26 
Dek
2019
19:30
210
30
5054
Virtual karabakh

Aqarunovun heykəlinin müəllifləri: Abidə geyim deyil, dəbli və ya dəbsiz olsun - MÜSAHİBƏ

26 Dek, 2019
19:30
5054

Aqarunovun heykəlinin müəllifləri: Abidə geyim deyil, dəbli və ya dəbsiz olsun - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı ölkəmiz üçün yola salmaqda olduğumuz 2019-cu ilin əsas hadisələrindən biri oldu. Tankçıya həsr olunmuş patriotik kompozisiya gənc heykəltəraşlar Zamik Rzayev və Rahib Qarayevin ilk monumental işləridir.

Heykəltəraşların yaşı (35, 36 yaş) bu incəsənət növü üçün başlanğıc həddi sayılır, bununla belə onların Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında artıq öz şagirdləri var.

Media.Az-a müsahibələrində Zamik Rzayev və Rahib Qarayev A.Aqarunovun monumentini yaratdıqları zaman qarşılaşdıqları çətinliklərdən danışıblar, həmçinin Bakıdakı müxtəlif abidələrə qiymət veriblər.

- Albert Aqarunovun abidəsini yaratmaq ideyası necə yarandı?

Zamik Rzayev: Monument ucaltmaq ideyası Albertin komandiri Hacı Əzimova və Azərbaycanın yəhudi icmasının lideri Məlik Yevdayeva məxsusdur. Onlar bizim müəllimimiz, Azərbaycanın Əməkdar incəsənət xadimi Ömər Eldarova müraciət ediblər, o isə bu fəxri missiyanı bizim üzərimizə qoyub. Bütün işə rəhbərliyi Ö.Eldarov edib, buna görə də bəzi KİV-lər abidənin muəllifliyini səhvən onun adına çıxarıblar. Kompozisiyanın ideyası və bilavasitə onun yaradılması işi bizim ikimizə məxsusdur. Bunu çıxışı zamanı Ö.Eldarov özü də qeyd edib. Abidə ölkənin ali rəhbərliyi tərəfindən təsdiq edilib.

Rahib Qarayev: Bütünlükdə abidənin ərsəyə gəlməsinə altı ay vaxt sərf olunub. İlkin maket gildən hazırlanmışdı, sonra gips qəlib. Daha sonra heykəl bürüncdən, qaya hissəsi isə betondan tökülüb. Qaya effekti qeyri-metal konstruksiyalar vasitəsi ilə daha yaxşı çatdırılır. İlkin olaraq bu, büst olmalıydı. Lakin Ö.Eldarov heykəl eskizi etməyi məsləhət gördü, ona görə ki, büst monumentin miqyasını əks etdirmir.

- Altı ay bir heykəl üçün çox deyilmi? Hansısa sapmalar baş verdimi?

Rahib Qarayev: Hər şey tapşırıqdan, işin özündən asılıdır. Bu xəzinə axtarışına və tapılmasına bənzəyir. Bir günə də tapa bilərsən, bir neçə aya da, əvvəlcədən bilmək olmur. Heykəlin ölçüsünün də əhəmiyyəti böyükdür. Albertin abidəsi çox böyük olduğuna görə, onun düzəldilməsi də çox vaxt apardı.

Zamik Rzayev: Eskizin yaradılması çox vaxt aparır. Bu yaradıcı axtarış adlanır. Bununla yanaşı, bizdə inam olmalıdır ki, bu təkrar deyil: oxşar abidə rəssamı hörmətdən salır. Aqarunovun abidəsinin eskizlərini biz bir aya etmişik, apreldən avqusta kimi isə heykəlin özünü yaratmışıq. Adətən əvvəlcə abidənin özü ölçüsündə maket hazırlanır. Biz isə vaxt çatışmazlığına görə onun eskizə görə tökülməsini qərara aldıq. İşçi model olmadan heykəl yaratmaq daha çətindir.

- Siz Aqarunovun cizgilərini necə yaradırdınız, hansı şəkillərə və ya videolara istinad edirdiniz?

Zamik Rzayev: İşin əsas hissəsi Mirşahin Ağayevin Şuşada çəkdiyi məşhur videoya əsaslanır. 90-cı illərin şəhidlərinin heykəllərini yaradanda biz müəyyən çətinliklərlə üzləşirik, çünki o zaman foto indiki kimi yayılmamışdı.

Rahib Qarayev: Heykəldə çox parametrlər nəzərə alınmalıdır: foto bütün tərəflərdən olmalıdır. Nə qədər çox foto olsa, bir o qədər yaxşıdır. Məsələn, qara-ağ fotoda formaları tutmaq çətindir.

- Bəs heykəldə üz cizgiləri nə qədər vacibdir, axı bərk materiallarda dəqiqliyi vermək daha çətindir?

Zamik Rzayev: Biz tələbə vaxtından, birincı kursdan portret janrında işləyirik. Demək olar ki, bir ilə biz 4-5 portret işi edirik. Rahib bu işlə məndən çox məşğul olub, söz onundur.

Rahib Qarayev: Bu, portretin nə üçün edilməsindən asılıdır. Hər işin öz çətinliyi var. Təsviri incəsənətdən fərqli olaraq, heykəldə rəng effekti yoxdur. Biz ancaq formalarla işləyirik. Onlar təhrifsiz və səhvsiz verilməlidir. Hətta konturların cüzi dəyişdirilməsi portretin xarakterini dəyişir. Bütünlükdə abidədə əsas şey kompozisiya və obrazın açılmasıdır. Burada hər şey ardıcıldır: proporsiya-xarakter-obraz. Məsələn, Mehdi Hüseynzadənin abidəsini götürək. Onun üz cizgiləri reallıqla düz gəlməyə bilər, lakin obrazı ideal verilib.

- Aqarunovun abidəsinə siz hansı məna vermisiniz? Məsələn, nəyə görə tank elə bil ki, dağdan çıxır?

Rahib Qarayev: Qaya Dağlıq Qarabağa işarədir. Bu, kompozisiyanın açarıdır, çünki Albert bu torpaqlar uğrunda vuruşurdu, orada qəhrəman olub və orada da həlak olub. Əlbəttə, tankı real ölçüdə tökmək olardı, lakin onda bu Albertin özünü kölgədə qoyardı. Ona görə də, kompozisiyanın ayrı-ayrı hissələrinin fraqmentini vermək qərara alındı.

Zamik Rzayev:  Biz çox kriteriyaları nəzərə alırdıq. Bir də təkrar edim: abidə unikal olmalıdır, analoji kompozisiyaların oxşarı və təkrarı olmamalıdır. Başqa tərəfdən, yerin arxitekturası vacibdir. Mümkün olan bütün kriteriyaların analizi bizi belə qərara gətirdi.

- Abidənin qoyulduğu yer nə qədər əhəmiyyətlidir? Abidələr şəhərin ümumi energetikasına necə təsir edir?

Zamik Rzayev:  Yerin çox böyük mənası var. Monumentin yaradılması zəncirində uyğun yerin tapılması birinci yerdədir. Bu işdə bizə memar dostlarımız kömək edir. Ümumiyyətlə, heykəltəraşlıq və memarlıq doğma qardaş qədər yaxındır. Əlbəttə, abidənin energetikasının onun nədən hazırlanması ilə heç bir əlaqəsi yoxdur. İş ümumi mənadadır. Məsələn, Aqarunovun abidəsi böyük patriotik məna kəsb edir. Valideynlər uşaqlarını bu abidənin önünə gətirirlər ki, onlar Azərbaycanın qəhrəman oğullarını tanısınlar. Bütünlükdə at təsvirli abidələr böyük energetikaya malikdirlər. Bütün bunlar əhalidə patriotik hisslərin güclənməsinə gətirir.

Zamik Rzayev: Hərdən elə olur ki, abidə qoyulduqdan sonra onun qarşısına hər hansı bir ticarət piştaxtası yerləşdirirlər. Estetik nöqteyi-nəzərdən bu, dəhşətdir. Memar ümumi kompozisiyanı, ətrafdakı obyektlərlə, binalarla kontrastı hesablayır. Elə hadisələr var ki, abidəyə görə onun arxasındakı binanı söküb daha uyğununu tikirlər. Lakin əksinə də olur, abidə ucaldıqdan sonra onun yaxınlığında bina tikirlər.

- Belə bir təcrübə var, abidələrin bərpası, onların xarab olmaqdan qorunması. Məsələn, bu yaxınlarda Nəsiminin abidəsini müvəqqəti olaraq qara rəngə boyadılar. Bu nə qədər düzdür. Bərpa işində hər hansı reqlament mövcuddur?

Rahib Qarayev: Təbii ki, abidələri vaxtaşırı təmizləmək lazımdır. Lakin hər şeyin bir dərəcəsi var. Nəsiminin abidəsinin başına gətirilənlər biabırçılıqdır. Hər materialın öz təmizləmə texnologiyası var. Əgər sən abidəni rəngləyirsənsə, demək, müəllifin düşüncəsini kökündən dəyişirsən.

Zamik Rzayev: Abidələrin təbii qocalması baş verə bilər, onların üzəri mamırla örtülə bilər. Bu, normaldır. Onları sadəcə, yumaq lazımdır. Mədəniyyət abidəsinin üstünə laqunda ilə necə hücum etmək olar?! Yəqin ki, müəlliflər qəbirdə çevrilirlər. Şəhər canlı olsaydı, bu vandalizmin əlindən sadəcə, fəryad edərdi.

- Belə deyirlər ki, yaradıcı ittifaqlarda bir-birini tənqid etmək qəbul olunmur. Siz buna necə yanaşırsınız? Sizə elə gəlmir ki, Koroğlunun abidəsində cəngavərin və onun atının proporsiyalarında uyğunsuzluq var?

Rahib Qarayev: Biz tanınmış ustadlara qiymət verə bilmərik, çünki hələ o səviyyəyə çatmamışıq ki, onları tənqid edək. “Koroğlu” abidəsinin müəllifi Tokay Məmmədovdur. O, bizim müəllimimiz olub və neqativ qiymət onun xatirəsinə hörmətsizlik ola bilər. Başqa tərəfdən biz bilmirik, müəllif  abidənin bu və ya başqa detalına hansı məna verib. Ona görə də, bu barədə fikrimiz özümüzdə qalsın.

- Rəqabətə necə baxırsınız? Yaradıcı kollektivlərdə o nə dərəcədə güclüdür?

Zamik Rzayev: İnsan fəaliyyətinin başqa sferalarında olduğu kimi, heykəltəraşlar arasında da rəqabət mövcuddur. Lakin bizim aramızda bu yarış qismində deyil, inkişaf qismindədir. Məsələn, biz Rahiblə haradasa bir-birimizi tamamlayırıq, ancaq nədəsə qabağa da aparırıq. Lakin elə adamlar da var ki, bir-birilərinin ayağının altını qazırlar. Paxıllıq kimi insan xislətini hələ ki, heç kim ləğv etməyib. Belə insanlara Allah özü hakim olsun!

Rahib Qarayev: Sənətdə hər kəsin öz yolu, öz xətti var. Ola bilər ki, haradasa bu yollar kəsişir, haradasa o qədər də yox. Hərdən bəzi gənc heykəltəraşların işləri xoşuma gəlir. Onların işlərindən zövq alıram. Bu mənə imkan verir ki, onlara sərt rəqabət cəhətindən yanaşmayım. O şeydə ki Allah işığı var, ona paxıllıqla yanaşmaq çətindir.

- Sovet dönəmində abidələri quraşdırmaq üçün Azərbaycana xarici mütəxəssislər dəvət olunurdu. Bu “xalqlar dostluğu” anlamına bir töhfə idi, yoxsa başqa mülahizələr var?

Rahib Qarayev: Obyektiv qiymət versək, Azərbaycanda heykəltəraşlıq ənənələri zəif idi, çünki islama görə uzun müddət insanı təsvir etmək qadağan olunmuşdu. Buna görə yaxın qonşularımız olan Türkiyə və İrana baxdıqda onların çox az heykəltəraşlıq nümunələrinin olduğunu görürük. Demək olar ki, Azərbaycan heykəltəraşlığı öz inkişafına məhz sovet dövründə çatıb.

- Deyirlər ki, bizim paytaxtımızdakı abidələr köhnəliblər və dəb tendensiyalarına uyğun gəlmirlər. Bu barədə siz nə düşünürsüz? Nəyə görə bizdə Batumidə olan “Əli və Nino” kimi modern kompozisiyalar yoxdur?

Rahib Qarayev: Abidə geyim deyil ki, dəbli və ya dəbsiz olsun. Həmçinin abidə, adından göründüyü kimi, özündə keçmişdən bir xatirə yaşatmalıdır. Ona görə də belə deyimlər məntiqsizdir. Söhbət müasir, modernləşdirilmiş abidələrdən gedə bilər. Bunun üçün isə zaman lazımdır, öyrənmək və öz fikirlərini çatdırmağı bacarmaq lazımdır.

Zamik Rzayev: Heykəltəraşlıq düşüncəsinin inkişafı ancaq klassikanın və modernin cəmində baş verir. İstənilən abidə öz dövrünə uyğun olmalı və hər zaman kəsiyinin də, abidələrə öz tələbləri olmalıdır. Əgər bizə “Əli və Nino” kimi monument sifariş edilsəydi, biz böyük məmnuniyyətlə bu işi qəbul edərdik.

- Çoxlu sayda abidələr bu və ya başqa səbəbdən sökülüb və onların sonrakı taleyi məlum deyil. Heykəltəraşların buna münasibəti necədir?

 Rahib Qarayev: Mənim fikrimcə, abidələri sökmək olmaz. Pis və ya yaxşı - bu bizim xalqımızın tarixidir. Əlbəttə, elə abidələr var ki, özündə neqativ tarixi-siyasi rəng daşıyır. Lakin onların bir çoxu heykəltəraşlıq, sənət əsəri nöqteyi-nəzərindən qiymətlidir. Yəqin ki, belə abidələri daha az insan olan yerlərə köçürmək daha düzgün olardı.

Zamik Rzayev: Tarixi-memarlıq parkı yaradılması ilə bağlı maraqlı bir fikir var idi. Qala qəsəbəsində yerləşəcəyi nəzərdə tutulmuş bu parkda həm Caparidzenin, həm Əzizbəyovun, həm Leninin, həm də Marksın heykəlləri olacaqdı. Lakin bu ideya necə oldu, məlum deyil.

- Bizim şəhərdə çoxlu sayda kiçik heykəlciklər meydana çıxıb. Əhali və turistlər məmnuniyyətlə onlarla şəkil çəkdirirlər. Belə qisimdə əsərlərə sizin münasibətiniz necədir?

Zamik Rzayev: Nizami küçəsində (“Tarqovı”) və Bulvardakı heykəllər belə park heykəllərinə aiddir. Bu, yüngül janrdır, onları sənət əsərləri adlandırmaq olmaz. Belə heykəllərin qoyulması dünya təcrübəsidir və turistlərə hesablanıb.

Rahib Qarayev: Yəni abidə memarlıq nümunəsi sayılırsa, park heykəlləri belə qiymətə malik deyillər, müəyyən bir məna daşısalar da. Biz istərdik ki, Azərbaycan xalqının Albert Aqarunov kimi qəhrəman oğullarına ucaldılan abidələrin sayı çox olsun.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri