14 
Mar
2020
10:06
174
120
11278
Virtual karabakh

İsmayıllı rayonunun başçısı: “Artıq rayonu ətraflı şəkildə öyrənmişəm” – MÜSAHİBƏ

14 Mar, 2020
10:06
11278

İsmayıllı rayonunun başçısı: “Artıq rayonu ətraflı şəkildə öyrənmişəm” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nahid Bağırov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Media.Az-a verdiyi müsahibədə İcra Hakimiyyətinin yeni rəhbəri yaxın gələcəkdə rayonu necə inkişaf etdirməyə hazırlaşmasından danışıb.

- Belə bir məsuliyyətli vəzifəyə təyin olunmağınız münasibətilə sizi təbrik edirik.

- Çox sağ olun. İcra hakimiyyətinin başçısı Prezident tərəfindən təyin olunur, müvafiq olaraq bu şəxs dövlət başçısı ilə əhali arasında əlaqəni təmin edir. Prezidentin sərəncamı ilə tanış olduğum zaman hansı hisslər keçirdiyimi sözlərlə ifadə etmək çətindir. Bu vəzifə böyük məsuliyyət tələb edir və mən bu gözəl rayona yeni nəfəs gətirmək üçün əlimdən gələni edəcəyəm.

- Əsas diqqət turizmin inkişafına yönəldiləcək? Axı İsmayıllı özünün bənzərsiz təbiəti və unikal görməli yerləri ilə məşhurdur ...

- Mən artıq rayonu ətraflı öyrənməyə başlamışam. Əhalisi 87 min nəfərdir. İsmayıllı rayonunda 108 yaşayış məntəqəsi var, onlardan 105-i kənddir. Ən böyükləri - İsmayıllı şəhəri (əhalisi - 27 min nəfər) və şəhər tipli iki qəsəbədir: Lahıc və Basqal. Turizm sahəsinin keçmiş işçisi olaraq mən təbii ki, turizm sahəsinin inkişafına yaxından diqqət yetirəcəyəm. Üstəlik, buranın möhtəşəm təbiəti, rayonun bir çox tarixi və mədəniyyət abidələri var.

- Yalnız Lahıc və Basqal kifayətdir...

- Əlbəttə... Qədim dövrlərdən bu yana İsmayıllı sənətkarlıq və toxuculuq mərkəzi olub. Lahıc qəsəbəsi mis məhsulları ilə tanınır, Basqal kəndi isə sənətkarlıq istehsalı mərkəzi olub. Eyni zamanda ipək toxuculuğu, qadınlar üçün milli ipək şalların - kəlağayıların istehsalı ilə də tanınıb. Məlumdur ki, 26 noyabr 2014-cü il tarixində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Rayon qədim və unikal tarixi abidələrlə zəngindir. Etiraf edim ki, özüm üçün əvvəllər bilmədiyim bir neçə kəşf etmişəm.

- Sirr deyilsə, bizimlə də bölüşün.

- Məsələn, İsmayıllıda qədim alban kilsələri, Cavanşir Qalası – hansı ki, rəvayətə görə burada Qafqaz Albaniyasının hökmdarlarından biri yaşayıb, XVII əsrə aid hamam və məscid, Xankəndi kəndində XI - XII əsrlərə aid Xan Qalası var... Haqqında saysız-hesabsız əfsanələr olan “Qız qalası” (XI - XII əsrlər) barəsində bilirdiniz? Bu görməli yerlər onlar barəsində daha çox məlumatlı olmağımıza layiqdir.

Bundan əlavə, İsmayıllı və Pirqulu qoruqları ərazisində Şahdağ Milli Parkı fəaliyyət göstərir. Keçən il 21 may tarixində burada “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində ölkəmizə gətirilən zubrların təbiətə buraxılması mərasimi keçirilib. Proqram IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən həyata keçirilir.

Bir sözlə, İsmayıllıda turistlər üçün lazım olan hər şey var. Koronavirusun dünyada yayılmasına görə, bir çoxları hələlik xaricə səyahət etməməyə çalışır. Buna görə də indi daxili turizmin inkişafına diqqət yetirmək çox vacibdir.

- İsmayıllı buna fəal şəkildə hazırlaşır?

- Əlbəttə! Tezliklə turizm mövsümü başlayır, rayon Novruz Bayramı münasibətilə tətil zamanı ilk turistləri qəbul etməyə hazırlaşır. Ötən həftənin sonu demək olar ki, bütün rayonu gəzdim. Bilirsiniz, biz məşhur Azərbaycan filmi - “Ögey ana”nın çəkildiyi, əsas obrazlardan biri olan İsmayılın itburnu çiçəyi yığarkən partlayış baş verən yeri tapdıq. Filmin çəkilişləri İsmayıllı rayonunun Qalacıq kəndində aparılıb. Bu ərazi hasarlanacaq, İsmayıllıya gələn, bu filmi sevən və xatırlayan azərbaycanlı turistlərin həmin məkanı ziyarət etdikləri zaman məlumat ala bilmələri üçün informasiya lövhəsi quraşdırılacaq.

- Nahid müəllim, məşhur İvanovka kəndi haqqında söhbət açmaq istərdim. Xatırlayıram, əvvəllər paytaxtda bu kənddə istehsal edilən məhsullar olan mağazalar var idi ...

- İvanovka kəndində keyfiyyətli məhsul istehsal edən sovet dönəmindən qalmış sonuncu kolxoz fəaliyyət göstərir. Biz Bakıda “İvanovka” mağazalarını bərpa etməyi planlaşdırırıq, bu brendi yenidən yaratmaq və populyarlaşdırmaq niyyətindəyik. İvanovkada kənd turizmini inkişaf etdirmək, məhsulları “kənddən şəhərə” prinsipi ilə tanıtmaq istəyirik. Bundan əlavə, yay mövsümündə, istirahət günlərində turistlərin nəinki müxtəlif məhsullarla tanış olacağı, həm də ləzzətli səhər yeməyi yeyə biləcəyi böyük masalar açmağı planlaşdırırıq.

- Sizin üçün başqa hansı sahələr prioritetdir?

- İsmayıllı rayonu kənd təsərrüfatı, üzümçülük, şərabçılıq və heyvandarlıq üzrə ixtisaslaşıb. Burada ət-süd fermaları var, xalça fabriki, şərab zavodları, ət kombinatları və digər müəssisələr fəaliyyət göstərir. Rayon sənayesinin əsasını yerli kənd təsərrüfatı məhsullarını emal edən yeyinti və yüngül sənaye sahələri təşkil edir. Bundan əlavə, burada ağac emalı, tikinti materialları istehsalı müəssisələri, daş karxanaları, kərpic, velosiped istehsalı zavodu da var.

Həm turizm sektorunun inkişafı, həm də müxtəlif müəssisələrin açılması üçün investisiyaların cəlb edilməsinə diqqəti artıracağıq. Artıq həm Azərbaycanda, həm də xaricdəki iri şirkətlər və holdinqlərlə danışıqlar aparırıq. Basqal qəsəbəsi ərazisində böyük, dəbdəbəli, beşulduzlu otel tikilir.

- Qonaq evləri və hostellər haqqında nə demək olar?

- Sözsüz ki, sərfəli turizmi də unutmuruq. Qonaq evləri və hostellər artıq mövcuddur, lakin onların sayı artacaq. Bundan əlavə, müalicəvi turizmin inkişafı üzərində də çalışacağıq. Bilirsiniz ki, İsmayıllı mineral sularla zəngindir, burada iki mənbə var – Bədo və Namazgah. Bu sular insanlar üçün çox faydalıdır. Artıq Bədo ərazisində böyük bir sanatoriya-müalicə kompleksi tikilir. Deyə bilərəm ki, planlar və ideyalar çoxdur, tədricən onları həyata keçirəcəyik!

Arayış: Nahid Bağırov 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb. 1998-2000-ci illərdə Sabunçu Rayon Məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000-2001-ci illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.

2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub. 2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib.

2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə “Fəxri Turizm İşçisi” adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) İdarə Heyətinin üzvü seçilib. Həmin il Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavini təyin edilib.

2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən iqtisadi inkişafa verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri