Okt
2019
15:48
250
30
3378
Virtual karabakh

Aleksey Martınov: Qarabağ münaqişəsinin həlli fundamental olmalıdır

7 Okt, 2019
15:48
3378

Aleksey Martınov: Qarabağ münaqişəsinin həlli fundamental olmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Moskvanın Yeni Dövlətlər Beynəlxalq İnstitutunun direktoru Aleksey Martınovla müsahibəni təqdim edir:

- Ötən həftə Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclası keçirilib. Bu mərasim nə ilə əlamətdar oldu?

- Ondan başlayaq ki, “Valday” forumu bu il qeyri-ənənəvi formatda keçirildi. Ənənəvi olaraq orada Rusiya Prezidenti Vladimir Putin iştirak edib. Qeyri-adi hal onun bu dəfə Azərbaycan, Qazaxıstan, Filippin prezidentləri və İordaniya kralını tədbirə dəvət etməsi olub. Bu, həmin ölkələrin liderlərinə ekspert icması ilə müvafiq qlobal proseslər barədə müzakirələrdə iştirak etməyə imkan verib.

Həmçinin, qeyd etmək lazımdır ki, belə tədbirlərdə açıq hissə və dövlət başçılarının ikitərəfli görüşündən başqa, sözsüz ki, hər zaman işgüzar rejimdə vaxtı ən yüksək səviyyədə dəqiqləşdirməyə imkan yaranır. 

- Tədbirdə müzakirə olunan mövzular arasında Rusiya ilə Şərq ölkələri arasında əməkdaşlıq məsələsi də var idi. Şübhəsiz ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin “Valday” klubunun iclasına dəvət olunması Moskvanın xarici siyasətinin şərq istiqamətində bu ölkələrə verdiyi xüsusi önəmin göstəricisidir.

- Təkcə postsovet məkanında deyil, daha geniş - Avrasiya məkanında qarşılıqlı təsir mexanizmi mövcuddur. Avrasiya İqtisadi Birliyini nəzərdə tuturam. Və xatırladıram ki, ötən həftə Yerevanda AİB-in yüksək səviyyəli zirvə görüşü keçirilib. Əlbəttə ki, müəyyən mənada bu “simfoniya”da iqtisadi, mədəni və digər qarşılıqlı təsir səylərində Azərbaycanın səsi çatışmır.

Mənə elə gəlir ki, orta, ola bilsin ki, qısa müddətdə Bakı bu inteqrasiya layihəsinin – AİB-in üzvü olacaq. Əminəm ki, Vladimir Putin və İlham Əliyev bu məsələni də müzakirə ediblər. 

Azərbaycan və Ermənistan arasında münaqişə 25 ildən artıqdır davam edir. Sözsüz ki, Qarabağ məsələsi həm Bakı, həm də Yerevanın inkişafına mane törədən faktordur. Ölkələr arasında ziddiyyətlər qalmaqdadır, lakin bu problemin birgə səylərlə həll edilə bilməyəcəyi demək deyil. Xüsusilə münaqişə tərəfləri böyük bir Avrasiya layihəsinin iştirakçısına çevrilə bilər.

Xatırladaq: fəal hərbi əməliyyatların olmamasına baxmayaraq, Ermənistanla Azərbaycan arasında hələ də sülh yoxdur. Rusiya Qarabağ məsələsinə son qoymaqda və Zaqafqaziya regionunun daha dinamik inkişafında maraqlıdır. 

- Prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın rəhbərliyi altında danışıqlar prosesində az-maz irəliləyişlər nəzərə çarpırdı. Həm Vladirmi Putin, həm Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri arasında dəfələrlə görüş təşkil edib. Nikol Paşinyanın baş nazir olmasından sonra proses dayandı. Dialoqlar kəsildi. Ötən həftə Putinin Ermənistana səfəri zamanı çoxları Rusiya liderinin Paşinyanın siyasətindən narazı olduğunu və bunun onun simasından aydın oxunduğunu bildirmişdilər. 

- Düşünürəm ki, “simanın görünüşü” belə məsələdir... Bağışlayın, axı burada söhbət uşaqların birgə vəftiz edilməsindən getmir. Əsas məsələ Zaqafqaziyada davamlı sülhün bərqərar olmasıdır. Mən bəzi ayrı-ayrı siyasətçilər səviyyəsində deyil, xalqlar arasında iqtisadi, mədəni, tarixi bağlar səviyyəsindəki münasibətləri nəzərdə tuturam.

Müəyyən mənada Rusiya Zaqafqaziya xalqlarının taleyi üçün tarixi bir məsuliyyət daşıyır. Beləliklə, əsas kimdə hansı üzün olması deyil, bu səylərin hansı nəticəyə səbəb olmasıdır. Ümid edirəm ki, biz sizinlə münaqişə tərəflərini maraqlandıran, Rusiyanın Zaqafqaziyada davamlı sülhün bərpa olunması üçün zəmanəti və vasitəçiliyi ilə ciddi şansın olduğu zamana yaxınlaşırıq. 

- Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Valday” klubunun iclasındakı nitqində Qarabağ məsələsinə də toxunub. O, erməni baş nazirin “Qarabağ – Ermənistandır” bəyanatını tənqid edib. Bununla yanaşı, Lavrov bu bəyanatı Albaniya baş nazirinin “Kosovo – Albaniyadır” fikrinə bənzədib. Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin sözləri Ermənistanda mənfi qarşılanıb. 

- Ümumiyyətlə, hesab edirəm ki, əgər Bakı və Yerevan öz xalqlarına fundamental sülh arzulayırsa, o zaman münaqişə tərəfləri bu cür sərt təxribat xarakterli bəyanatlardan çəkinməlidir. Ola bilsin ki, barışıq arzusundan başlamaq lazımdır.

- Prezident İlham Əliyev “Valday” klubunun iclasında çıxışı zamanı deyib ki, Rusiya ilə hərbi-strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə edilib. 

- Moskva ilə Bakı arasında hərbi-texniki əməkdaşlıq olduqca böyük bir tarixə malikdir. Ancaq əminəm ki, belə yaxşı, gözəl ikitərəfli Azərbaycan-Rusiya əməkdaşlığının növbəti mərhələsi Azərbaycanın postsovet məkanında, məsələn, AİB kimi ümumi inteqrasiya layihələrində iştirakıdır. Qarabağ məsələsinin qeyd-şərtsiz həll olunması ilə Bakının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında tamhüquqlu iştirakını da istisna etmirəm.

- İlham Əliyev qeyd etdib ki, Bakı müntəzəm olaraq Rusiya və NATO-nun yüksək hərbi komandanlığı arasında görüşlərin məkanı seçilir.

- Azərbaycan NATO-nun fəal üzvlərindən sayılan Türkiyə ilə sıx əməkdaşlığa malikdir. İki ölkə arasında sosial-mədəni planda çox dərin qarşılıqlı anlaşma mövcuddur. Və coğrafi cəhətdən belə oldu ki, həqiqətən də, Azərbaycanda oxşar tədbirlərin keçirilməsi ənənə halını aldı. Ümumiyyətlə, Bakı çox qonaqpərvər şəhərdir, bu, müxaliflərin görüşdüyü və qarşılıqlı anlaşma tapdığı bir yerdir.

- Azərbaycan prezidenti ölkədə rus mədəniyyətinə marağın saxlanıldığını bildirib. İlham Əliyev əlavə edib ki, Azərbaycanda on minlərlə uşaq və gənc rus dilində təhsil alır. 

- Azərbaycanda rus dilinin sevilməsi çox yaxşıdır. Və xatırlayırlar ki, rus dili yalnız postsovet məkanında millətlərarası ünsiyyət dili və yalnız BMT-nin dili deyil, həm də uşaqların uğurlu gələcəyini təmin edir.

Təəssüf ki, bir çox ölkələrdə siyasi elitalar rus dilinin istifadəsindən imtina etməyə çalışırlar. Onu unutdurmaq olmursa, qadağan edirlər. İnsanlara rus dilində danışmağı, həmçinin, düşünməyi qadağan edirlər. Eyni zamanda, çox vaxt millətlər öz siyasi elitasından, siyasi liderlərindən daha ağıllı olurlar. 

Rasim Babayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri