il əvvəl Rusiya-Türkiyə münasibətləri soyuyanda Bakıda hansı gərginliyin yarandığının şahidi olduq. Lakin indi Rusiya-Türkiyə-Azərbaycan “üçbucağı” daxilindəki, eləcə də ikitərəfli formatda münasibətlər çox möhkəm və nümunəvidir.

Azərbaycan mövcud imkanlardan tam istifadə edir. Bu ölkə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasa da, Rusiya ilə münasibətləri tam formatda inkişaf etdirir. İlham Əliyev və Vladimir Putin dəfələrlə qeyd ediblər ki, Rusiya-Azərbaycan münasibətləri özünün ən yüksək inkişaf səviyyəsindədir.

Hesab edirəm ki, ölkələrimiz tərəfdaşlıqlarının, belə demək mümkünsə, Şərq istiqaməti üzrə potensialını tam üzə çıxara bilməyib. Qərbdən fərqli olaraq Şərqdə, Avropaya nisbətdə isə Asiyada heç kəs sizə siyasi şərtlər irəli sürmür, sanksiya tətbiq etmir, sizinlə ticarət müharibələri aparmır. Biz buna görə də potensialımızın inkişafı üçün mövcud olan hər imkandan istifadə etməliyik.

Sentyabrın 4-6-da Vladivostokda sayca beşinci Şərq İqtisadi Forumu keçiriləcək. Prezident Putin 2014-cü ildə foruma təşəbbüs göstərib. Qərb özünü sərt aparmağa başlayanda bu təşəbbüs irəli sürülüb. Forum bizim Rusiya-Türkiyə-Azərbaycan “üçbucağı”nın vəzifələrini reallaşdırmaq üçün əsas təməllərdən birinə çevrilir. Bu, Azərbaycan üçün Avropa İttifaqının təşəbbüs göstərdiyi “Şərq tərəfdaşlığı” bloku ilə müqayisədə əsl Şərq tərəfdaşlığıdır.

- Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, dünyada Qərbin hegemonluğu sona yaxınlaşır və Rusiya ilə yeni münasibətlər qurmaq lazımdır. O bildirib ki, Aİ və Kreml arasında münasibətlər qurulmasa, Avropa qitəsinin təhlükəsizliyi daim təhdid altında olacaq. Bununla əlaqədar qitədə vəziyyət necə dəyişəcək?

- Aİ, xüsusən də Fransa Trampın dövründəki ABŞ-ı adekvat qiymətləndirir. Tramp mümkün olan hər yerdə xaos yaradır və Makron öz perspektivlərini ölçüb-biçir. O, Böyük Britaniyanın Aİ-dən çıxması və Merkelin getməsi ilə əlaqədar Almaniyanın müvəqqəti zəifləməsi fonunda indi Aİ-də liderliyə göz dikib.

Üstəlik, Makron daxildə əhalinin güclü sosial etirazının qarşısını almaqla məşğuldur. Buna görə də bütün bu problemlər bir nöqtədə cəmləşir və Makron Qərb demokratiyası və sisteminin zərərli olması barədə bəyanatlar verməyə məcburdur. Lakin Fransada sosial inqilab olmayacaq. Sadəcə indi belə sözlərə ehtiyac var və Makron sadəcə olaraq onları səsləndirir.

Rusiya-Fransa münasibətlərində də inqilabi heç nə baş verməyəcək. Moskva üçün Makronun öz mövqeyinin olması, Rusiyanın opponentləri tərəfində birmənalı dayanmaması kifayət edir. Belə vəziyyət Türkiyə və Azərbaycanı, ümumiyyətlə, beynəlxalq vəziyyətin inkişafını diqqətlə izləyən hər kəsi qane edir.

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri