28 
Fev
2020
11:54
25
84
5305
Virtual karabakh

Nazir müavini: “Müxtəlif qüvvələr proqrama kölgə salmaq istəyirdilər” - MÜSAHİBƏ

28 Fev, 2020
11:54
5305

Nazir müavini: “Müxtəlif qüvvələr proqrama kölgə salmaq istəyirdilər” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən iki il ərzində sosial müdafiə və təminat sahəsində olduqca ciddi islahatlar aparılıb. 

Bu islahatlar və digər məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Oxu.Az-ın suallarını cavablandırıb.

- 2019-cu ilin sonunda ikinci DOST mərkəzinin açılışı baş tutdu. 2020-ci ildə yeni mərkəzlər hansı ərazilərdə açılacaq?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. 
Ötən ilin may ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər. Ötən ilin dekabr ayında isə Xəzər rayonunda ikinci DOST mərkəzinin açılışı oldu. Bu mərkəz Xəzər və Pirallahı rayonlarının sakinlərinə xidmət göstərir. 

Mərkəzlərin açılmasında məqsəd nazirliyin xətti ilə həssas qruplardan olan şəxslərə pensiya, sosial müavinət, məşğulluq və digər sahələrdə dövlət sosial xidmətlərinin bir pəncərə sistemi ilə göstərilməsidir. Mərkəzlərin yaradılması mürəkkəb bir prosesdir. Burada ilk növbədə yer seçilir və ora DOST-un tələblərinə uyğunlaşdırılır. 

Prosesin əsas tərəflərindən biri də mərkəzlərin kadrlarla komplektləşdirilməsidir. Mərkəzlərə mütəxəssisləri cəlb etmək üçün tərəfimizdən ciddi iş aparılır. Sözsüz ki, nazirliyin strukturlarında çalışan işçilərin potensialından istifadə edirik. 

- Ölkə üzrə neçə mərkəzin fəaliyyət göstərməsi hədəflənir? 

- Nazirliyin DOST-la bağlı hazırladığı xüsusi bir strategiya sənədi var. 2019-2025-ci illərdə ölkədə 31 belə mərkəzin açılması nəzərdə tutulub.

Bu sahədə hədəflərimiz genişdir. 2020-ci ildə müxtəlif rayonlarda daha səkkiz mərkəzin açılması üçün işlər aparılır. 31 mərkəzin beşi Bakıda, 26-sı isə regionlarda fəaliyyət göstərəcək. Bu il Abşeron və Qubada da mərkəzlərin açılmasını planlaşdırmışıq. 

- Bu rayonlar necə müəyyən edilir? DOST xidmətlərindən bu günədək olan məmnunluq hansı səviyyədədir?

- Rayonlar müəyyən olunarkən oradakı əhalinin, eləcə də, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sayı nəzərə alınır. Böyük rayonlar və ona qonşu olan rayonların əhalisinə də həmin xidmətin göstərilməsi diqqətdə saxlanılır. Amma bu o demək deyil ki, ölkədə yalnız 31 DOST mərkəzi olacaq. Sonrakı mərhələdə bütün rayonlarımızda belə mərkəzlərin açılmasını təmin edəcəyik. 

Statistikaya baxanda görürük ki, bu sistem özünü doğruldur. DOST mərkəzlərindən istifadə edən vətəndaşların məmnunluq səviyyəsi 95 faizin üzərindədir. Bu, böyük göstəricidir. Biz çalışacağıq ki, daim bu göstərici yüksək səviyyədə olsun, heç vaxt aşağı düşməsin.

- Özünüməşğulluq proqramı barədə danışmağınızı istərdik. Proqrama ötən il neçə nəfər cəlb olunub? Bu il müvafiq göstərici necə olacaq?

- Bu proqramın icrasına dövlət başçısının 7 aprel 2016-cı il tarixli sərəncamı ilə başlanılıb. Əsas hədəf işsiz vətəndaşlarımızın aktiv məşğulluğa, həmçinin ünvanlı sosial yardım alan şəxslərin bu proqrama cəlb olunmasıdır. 2018-ci ildə proqram təxminən 6,5 dəfə genişləndirildi. 7267 nəfər bu proqrama cəlb edilərək, onlara verilmiş aktivlər hesabına ailə təsərrüfatı yaradıldı.
2019-cu ildə isə bu göstərici daha da artdı.

Ötən il özünüməşğulluq proqramına 10 354 nəfər cəlb edildi və müvafiq təlimləri başa vuraraq, öz biznes planlarını uğurla müdafiə etdikdən sonra onlara mal və materiallar formasında aktivlər verildi. Bu aktivlər hesabına kiçik ailə təsərrüfatları yaradıldı. 

Onu da qeyd edim ki, özünüməşğulluq proqramında həssas əhali qruplarına üstünlük verilir. Məsələn, 2019-cu ildə də proqrama cəlb edilənlərdən 2400-ü əlilliyi olan şəxslər, 1860-ı məcburi köçkünlər, 500-ü ünvanlı sosial yardım alanlar, 260-ı şəhid ailəsi üzvləri və başqaları olub. 

2020-ci ildə də bu proqramla bağlı hədəflərimiz var. Belə ki, 2020-ci ildə azı 10 min şəxsin bu proqrama cəlb olunması planlaşdırılır. Eyni zamanda, bu proqrama dəstək olaraq, BMT İnkişaf Proqramı ilə birgə “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi icra edilir. Layihə 500 əlilliyi olan şəxsə kiçik biznesə çıxış imkanı qazandıracaq. 

Həmçinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunan “Sosial Bağlar” layihəsi özünüməşğulluq proqramının genişlənməsinə mühüm dəstəkdir. Layihə çərçivəsində ölkənin müxtəlif rayonlarında 2018-ci ildə 125 ailə, 2019-cu ildə isə layihənin növbəti mərhələsi kimi 250 ailə üçün intensiv meyvə bağları salınıb. Ümumilikdə, layihə çərçivəsində son iki ildə 375 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb. 

Onu da bildirim ki, özünüməşğulluq proqramı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Dünyanın mötəbər təşkilatlarından biri olan Beynəlxalq Sosial Təminat Assosiasiyası 2019-cu ilin may ayında özünüməşğulluq proqramını “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görüb.

- Özünüməşğulluq proqramına cəlb olunma proseduru necə həyata keçirilir? 

- Bu proqrama cəlb olunan şəxslər yerli məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmalıdırlar. Onların aktiv məşğulluqla bağlı kiçik ailə təsərrüfatı qurmaq, bizneslə məşğul olmaq potensialları qiymətləndirildikdən sonra kiçik biznes qurmaq üçün bacarığını və istəyini müəyyən edirik, daha sonra onları bu proqrama cəlb edirik. 

Bu şəxslərə təlimlər keçirilir və onlar seçdikləri iqtisadi fəaliyyət növü üzrə biznes planlarını müdafiə edirlər. Hazırda 50-yə yaxın iqtisadi fəaliyyət növü üzrə bu tədbirlərə təşviq edirik, 50-yə yaxın da fərdi layihəmiz var ki, şəxslər özləri həmin layihələri seçiblər və layihələr üzrə proqrama cəlb olunmalarını xahiş ediblər. 

Tərtib olunmuş biznes planlar qiymətləndirildikdən sonra biznes-planlarını müdafiə etmiş şəxslər aktivlərlə təmin olunur. Sonrakı mərhələdə iki il ərzində monitorinq aparılır: Proqram iştirakçıları müdafiə etdikləri biznes plan üzrə fəaliyyət göstərirlərsə, verilmiş aktivlər pulsuz olaraq onların mülkiyyətinə keçirilir. 

- Ötən il vətəndaşlara verilən mal-qaraların şəkilləri yayıldı və müzakirələrə səbəb oldu. Problemli aktivlər geri qaytarılırmı?

- 2018-ci ildə bununla bağlı bəzi saytlarda söz-söhbətlər çox oldu. Bizim qurum dəfələrlə bu məsələ barədə məlumat yaydı. Məsələyə yenidən qayıtmaq istəmirəm. Həmin dövrdə müxtəlif qüvvələr proqrama kölgə salmaq istəyirdilər.

Sözsüz ki, proqramda iştirak edən vətəndaşların məmnunluğu çox vacib şərtdir. Proqram iştirakçısına seçim imkanı verilir, verilən aktivlərlə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınır. Təqdim olunan mal və materiallardan proqram iştirakçısı məmnun olduğu halda həmin aktı imzalayaraq qəbul edir. 

Bəzən vətəndaş verilən aktivlərdən razı qalmır, bu halda biz ona daha münasib aktiv təklif edirik. Onu da bildirim ki, biz 2019-cu ildə proqramla bağlı şəffaflığı tam təmin etmək üçün “Məşğulluq” altsistemində xüsusi bir bölmə də yaratdıq. Proqrama cəlb olunan şəxslər haqqında bütün məlumatlar həmin bölməyə daxil edilir. 

Proqram iştirakçıları ilə bağlanmış müqavilə, təhvil-təslim aktı, alınan malların keyfiyyətini təsdiq edən arayışlar, verilmiş aktivlərin identifikasiya nömrəsi, sayı və sair. Aktda iştirakçının təhvil aldığı aktivlərin kəmiyyəti və keyfiyyəti ilə bağlı razılıq qeydləri, müqavilədə isə onun verilən aktivləri biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə edəcəyinə təminat verməsinə dair yazılı iltizamı da əksini tapır. 

Həmçinin, proqram iştirakçılarına aktivlərin təqdim edilməsi zamanı öz razılığı və iştirakı ilə çəkilmiş, aktivlərin keyfiyyətini də əks etdirən video və fotomateriallar təqdim edilir. Ötən il proqram kifayət qədər təkmilləşdirildi və nəticədə bu proqrama ləkə gətirmək istəyənlərin qarşısı alındı. 

- Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi proqramının icra səviyyəsi nə yerdədir? 

- 2018-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. 

1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilir. 

Notariat orqanları tərəfindən vərəsələrdən qəbul edilən sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir və həmin sənədlərə baxılaraq, ödəmələrin verilməsinə dair qərarlar qəbul edilir. Şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib.

Onlardan artıq 12 minədək şəhidin 18 minədək vərəsəsinin nazirlik tərəfindən birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi artıq 98 faizə çatıb. Yəni hansı vərəsələr tərəfindən notarial qaydada sənədlər nazirliyə təqdim edilirsə, onlar birdəfəlik ödəmə ilə təmin olunurlar.  

- Ötən il iki mühüm sosial paket icra olundu. Qarşıdakı dövrdə bu istiqamətdə hansı gözləntilər var?

- Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ildən başlayaraq, sosial müdafiə və sosial təminat sahəsində olduqca ciddi islahatlara start verildi. Son iki il ərzində qəbul olunmuş iki ciddi sosial paket və bu sahədə görülən işlər nəticəsində vətəndaşların sosial təminatı yaxşılaşdırılır. Bütün sahələrdə islahatlar aparılıb. 

İki paketi inqilabi adlandırırıq. Çünki islahatlar paketi 4,2 milyon vətəndaşımızı əhatə etdi və 2019-cu ildə bu islahatlar üçün nəzərdə tutulan vəsait 2,3 milyard manata çatdı. Eyni zamanda, 2020-ci ildə bu xərclər üç milyard manatdan artıq çoxdur. 

Qeyd edim ki, ilk dəfədir ki, dövlət büdcəsində sosial müdafiə sahəsinə ayrılan vəsait 10 milyardı aşıb. Bu da təxminən büdcənin 40 faizini əhatə edir. Bu paketlər çərçivəsində minimum əməkhaqları iki dəfə artdı. Minimum pensiyaların məbləğində 72,4 faiz artım oldu. 

Biz MBD ölkələri üzrə alıcılıq qabiliyyəti indeksi ilə bağlı təhlil apardıq. Görürük ki, Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB ölkələri və Gürcüstan üzrə birinci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksi üzrə isə ikinci yerə yüksəlib.

Sosial müavinətlərlə bağlı böyük işlər görüldü və iki dəfə artırıldı. Problemli kreditlərin həlli ilə bağlı məsələni xüsusi olaraq qeyd etmək istərdim. Bütün bu məsələlər ölkə başçısı tərəfindən dəstəkləndi və əhəmiyyətli qərarlar qəbul olundu. Bu məsələlərin mərkəzində vətəndaşların sosial müdafiəsi, gəlirlərin artırılması dayanır. 

Bu islahatlar ölkəmizin ümumi inkişafına xidmət edir. Artımlar iqtisadiyyatımızı da stimullaşdırır. Eyni zamanda fikirlər vardı ki, sosial ödənişlərin belə artımı ciddi inflyasiya riskinə səbəb ola bilər, lakin bu baş vermədi, yəni 2019-cu ilin nümunəsində gördük ki, bizim inflyasiya göstəricimiz cəmi 2,6 faiz oldu. 

- Observatoriya hansı işlərlə məşğul olacaq? İnzibati binası varmı? İşçilərinin sayı nə qədər olacaq?

- Observatoriyanın fəaliyyəti bilavasitə məşğulluqla bağlıdır. “Məşğulluq” altsisteminin yaradılmasını xüsusi olaraq qeyd etməliyik. Sistem bu gün işsiz və iş axtaran insanlar üçün geniş imkanlar yaradır. Məşğulluq Strategiyasının tədbirlər planı təsdiq olundu. Plan beş istiqaməti özündə cəmləşdirir. Bu istiqamətlərdən biri də ölkədə məşğulluqla bağlı proqnozlaşdırma sisteminin yaradılmasından ibarətdir.

Əmək bazarı üzrə yaradılmış Observatoriya məhz əmək bazarının təhlilini aparmaqla, tələb və təklifin öyrənilməsindən ibarətdir. Regionlar üzrə xüsusi tədqiqatlar aparılacaq, sorğular keçiriləcək.

Məqsəd ondan ibarətdir ki, biz işəgötürənlərin hansı işçilərin onlara lazım olduğunu öyrənəcəyik və bunun əsasında təhsil, peşə təhsili və digər hansı peşələrə tələbat varsa, o istiqamətdə də işlərimizi gücləndirəcəyik. 

Hazırda observatoriya ilə bağlı nizamnaməni hazırlamışıq, Nazirlər Kabinetinə təhvil vermişik və təsdiqi gözlənilir. Sonra isə bu qurum 70 nəfərlik işçi ilə fəaliyyətə başlayacaq. Qurumun fəaliyyəti ilə əmək bazarını təkmilləşdirəcəyik.

MDB məkanında ilk ölkəyik ki, bu məsələyə belə peşəkar yanaşırıq. Qurumun binasında Bakı Məşğulluq İdarəsinin balansında olan təlim mərkəzi də var. Hələlik orada fəaliyyət göstərəcəklər, daha sonra isə qurumun başqa binaya köçürülməsi planlaşdırılır. 

- DOST İŞ mərkəzinin ödənişli ictimai işləri ilə təmin edilmək üçün vətəndaş hara müraciət etməlidir? Bu sahədə şəffaflığın təmin edilməsi üçün hansı işlər aparılır? 

- Ödənişli ictimai işlər 2016-cı ildən proqram şəklində davam etdirilir. Proqramın təkmilləşdirilməsi barədə 2018-ci ildə Prezident İlham Əliyevin xüsusi tapşırığı olmuşdu. Sui-istifadə hallarının qarşısının alınması məqsədilə DOST Agentliyinin nəzdində DOST İŞ mərkəzində ödənişli ictimai işlərə cəlb olunan vətəndaşlarla müqavilə bağlandı. 

Prosesə ötən ilin yanvarında başladıq. Artıq DOST İŞ mərkəzində 38 min iş yeri yaradılıb. Mərkəz vasitəsilə həmin vətəndaşlar yerlərdə işləri təşkil edən icraçı təşkilatlarda çalışır və həmin şəxslərin əməkhaqları bank kartlarına köçürülür. İctimai açıqlığın və ictimai nəzarətin təşkili məqsədilə onların siyahısı nazirliyin saytında yerləşdirilib. 

Hər ay bu məlumatlar yenilənir. Ötən ilin nəticəsinə baxdıqda bu mexanizmin özünü doğrultduğunun şahidi oluruq. Həmçinin, bu sahədə şəffaflığa daim ciddi nəzarət olunur, 40-dan çox İcra Hakimiyyətlərində monitorinqlər apardıq. Bunun nəticəsində 25 milyondan çox vəsaitə qənaət etdik. İctimai işlər proqramı bu il də davam edir. 

- Nazirliyin tabeliyində dörd publik hüquqi şəxsin yaradılması işləri də aparılır...

- Prezident İlham Əliyevin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli fərmanı ilə aparılan bu islahatları əhaliyə göstərilən xidmətlərlə bağlı nazirlik tərəfindən başlanmış DOST konsepsiyasının növbəti mərhələsi kimi qiymətləndirmək olar.

Nazirliyin tabeliyində publik hüquqi şəxslərin yaradılması məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində optimal və effektiv, müasir tələblərə uyğun idarəçiliyin formalaşdırılması, bu sahələrdə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədinə doğru böyük struktur islahatlarının uğurlu davamıdır.

- Peşə təlimlərinə cəlb olunan vətəndaşlara hansı peşələr öyrədilir? Səhv etmirəmsə, peşə tədrisinə gələnlərə yol pulu dövlət tərəfindən ödənilir. Bu barədə məlumat verərdiniz.

- Əmək bazarında tələb olunan peşələr üzrə  kurslar təşkil edirik. Bu kurslarda işsiz vətəndaşlara yeni peşələr öyrədilir. Eyni zamanda, aktuallığını itirmiş və əmək bazarında artıq tələbat olmayan peşələr var ki, həmin peşə sahiblərinə biz onların istək və seçiminə uyğun digər peşələrlə bağlı kurs keçirik və onları yenidən əmək bazarına qazandırırıq. Bu sahədə ciddi islahatlarımız var.

Ölkə üzrə bu istiqamətdə 10 peşə mərkəzinin yaradılması nəzərədə tutulur. Hazırda Bakı, Gəncə və Göyçay rayonunda bu cür peşə məktəbləri fəaliyyət göstərir. Bu il yeni peşə məktəbləri də istifadəyə veriləcək. 

Təsdiq olunmuş qaydalara əsasən, peşə hazırlığına cəlb olunmaq hüququ əldə edən şəxslərə peşə təlimi müddətində aylıq 250 manat təqaüd də ödənilir. Eyni zamanda, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə, yaşayış yeri peşə hazırlığı olan yerdən kənardadırsa, onun nəqliyyat xərcləri də İşsizlikdən Sığorta Fondu tərəfindən ödənilir. 

Görülən işlərlə çalışırıq ki, vətəndaş məmnunluğunu daim artıraq, əhalinin məşğulluğu və sosial sahədə göstərilən xidmətləri təkmilləşdirək, keyfiyyətini artıraq.

İlhamə Əbülfət

FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri