17 
Okt
2019
13:58
29
248
2820
Virtual karabakh

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan “substantiv danışıqlara” başlamalıdır

17 Okt, 2019
13:58
2820

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan “substantiv danışıqlara” başlamalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Yerevan Dağlıq Qarabağdakı böhranın həlli istiqamətində aparılan danışıqlarda dəyişiklikləri qeyd edib. 

Bu fikirləri “İzvestiya”ya müsahibəsində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. 

Ancaq XİN rəhbəri erməni tərəfi ilə Nyu-Yorkda baş tutan son görüşündən məyus olduğunu bildirib. Nazir deyib ki, MDB Xarici İşlər Nazirləri Şurasının Aşqabadda keçirilən iclası çərçivəsində erməni həmkarı Zöhrab Mnatsakanyanla yenidən bu mövzuya toxunub.

- Aşqabadda MDB Xarici İşlər Nazirləri Zirvəsinin genişləndirilmiş iclasında siz və erməni həmkarınız yanaşı oturmuşdunuz. Buna əsaslanaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllində MDB-nin rolunu necə qiymətləndirirsiniz? Bu, praktik sahəyə yayılır, yoxsa Bakı və Yerevanı bir stol arxasında yanaşı oturtmaq cəhdi ilə başa çatır?

- Əvvəllər dövlətlərimiz arasında tənzimləmə məsələsini BMT həll edirdi. Bildiyiniz kimi, 1993-cü ildə qaynar dövrdə ölkələr arasında sülhün və təhlükəsizliyin qorunmasının əsas orqanı olan BMT Təhlükəsizlik Şurası formatları müəyyənləşdirdi, münaqişənin həllinə zəmin hazırladı və dörd qətnamə qəbul etdi.

Sonra sülh təşəbbüsü ATƏT-in Minsk Qrupuna verildi. İndi onlar beynəlxalq təşkilatın mandatına uyğun olaraq Bakı ilə Yerevan arasında nizamlama ilə məşğuldur.

Rusiya, ABŞ və Fransanın rəhbərlik etdiyi Minsk qrupu bu münaqişənin həlli üçün ATƏT-in əsas agentləridir. Biz hazırda (MDB XİN şurası çərçivəsində - red.), əlbəttə ki, qısaca bu mövzuya toxunduq - hamımız başa düşürük ki, MDB məkanında həll olunmamış münaqişələr hər hansı fəaliyyətlər, o cümlədən, iqtisadi, humanitar və s. məsələlər üçün maneələr yaradır.

Azərbaycan və Ermənistan da daxil olmaqla, 10 ölkənin hamısı bu münaqişənin sürətli həllini tapmağın lazım olduğunu qəbul etdilər. Ancaq etiraf etmək lazımdır ki, münaqişənin nizamlanmasında əsas işlər MDB-də deyil, ATƏT-in Minsk qrupunu çərçivəsində aparılır. 

- Son bir il ərzində erməni həmkarınız Zöhrab Mnatsakanyanla yeddi dəfə, o cümlədən, Moskvada Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə üçtərəfli danışıqlar çərçivəsində görüşdünüz. Bu görüşlərin hansısa xeyri oldumu? Münaqişənin həllində hansısa irəliləyişlərin yarandığını demək olar? 

- Hələlik biz nəticələr gözləyirik. Sonuncu dəfə biz bir ay əvvəl ABŞ-da görüşmüşük. Mən artıq dedim ki, təəssüflər olsun, biz danışıqlar barədə deyil, məhz görüşlər haqqında danışmalıyıq. Erməni həmkarımla son belə görüş Minsk qrupunun iştirakı ilə Nyu-Yorkda olmasına baxmayaraq, düzünü desəm, bundan bir az məyus oldum.

Əgər irəli getmək və münaqişəsinin siyasi həllini istəyiriksə, əlbəttə ki, mənim sevimli sözüm olan “substantiv danışıqlar”dan  başlamaq lazımdır – hansısa substansiya olsa, danışıqlar bunun üzərində aparılar. Bəli, biz danışıqlar aparırdıq, ancaq hansısa məqamda həmsədrlər dedilər: baxın, başa düşürsünüz, təmas xəttində hərbi əməliyyatlar...

Ancaq obyektivlik naminə, son illər ərzində - yeri gəlmişkən, artıq nə qədərdir? – Praqada başlayıb, sonra Madrid sənədlərinə sızdı - təmas xətti olduqca gərgin olub. Və yenə də biz tapşırıqları yerinə yetirə, irəli gedə və cari məsələlərin həlli ilə bağlı olduqca ciddi, maddəli danışıqlar apara bilərdik – ilk növbədə, hərbçilərin kazarmalara, yerlərindən didərgin düşmüş insanların evlərinə qayıtması ilə bağlı razılaşa bilərdik. Bundan sonra qalan məsələləri həll etmək olardı. 

2008-ci ildə Madrid sənədində, sonra 2010-cu il üçün yenidən işlənmiş variantında, sonra Kazan sənədində göstərilənlər - bütün bunlar işlənir, işlənir, amma prinsipcə danışıqlar üçün əsas olaraq qalır. Həmişə həmsədrlərimizə deyirik: heç yerə getməyəcəyik, oturub Yerevanla bu gün masada olan sənəd üzərində əsaslı danışıqlar aparmalıyıq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri