May
2020
15:22
89
336
18782
Virtual karabakh

Maldivdən sifariş alan azərbaycanlı xanım: “Çörəkdən təsbeh düzəldərdim,amma...” - MÜSAHİBƏ + FOTO

5 May, 2020
15:22
18782

Maldivdən sifariş alan azərbaycanlı xanım: “Çörəkdən təsbeh düzəldərdim,amma...” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günümüzdə zərif cinsin nümayəndələri arasında kişilərə xas peşələrlə məşğul olanlar çoxlarının marağına səbəb olur. Kimisi fəhləliklə, kimisi elektrik əşyalarının təmiri ilə, kimisi dəmirçiliklə məşğul olur. Budəfəki qəhrəmanımız da tamamilə fərqli peşəni seçib.

Fəxriyyə İbrahimova hazırladığı bir-birindən maraqlı təsbehlərlə nəinki Azərbaycanda, həm də xarici ölkələrdə də kifayət qədər tanınır. 

Oxu.Az bir-birindən maraqlı əl işləri ilə tanınan Fəxriyyə İbrahimova ilə müsahibəni təqdim edir.

- Bir az özünüz barədə danışın.

- Mən 1989-cu ildə Cəbrayıl rayonunda anadan olmuşam. Orta təhsilliyəm. Bir qızım, bir oğlum var.  Oğlumun 15, qızımın 12 yaşı var.

- Necə oldu ki, təsbeh düzəltməyə başladınız?

- Tanıdığım bir xanım təsbeh sifariş edənə qədər bu işlə məşğul olacağımı düşünmürdüm. Mən səkkiz il əvvəl dekor-dizayn, dekorativ ağaclar, qadın aksesuarları düzəldirdim. Bir gün bir xanım maşınına asmaq üçün təsbeh düzəltməyimi istədi. Onun üçün hazırladığım təsbehi sosial şəbəkədə paylaşdım. Kifayət qədər maraq cəlb etdi. Bu isə xoşuma gəldi. Beləliklə, artıq yavaş-yavaş digər işlərimi azaldıb, təsbeh hazırlamağa daha çox vaxt ayırdım.

- İlk düzəltdiyiniz təsbeh də bu olub?

- Bəli, həmin xanımın sifarişi idi. Ümid edirəm ki, o, təsbehi hələ də saxlayıb.

- Təsbehin neçə növü olur?

- Təsbehlərin bir çox növü var. Müsəlman və katolik təsbehləri deyilən ayrımlar var. Amma sırf müsəlman təsbehlərindən danışırıqsa, onlar normalda 11, 33, 99 daşdan ibarət olur. Bu təsbehlər zikr etmək üçün istifadə edilməlidir. Amma əvvəllər 500, 1000 daşı olan təsbehlərimiz olub. Onları əsasən, dərgahlarda, təkkələrdə istifadə ediblər. Təriqət əhlinin - sufilərin və irfan sahiblərinin yığışdığı, təlimat aldığı, ilahi hikməti və Allah sevgisini öyrənib anladığı məkan təkkələr adlanır. Orada uzunmüddətli zikr üçün bu təsbehlərdən istifadə ediblər.

Amma bu gün təsbehlərdən daha çox zikr üçün deyil, stress atmaq, əsəbləri sakitləşdirmək üçün istifadə edirlər. Onların sayı isə nə 11, nə də 33 daş olur. Bu təsbehlər daha çox əl ölçüsünə uyğun olur. Aksesuar xarakterlidir. Bunun isə təsbehin əsl mənası ilə yaxından və ya uzaqdan heç bir əlaqəsi yoxdur. İnsanlar qəribə bir tərz yaradıb.

- Ümumiyyətlə, sizcə təsbehləri bir-birindən fərqləndirən xüsusiyyətlər hansılardır?

- Düzəltdiyim təsbehləri bir-birindən fərqləndirən cəhətlərdən danışa bilərəm. Təsbehlərin özünə görə xüsusiyyətlərini formalaşdıran istifadə edilən daşlar və onların enerjiləridir. Elə daşlar var ki, onlarla işləmək insana rahatdır. Müsbət enerjisi var. Amma bəzi daşlar var ki, çox ağır enerjiləri olduğu üçün hər insan onları əlində saxlaya bilmir. Başqa şəxsə aid təsbehin enerjisini də hər kəs qəbul edə bilməz. Məsələn, yaşlı adamlardan (öldükdən sonra) qalan əmanət təsbehləri göstərmək olar. Onların üzərində həmin şəxslərin enerjisi var. Bəzən insanlara ağır gələ bilir.

Normalda xüsusi detallarla eyni daşlardan hazırlanan təsbehləri də bir-birindən fərqləndirmək mümkündür. Ümumi olaraq isə dünyada təsbehləri bir-birindən fərqləndirən əsas xüsusiyyət daşlarının sayıdır. Siz mütəmadi zikr edən insana 27 daşdan ibarət təsbeh versəniz, o, yəqin ki, bunu qəbul etməz. Çünki minimum 33 daş lazımdır. Stress atmaq, həzz almaq üçün təsbeh çevirən insanlar isə daşlarının sayı daha az olan təsbeh istəyir.

- Günümüzdə təsbeh istifadə edən xanımlar çoxdur?

- Bəli, əlbəttə var. Namaz qılan xanımlarımız var, zikr üçün təsbehlərdən istifadə edirlər. Bundan başqa, aksesuar kimi təsbehdən istifadə etməyi sevən xanımlarımız da var.

- Sizə kriminal aləmin xüsusi rəmzləri ilə bağlı sifarişlər gəlir?

İnanın ki, bu mənim ən çox yorulduğum məqamlardan biridir. Bu cür sifarişlər mənə çox gəlir. Lakin imkan daxilində böyük hissəsindən imtina edirəm. Mənə maraqlı olmasa da, sifarişlər götürürəm. Tələbat həddən artıq çoxdur. İnanmazsınız, bu istiqamətdə nə qədər sifariş alıram. Yaş qrupundan asılı olmayaraq, uşaqlar, gənclər, yaşlı nəslin nümayəndələri “vosmi təsbeh” hazırlamağımı istəyirlər. Əslində, mən təbliğat xarakterli olmasını istəmədiyim üçün sifarişlərin çoxundan imtina edirəm. Amma gənclərin buna belə maraq göstərməsinə təəssüf edirəm.

Sosial şəbəkədə əl işlərimi paylaşıram. Səkkiz guşəli ulduzun əks olunduğu təsbehləri paylaşanda yazılan şərhləri, gələn müraciətləri görsəniz, sadəcə, təəccüblənirəm. Çox maraq bəsləyirlər. Bir müştəri vardı, qiymətindən asılı olmayaraq, ikiqat, üçqat qiymət müqabilində ona kriminal aləmə aid rəmzlərdən təsbeh hazırlamağımı istəyirdi. İnanmazsınız, o təsbehi götürməyə hansı maşınla gəlmişdi. Maddi durumu yaxşı vəziyyətdə olmayan bir insanın bu cür təsbeh üçün israr etməsini anlamadım.

- Hansısa təsbehi hazırlamaqdan imtina etmisiniz?

 - Bəli, bir neçə dəfə olub. Bir müştərim mənə bürcünün uğurlu yeddi daşı olduğunu demişdi. Hansı ki, daşların rəng və məna olaraq bir-biri ilə heç bir kontrastı, əlaqəsi olmayıb. Sifariş etmişdi ki, həmin daşların birindən üç ədəd, digərindən beş ədəd olmaqla qarışdırıb təsbeh düzəldin. O və bənzər sifarişlərdən imtina etmişəm. Ortaya xoş olmayan görüntü gəlirdi. Bu mənim əl işimdi və istəmirəm ki, uğursuz variantlar olsun.

- Bu günə qədər düzəltdiyiniz ən maraqlı təsbeh hansı olub? 

- Hazırladığım ən maraqlı təsbehlərdən biri zeytun çəyirdəklərindən olub. Əslində, mənə üç ədəd zeytun çəyirdəyindən hazırlanan qolbaq vermişdilər. Onlardan təsbeh düzəltdim. Mənə görə, bu, ən qeyri-adi əl işim olub. 

- Sifariş qəbul edəndə qiymətləri hansı meyarlara görə təyin edirsiniz?

- Sifarişlərin qiymətləri materialından asılı olaraq dəyişir. Qiymətlər əsasən daşların ölçülərinə, sayına və növünə görə fərqlənir. Bu gün hazırladığım təsbehlərin minimum qiyməti 25 manatdır. Maksimum isə 200 manata qədər artır.

Təsbehdə istifadə etdiyim aksesuarlar var. Dəmir, metaldan olanda qiymət baha olmur. Lakin gümüş, qızıl aksesuarlardan istifadə etdiyim zaman çəkisindən asılı olaraq, qiymətdə də artım olur. Müxtəlif qiymətli daşlardan, qızıl və gümüşdən hazırlanan təsbehlər təxminən eyni qiymətə başa gəlir.

- Bir təsbehin düzəlməsinə nə qədər vaxt sərf olunur?

- Standart ölçüdə təsbeh düzəldirəmsə, maksimum 10-15 dəqiqə vaxtımı aparır. Xüsusi bəzək və ya aksesuarlardan istifadə edib, yeni bir dizayn yaratmaq istəyirəmsə, bir saat vaxtımı ala bilər. Elə olub ki, bir təsbehi bir neçə dəfə söküb yığmışam. 99 daşdan ibarət təsbeh hazırlayırdım. Onun üzərində bir saata yaxın işləmişəm.

- Bu günə qədər düzəltdiyiniz ən bahalı təsbeh hansı olub və onun qiymətinin yüksək olmasının səbəbi nədir?

- Çox maraqlı sualdır. Bu günə qədər hazırladığım ən bahalı təsbehin qiyməti 2500 manat olub. Kifayət qədər özəl sifariş idi. Antik, qırmızı kəhrəbadan hazırlamışdım. Ölçüsü də böyük idi. Ondan sonra 220 manata gümüşdən və əlavə olaraq əl yazıları ilə işlənmiş təsbeh hazırlamışam. Çox zəhmət çəkdiyim təsbehlərdən ikisi bunlar olub. Bu cür əl işlərim günlük sifarişlər arasında çox olmur. Gündəlik aldığım sifarişlər daha çox 25-200 manat aralığında olur.

- Niyə Tesbehin dənələrinin sayı 101 olmalıdır deyirlər?

- Əslində, təsbehin daşlarının sayı 99 olur, hər 33 daşdan bir isə arakəsmələr qoyulur. Bu səbəbdən arakəsmələr də hesablanaraq 101 deyilir. Əslində isə 99 daşdır. Zikrdə istifadə edildiyi üçün, Allahın da 99 adı olduğu deyildiyindən təsbeh daşları belə sayda olur.

- Son dövrlərdə təsbeh düzəldən insanların sayı artıb. Daha maraqlısı isə bu işə kreativlik gətirmələridir. Əncir toxumlarından təsbeh düzəldənlər belə olub.

- Maraqlı sifarişlər görmüşəm. Məsələn, qızıləhmədi almasının qurusundan təsbeh hazırlayanlar olub. Əslində, illərdir fikrimdə bir ideya var. Lakin günah olar, insanlar qınayar deyə, ehtiyat edirəm.

Amma təsbehin əsl mənası ilə uyğun gəlir deyə, bunu düşünürəm. Çörəkdən təsbeh hazırlamaq istərdim. Xüsusilə qara çörəkdən çox gözəl təsbeh hazırlamaq mümkündür. Sırf günah sayıldığı üçün risk eləmirəm. Amma fikrimdə var.

- Sizcə təsbeh bu gün dini ayinlər üçün, yoxsa aksesuar kimi istifadə edilir?

- Deyərdim ki, yaş qrupundan asılı olamayaraq, ibadət, zikr edən şəxslərin sayı daha çoxdur. Ona görə də, təsbehi dini rituallarda da istifadə edənlər az deyil. Məncə balans bir o qədər də pozulmayıb.

- Tovuzda uzunluğu 10 metrə yaxın təsbeh düzəldilib. 20 ilini bu işə həsr eden rayon sakini “Ginnesin rekordlar” kitabına düşmək üçün 500 manata yaxın xərc çəkib. Nə vaxtsa adınızı qırmızı hərflərlə yazacaq bir təsbeh hazırlamağı düşünürsünüzmü?

- Əslində, həmin şəxsin təsbehi nədən hazırladığını bilmirəm. Mən 10 metr uzunluğunda təsbehi 10-15 günə hazırlayaram (gülür). Sırf təsbeh hazırlamaqla “Ginnesin rekordlar” kitabına düşmək niyyətim yoxdur. Ağlıma da gəlməyib, yəqin ki, heç vaxt da gəlməz.

- Bu günə qədər hazırladığınız təsbehlərin sayını bilirsiniz? 

- Maraqlıdır. Bir az düşünüm. Tam dəqiq deyə bilməyəcəm, amma düşünürəm ki, beş mini keçər.

- Heç sizə təsbeh hədiyyə edən olub?

- Ziyarətlərdən gələn şəxslərdən təsbeh hədiyyə edənlər olub. Mənim üçün o hədiyyələr çox dəyərlidir. Sırf mənim üçün hazırlanan əl işi olmayıb, yalan deyə bilmərəm. Amma mənə də təsbeh hədiyyə edənlər olub.

- Təsbehlərdən ibarət sərgi düşünürsünüz?

- Sırf təsbehlərdən ibarət sərgi düşünmürəm. Amma müxtəlif sərgilərdə hazırladığım maraqlı təsbehlərlə iştirak etdiyim, ayrıca kiçik guşə qurduğum olub. İl ərzində 10-15 sərgiyə qatılıram. Dövlət səviyyəsində təşkil edilən tədbirlərdə, fərdi şəxslərin sərgilərində təsbehlərimlə iştirak edirəm. Amma şəxsən özüm sərgi açmağı düşünmürəm.

- Belə bir adət var. Təsbeh əldən düşdüsə, onu götürüb cibə qoyurlar, daha sonra təzədən çıxarıb fırladırlar, bunun xüsusi anlamı var?

- Əslində, bu xüsusi bir inanc və ya ritual deyil. Bu təsbehdən zikr etmək üçün istifadə edən şəxslər arasında müşahidə edilə bilməz. Təəssüf ki, bəzən təsbehlərdən başqa məqsədlər üçün istifadə edilir. Həmin şəxslər nəinki əldən düşən təsbehi əvvəl cibə qoyub, sonra istifadə edirlər, hətta ümumiyyətlə istifadə etmirlər. Bəli, qəribə bir inancdır. Əgər bir təsbeh bir şəxsin əlindən yerə düşdüsə, ikinci dəfə o təsbehdən istifadə etmir. Mənə görə bunun xüsusi mənası yoxdur.

- Təsbehin ömrü nə qədərdir?

Təsbehə xüsusi bir ömür biçmək çətindir. Ola bilər ki, daşların düzüldüyü iplər çürüyə, qırıla bilər. Amma daşların ömrü uzundur. Onlar xarab olmur. Nənə-babalarımızdan qalan qədimi təsbehlərimiz var. Dəmirdən hazırlanan təsbehlər sarala bilər, onları da bərpa etmək asandır.

- Heç xaricdən təsbeh sifarişləri almısınız?

- ABŞ-dan, Fransadan, Kanadadan təsbeh sifarişləri almışam. Əl işlərim Maldiv adalarına qədər gedib. Bu, məni sevindirir, insanların əl işinə verdiyi dəyər çox gözəl motivasiyadır.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri