15 
Fev
2020
12:20
155
24
11775
Virtual karabakh

İmran Cərullazadə: “Mirvari suyu” kimi tanınan xəstəliyin müalicəsi üçün yeni imkanlar var” - MÜSAHİBƏ

15 Fev, 2020
12:20
11775

İmran Cərullazadə: “Mirvari suyu” kimi tanınan xəstəliyin müalicəsi üçün yeni imkanlar var” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün nəinki dünyada, eləcə də, Azərbaycanda geniş yayılmış göz xəstəlikləri arasında katarakta xüsusi yer tutur. Katarakta və ya el arasında tez-tez istifadə edilən “mirvari suyu” daha çox 40 yaşdan yuxarı şəxslərdə müşahidə edilir. Lakin xəstəliyin ilkin simptomları uzaqgörmə kimi başa düşülür.

Katarakta niyə yaranır? Bu xəstəliyin müalicəsi varmı? İlkin simptomları hansılardır? İnsan bu xəstəlikdən kor ola bilərmi?

Oxu.Az-ın bu və digər suallarını ABŞ-ın Los-Anceles şəhərində Kaliforniya Universitetində (UCLA) orbito facial cərrahiyyəsi üzrə ixtisaslaşmış, oftalmoloq, Oculoplastik cərrah İmran Cərullazadə cavablandırıb.

- Katarakta (mirvari suyu) xəstəliyinin yaranma səbəbləri nələrdir?

 - Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oynayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Əksər hallarda xəstəliyin yaranmasına səbəb yaşla əlaqədar büllurun qidalanmasında yaranan problemlər olur. Normalda gözlərdə büllur şəffaf olur. Büllurun elastikliyindən asılı olaraq, insanın yaxını və uzağı görmə məsafəsi tənzimlənir. Büllurun bulanıqlaşması isə mirvari suyu deyilən xəstəlik, yəni kataraktanın yaranmasıdır.

Gözün özü bərk olsa da, içərisində maye var. İnsan yaşlandıqca həmin mayenin tərkibində olan mineralların tərkibi dəyişməyə başlayır. İnsanın dərisi necə yaşlanır, saçları ağarırsa, büllur da o formada qocalır. Nəticədə də katarakta yaranır.

- Kataraktanın neçə növü var?

- Ümumilikdə bu xəstəlik anadangəlmə və sonradan qazanılmış ola bilir. Yeni doğulmuş bir körpədə anadangəlmə katarakta aşkarlamışdıq.

- Xəstəliyin ikin simptomları nələrdir?

- İlkin simptomu hiss etmək çox çətindir. Bu xəstəlik kifayət qədər ləng və gizli gedir. İnsanlar çox zaman bunu müşahidə edə bilmir. Yavaş-yavaş görmə qabiliyyəti zəifləyir. Bəzən xəstəlik bir gözdə başlayır. Görmə zəifləsə də, insan bunu hiss etmir. Əksər hallarda hər iki gözdə inkişaf edir. Amma hər zaman bir gözdə daha ağır olur. Xəstəlik inkişaf etdikcə bir gözdən digər gözə də keçə bilir.

- Xəstəliyin irsi xarakteri varmı?

- Bu o qədər geniş müşahidə edilməyib, amma bəli, irsi xəstəlik hesab oluna bilər. Lakin əksər hallarda bu yaşla əlaqədar olur və 50 yaşdan yuxarı şəxslərdə müşahidə edilir.

- Bəzən həkimlər belə bir ifadə işlədir - “mirvari suyu yetişməmiş” əməliyyat mümkün deyil.

 - Əvvəllər insanlar həkimə müraciət etməkdən çəkinirdi. Kataraktalı xəstələr isə gözləyirdi ki, xəstəlik tam “yetişsin”, daha sonra müdaxilə edilsin. Amma texnologiyanın inkişafı nəticəsində yeni metodlar yaranıb. Bu gün el arasında “mirvari suyu” kimi tanınan xəstəliyin yetişməsi onun əməliyyatla aradan qaldırılmasını daha da çətinləşdirir. Çünki proses bərkiyir. Əvvəllər cərrahi kəsiklərin ölçüsü 1 sm olurdusa, bu gün həmin ölçü azalaraq iki millimetrə düşüb.

Nəzərə alsaq ki, büllurun ölçüsü 10-11 mm olur, kiçik cərrahi kəsikdən həmin mayeni çıxarmaq üçün nə qədər tez müdaxilə edilsə, bir o qədər nəticə müsbət olar.

- Bu xəstəlik maksimum nə qədər davam edə bilər?

- Bu, orqanizmdən asılıdır. Xəstəlik elə olur ki, illərlə davam edir. Buna konkret müddət qoymaq mümkün deyil. Mütləq şəkildə dəqiq yoxlamalar aparılmalıdır.

- Xəstəliyin müalicə üsulu mütləq əməliyyatdır, yoxsa başqa çıxış yolları var?

- Təəssüf ki, bu gün mövcud şərtlərdə dərman müalicəsi güclü effekt vermir. Xəstəliyin cərrahiyyə əməliyyatı ilə aradan qaldırılması ən tez müalicə üsuludur. Bulanıq büllur cərrahi prosedurla gözdən kənar edilir. Cərrahi əməliyyatların metodikası yüksək səviyyədə işlənilib.

Bu gün istər həkimlər, istərsə də tibb müəssisələri ən müasir texniki cihazlarla təmin olunub. Əməliyyatdan sonra xəstələrin demək olar ki, 95 faizinin görməsi bərpa edilir. Heç kim qorxmasın ki, görmə qabiliyyətini itirəcək.

Hazırda alimlər kataraktanın müalicəsi üçün xüsusi damcı üzərində çalışır. Həmin damcının köməyi ilə xəstəliyin gözdən təmizlənməsi təmin oluna bilər. Sadəcə, hələ eksperiment aparılır. Alimlər həmin damcının göz ətrafında olan təbəqələrə mənfi və müsbət təsirlərini dəqiqləşdirməyə çalışırlar.

- Əməliyyatdan sonra gözə linza qoyulur?

- Əlbəttə ki. Büllur özü gözün anadangəlmə linzasıdır deyə bilərik. Katarakta bülluru tez bulanıqlaşdırır. Biz əməliyyatla onu götürüb, yaxın və ya uzaqgörmə qabiliyyətinə müvafiq olaraq, linza qoyuruq. Bəzi linzalar da var ki, həm uzaq, həm də yaxıngörmə üçün ömürlük qoyulur.

- Katarakta ilə paralel onun inkişafını daha da sürətləndirən xəstəliklər hansılardır?

- Şəkər xəstəliyindən əziyyət çəkən şəxslərdə katarakta daha tez əmələ gəlir. Belə ki, şəkər göz dibində bir sıra başqa problemlərin də yaranmasına səbəb ola bilir. Ona görə digərlərindən fərqli olaraq, şəkər xəstələrində kataraktanın daha tez əməliyyat olunması məsləhətdir.

Paralel inkişaf edən xəstəliklərdən digəri isə qlaukomadır. El arasında bu xəstəliyə “qara su” deyirlər. Bu xəstəliyin demək olar ki, müalicəsi yoxdur. Xəstəlik birbaşa göz sinirini birtərəfli şəkildə məhv edir. Həkim bu xəstəliyin diaqnozunu qoymaq üçün əvvəlcə kataraktanı aradan qaldırmalıdır ki, göz dibini aydın görə bilsin. Bu isə çox önəmli və qəliz prosesdir.

- Bu xəstəliklərin ilkin mərhələdə aşkarlanması üçün oftalmoloqa hansı zaman kəsiyi ilə müraciət edilməlidir?

- Bəzən deyirlər ki, insan gərək altı aydan bir həkim konsultasiyasından keçsin. Lakin düşünürəm ki, sırf göz üçün bu müddət çox azdır. Əgər gözlə bağlı heç bir şikayət yoxdursa, görmə qabiliyyətində zəiflik hiss edilmirsə, il ərzində bir dəfə və ya iki ildən bir oftalmoloqa müraciət etmək kifayətdir. Söhbət təbii ki, göz ilə bağlı heç bir problemi olmayan şəxslərdən gedir.

Lakin xəstəlik varsa, müvafiq olaraq həkim xəstəliyin növünə, ağırlıq dərəcəsinə uyğun yoxlanışlar təyin edir. Məsələn, qlaukoma olanda 4-6 aydan bir (erkən mərhələdə) həkimə müraciət edilsin. Şəkərli xəstələr şəkərin miqdarından asılı olaraq, mütəmadi həkim müayinəsindən keçməlidirlər. Xüsusilə də, məktəbli uşaqların həkim müayinəsinə aparılması vacibdir. Çünki onlar lövhəni görməyə və bunu hiss etməyə bilərlər. Erkən müdaxilə edilməzsə, gözdə tənbəllik yarana bilər. Bu vərdiş halına çevrilərsə, onun aradan qaldırılması da çətin olar.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri