Sen
2019
17:00
201
35
6922
Virtual karabakh

Çində "Daimler - Mercedes Benz"də təcrübə keçən yeganə azərbaycanlı tələbə ilə - MÜSAHİBƏ

3 Sen, 2019
17:00
6922

Çində "Daimler - Mercedes Benz"də təcrübə keçən yeganə azərbaycanlı tələbə ilə - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində magistratura təhsili alan və Pekində yerləşən "Daimler – Mercedes Benz" şirkətində təcrübə keçən yeganə azərbaycanlı Aysel Əfəndizadənin Oxu.Az-a müsahibəsi:

- Aysel xanım, bakalavr təhsilini harada almısınız?

- Bakalavr təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə almışam. Akademiyada oxuduğum dövrdə müxtəlif tədbirlərdə iştirak edirdim. İlk dəfə Çin dilini məhz akademiyada təhsil alarkən öyrənməyə başladım.

- Çin dilinə marağınız haradandır? Niyə məhz bu dili seçdiniz?

- Çin dilini birinci kursda oxuyanda öyrənməyə başladım. Sonra bu dilə və ümumilikdə Çin mədəniyyətinə marağım daha da artdı.

Çin dövləti onun dilini öyrənən və imtahandan keçən tələbələrə “Konfutsi təqaüdü” verirdi. Mən də bu təqaüdü qazandığıma görə bir illik Çinə getdim. İkinci kursda oxuduğum üçün akademik məzuniyyət götürmək lazım idi. Qayıtdıqdan sonra bir kurs aşağı oxuyacağıma görə narahat idim. Yəni universiteti bir il gec bitirəcəkdim. Lakin heç bir narahatlıq yaşamadım və düzgün qərar verdiyimi düşünürəm.

Çində Hefey şəhərindəki Anhoy Universitetində bir il Çin dili və mədəniyyəti üzrə təhsil aldım. Ali məktəbi bitirdikdən sonra yenidən Çinə qayıtmaqla bağlı qərar vermişdim. Məhz 2017-ci ildə bakalavr təhsilimi bitirdikdən sonra işləmək və iş təcrübəsi toplamaq qərarına gəldim.

Ümumiyyətlə, təhsil aldığım müddətdə bir çox şirkətlərdə təcrübə keçirdim. 2018-ci ildə isə Çinin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinə və paralel olaraq Çin Dövlət təqaüdünə müraciət etdim. Avqustda qəbul olduğum, hətta təqaüd belə qazandığım bəlli oldu. Universitetin saytında adımı görəndə yaşadığım o sevinci indiyə kimi xatırlayıram.

 - Hazırda Çində hansı ixtisas üzrə təhsil alırsınız?

- Pekin şəhərində yerləşən Beynəlxalq Biznes və İqtisadiyyat Universitetində beynəlxalq biznes və elektron ticarət ixtisası üzrə magistratura təhsili alıram. Oxuduğum universitet Çində biznes və iqtisadiyyat üzrə əsas ali məktəblərdən biridir.

- Çində xarici tələbələr arasında birinci olmusunuz...

- Təhsilim iki illikdir. İllik təhsil haqqı, yaşayış yeri, aylıq təqaüd, tibbi sığorta Çin dövləti tərəfindən qarşılanır. Bundan əlavə, qrup nümayəndəsiyəm. Qiymətlərim yüksək olduğuna görə Çində xarici tələbələr arasında universitet birincisi oldum. Buna görə də universitet daxilində "Excellence in Leadership" - "Yüksək Liderlik" sertifikatı və mükafatdan ibarət əlavə təqaüd əldə etdim.

- Təhsil Çin dilindədir?

- Magistratura təhsilim ingilis dilindədir. Oxuduğum fakültə beynəlxalq ixtisas olduğuna görə ingilis dilində təhsil almağa qərar verdim.

- Çin dilini bildiyinizə görə digər tələbələrdən seçilirsiniz? Hansı səbəbdən sizi qrup nümayəndəsi seçdilər?

- Qrupumuzda bir çox ölkələrdən tələbələr var. Təhsil ingilis dilində olduğuna görə qrupda çox az sayda tələbə Çin dilini bilir. Buna görə də ilk dəfə qrup yoldaşlarımız və tütorumuzla görüş olanda müəllim xarici dil biliklərim çox olduğu üçün (rus, türk, ingilis və Çin dili) məni qrup nümayəndəsi seçdi. Çində çox xarici dil bilənləri sevirlər. Həmin insanlara dəyər verirlər.

- Hansı ölkələrdən tələbə yoldaşlarınız var?

- Qrupumuzda bir çox ölkələrdən tələbələr var. Məsələn, Rusiya, Qazaxıstan, İndoneziya, Tailand, bir sıra Avropa və Afrika ölkələrindən tələbələrlə birgə təhsil alıram. Amma bir ölkədən iki tələbə yoxdur. Digər ixtisasların tələbələri ilə birlikdə dərslərdə olarkən heç vaxt adını eşitmədiyim ölkələrdən olanlar da vardı.

- Hazırda tələbələr daha çox ABŞ-da və ya Avropa ölkələrində təhsil almağa üstünlük verirlər. Amma siz Çində təhsil almağa qərar verdiniz. Niyə məhz magistratura təhsilinizi Çində davam etdirmək istədiniz?

- Magistratura təhsili almağa qərar verdikdə bir çox ölkələrin universitetlərinə müraciət etmişdim. Həmin ərəfədə dünyanın bir çox tanınmış universitetlərindən dəvət alsam da, Çini seçdim.

Burada təhsil aldığıma və Çin dilini bildiyimə görə Çinin mənim üçün düzgün seçim olduğunu düşünürəm. Həm də istədiyim ixtisası burada daha yaxşı öyrənəcəkdim.

Çin çox inkişaf etmiş ölkədir. Burada yeniliklər çox tez-tez baş verir. Hər şey onlayndır. Çinə ilk dəfə gələndə özünü uzaq gələcəkdə kimi hiss edirsən.

Həmçinin bu ölkə ilə əlaqələrimizin genişləndirilməsi Azərbaycanın əsas məqsədlərindən biridir. İki ölkə arasında əlaqələri inkişaf etdirəcək, genişləndirəcək şəxslər lazımdır. Bu səbəbdən Çinin ən doğru seçim olduğunu düşünürəm.  

- Ailəniz Çinə getmək qərarınızı necə qarşıladı?

- Ailəm həmişə yanımda olub. Təhsilimi xaricdə davam etdirməklə bağlı qərarımı müsbət qarşıladılar və hər zaman mənəvi dəstək verdilər. Əldə etdiyim uğurlara görə valideynlərimə minnətdaram. Bu, onların nailiyyətidir.

- Çinə gedəndə nədən əziyyət çəkirdiniz?

- Əslində, elə də bir çətinliyim olmayıb. Çin dilini bildiyim üçün ünsiyyətdə o qədər də çətinlik çəkmədim. Bir az çətinliyim Azərbaycan və Çin arasında olan dörd saatlıq zaman fərqi idi. Eyni zamanda, iki ölkə arasındakı mədəniyyət fərqi bir qədər çətinlik doğura bilir.

- Oxuduğun universitetdə sizdən başqa azərbaycanlı təhsil alır?

- Bəli, oxuduğum universitetdə başqa azərbaycanlı tələbələr də var. Təəssüflər olsun ki, digər ölkələrin tələbələri ilə müqayisədə sayımız azdır.

- Azərbaycan təhsili ilə Çin təhsili arasında nə kimi fərqlər var?

- Çində dərslərin keçirilməsində interaktiv üsula üstünlük verilir. Texnologiya inkişaf etdiyinə görə bundan geniş istifadə etmək olur. Həmçinin burada ixtisasa uyğun olaraq bir çox tanınmış şirkətlərə turlar təşkil olunurdu. Praktikada öyrəndiklərimizin tətbiqi yolları baxımından daha çox məlumat alırdıq.

Məsələn, Çinin tanınmış elektron ticarət platformalarlndan biri olan JD.com və "Alibaba"nın maliyyə sahəsi üzrə "Ant Financial" şirkəti bura daxildir. Bu şirkətə Çinin onlayn ödəniş sistemi olan "Alipay" da aiddir. Fikrimcə, bu cür təhsil üsulları əlverişlidir. İxtisasları təcrübə baxımından yox, həm də praktik cəhətdən öyrənmək yaxşı olardı.

- "Daimler – Mercedes Benz" şirkətində təcrübə keçmək şansını necə qazandınız?

- Artıq birinci kursdan Çində təhsildənkənar təcrübə keçməyin vacib olduğunu düşünürdüm. Buna görə də oxuduğum vaxtdan təcrübə proqramlarına müraciət etməyə başladım. Bir çox şirkətlərlə yanaşı, Pekində yerləşən "Daimler – Mercedes Benz" şirkətindən də təklif gəldi. Təcrübə üçün müsahibə və imtahan verdim. Bir müddətdən sonra isə altı aylıq təcrübə keçmək təklifi aldım.

- Məşhur "Daimler – Mercedes Benz" kimi bir şirkətdə təcrübə keçmək necə hissdir?

- Pekində yerləşən "Daimler Greater China Ltd" "Mercedes Benz" maşınları, "Mercedes Benz" maliyyə servisləri və digər sahələrə baxır. Bu cür böyük və nüfuzlu şirkətdə təcrübə keçmək çox qürurverici hissdir. Şirkətdə təcrübə keçən yeganə azərbaycanlıyam.

Hətta çinli tələbələr üçün burada təcrübə keçmək böyük bir nailiyyətdir. Çində şirkətlərə çox az sayda xarici təcrübəçi götürülür. Eyni zamanda, təcrübə keçən xarici tələbə sayı azdır. Bir və iki nəfərdən çox tələbə olmur.

Yadımdadır ki, ilk gün iş və şirkətlə tanışlıq treyninqi keçirilmişdi. Həmin vaxt bizə təcrübəyə qəbul olan tələbə siyahısı göstərildi. Siyahıda tək əcnəbi mən idim. Digər tələbələr isə çinli idi.

- Məşhur bir şirkətdə topladığın təcrübəni Azərbaycanda tətbiq etmək olar?

- İşçinin inkişafına dəstək, inam və fikir azadlığı kimi xüsusiyyətləri bizdəki şirkətlərə tətbiq etmək, həmçinin bu praktikanı inkişaf etdirmək olar. Burada təcrübə keçən tələbə və işçi arasında heç bir fərq qoyulmur. Hər kəsin fikri eyni cür dinlənilir və qəbul edilir.

- Aldığın təqaüddən başqa gəlir mənbəyin var?

- Oxuduğum universitetdən təqaüd və təcrübə keçdiyimə görə də aylıq ödəniş alıram. Bu, kifayət edir. İsrafçılığı xoşlamıram, qənaətcil insanam.

- Çində iş imkanları necədir?

- Çində iş imkanları geniş olsa da, rəqabət böyükdür. Burada Çin dilini bilmək səni bir addım irəli çəkə bilər. Ümumilikdə ağıllı, təhsilli kadr üçün hər bir ölkədə iş imkanları böyükdür.

- Bakıya qayıtmaq fikrin var, yoxsa Çində qalıb, iş həyatını da orada davam etdirmək istəyirsən?

- Mən ölkəmi çox sevirəm. Burada öyrəndiklərimi, gücümü, biliyimi ölkəmizin, xalqımızın inkişafı üçün sərf etmək və ölkəmin qürur duya biləcəyi vətəndaşı olmaq istəyirəm. Fikrimcə, bunu əldə etmək üçün harada olmağın heç bir fərqi yoxdur. Bu, Vətəndə və ya xarici ölkədə də ola bilər. 

- Hər kəs Çin mətbəxini sevmir. Bəs sən necə, Çin yeməklərini yeyə bilirsən? Bu mətbəxdən ən çox nəyi bəyənirsən? Azərbaycanlıların yemədiyi it, pişik əti, eləcə də həşəratlardan hazırlanan yeməklərin dadına baxmısan?

- Təəccüblü gəlsə də, Çin mətbəxini çox sevirəm. Həmişə eşidirdim ki, burada it, pişik və digər həşəratlardan hazırlanan yeməklər yeyirlər. Amma bu, heç də belə deyil. İndiyə kimi Çinin bir çox şəhərlərində olmuşam. Heç birində həmin heyvanların ətindən hazırlanan yeməklər yeməmişəm.

Pekində küçələrin birində bişmiş həşəratlar satılır. Amma ora hər kəs şəkil çəkməyə gedir. Heç çinlilərin özü belə onu alıb yemir.

İt ətini yemək istəyənlər isə xüsusi restorana üz tuta bilər. Ümumilikdə, Çində yeməklə bağlı heç bir problem yaşamamışam.

- Çində "Facebook", "Twitter" kimi sosial media tətbiqlərinə, "Google"a və "Vikipediya"ya giriş yasaqdır. Buna necə uyğunlaşa bilirsiniz?

- Çində bu ölkəyə məxsus sosial platformalar var. Bura "Wechat", "Weibo" kimi platformalar daxildir. Çində uzun müddət yaşadığıma görə mən də həmin sosial platformalardan istifadə edirəm. Uzun müddət yaşadıqca hər şeyə uyğunlaşırsan.

Qeyd edim ki, "Wechat"ın funksionallığı daha çoxdur. "WhatsApp"dan fərqli olaraq, "Wechat" vasitəsilə ödəniş, alış-veriş, bank əməliyyatları və digər prosesləri həyata keçirmək olar.

- Çində sevdiyiniz nələr var?

- Ümumilikdə, Çini sevirəm. Hər bir şəhəri digərindən fərqlənir. Pekində hər dəfə yeni bir şey kəşf etmək olur. Burada sıxılmaq, darıxmaq qeyri-mümkündür. Digər ən çox sevdiyim cəhət isə hər şeyin onlayn olmasıdır.

Çində kağız pul deyilən anlayış artıq qalmayıb. Özümüzlə heç cüzdan gəzdirmirik. Hər şeyi telefonla edirik. Yəni yemək sifarişi, alış-veriş, nəqliyyat xərcləri və digər xidmətlərə görə ödənişləri "Alipay" və "Wechat" onlayn sistemləri ilə həyata keçirmək olur.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri