20 
Apr
2020
13:50
19
171
7139
Virtual karabakh

Deputat Ombudsmanın hesabatındakı nikah yaşı ilə bağlı təklif verdi - MÜSAHİBƏ

20 Apr, 2020
13:50
7139

Deputat Ombudsmanın hesabatındakı nikah yaşı ilə bağlı təklif verdi - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Ombudsmanın 2019-cu il üzrə hesabatı ilə bağlı Oxu.Az-a müsahibə verib:

- Tahir müəllim, budəfəki məruzənin əvvəlki illərdə hazırlanan sənədlərdən həm əhatəliliyi, həm də bir sıra təkliflər verilməsi ilə fərqləndiyini demək olarmı?

- Bəli, budəfəki hesabat fərqlidir. Fərqli əlamətlərdən birincisi odur ki, hesabatın forması dəyişib. Əvvəllər hesabatın forma və mahiyyəti fərqli olurdu. İkincisi isə budur ki, yeni Ombudsman tək özünün yox, həm də sələfinin fəaliyyəti barədə də hesabat verir. Ombudsmanın illik məruzəsi yaxşı hazırlanıb, bunu müsbət qiymətləndirirəm.

- Hansı cəhətlərinə görə?

- Hesabatda kifayət qədər Azərbaycan Konstitusiyasına və beynəlxalq mülki-siyasi, iqtisadi-mədəni paktlara istinadlar var. Üstəgəl, bir sıra təkliflər verilib. Bunlar yerində olan təkliflərdir. Eyni zamanda, şəxsən mənim deputat seçildiyim Ağsu-İsmayıllı dairəsi ilə bağlı məsələlər var.

- Siz dedikləriniz hesabat barədə ümumi, konseptual rəydir. Gəlin, detallara toxunaq. Konkret hansı məqamların faydalı olduğunu düşünürsünüz?

- Uşaq hüquqları üzrə “qaynar xətt”in fəaliyyəti təqdir olunur və daha da inkişaf etdirilməsi üçün məsələlər qoyulur. Ən mühüm məqamlardan biri məhkəmə qərarlarının vaxtında və obyektiv icrası ilə bağlı məsələnin qaldırılmasıdır. Bilirsiniz ki, məhkəmə qərarları, onların obyektiv icrası ən ağrılı məsələlərdən biridir. Bu hal məhkəmə hakimiyyətinin nüfuzuna mənfi təsir edir. Ombudsmanın verdiyi təkliflər həm məhkəmələrin nüfuzu, həm də qərarların icrası baxımından faydalıdır. Üstəgəl, məruzədə pensiya ilə əlaqədar da təkliflər yer alır. Bildiyiniz kimi, minimum pensiya məbləği 200 manatdır.

Bir çox şəxsin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı minimum məbləğdən az olur, bu da pensiya təminatına imkan vermir. Ona görə də əmək pensiyası hüququnun səmərəli təminatı məqsədilə qanunvericiliyə dəyişiklik təklif edilir.

Digər məsələ orta məktəblərin birinci sinifinə qəbulla bağlıdır. Konstitusiya və beynəlxalq hüquq harada yaşamasından, harada qeydiyyatından asılı olmayaraq, birinci sinifə qəbulu vacib sayır. Azərbaycanda isə bu təhsil hüququ pozulur, deyirlər ki, uşaq faktiki yaşadığı yerdə birinci sinifə qəbul olunmalıdır.

- Hesabatda Şamaxı, Ağsu, İsmayıllıda zəlzələdən zərər çəkən evlərin sahiblərinin şikayətlər ünvanladığı da yazılıb.

- Azərbaycan dövləti həmin bölgələrin zəlzələdən əziyyət çəkən sakinlərinin yeni mənzillərlə təmin olunması, qəzalı evlərin yüksək səviyyədə təmir olunması istiqamətində çox mühüm addımlar atdı.

Lakin problemlər hələ də mövcuddur. Bu məsələ ilə bağlı mənə də çox şikayət ünvanlanır. Şikayətlər onunla əlaqədardır ki, zərər çəkən bəzi evlər qəzalı evlər siyahısına daxil edilmir, bununla bağlı müraciətlər nəticəsiz qalır. Hesabatda zəlzələdən zərər görən fərdlərin problemləri qaldırılır.

Deputat kimi mənim də xahişim budur ki, qəzalı evlərdə yaşayan ailələrin köçürülməsi, onların yeni mənzillərlə təmin olunması istiqamətində tədbirlər görülsün. Həm Fövqəladə Hallar Nazirliyi, həm də yerli icra hakimiyyəti orqanları birgə işlər görüb problemlərin aradan qaldırılmasını sürətləndirə bilər.

- Başqa hansı təklifiniz var?

- Ombudsman təklif edir ki, Ailə Məcəlləsinin 10.2-ci maddəsinə düzəliş edilsin. Həmin maddədə yazılır ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər (Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilir- red).

Mən bu maddəyə dəyişiklik edilməsinin və ya onun çıxarılmasının əleyhinəyəm. Görürsən ki, bəzən valideynlər sağalmaz xəstə olurlar. Belə halların nəzərə alınaraq, heç olmasa qadının nikah yaşının bir yaş aşağı salınması yaxşı olardı. Eyni zamanda bu, nikahdankənar yaşamağın da qarşısını alardı.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri