Sen
2019
12:30
47
96
6307
Virtual karabakh

Maqnit adam: Sosial şəbəkələrdə çox şəkil paylaşmayın, neqativ enerji sizi öldürə bilər - MÜSAHİBƏ

5 Sen, 2019
12:30
6307

Maqnit adam: Sosial şəbəkələrdə çox şəkil paylaşmayın, neqativ enerji sizi öldürə bilər - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bioenerji terapevti, "maqnit adam" təxəllüsü ilə tanınan, eyni vaxtda 50 metal qaşığı, eləcə də, 150 kq-a yaxın ağırlığı sinəsində saxlayaraq, 2014-cü ildə adını "Ginnesin Rekordlar Kitabı"na yazdıran Etibar Elçiyevin (Budaqlı) Oxu.Az-a müsahibəsi:

- Bioenerji nədir?

- Bioenerji həyat enerjisidir. Yalnız insanlarda deyil, heyvanlarda, ümumiyyətlə, bütün canlı orqanizmlərdə də bioenerji mövcuddur. Bütün canlı varlıqlarda olan həyat enerjisi fasiləsiz ötürülür.

Enerji həm mənfi, həm də müsbət olur. Təəssüf ki, bəzən insanlar fərqində belə olmadan öz müsbət enerjilərini mənfiyə çevirə bilirlər. Əslində, bunun fərqinə varsalar, heç kimin həkimə ehtiyacı qalmaz. Hər insan özünün həkimi ola bilər.

- Bəzən bioenerjisi güclü olan insanları ekstrasens və ya falçı kimi qələmə verirlər...

- Təəssüf edirəm ki, hələ də belə düşünənlər var. Ümumiyyətlə, bioenerjinin falçılıq və ekstrasensliklə heç bir əlaqəsi yoxdur. Biznesini genişləndirmək istəyənlər falçı kimi yola çıxır, sonra da bioenerjini bu məsələyə qatır.

Həmin insanların məqsədi sadəcə mümkün qədər çox qazanc əldə etməkdir. Bəzən ekstrasenslərin də özlərini belə qələmə verdiklərinin şahidi olmuşam. Bu sahə barədə azca məlumatlı olan şəxs nə demək istədiyimi başa düşər.

İslam dinində falçılıq günahdır, amma bu gün ən çox qazananlar elə falçılardır.

İnsanlar əvvəlcə həkimə gedirlər, dava-dərmanla müalicədən şəfa tapa bilməyəndə isə bioenerji ilə məşğul olan insanlara üz tuturlar. Elə insanlar da olur ki, onlar əvvəlcə məhz falçılara müraciət edirlər. Hətta həkim yanına belə onların sözü ilə gedirlər. İnanc, əslində, yaxşı şeydir, lakin doğru istiqamətə olanda. Ümumilikdə isə bütün bunlar mənə, insanları bioenerji ilə müalicə edənlərə şamil olunmur.

- İnsanlar sizin kimi xüsusi qabiliyyəti ilə seçilənlərə birmənalı yanaşmır. İnanan və inanmayanlar var.

- Gürcü həkim Cuna Davitaşvili bioenerji sahəsini dünyaya tanıdan ilk mütəxəssislərdən olub. Rusiyada tanınmış dövlət xadimlərinə xidmət göstərib. Ona o qədər inanırdılar ki, qısa zamanda Brejnevin şəxsi həkimi təyin etmişdilər.

O, qapalı seanslar keçirirdi. Çox uzaqgörən biri olduğundan dövlət başçıları ölkənin idarə olunması ilə bağlı qərarları belə onunla məsləhətləşirdilər. Cəmiyyət ona inanır və dəstəkləyirdi.

Hər şey çox gözəl davam edirdi. Ta o vaxta qədər ki, cavan oğlunu itirir. Yavaş-yavaş Allahdan üz döndərməyə başlayır. Vəziyyəti o qədər ağır olur ki, oğlunun məzarına telefon qoyub, hər gün ona zəng etməyə başlayır. 30 il depressiya vəziyyətində yaşayır, heç kimlə ünsiyyət saxlamır. Amma təəssüf ki, Davitaşvilinin gələcəkdən xəbər verməsi və ağır övlad itkisindən sonra Allahdan üz döndərməsi cəmiyyətdə ona münasibəti dəyişir.  

İnsanlar kiməsə, nəyəsə inanaraq yaşamalıdırlar. İnamsızlıq insanın sonu deməkdir. Mən Davitaşvili ilə bir dəfə Gürcüstanda televiziya verilişində görüşdüm. O, məndən enerji alırdı. Bu barədə onun ən yaxın yoldaşı da müsahibələrindən birində demişdi.

- Özünüzdə bu enerjini ilk dəfə necə kəşf etdiniz?

- İşlərimlə əlaqədar olaraq çox gərginlik keçirirdim. Bəzən həftələrlə normal yata bilmirdim. Bir neçə ay stresslə yaşadım. Həyatımın ən çətin dövrləri idi. Bir gün tamamilə taqətdən düşdüm, özümü narahat hiss etdim. Üç gün heç yata bilmədim. İlk dəfə həmin vaxt özümdə qəribəlik hiss etdim. Bunun nə olduğunu başa düşmək üçün araşdırmalar apardım. Tədricən öz enerjimin fərqinə vardım və onu idarə etməyi öyrəndim.

Hər kəsdə enerji özünü fərqli situasiyalarda büruzə verə bilər. Elə insanlar var ki, kliniki ölüm keçirir, oyananda enerjisini kəşf edir. Elə də olur ki, adi yüngül cərəyan vurmasından sonra bioenerjinin gücünü hiss edə bilirsən.

- Dediyiniz qədər təhlükəlidirsə, insanlardan çəkdiyiniz neqativ enerji sizi öldürməzmi?

- Mənim məşğul olduğum bioenerji-maqnit müalicə metodudur. Mən ağrıları ovcumun içində yığılan enerji vasitəsilə tapıb özümə çəkirəm.

Dünya ölkələrində bu seanslar pasiyentlə bir araya gəlmədən aparılır. Bunun effektiv olduğunu düşünmürəm. Mən seans zamanı insanın bədəninə toxunaraq neqativi alıram. Bədənimdən keçən neqativlər isə göz yaşları ilə xaric olur. Bu, məndən asılı deyil. Bəzən pasiyentlər seans zamanı tez-tez əsnəyirlər. Bu, əslində, çox gözəldir. Əsnəmək neqativ enerjinin bədəndən xaric olmasına kömək edir. Bəzən insanlar əsnəməyi boğur, bunu etmək düzgün deyil. 

- İnsanın neçə enerji mənbəyi var? Onları fərqləndirən məqam nədir?

- Nə qədər fərqli insan varsa, bir o qədər də fərqli enerji var. İnsanların aurası, baxışı, hərəkətləri və ünsiyyəti ilə ötürülən enerji fərqlidir. Əsasən, insanın üç enerjisi əsas faktor kimi götürülür: fiziki enerji, ruhun enerjisi və bioenerji.

Fiziki enerjinin fərqliliyini gözlə görə bilirik: kimlər güclü, kimlərsə zəifdir. Ruhun enerjisini isə bəzi insanlar hiss edə bilir. İnsanlar var ki, onların ruhu xəstədir, qarabasmalar görürlər. Bioenerji isə insana ötürülə bilər.

Hissiyyatı güclü olan insanlar bu məqamların fərqini hiss edə bilir. Bəzən "onun enerjisi məni narahat etdi" deyərək, hansısa mühitdən, ünsiyyətdən uzaqlaşırıq. Elə də olur ki, hansısa bir insanın müsbət enerjisini hiss edirik, onunla daim ünsiyyətə can atırıq. Baxın, fərqlər özünü belə büruzə verir.

- Deyirsiniz ki, bioenerji insana ötürülə bilir. Bəs biz onu qəbul etmək istəmiriksə, necə? Bu, bizdən asılıdır, yoxsa?

- Belə cavab verim ki, bioenerji vasitəsilə insana neqativ enerji də ötürülə bilər. Təbii ki, heç kim özünə neqativ ötürülməsinə razı olmaz. Amma ötürülür. Bəs biz bunu necə müəyyən edirik? Hər insanın özündə neqativ enerji yığıla bilir. Azərbaycanda hələ də nəzər götürən qoca qadınlar var.

Əsasən, azyaşlıları onların yanına aparırlar. Çünki insan daxilində yığılan neqativ enerji insanı depressiyaya sala, xəstələndirə, yüksək temperatur verə, hətta öldürə bilər. Neqativ enerji bədəndən çıxanda insan yenidən doğulmuş kimi sağlam ola bilir.

Neqativ enerjinin gücü ilə insanı bir dəqiqə içində öldürmək olar. Bu enerji ölümcül silah kimidir. Bu, hər kəsə gülməli gəlir, amma bir qədər araşdırma aparsanız, görərsiniz ki, internetdə foto və videolarınızı paylaşmağınız sizə nə qədər neqativ enerji ötürülməsinə şərait yaradır. 

Bioenerjinin məsafəsi yoxdur. Həmin şəklə, videoya baxan və bioenerjini pis məqsədlərlə istifadə edən insanlar sizə o görüntülər vasitəsilə neqativ ağırlıq ötürə bilərlər. Şərt o deyil ki, həmin insan sizi tanısın. Bu, bilərəkdən atılan qərəzli addım deyil. Siz bunu hiss edəndə isə çox halsız vəziyyətdə olursunuz. Məlumatsız insanlar bunun nədən ola biləcəyini ağıllarına belə gətirə bilməz. Ona görə də sosial şəbəkələrdə bu qədər foto paylaşmaq düzgün deyil.

Hətta bir insanın geyimlərindən, əşyalarından mütəmadi istifadə etmək olmaz. Onun neqativ enerjisi varsa, həmin geyimlərindən sizə ötürülə bilir. Xüsusilə də ölmüş insanların paltarlarını geyinmək olmaz.

Azərbaycanda kosmik enerji ilə məşğul olan insanlar var ki, uzaq məsafələrdən dünyanın fərqli nöqtələrində yaşayan insanlara enerji ötürürlər. Mən özüm bunu praktikamda sınamışam, uğurlu nəticələri olub. Lakin yenə də pasiyentin seans müddətində yaxınlıqda olmasına üstünlük verirəm.

- Enerjini hansı yollarla ötürmək olur?

- Adi bir baxışla qarşı tərəfə enerji ötürə bilərsiniz. Xüsusilə sinə nahiyəsində enerji daha çox olur. Sarılmaqla o enerjini qarşı tərəfə ötürmək mümkündür. Mən 150 kq ağırlığında dəmiri sinəmdəki enerji gücü ilə yarım dəqiqə saxlaya bilirəm. Səs vasitəsilə də insanın enerjisi qarşıdakı şəxsə təsir edə bilər.

- Ümumiyyətlə, bütün insanlar öz daxili enerjilərini idarə edə bilərmi? 

- Bütün insanların bioenerjisi var. Amma hər kəs o enerjini tanıyıb, idarə edə bilmir. Bəzən insanlar daxili gücünün fərqinə varanda özlərindən qorxmağa, həkimlərə, ekstrasenslərə müraciət etməyə başlayırlar. Əslində, insan öz-özü ilə, gücü ilə tanış olmağı öyrənməlidir.

Biz həmin enerjinin özünü büruzə verdiyi məqamları başa düşməyəndə, o zəifləyir. İnsan öz enerjisini torpağa ötürə bilir. Dünyada mütəxəssislər var ki, öz bioenerjisini daha da gücləndirmək üçün Günəş enerjisindən istifadə edir.

- Bəs bu hiss haradan qaynaqlanır?

- İnsanlarda bioenerji ilə bağlı yeddi çakra var. Onlardan ən birincisi və ən əsası başın üst hissəsində yerləşən yeddinci çakradır. Sizə belə izah edim. Körpə uşağın başındakı əmgək nöqtəsi insan bədəninə daxil olan və çıxan bütün informasiyanın qapısıdır. Mən pasiyentlərimə çox vaxt həmin çakradan müdaxilə edirəm. Enerjinin köməyilə beyinin kosmosla əlaqəsinə girərək insanı tamamilə idarə etmək mümkündür. İstəsən, o, insana hər şeyi əmr edə bilərsən.  

- Bioenerji ilə hansı xəstəlikləri sağaltmısınız?

- İnsandakı bütün xəstəliklərin səbəbi ilk olaraq neqativ enerjidir. Hər şey bioenerji ilə bitmir. Məsələn, qolu sınan bir pasiyentə bioenerji ilə maksimum nə kimi kömək etmək olar? Siz ağrını götürə bilərsiniz, amma mütləq digər texniki metodlara müraciət etmək lazımdır. Müxtəlif kremlər, sümüklərin bərkidilməsi üçün zəruri olan digər müalicələr də aparılmalıdır. 

Mən öz təcrübəmdə çox vaxt azyaşlı uşaqlar, anadangəlmə əngəllilər, görmə və eşitmə qüsurlu uşaqlar, yeriyə bilməyən azyaşlılarla çalışmışam. Görmə problemi olan uşağın görmə qabiliyyətini bir neçə seansla bərpa etmişik. Eşitmə qüsurlu uşaq müraciət etmişdi, onu sağlamlığına qovuşdurmuşuq. İki nəfərin görmə zəifliyini və çəplik problemini tamamilə aradan qaldırmışam. Artıq dörd aydır göz masajları, gimnastikası aparmaqla müşahidə altında saxlayıram. Görmə itiliyində heç bir geriləmə yoxdur.  

- Ailənizdə sizin kimi insanlar olubmu?

- Biz Budaqlı nəslindənik. Mənim babalarımda da güclü enerji olub. Yadıma gəlir ki, atam saatlarla ağlayan uşaqlara sığal çəkib sakitləşdirərdi. Amma heç vaxt bunu dilə gətirmirdi.

Rayonda hər kəs onu çoban kimi tanıyırdı. Ölənə qədər bu işin sirrini də heç kimlə bölüşmədi,  özü ilə apardı. Beş bacım var, onlardan yalnız ikisi mənim kimi bioenerjidən istifadə edə bilir.

- Bununla bağlı kurslara getmisiniz? Yəni bu sahədə peşəkar dərs almısınız?

- Azərbaycanda bu sahədə dərs və ya kurslar olduğunu eşitməmişəm. Amma Ramiz Cərullayevin məsləhətləri mənim üçün dəyərlidir. Onu ustadım sayıram. Yaxın zamanlarda Ankaradakı universitetlərdən birində dərs deyəcəyəm. Orada şəxsən bioenerji-maqnit müalicə sistemi üzrə biliklərimi bu sahəni öyrənmək istəyənlərlə bölüşəcəyəm.

- Müasir dövrün bəlası olan xərçəng xəstəliyini bioenerji ilə müalicə etmək mümkündürmü?

- Vərəm və onkoloji xəstəliklərin müalicəsində bioenerjidən istifafə edilməsi ilə bağlı təcrübəm olmayıb. Bəlkə, insanlar özləri də bioenerji mütəxəssisinə müraciət etməyə risk etməyiblər, bunu vaxt itkisi sayıblar. Mütəxəssislər özləri də bu cür ağır xəstəliklər üzərində təcrübə aparmağa həvəsli olmayıblar. Bu, böyük məsuliyyətdir.

- Bioenerjisinin fərqində olan və onu idarə edən insanlar təhlükəli ola bilərmi?

- Əlbəttə, təhlükəlidir. Enerjisinin fərqində olan insan fikrindən keçirdiklərinə belə diqqət etməlidir.

- Siz başqalarının görmədiyini, hiss etmədiyini hiss edə bilirsiniz?

- Başqalarının görmədiklərini yox, hiss etmədiklərini hiss edə bilirəm. Mənim yanımda gedən enerji mübadiləsini hiss edirəm.

- Həqiqətənmi, biz kosmik enerji sayəsində idarə edilirik?

 - Bəli, kosmik enerji ilə idarə olunduğumuz doğrudur. Biz ana bətnində olanda göbək bağı ilə qidalanırıq. Dünyaya gələndən sonra isə göbəyimiz kəsilir, bu dünyada ona ehtiyacımız qalmır. Mədənin üstündə isə kiçik bir nöqtə var. Ruslar ona "Günəş enerjisi nöqtəsi" deyir. Yemədən, içmədən, sadəcə, Günəş enerjisi hesabına yaşamaq mümkündür. Bu gün dünyada üç nəfər (onlardan biri Hindistandadır) qidalanmadan, sadəcə, Günəş enerjisi ilə yaşayır.

- Bionerji terapevti Lyudmila Morvina deyir ki, insanlar arasında hər zaman, hətta yatdıqları və ya sakit dayandıqları vaxtlarda da enerji mübadiləsi baş verir. Bu səbəbdən də günün sonunda bəziləri bitkin, bəziləri isə daha aktiv olur.

- Doğrudur. Bunu pasiyentlərimi müalicə edərkən müşahidə etmişəm. Xəstənin yaxınları seans müddətində otaqda oturarkən narahat olduqlarını, halsızlaşdıqlarını deyirdilər. Apardığım seans zamanı pasiyentin bədənindən çıxan neqativ enerji yayılır, mən buna hazırlıqlı olduğum üçün idarə edə bilirəm, onlar isə yox.

- Neqativləri özünüzə çəkərək insanlara şəfa verirsiniz. Bəs özünüz bundan necə qurtulursunuz?

- Mən seans zamanı aldığım neqativi göz yaşları ilə atıram. Ancaq ümumilikdə gün ərzində çox sayda insandan toplanan enerji məni də halsız edir. Özümə vaxt ayırıb bütün neqativi torpağa ötürürəm. Bir müddət özümə istirahət verirəm.

- İnsan öz enerjisini necə qorumalıdır?

- İnsan var olduqca bədənindəki enerji yenilənir. Neqativ düşüncələrdən, fikirlərdən uzaq olmaq lazımdır. Əgər ətrafınızda fasiləsiz olaraq mənfi enerji ötürən, pessimist insanlar varsa, onlardan uzaq durun. Həmin insanlar enerjinizi, pozitivliyinizi özünə çəkərək sizi halsızlaşdırır. Elə bir qeyri-adi iş görməyə ehtiyac yoxdur. Daim öz-özünüzü motivasiya edin.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri