13 
Yan
2020
11:09
57
116
11301
Virtual karabakh

Kişi bərbəri Malvina: Onlar kaprizlərini daha çox mənə göstərirlər - MÜSAHİBƏ

13 Yan, 2020
11:09
11301

Kişi bərbəri Malvina: Onlar kaprizlərini daha çox mənə göstərirlər - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərif əllərin kişi müştərilərin saçlarını kəsmə ilk baxışda çoxlarını təəccübləndirir. Ancaq qəhrəmanım onun işinə təəccüblə yanaşanlara peşəkarlığı və təbəssüm dolu baxışları ilə cavab verir.

Kişi bərbəri olan Malvina Vəliyeva Oxu.Az-ın suallarını cavablandırıb.

- Adətən, kişilərin saçını elə kişi bərbərlər kəsir. Xanım bərbər, demək olar ki, yoxdur. Niyə qadın saçı deyil, kişi saçı kəsirsiniz ?

- Hər kəs bir sənət seçir. Mənim də sənətim bərbərlikdir. Bu işə əvvəl qadın saçı ilə başlamışam. Özümü qadın saçı kəsməkdə tapa bilmirdim. Mən saça stil verməyi sevirəm. Qadın saçında onu etmək mənə xoş gəlmirdi. Daha çox qısa saç kəsib, stil vermək istəyirdim və kişi bərbəri oldum. Artıq beş ildən çoxdur ki, kişi saçı kəsirəm. 

- Gün ərzində neçə kişi saçı kəsirsiniz?

- Gündə beş müştərim də ola bilər, on beş də. Sərbəst qrafiklə işləyirəm. Ürəyim nə vaxt istəyir, o zaman işə gəlirəm. Təbii ki, bu da müştərilərin yazılmasından asılıdır. 

- Sizin qadın olduğunuzu eşidib, onun bəhanəsi ilə sizin yanınıza gələn olubmu?

- Bəli. Əvvəllər daha çox olurdu. İndi artıq bu dəyişib. Kişilər artıq məni qadın kimi deyil, usta kimi qəbul edirlər. Çoxu elə rəftar edir ki, sanki mən onların oğlan ustalarıyam.  Bərbər olmaq bir növ psixoloq olmaqdır. Hər bir müştəriyə bir saat vaxt sərf edilir.

Ayda bir dəfə həmin müştərini görürəm. Saç, üz baxımı, saqqalını düzəldirəm. Bu bir saatda onlar öz problemlərini danışırlar, bir-birimizə qulaq asırıq. Artıq müştərilərlə dostlaşmışıq. Mənim üçün hər bir müştərinin öz yeri var, onlar zəncirvari yığılıb. Birinin saçını kəsmişəm, o da digər dostuna deyib. Beləcə, müştərilər çoxalıb. Çox az halda yad müştəri olur.  

- Bəs saçını kəsmək üçün götürmədiyiniz müştəriniz olubmu?

- Çox olub. Bezdirici insanlar var. Hətta nömrələrini blok etmişəm, amma gəlib qeydiyyat şöbəsində deyirlər ki, Malvina ilə saçımın kəsimi üçün vaxt təyin etmişik. Onlar da bilmir, içəri buraxır. Geri qaytarmışam. Mən istəmirəmsə, qəbul etmirəm.

- Dediniz ki, bu sənətə qadın saçı kəsməklə başlamısınız. İndi də qadın saçı kəsirsinizmi?

- Demək olar ki, yox. Bəzi qadın müştərilərim var ki, saçları qısadır, onların saçlarını düzəldirəm. Bəzi kişi müştərilərim həyat yoldaşlarını gətirirlər, onların da saçlarını kəsirəm. Yalnız vaxtım olanda tanış qadınların saçlarını kəsirəm. Öz kişi müştərilərim mənim üçün daha vacibdir. Çünki işim bərbərlikdir.

- Kişi bərbəri olduğunuz üçün valideynləriniz narazılıq ediblərmi?

- Heç vaxt belə hal olmayıb. Onlar mənim seçimimə hörmətlə yanaşıblar. 

- Saç kəsimində əsas nələrə diqqət edilməlidir?

- Bütün müştərilərimə deyirəm ki, hansı ustaya müraciət edirsinizsə-edin, fikir verin ki, usta saçın arxadan həcmini götürməsin, bir də bir tərəfi daraq, bir tərəfi düz olan qayçıdan istifadə etməsin. Həmin qayçı ilə kəsilən zaman salondan çıxanda saç super olur, amma beş-on gündən sonra saç dağılır, bir-birini dəstəkləmir, burulmalar olur. Lakin saçı düz qayçı ilə kəsən zaman saç düz formada uzanır, bir-birini dəstəkləyir və belə olduqda onu istənilən formaya salmaq olur. 

- Sizin saç kəsiminizi bəyənməyib, stoldan gedən müştəriləriniz varmı?

- Mənim saç kəsimimi bəyənməyib, yarımçıq gedən kimsə olmayıb. Əksinə, olub ki, mən saç kəsimini yarıdan saxlayıb, müştərini geri göndərmişəm. Səbəb isə onun danışıq tərzini bilməməsi olub. 

- Saç düzəldən zaman zədələdiyiniz baş və ya boyun olub?

- İnanın ki, olmayıb. Mən tələbə olanda da belə hal baş verməyib. 

- Sizcə, Azərbaycanda bərbərlik sənəti necədir?

- Azərbaycanda bərbərlik sənəti çox zəifdir. İz itirmələrdə problemlər yaşanır. Bəzən müştərilərimin işi olur, gələ bilmirlər, hansısa bərbərə gedirlər. Sonra gəlib deyirlər ki, Malvina, saçımı düzəlt. Ümumiyyətlə, mənim yanıma ilk dəfə gələn müştəri demir ki, saçımı kəs, deyir ki, saçımı düzəlt. Müştərilərin də fikirlərini nəzərə alıram, amma əsasən, ancaq üz və baş formasına görə işləyirəm. Yəni mexaniki yox, estetik işləməyi sevirəm.

- Müştərilər yaş həddi sizin üçün vacibdirmi?

- 25- 45 yaşında olan müştərilərim daha çoxdur. 

- Qiymətlər necədir? Qadın bərbər olduğunuz üçün saçını kəsdiyiniz müştəri ödənişi artıq edib?

- Saç kəsimi 20, saqqal 10, üz təmizləmə 25 manatdır. Bəzən müştəri artıq pul ödəyir. Bu normaldır, çox yerdə belə hallar olur.

- Kişilərin üzlərini ülgüclə də təraş edirsiniz?

- Ülgüc bir az təhlükəlidir. Onunla işləyən zaman ehtiyatlı davranmaq mütləqdir. Çünki ülgüc kəsən yerin qanını saxlamaq çətin olur.  

- Xanımların həyat yoldaşını sizə qısqanmasının şahidi olmusunuzmu?

- Çox qısqanırlar. Saç kəsimi 25 gündən bir yenilənməlidir. Təxmini yadımdadır ki, kim hansı vaxt gəlməlidir. Mən heç vaxt müştəriyə zəng edib demirəm ki, kəsim üçün gəlməlisən. Müştəri iki-üç aydan sonra gələndə soruşmuşam ki, niyə belə gec gəlmisiniz? Deyib ki, sevgilim var idi və o, sizin yanınıza gəlməyə  icazə vermirdi. Mən belə şeyləri qəbul etmirəm. Hər kəs bilməlidir ki, mən, sadəcə, işimi görürəm.

Hərdən yol gedəndə eşidirəm ki, deyirlər, bu, o bərbər qızdır. Toyda da bəzən gəlib mənimlə şəkil çəkdirirlər. Özümə də qəribə gəlir və deyirəm, mən ulduzam ki, belə edirlər? (gülür) Bir dəfə bir xanım yaxınlaşdı mənə və dedi ki, olar, həyat yoldaşımı göndərim, siz onun saçını kəsəsiniz? Dedim əlbəttə ki, olar.

Maraqlısı odur ki, hər dəfə həyat yoldaşı saçını kəsdirmək üçün gələndə qadın özünün mobil nömrəsindən mənə zəng edib, vaxt təyin edir, deyir ki, ərimin saçını belə kəs, saqqalını bu cür düzəlt. Mən də deyirəm, baş üstə. Çünki işimi görürəm. Təbii ki, onun yoldaşının da mobil nömrəsi mənə lazım deyil.

- Tanınmışlardan kimləsə işləmisiniz?

- Zamiq Hüseynov, Emin Əfəndi ilə işləmişəm. Məndə müştərilər daha çox dövlət işçiləri, iş adamlarıdır. Ona görə də hər dəfə onların saç kəsimini “Instagram” səhifəmdə paylaşa bilmirəm. 

- Siz, eyni zamanda, qrim ustasısınız. 

- Bəli, amma mən gündəlik kişi qriminin tərəfdarı deyiləm. Müştərinin özəl günü olarsa, əgər ehtiyac varsa, kişi cizgilərini itirmədən qrim edirəm. 

- Bəzən deyirlər ki, kişi saçı kəsmək qadın saçı kəsməkdən asandır...

- Əsla belə deyil. Kişi saçı kəsmək qadın saçı kəsməkdən qat-qat çətindir. Heç kimin baş forması eyni deyil. Qadınlarda saç başı örtür. Qadının saçına fenlə düzəldərək onu inandırmaq olar ki, saçına uyğun kəsim budur. Kişilərin saçı qısa olduğu üçün başın arxa tərəfində boşluqlar, qulağın yan hissəsində çıxıntılar olur. Saçın düzgün olması üçün kəsimin dəqiqliyi çox önəmlidir. 

- Saç, saqqal da rəngləyirsiniz?

- Əlbəttə. Saç rəngləyirəm, xüsusən saçın rənginə uyğun boyamağı sevirəm. Müştərinin istədiyi boya ilə də saçını rəngləyirəm. Mən saçlarının dibi ağaran müştərilərə qara boya vurulmasını məsləhət görmürəm. İndi hətta qara rəngli şampun var, saça vurursan, beş dəqiqə saxlayırsan və yuyursan. Saç dibdən çıxan zaman onsuz da boya olduğu bilinir. 

- Kişi müştəriləriniz kaprizlidirlər?

- Əvvəllər düşünürdüm ki, qadınlar kaprizli olurlar. Kişilərlə işlədikdən sonra gördüm ki, onlar daha çox kaprizlidirlər. Mənə elə gəlir ki, onlar kaprizlərini daha çox mənə göstərirlər. Elə müştəri olur ki, saçını düzəldən zaman yatır. Bunun da səbəbi odur ki, sinirlər başda olur və mən işlədikcə onları yuxu aparır.

- Sizcə, Azərbaycan kişləri baxımlıdır?

- Əvəllər baxımlı deyildilər, amma indi kişilərimiz özlərinə qarşı çox baxımlıdırlar. Mən məsləhət görürəm ki, onlar baxımlı olsunlar, amma təbiiliyi itirməsinlər. Profesionallara müraciət etməyə çalışsınlar.

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri