Yan
2020
11:00
198
61
12343
Virtual karabakh

Renka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - VİDEOMÜSAHİBƏ

3 Yan, 2020
11:00
12343

Renka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - VİDEOMÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oriental rəqslərin mahir ifaçısı, rəqqasə Rəna Ağamuradovanın (Renka) Oxu.Az-a özəl müsahibəsi:

- Boxçanızda gizlətdiyiniz yeni layihənizi tamaşaçılar nə zaman görəcək?

- Çox maraqlı bir klip gəlir. Bir az açıq-saçıq olacaq. İndiyə kimi kliplərimdə o qədər də açıq-saçıqlığa yol verməmişəm. Klipi Bakıda çəkməyəcəyik. Qeyri-adi bir məkanda lentə alacağıq.

- Rusiyanın nəhəng ulduzlarının çəkildiyi “Jara” filmində epizodik rolda çıxış etdiniz. Həmin səhnəcik çox müzakirələrə səbəb oldu. O obraz da açıq-saçıq oldu. Rəna bu qədər açıq-saçıqlığa niyə can atır?

- Kənardan çox ehtiraslı görünürəm. Adi həyatda isə çox sadəyəm, maraqlı da deyiləm. Aktrisa kimi işləsəm, mənə sırf açıq-saçıq rollar verərlər. Rola girdimsə, dərhal üz ifadəm dəyişir, oluram çox seksual bir xanım. Mənə deyirlər ki, “siz çox ehtiraslı qadınsınız”. Cavab olaraq deyirəm ki, “Sizin məndən xəbəriniz yoxdur. Bütün günü yorğun, bitkin bir vəziyyətdəyəm”.

Filmlə bağlı kastinq keçirildi. Mən də yenicə “sinə əməliyyatı”ndan çıxmışdım. Daxil oldum kastinqə, üstündə “çupa-çups” sözü yazılan qısa “top” geyinmişdim. İçəri girən kimi, mənə dərhal dedilər ki, “Qəşəng çupa-çupslardır, götürürük”. Çəkiliş o qədər peşəkar səviyyədə keçdi ki, böyük həzz aldım.

- Keçirdiyiniz “mamoplastika”, yəni sinə böyütmə əməliyyatı izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Onlar sizi tənqid etdilər.

- Lazım oldu ki, elədim də, mənim işim budur. Mənim rəqs kostyumlarımı görmürsünüz? Deyim ki, sinəmi böyüdəndən sonra kənardan bu abartılı və ya vulqar görünür, xeyr. Bu əsla belə deyil. Normal görünür. Burnumu əməliyyat etdirəndə heç kimin xəbəri belə olmadı. Standart bir şey olmadı.

- Hələ də bizim cəmiyyət “oriental” rəqqasələrin işinə dırnaqarası baxır və onları birmənalı qəbul etmirlər. Çox zaman isə sosial şəbəkə istifadəçiləri tənqidləri təhqirlərlə əvəz edirlər. Bütün bunlara Rəna necə sinə gərir?

- Oynadığım oriental rəqsi hər zaman və hər yerdə qınanılır. Oriental qəlizdir. Ən böyük arzum bir ilə səhifəmi bağlamaq, heç bir sosial şəbəkədən istifadə etməməkdir. Düzdür, anlayıram ki, bunu edə bilməyəcəm. Çünki bu işlə pul qazanıram. Hələ tezdir bu işdən getmək. Amma yorulmuşam söz-söhbətlərdən, ardı-arası kəsilməyən telefon zənglərindən.

İstəyirəm kənd yeri olsun, gedib orada heç olmasa bir ay dincəlim. Başqa bir baş və fikirlərlə yenidən qayıdım. Amma hələlik bütün bunlara dözürəm. Əvvəllər heç olmasa ağlayırdım, indi ağlaya da bilmirəm. Depressiya mənim hər zaman içimdədir. Heç kim mənim göz yaşlarımı silmir. Çünki heç kimin önündə ağlamıram. Gedirəm evə, ağlamalı hind filmini izləyib, gəşəng ağlayıb, sonra da özümə gəlirəm (gülür).

- İki övladınız var. Hər ikisi orta məktəbdə təhsil alır. Sinif yoldaşları onların analarının rəqqasə Renka olduğunu bilirlər? Təhsil ocağında buna görə uşaqlarınıza qarşı hər hansı təzyiqlər olur?

- Yolda durmamışam ki... Oynayıram da. Niyə hamıya bu qədər maraqlıdır ki, uşaqlarım mənə görə xəcalət çəkir, utanır, ya yox? Niyə? Mən özümü satıram? Neyləyirəm axı? Rəqs edirəm də... Mən sevirəm öz işimi. Bu işlə də pul qazanıb, evimə çörək aparıram. Uşaqlarım mənimlə fəxr edir. Hər zaman onların özlərinə də deyirəm, kimsə sizə nəsə desə, mənə zəng vurun, ona özüm başa salaram.

Onların oxuduğu sinifdə hamı məni çox istəyir. Məktəblərinə gedəndə, hamı mənimlə şəkil çəkdirir. Uşaqlarıma yaxın gələni “yaşatmaram”. İstəyir analı-atalı olsun. “Yaşatmaram”, pis günə qoyaram. Mən uşaqlarıma həm atalıq, həm də analıq edirəm. Sevgim o qədərdir ki, onların hər ikisinə bəs edir.

Hamı məni işimə görə tənqid edir. Amma mən bir gün evə pul aparmayanda başıma hava gəlir. Çox qorxuram. Səhərə kimi gözümə yuxu getmir. Yanımda heç kim yoxdur. Bu rəqsdən getdikdən sonra da kim yanımda olmayacaq. Heç kim də qapımı döyüb, deməyəcək ki, “bəlkə, sənə nəsə lazımdır?”. Bir ay “Instagram”dakı səhifəmi bağlayım, heç kimin yadına belə düşməyəcəm.

Hərdən bir uşaqlarıma deyirəm ki, evə yeni “papa” gətirəcəm. Mənə qəribə baxışlarla baxıb, “Bizdə sənin bu sözlərinə inandıq” deyirlər. Hər zaman belə zarafatlaşıram. Mən bundan sonra ailə həyatı qurmağı düşünmürəm də. Bu gün-sabah oğlum evlənəcək. Gedim ailə həyatı qurum, uşaq dünyaya gətirim. Vay-vay, biabırçılıq. Mən rəqqasəyəm, kim mənimlə ailə həyatı qurar? Kefdən danışırsınız (gülür). Mentalitet var. Kişilər mənimlə nəinki evlənmək, hətta münasibət belə qurmaq istəmirlər.

Mənə heç nə lazım deyil, sadəcə qayğı istəyirəm. Kişilər ağıllı qadınlardan qorxurlar. Onlara zəif, sözlərinə qulaq asan qadın lazımdır. Mən “yekəbaşam”. Heç kimin sözü ilə oturub-duran deyiləm. Mən öz bildiyimi edirəm. Çox sərt və kobud insanam. Çox pis cavab qaytarıram. Heç kimdə də günah axtarmıram. Günahı yalnız özümdə görürəm. Normal münasibət qura bilmirəm.

Hər şey ehtiras üzərində deyil, sevgi, qayğı, hörmət üstündə qurulmalıdır. Sevgili tapan kimi sənə dərhal xəbər verəcəm, Rəşad. Gəlib məndən müsahibə alarsan (gülür). Amma olmayacaq, heç o barədə düşünmürəm də. Bir də görürsən ki, yazırlar “Gəl gedək kinoya”. Cavab verirəm ki, “gecə saat 12-yə kimi banketdəyəm”. Mən belə kimə maraqlıyam? Mənim işim budur. Kiməsə görə işimdən qalası deyiləm”.

Rəna Ağamuradova (Renka) ilə daha geniş müsahibəni təqdim etdiyimiz videoreportajda izləyə bilərsiniz:

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri