Fev
2020
11:38
30
27
5941
Virtual karabakh

Federasiya prezidenti: “Vaxtı ilə mətbuat katibinin də, həkimin də işini görmüşəm” - MÜSAHİBƏ

6 Fev, 2020
11:38
5941

Federasiya prezidenti: “Vaxtı ilə mətbuat katibinin də, həkimin də işini görmüşəm” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun Oxu.Az-a müsahibəsi:

– Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqada karate millimiz iki medal – bir qızıl və bir bürünc medal qazana bildi. Nəticəni necə qiymətləndirirsiniz?

– Hər yarış xal toplamaq, hər yarış Tokio Yay Olimpiya Oyunlarına yaxınlaşmaq deməkdir. Bu isə o deməkdir ki, Olimpiadaya az vaxt qaldığından, rəqabət də artır. 25-29 mart tarixlərində Bakıda 55-ci Avropa çempionatını keçirməklə sonuncu reytinq xallarını toplamağa çalışacağıq.

Bu yarışdan sonra kimin reytinqlə Olimpiadaya vəsiqə qazandığı bilinəcək. Mayda Parisə yenidən gələcəyik. Orada, Olimpiadada olduğu kimi, kumitedə kişi və qadınların hərəsində üç çəki üzrə yarış olacaq.

Biz kişilərdə 67 kq və +75 kq üçün bir idmançını seçməliyik. Rafael Ağayev və İrina Zaretskayanın reytinqlə Olimpiadaya vəsiqə qazanacağı real görünür. Ona görə də Parisdəki yarışda bu iki idmançımıza ehtiyac olmayacaq.

– Türkiyəli baş məşqçi Bahattin Kandaz 2018-ci ilin dekabrında kişi kumite millimizə təyin olunub. Ancaq nəticələrdə dəyişiklik o qədər də hiss edilmir. Bu barədə nə deyə bilərsiniz?

– Əsas ilin yekunlarıdır. Parisdə 2019-cu ilin ən yaxşı 10 kumite karateçisi mükafatlandırılarkən Azərbaycandan iki idmançı – Rafael Ağayevlə İrina Zaretskaya vardı. Dünyanın 10 ən güclü karateçisi arasında Azərbaycandan iki idmançının olması elə bizim işimiz deməkdir. Bu özü böyük nəticədir.

Komandamızın səviyyəsi də get-gedə artır. Karatedə rəqabət çox böyükdür. Böyük dövlətlər var ki, karatedə bir medal qazananda sevinir. Rafael və İrinadan başqa, digər karateçilərimizin reytinqlə Olimpiadaya vəsiqə qazanmaq şansları cüzidir. Amma onların Parisdəki lisenziya turnirində ilk üç yerdən birini tutmaqla, Olimpiadaya vəsiqə qazanmaq şansını yüksək görürəm.

– Sual doğur: bu karateçilərimizin çoxunun reytinqlə Olimpiadaya vəsiqə qazanması mümkün deyilsə, onları yarışlara aparmağın nə anlamı var?

– Əvvəla, onlar hər yarışda iştirak etməklə reytinq xallarını artırırlar. Mən demədim ki, onların reytinqlə vəsiqə qazanmaq şansları heç yoxdur. İkincisi, bu yarışlarda iştirak etməklə fiziki formalarını qoruyub saxlayırlar. Üçüncüsü də ki, biz kişilərdə yüngül və ağır çəkidə Azərbaycanı təmsil edəcək idmançını müəyyənləşdirməliyik.

Həm yüngül, həm də ağır çəkilərdə 3-4 namizədimiz var. Kim bu yarışlarda daha çox reytinq xalı toplasa, Parisdəki lisenziya turnirinə də onu aparacağıq. Katada Roman Heydərovun Parisdə yarışacağı dəqiqdir. Qızlarda isə 55 kq-da kimin yarışması üçün Nuranə Əliyeva ilə İlahə Qasımova arasında rəqabət gedir.

– Sizin federasiyanızın 68 kq üçün İrina Zaretskayanı milliləşdirməsi uğurlu oldu. Həmin idmançı Azərbaycana qadınlarda ilk dəfə dünya çempionluğu qazandırdı. Onun milliləşdirilməsi prosesi necə baş verdi?

– Gənclər və İdman nazirimiz cənab Azad Rəhimov məndən soruşmuşdu ki, onu gətirməkdə məqsədin nədir, nəticə qazanacağına inanırsan? Mən də demişdim ki, inanmasaydım, onu götürməzdim. Elə də oldu. İrina ilk ilində Avropa çempionu oldu. Daha sonra dünya çempionluğunu qazandı.

Bu gün öz çəkisində Olimpiya reytinqində ilk sıradadır. Zədəsi olmasa, İrina mütləq Olimpiadadan medalla qayıdacaq. Bu, qızıl medal da ola bilər. Həmçinin, Rafaelin də medalla qayıdacağına inanıram.

– Daha bir ukraynalı legioner Polina Qurenkodur. Gənclər millimizin üzvü olan bu idmançını Bakıdakı Avropa çempionatında görə bilərik?

– Bu il onun 18 yaşı olacaq. O, 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq yeniyetmə, gənclər və 21 yaşadək karateçilərin Avropa çempionatında yarışacaq. Polina 53 kq-da 16-17 yaşadək idmançılar arasında mübarizə aparacaq.

Ola bilsin ki, Avropa çempionu olsa, lazım olsun. Amma onun hələ çəkisi azdır. Bu Avropa çempionatında ondan istifadə etməsək də, gələcək yarışlarda 50 və ya 55 kq çəki dərəcələrində onu sınayacağıq. Qızlarımız da get-gedə yaşlandıqca, onları əvəzləyəcək yeni nəsil gəlir. Rafael ilə birgə məşq keçmək gənclər üçün çox böyük dərsdir. Onun bir günlük seminarına üç min pul verirlər.

Ümumiyyətlə, Azərbaycanda heç bir idman növündə dünyanın bir nömrəli idmançısı yoxdur. Amma bizdə Rafael Ağayev var. Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinosa da bizim gördüyümüz işləri hər zaman vurğulayır.

WKF-in prezidenti bunu deyirsə, ayrı-ayrı federasiyaların rəhbərlikləri bu nəticələrə görə bizi təbrik edirsə, deməli, biz düzgün yoldayıq. Ancaq dayanmaq olmaz. İnkişaf etmək istəyiriksə, dayanmadan məşq etməliyik.

– Düşünmürsünüz ki, vizaya görə Fransaya gedə bilməyən Asiman Qurbanlı da olsaydı, medallarımızın sayı çox olardı?

– Onun bu məsələdə öz səhlənkarlığı olub. Asiman vizasının bitməsinə baxmayıb. Təbii ki, o da olsaydı, medal qazana bilərdi. Onun çəkisində Pənah Abdullayev, Turqut Həsənov da Parisdə yaxşı çıxış etdi.

Deməli, Olimpiadaya getmək üçün +75 kq-da bizdə güclü rəqabət olacaq. Burada, həmçinin, Ayxan Mamayev, Şahin Atamov da var. Düz beş idmançımız bu çəkidə Olimpiadaya düşmək üçün mübarizə aparır.

– İlahə Qasımova və Şahin Atamovun öz hesabına Parisə getməsi məsələsinə də aydınlıq gətirərdiniz...

– Biz ötən ilin yekununa görə analiz etdik. Madrid və Moskva Premyer Liqa yarışlarında onlar ilk turda uduzmuşdular. Düzdür, Şahin Kontakt Karate yarışlarında iştirak etdiyi üçün bir qədər zəifləmişdi. Amma İlahə il boyu zəif çıxış etmişdi. Ona görə də federasiya onu yarışa aparmadı. Biz bununla nəticə verən idmançı ilə verməyən arasında fərqin qoyulduğunu göstəririk. Bununla da İlahəyə dərs kimi olacaq və məşqlərdə daha da əzmlə çalışıb nəticə verməyə çalışacaq.

– Qadınlarda 61 kq-da idmançımız yarışmadı. Fəridə Abıyevanın Parisə aparılmaması nə ilə bağlı idi?

– O da ilboyu zəif çıxış edib. Uzağı iki dövrə keçməyi bacarıb.

– Onu əvəzləyəcək idmançımız varmı?

– Təəssüf ki, qadınlarda kişilərdəki kimi rəqabət yoxdur. Qadın karatesi hələlik bizdə zəifdir. Amma inanıram ki, biz gec-tez qadın karatesində də öz sözümüzü deyəcəyik.

– Xatırlayıram ki, Rafael Ağayevlə Ayxan Mamayev biznes xarakterli Kombat Karate yarışlarında çıxış etmişdi. Sonradan federasiya onlara icazə vermədi. Şahin Atamova nə əcəb icazə verildi?

– Ona da, əslində, icazə verilməmişdi. Amma Şahin öz çəkisində güclülərdən sayılmadığından və dediyinə görə rəqibləri də orda iştirak etdiyindən, ona bir söz demədik. Rafael Ağayevin iştirakı isə rəqiblərinin onu görməsi və əsas da ciddi zədələnməsinə səbəb ola bilərdi.

Biz karateçilərimizə belə yarışlarda yalnız Olimpiadadan sonra çıxış etməyi bildirmişik. Orda maliyyə tərəfdən pul qazanmaq imkanı çox olur. Amma bunu Olimpiadadan sonra etmək lazımdır.

– Kənardan sizin başçılıq etdiyiniz qurumun dünyanın digər karate federasiyaları arasında nüfuzu necədir?

– Mən deyərdim ki, Azərbaycan Milli Karate Federasiyası bu dəqiqə ölkədə fəaliyyət göstərən ən peşəkar idman qurumlarından biridir. Mən bu federasiyanı 1994-cü ildə yaratmışam. Onda həm özüm döyüşürdüm, həm mətbuat xidmətinin, həm həkimin, həm massajçının işini görürdüm. Çünki mənim federasiyanı təkbaşına maliyyələşdirməyim mümkün deyildi.

1996-cı ildə Avropa Karate Federasiyasına üzv olduq. Bir il sonra isə karatedə nüfuzlu olan WKF-ə qəbul edildik. Zaman göstərdi ki, düzgün seçim etmişik. Çünki Beynəlxalq Olimpiya Komitəsi məhz dünya karate federasiyaları içərisində məhz WKF-i tanıyır. Bizim WKF-də də nüfuzumuz yüksəkdir. Belə olmasaydı, biz 55-ci Avropa çempionatını Bakıya sala bilməzdik.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri