Mar
2020
18:41
141
83
11584
Virtual karabakh

“Pantera” Tünzalə: “Deyiblər ki, gözəllik yarışmasında uduzsan belə, heç kimi nokauta salma” - MÜSAHİBƏ

8 Mar, 2020
18:41
11584

“Pantera” Tünzalə: “Deyiblər ki, gözəllik yarışmasında uduzsan belə, heç kimi nokauta salma” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı qadın MMA döyüşçüsü Tünzalə İmanlının Oxu.Az saytına müsahibəsi:

– Sizi tanımayan oxucularımıza özünüz barədə məlumat verin...

– Biləsuvarda anadan olsam da, üç yaşımdan etibarən Rusiyanın Novosibirsk şəhərinə köçmüşük. İdmana 15 il bundan əvvəl – 12 yaşım olanda başlamışam. İlk dəfə qol güləşi ilə məşğul olmuşam.

Rusiyanın qol güləşi yığmasında idim. Sonra qol güləşinə fasilə verib birbaşa MMA ilə məşğul olmağa başladım. Mənim zərbə vurmaq və güləşmək üçün bazam yox idi. Hər şeyə sıfırdan başlamışam. İndi məndə ən yaxşı qraplinqdir. Döyüşəndə üstünlüyü qraplinqə verirəm. Artıq üç ildir ki, MMA ilə məşğulam.

– Necə oldu ki, Azərbaycana gəldiniz?

– Məni MMA döyüşçüsü Aqşin Babayev Bakıda məşq edəndə görüb və dəvət edib. Rusiya vətəndaşı olsam da, müqavilə əsasında peşəkar döyüşlərdə Azərbaycan bayrağı ilə yarışıram. Qadınlar arasında MMA üzrə Azərbaycanda bir nömrəyəm. Burada MMA üzrə Respublika və Bakı çempionu olmuşam. Bir il burada məşq etdikdən sonra yenidən Rusiyaya qayıtdım. İlk döyüşümü orada keçirdim və texniki nokautla uduzdum.

Daha sonra Braziliya ciu-citsusu üzrə beynəlxalq yarışlarda çıxış etdim. Azərbaycanda olanda bürünc medal qazandım. Amma təşkilatçıların səhvindən ilk döyüşə çıxmamışdım. Çünki döyüş proqramda olduğundan daha tez başlamışdı deyə, mənə məğlubiyyət verilmişdi. Nə qədər etiraz etsəm də, xeyri olmamışdı.

Ciu-citsu və qraplinq MMA-da təcrübə üçün gözəl şeydir. Yarışlar olanda bu idman növlərində çıxış edirəm. Bəzi idmançılar republika çempionatında çıxış etməyə pis, düşüklük kimi baxır. Amma əksinə, Rusiyada tərifləyirlər ki, peşəkar döyüşçüdür, gəlib ölkə çempionatında mübarizə aparır.

– Sizdən başqa, MMA ilə məşğul olan qız idmançılarımız da var...

– Bəli, var. Amma onlar beynəlxalq səviyyədə döyüşmürlər. Yeri gəlmişkən, Suad Səlimova sizin saytınıza müsahibəsində demişdi ki, yeganə azərbaycanlı MMA döyüşçüsüyəm. Deyəsən, o qız özünü tanımır (gülür)...

– Deyəsən, sizin aranızda münasibətlər yaxşı deyil...

– Düzdür, o, başqa idmançılara qarşı da hörmətsizlik edib. Mən çox mehriban qızam, hamı ilə aram yaxşıdır. Amma onun niyə belə dediyi mənə çatmadı. Beynəlxalq səviyyədə daha tanınan yarışlarda ən çox döyüş keçirən mənəm.

Mən Moldovadakı döyüşümə hazırlaşanda Tofiq Musayevin, Vüqar Kərəmovun, Mehman Məmmədovun məşqçisi Ruslan Əfəndiyev onlarla birgə Bakı Olimpiya Stadionunda məşq keçməyimi istəmişdi. Onda Suad da onlarla birgə məşq keçirdi. Mənə söz atırdı, cavab vermirdim. Bu qızın iki il əvvəl bir dənə MMA döyüşü olub, onda da uduzub. Onun müsahibələrindən belə çıxır ki, mən MMA döyüşçüsü deyiləm? (gülür) Amma mən ona indiyədək bununla bağlı bir söz deməmişəm.

– Sevdiyiniz heyvan hansıdır?

– Qara pantera. Bu, mənim ləqəbimdir. Bunu özüm qoymuşam (gülür). Pantera barədə oxumuşam. Onun xasiyyəti mənimkinə oxşayır. Pantera dişilərin yanında özünü qız kimi, erkəklərin yanında isə kişi kimi aparmağı bacarır.

Həyatda elə situasiya olur ki, özünü oğlan kimi aparmalısan. Amma çox vaxt çalışıram ki, qadınlığımı qoruyum. İndidən deyim ki, burnum sınıqdır (gülür).

– Əməliyyat etməyə pulunuz yoxdur?

– Həkim mənə dedi ki, döyüşəcəksənsə, yenidən sınacaq. Ona görə də əməliyyata ehtiyac görmədim. Dostlarım soruşur ki, özünü belə necə saxlayırsan? “Instagram”da bir gün dikdabanda, yubka ilə görünürəm, bir gün isə idman geyimində. Mənim üslubum belədir. Bir gün istəyirəm ki, qadın olduğumu göstərim, digər gün isə idmançı olduğumu. Xasiyyətim 100 faiz pantera ilə uyğundur.

– Ötən ay elan yerləşdirmişdiniz ki, “Miss Turkvision” gözəllik yarışmasında qeydiyyatdan keçmisiniz...

– Artıq bu ay başlanmalıdır. Bakıda olacaq yarışmada türkdilli ölkələrin qızları iştirak edəcək. Kastinqdə bədən, gözəllik və dəfiləyə baxılacaq. İyunda dəniz kənarında final mərhələsi olacaq. Yarışmada iştirak edən qızlar axşam paltarı və qısa geyimlərdə podiuma çıxacaqlar. Bir də istəyirlər ki, bikini üzrə yarış olsun. Bikini üzrə yarış olsa, orada da iştirak edəcəyəm.

– Qalib gələcəyinizə inanırsınız?

– Mən əvvəl Rusiyada “Miss Dance” yarışmasında iştirak etmişəm. 2016-cı ildə milli rəqslərimizi ifa edib qalib olmuşam. Final mərhələsində verilən tapşırığa əsasən, caz oynamalı idim (gülür). Boyum 1.65 metrdir və “Miss Turkvision” yarışına uyğun gəlir.

– Orada uduzsanız, kimisə döymək fikriniz yoxdur?

(Gülür) Təşkilatçılar özləri mənə dəvət göndərib. İlk dəfə bir idmançı bu yarışmada çıxış edəcək. Amma mənə deyiblər ki, uduzsan belə, heç kimi nokauta salma (gülür).

– Geyiminizin sağ qol hissəsinə Budo Federasiyası yazılıb. Budo idman növü ilə də məşğul olmusunuz?

– Budo millimizin baş məşqçisi Səbuhi Vəliyev Xırdalandakı zalda mənə boks hərəkətlərini öyrədir. O, dörd gün əvvəl Gənclər və İdman Nazirliyi tərəfindən Əməkdar məşqçi adına layiq görüldü. 31 ildir ki, idmandadır. Bu formanı da o mənə verib. Gördüyünüz bu məkanda isə mən ancaq kross-fit məşqləri edirəm.

– Fevralın 16-dakı Moldovadakı yarışınıza gəlsək, bir ara eşitdim ki, oraya yollanmaya da bilərsiniz...

– Bəli. Mənə deyirdilər ki, moldovalı rəqibinin zərbələri çox güclüdür, yarışma, tez uduzacaqsan. Amma mən motivasiya ilə məşq edirdim. Bilirdim ki, parterdə ondan güclüyəm. Ona uduzsam da, çox yaxşı döyüşdüm. Döyüş daha çox ayaq üstdə getdi. Birinci raundda ona uduzmadım. İkinci raundda öz səhvimin ucbatından uduzdum. Bakıda ilk məğlubiyyətimi ötən il türkiyəli Aysun Ərgədən alanda pis olmuşdum. Amma bu dəfə pis olmadım. Çünki gözlənilənin əksinə, yaxşı vuruşdum.

– Döyüşdən əvvələ qayıdaq. Rəqibiniz Donna Kel sizə sevgililər günü ilə bağlı hədiyyə verir. Siz isə onu götürüb tullayırsınız...

– O, bunu şou üçün edib. Amma mənə pis təsir etdi. Təşkilatçılar döyüşdən əvvəl bizdən müsahibə götürəndə o demişdi ki, İmanlı, özünlə kosmetika, krem götür, sənə lazım olacaq. Söyləmişdi ki, birinci raundda məni udacaq. Əsəbiləşdirdi o məni. Amma mən müsahibəmdə öz tərbiyəmi göstərdim. Cavab versəydim, bu, Həbib Nurməhəmmədov – Konor Makqreqor söhbəti kimi uzanacaqdı. Mən dedim ki, ona uğurlar arzulayıram, güclü olan qalib gəlsin.

Döyüşdən əvvəl Moldova telekanalında Donnanın məşqçisi mənim haqqımda demişdi ki, yalnız gözəl qızdır, onun barəsində başqa heç nə deyə bilmərəm. Qız isə Azərbaycan döyüşçüləri barədə verilən suala belə cavab vermişdi ki, onlarda qeyri-adi heç nə yoxdur, onlarda olan xarakter bizdə də var. Halbuki deyə bilərdi ki, Azərbaycan millətinin qanında güləş, dözümlülük var.

“Face to face” vaxtı gördü ki, mən krem gətirməmişəm, götürüb mənə hədiyyə verdi. Amma 100 faiz bilirdim ki, o bağlamanın içindəki kosmetika idi. Dedim ki, lazım deyil. Zorla verdi, mən də tulladım. O video “Tik Tok”da 6 milyon 200 min baxış yığıb və bütün dünyaya yayılıb (gülür). Moldovalılar yazırdı ki, bizim idmançımız hədiyyə verir, mən isə bunu tullayıram. Döyüşdən sonra mən onu təbrik etdim, hətta şəkil çəkdirdik. Yeri gəlmişkən, bizim döyüş zərbələrin dəyməsi və texnika baxımından gecənin döyüşü seçildi. Həmin liqanın prezidenti mənə döyüşə çıxdığım əlcəkləri hədiyyə etdi.

– Donna Kel ilə rus dilində ünsiyyət qururdunuz?

– Bəli.

– Amma öz dillərinizdə danışsaydınız, bir-birinizi başa düşəcəkdiniz. Çünki qələbədən sonra o, Qaqauziyanın bayrağını çıxarmışdı...

– Bilirdim ki, qaqauzdur. Özü də demişdi ki, dillərimiz oxşardır... Sonradan özü mənə dedi ki, Azərbaycan millətini pisləyə bilmərəm. Tural Rəhimov, Mehman Məmmədov – hamısı onun dostlarıdır. O, bütün bunları şou üçün etmişdi.

– Fevralın 10-da Rusiya millisinin forması ilə şəkil çəkdirib yazmışdınız: “Mən onlara Azərbaycan qanının nə olduğunu göstərəcəyəm”. Rusiya forması nə idi, Azərbaycan qanı nə? Sizcə, təzad təşkil etmir?

– Mənə də bu barədə yazmışdılar. Soruşurlar ki, Azərbaycan bayrağı qaldırırsan, amma Rusiya forması ilə çıxırsan. Bu formam mənə çox uğur gətirir.

– Növbəti döyüşünüz kiminlə və nə vaxtdır?

– Bu ayın 29-u Suad Səlimova ilə məni Bakıda döyüşdürmək istəyirlər. “International Fight League”da yarışmalıyıq. Maraqlı döyüş olacaq. Amma bu, hələ tam dəqiqləşməyib.

– İdmançı qızların bir az psixologiyası adi qızlarınkından fərqli olur. Bəzi idmançı qızlar gül almağı xoşlamır. Sizdə necədir?

– Əksinə, mən gül almağı xoşlayıram. Həm hədiyyə vermək, həm də almaqdan xoşum gəlir. 8 Martda heç vaxt hədiyyəsiz qalmıram.

– Subaysınız. Gözləmədiyiniz bir adamdan hədiyyə almaq ehtimalı var?

– Bilmirəm. Hər şey ola bilər... Ümumiyyətlə, mənim sevgilim idmançı olmalıdır ki, məni başa düşsün. Əvvəlki sevgilim idmançı idi. Ötən ilin dekabrında Gürcüstandakı döyüşümə məni o çıxarmışdı. İndi hazırda onunla dost kimiyəm. Həmin döyüşdə Sofiya Baqişvilini məğlub etmişdim.

– Deyəsən, gecə həyatına da üstünlük verməyi xoşlayırsınız...

– Belə deyim: mən gecəni sevirəm. Aqşin Fateh, Nəfəs, Səda Duyğu, Nurlan Ordubadlı kimi çoxlu müğənni dostlarım var, onlar məclislərə çağırır. Mən məclis adamıyam.

Səbuhi Musayev
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri